Məhkəmə qərarları › İş №2-1(118)-873/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-873/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-873/2024 30.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin direktoru X5, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində Sumqayıt şəhər bələdiyyə şurasının xx.xx.2001-ci il tarixli 17 saylı qərarı ilə "xxxx" Kiçik Müəssisəsinə ayrılmış 132 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyekti üzərində "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı "xxxx" Kiçik Müəssisəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində "xxxx" kiçik müəssisəsi tərəfindən inşa edilmiş qeyri-yaşayış binası üzərində “Rəhimli" kiçik müəssisəsinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını, reyestrdən çıxarış və texniki pasportun verilməsi cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının rəhbəri məhkəməyə iddia tələbinə dair dəqiqləşmə ərizəsi təqdim edərək, “Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində Sumqayıt şəhər bələdiyyə şurasının xx.xx.2001-ci il tarixli 17 saylı qərarı ilə "xxxx" Kiçik Müəssisəsinə ayrılmış 132 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyekti üzərində "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər XDS Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli 36 saylı protokolu ilə 16-cı mikrorayon ərazisində dükan tikintisi məqsədi ilə "xxxx" kiçik müəssisəsinə 72 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində inşa etdikləri qeyri-yaşayış sahəsinə çıxarış verilmişdir. Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli qərarına əsasən, 16-cı mikrorayon ərazisində dükan tikintisi məqsədi ilə ayrılmış 72 kv.m torpaq sahəsindən əlavə istifadə etdikləri 132 kv.m torpaq sahəsi mərhum həyat yoldaşı X1 müraciəti əsasında "xxxx" kiçik müəssisəsinə ayrılmışdır. Cəmi ayrılmış 204 kv.m torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsi inşa etmişdirlər. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2005-ci il tarixdə "Qeyridövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş bina və tikili istismara qəbul edilməsi haqqında" istismara qəbul aktı almışdırlar. Yəni artıq 20 ilə yaxındır ki, inşa etdiyi tikinti fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə "xxxx" kiçik müəssisəsinin mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabeh təşkilata müraciət etmişdir. Cavabdeh təşkilat imtina məzmununda cavab vermişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı "xxxx" Kiçik Müəssisəsinin rəhbəri X9 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət 3-21-3-31/1-1424/2023 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, ərizəyə sözügedən qeyri-yaşayış binasının qeydiyyata alınması üçün nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər, torpaq sahəsi üzərində hüquqları müəyyən edən sənəd, tikintiyə icazə sənədi, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə təqdim edilməmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən təsdiq edilmiş 29 nömrəli xx.xx.2023-cü il tarixli torpaq icarəsi müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara zidd olaraq hərracdan kənar bağlanmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi İlə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu və 8.0.9.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına dair torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların dövlət qeydiyyatı üçün əsaslardır. 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən sözügedən daşınmaz əmlak üzərində "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququ faktının tanınması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixi 2(060)-12084/2016 saylı qətnaməsindən xx.xx.2017ci il tarixində apellyasiya şikayəti verilmişdir. Lakin iş üzrə yekun məhkəmə qərarı idarəyə daxil olmamışdır. Qeyd edirlər ki, idarənin istifadəsində olan elektron kadastr məlumat bazasına əsasən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət torpaqlarına aiddir. Qeyriyaşayış binasının 78.1 kv.m hissəsi "xxxx" Kiçik Müəssisəsinin adına **********75-06301 reyestr nömrə ilə dövlət qeydiyyatına alınmış, sonradan 94.0 kv.m hissəsi artırılmışdır. Tikilinin 6.8 kv.m hissəsi isə **********34-06301 reyestr nömrəli qeyri-yaşayış binası ilə üstüstə düşür. Bundan əlavə, hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin nizamnaməsi və dövlət reyestrindən çıxarış təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasın keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı İddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: 109 nömrəli, 2001-ci il tarixli inşaat pasportu; Sumqayıt şəhər bələdiyyəsinin 17 nömrəli, 24 iyul 2001-ci il tarixli qərarı; 23 dekabr 2005-ci il il tarixli Qeyri-dövlət Qurumları, Fiziki Şəxslər tərəfindən inşa edilmiş (Yenidənqurulmuş) Bina və Tikiliklərin (Qurğuların) İstismara qəbul edilməsi haqqında akt; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 20 iyun 2023-cü il tarixli imtina məktubu və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavabdeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 20 iyun 2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Sumqayıt şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən 72 kv.metr torpaq sahəsi Sumqayıt şəhər XDS-nin Rəyasət Heyətinin 25 mart 1994-cü il tarixli, 36 saylı qərarı ilə iddiaçı "xxxx" Kiçik Müəssisəsinə ayrılmışdır. İddiaçının rəhbəri tərəfindən sözügedən torpaq sahəsində qeyri-yaşayış sahəsi tikilmişdir. Daha sonra Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 17 saylı qərarı ilə Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən 132 kv.metr torpaq sahəsi iddiaçıya ayrılmışdır. İddiaçı sonradan ayrılan torpaq sahəsi üzərində inşa etdiyi qeyri-yaşayış obyektinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan özünün 20 iyun 2023-cü il tarixli cavab məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan imtinasının əsası kimi aşağıdakıları göstərmişdir:

1. Müraciət ərizəsinə sözügedən qeyri-yaşayış binasının qeydiyyata alınması üçün nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər, torpaq sahəsi üzərində hüquqları müəyyən edən sənəd, tikintiyə icazə sənədi, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə təqdim edilmədiyi;

2. Sumqayıt Bələdiyyəsi tərəfindən təsdiq edilmiş 29 nömrəli xx.xx.2023-cü il tarixli torpaq icarəsi müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara zidd olaraq hərracdan kənar bağlandığı;

3. Sözügedən qeyri-yaşayış binasının 6.8 kv.metr hissəsinin başqa qeyri-yaşayış binası ilə üst-üstə düşdüyü qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materiallarından müəyyən edilir ki, Sumqayıt şəhər bələdiyyə şurasının 24 iyul 2001-ci il tarixli, 17 nömrəli qərarı ilə Sumqayıt şəhər XDS-nin Rəyasət Heyətinin 25 mart 1994-cü il tarixli, 36 saylı qərarı ilə 16-cı mikrorayon ərazisində dükan tikintisi məqsədilə iddiaçı "xxxx" Kiçik Müəssisəsinə ayrılan 72 kv.metr torpaq sahəsindən əlavə tikdiyi və istifadə etdiyi 132 kv.metr torpaq sahəsi müəssisənin adına rəsmiləşdirilməsi qərara alınmışdır. Hal-hazırda iddiaçı Sumqayıt şəhər bələdiyyə şurasının 24 iyul 2001-ci il tarixli, 17 nömrəli qərarı ilə ona ayrılan 132 kv.metr torpaq sahəsi üzərində yerləşən qeyriyaşayış obyektinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdeh orqanın imtinanın əsası kimi göstərdiyi dəlilə münasibətdə bildirir ki, iş materiallarında olan 03 aprel 2023-cü il tarixli, 29 nömrəli icarə müqaviləsində qeyd edilmişdir ki, Sumqayıt şəhər, 16-cı mikrorayon ərazisində yerləşən ümumi sahəsi 125.9 kv.metr olan torpaq sahəsi Sumqayıt bələdiyyəsinin 24 iyul 2001-ci il tarixli, 17 saylı qərar və 26 fevral 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında torpaq sahəsi icarəyə verilmişdir. Yəni icarə müqaviləsinin məzmunundan aydın olur ki, icarəyə verilən torpaq sahəsi Sumqayıt bələdiyyəsinin 24 iyul 2001-ci il tarixli, 17 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsidir. müəssisənin mərhum rəhbəri X3 xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən 26 fevral 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X9 onun vərəsəsi elan edilmişdir. Buna görə də sözügedən torpaq sahəsinə dair icarə müqaviləsi 03 aprel 2023-cü il tarixdə müəssisənin hazırki rəhbəri X9 ilə bağlanılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Həmin Qanununun 4.0.2-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində malik olduğu səlahiyyətlərindən biridir. Məhkəmə işin hallarının ətraflı araşdırılmasını təmin etmək məqsədilə cavabdeh orqana mütəxəssis rəyinin verilməsi üçün sorğu ünvanlamışdır. Cavabdeh orqan tərəfindən təqdim edilmiş 01 avqust 2024-cü il tarixli mütəxəssis rəyində, iddiaçıya məxsus olan qeydiyyata alınmış qeyri-yaşayış obyekti çıxılmaqla, qeydiyyata alınması iddia olunan qeyri-yaşayış obyekti və torpaq sahəsinin 139 kv.m təşkil etdiyi, faktiki vəziyyətdə üst-üstə düşmənin mövcud olmadığı qeyd edilmişdir. Məhkəmə cavabdeh orqanın imtinanın əsası kimi qeyd etdiyi digər dəlilinə münasibətdə bildirir ki, 23 dekabr 2005-ci il il tarixli Qeyri-dövlət Qurumları, Fiziki Şəxslər tərəfindən inşa edilmiş (Yenidənqurulmuş) Bina və Tikiliklərin (Qurğuların) İstismara qəbul edilməsi haqqında aktına əsasən Sumqayıt şəhər bələdiyyəsinin 24 iyul 2001-ci il tarixli, 17 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası ilə bağlı tikinti işləri inşaat normaları və qaydalarına uyğun aparılmış və aşkar olunmuş çatışmamazlıqlar aradan götürülmüşdür. Eyni zamanda sözügedən qeyri-yaşayış binası istismara qəbul edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, «X6 S.C.» və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, «mülkiyyət» və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində Sumqayıt şəhər bələdiyyə şurasının xx.xx.2001-ci il tarixli 17 saylı qərarı ilə "xxxx" Kiçik Müəssisəsinə ayrılmış 132 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyekti üzərində "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində Sumqayıt şəhər bələdiyyə şurasının xx.xx.2001-ci il tarixli 17 saylı qərarı ilə "xxxx" Kiçik Müəssisəsinə ayrılmış 132 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyekti üzərində "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar