Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-875/2021 05.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu,Məmmədli kəndində 3,3216 ha torpaq sahəsində inşa edilmiş kənd təsərrüfatı təyinatlı obyektə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iddiaçının adından Abşeron rayonu, Məmmədli kəndində yerləşən iddiaçı tərəfindən inşa edilmiş kənd təsərrüfatı ilə bağlı obyektlərin (istixana və digər sahələrin) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********7 nömrəli, 26.02.2021-ci il tarixli bildiriş göndərilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, obyektlərin yerləşdiyi və iddiaçının mülkiyyətində olan 3.3216 ha torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu üçün onun üzərində qeyri-yaşayış binası (istixana) inşa edilməsi qanunsuzdur və onun tikintisinə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı ərizəyə əlavə edilməmişdir. Lakin Abşeron rayon İcra Hakimiyyətinin verdiyi 04.12.2020-ci il tarixli, 047/1 nömrəli tikinti obyektinin istismarına icazə sənədi ilə təsdiq olunur ki, obyektin inşası barədə həmin icra hakimiyyəti orqanı məlumatlandırılmışdır ki, obyektin istismarına icazə verilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 3,3216 ha torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 29,492 kv.m olan istixana üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyesterində qeydə alınması öhdəliyinin cavabdeh ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən İddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış binası (istixana) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində Qeydiyyata alınması ilə bağlı 14 yanvar 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciət olunmuşdur. Aparılan araşdırma zamanı, **********82 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 3.3216 ha torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu halda, torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmədən üzərində qeyri-yaşayış binasının (istixana) insa edildiyi aşkar edilmişdir. Bundan başqa, qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə müvafiq icra hakimiyyət orqanın sərəncamının müraciətə əlavə edilmədiyi və qeyri-yasayıs binasının istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uvğun tərtib edilmədiyi müəyyən edilmişdir. Belə ki, sözügedən sənəddə mövcud tikililərin tikintialtı, ümumi tikinti və istixana sahələri, istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi, o cümlədən, tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. Əlavə olaraq, qeyri-yaşayış binasının faktiki vəziyyətdə təqdim edilmiş layihə vəziyyətinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, istixananın daxilində müxtəlif ölçüdə köməkçi və xidməti təyinatlı tikililər mövcud olsa da, tikinti layihəsinin memarlıq planlaşdırma bölməsində (eskiz-layihədə) sözügedən tikililərin göstərilmədiyi aşkar edilmişdir. Həmin Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması İlə yaranan hüquqlarınj habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bunqan başqa, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Məcəllənin 9-cu maddəsinə görə Azərbaycan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatl torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar. Məcəllənin 11-ci maddəsində torpaq sahəsinin məhdudiyyətli istifadəsi onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadəsi kimi müəyyən olunub. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Bu məcəllənin 13-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir; kənd təsərrüfatı torpaqlarında kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Məcəllənin 13-cü maddəsinin 3-cü bəndinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi onların müvafiq icra hakimiyyəti orqanının (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan! Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) qərarı ilə Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada bir kateqoriyadan digər kateqoriyaya keçirildikdən sonra mümkündür. Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri Torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etməyə borcludurlar. Eləcə də, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.10-cu maddəsinə müvafiq olaraq hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində tikintisinə icazə tələb olunmur. Eləcə də, adıçəkilən Məcəllənin 103-cü və “Tikinti obyektlərinin istismarına icazənin formalarının təsdiq edilməsi haqqında 11 sentyabr 2014-cü il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 302 nömrəli Qərarına əsasən tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: 1) tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; 2) tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; 3) tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; 4) tikinti obyektinin istismar təyinatı; 5) tikinti obyektinin əsas texniki göstəriciləri; 6) Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövpt qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilat məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümükn hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Torpaq sahəsinə aid çıxarışın və plan və ölçünün surəti, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Tikinti obyektinin istismarına dair 04.12.2020-ci il tarixli, 047/1 nömrəli icazəsi, Abşeron rayonu,Məmmədli kəndində yerləşən istixananın memarlıqpalnlaşdırma bölməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 26.01.2021-ci il tarixli imtina məktubu, etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Həmin Qanunun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il № 695 saylı Fərmanının 4.7-1.2.2-ci bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 102.2-ci maddəsinin birinci cümləsində qeyd olunan müvafiq icra hakimiyyətinin səlahiyyətlərini Bakı şəhəri istisna olunmaqla digər inzibati ərazilərdə yerli icra hakimiyyətləri həyata keçirirlər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı özünə mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Məhəmmədli kəndində 3.3216 ha torpaq sahəsinin üzərində inşa edilmiş 29.492 m 2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsi olan istixana inşa etdirmişdir. Müvafiq fəaliyətlə məşğul olmaq üçün Lisenziyası olan “X7” MMC tərəfindən inşa ediləcək qeyri-yaşayış obyektinin (yəni istixananın) eskiz lahiyəsi tərtib edilmiş və həmin lahiyə Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmışdır. Hazır ki, iddia tələbi üzrə mübahisə predmeti olan qeyri-yaşayış obyektinin inşası tərtib edilmiş eskiz lahiyəsinə uyğun olaraq inşa edilmiş və tikinti işlərinin aparılması başa çatmışdır. Sonra prosedur qaydalarına uyğun olaraq Abşeron rayon İcra Hakimiyyəti tərəfindən “Tikinti obyektinin istismarına” 047/1 saylı 04 dekabr 2020-ci il tarixli “İcazə” verilmişdir. Qeyd olunan icazə sənədində tikinti altı sahəsinin ölçüləri və “X7” MMC-nin lahiyyəsi üzrə inşa edildiyi qeyd olunmuşdur, lakin həmin “İcazə”də olan “İstismara hazırlıq aktında istismara verilmə tarixi və qeydiyyatı”, o cümlədən “Tikintilərin dövlət reyesteri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi” qrafaları boş saxlanılmışdır. Hal hazırda İddiaçı xüsusi mülkiyyətində olan 3.33216 ha torpaq sahəsinin üzərində yerləşən 29.492 kv.m umumi sahəsi olan istixananı dövlət reyesterində qeydiyyata alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin obyektin (istixananın) qeydiyyata alınmasından imtina edir. Cavabdeh təşkilatın imtina üçün gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 1) Abşeron rayonu,Məmmədli kəndində inşa edilmiş istixananın kənd təsərrüfüfatı təyinatlı torpağın üzərində yerləşməsi 2) Tikilinin aparılması ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin sərəncamı 3) Abşeron rayon İcra Hakimiyyəti tərəfindən “Tikinti obyektinin istismarına” 047/1 saylı 04 dekabr 2020-ci il tarixli “İcazə” sənədində istismara verilmə tarixi və qeydiyyatı”,o cümlədən “Tikintilərin dövlət reyesteri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi” qrafaları boş saxlanılması. 4) İstixana daxilində müxtəlif ölçülü köməkçi və xidməti təyinatlı tikililər mövcud olsada, tikinti lahiyəsinin memarlıq və planlaşdırma bölməsində (eskiz-lahiyədə) sözügedən tikililərin göstərilməməsi. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, tikilin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən qeyd olunan nöqsanlar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmır. Belə ki, cavabdeh təşkilat mübahisə predmeti olan qeyri yaşayış obyektinin kənd təsərrüftı təyinsatlı torpaq sahəsinin üzərində inşa edilməsinə qadağanın qoyulmasına münasibətdə məhkəmə hesab edir ki, qeyd olunan obyekt, yəni istixana kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün nəzərdə tutulduğundan onun kənd təsərrüfatı təyinatlı torpaqda inşa edilməsinə heç bir maneə yoxdur. Belə ki, Torpaq Məcəlləsinin 58.1-ci və 80-ci maddələrinə əsasən torpaq sahəsinin mülkiyyətçisinin torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, istehsal, mədəni məişət təyinatlı tikililər və qurğular inşa etmək səlahiyyəti var. Belə olduğu tədqirdə cavabdeh təşkilat tərəfindən etirazda göstərlən 1-ci arqumentin heç bir hüquqi əsası olmur. Cavabdeh təşkilatın etirazda göstərdiyi ikinci və üçüncü arqumentləri araşdıraraq məhkəmə hesab edir ki, qeyd olunan arqumentlər də heç bir hüquqi sənədə əsaslanmır. Belə ki,iddiaçı həmin tikilini müvafiq sərəncam olmadan həyata keçirmiş, lakin sonradan səlahiyyətli qurum olan Abşeron rayon İcra Hakimiyyəti istismara icazə barədə 04 dekabr 2020-ci il tarixli 047/1 saylı sənəd vermişdir.Həmin sənəddə tikinti obyektinin kodunun göstərilməməsinin səbəbi tikintiyə sərəncamın verilməməsi ilə bağlıdır. Yəni artıq inşa edilmiş istixanaya köhnə tarixlə tikintiyə sərəncam verilməsi yolverilməzdir. Qeyd olunan istixananın tikintisinə icazə verməsinə hüququ olan Abşeron rayon İcra Hakimiyyəti tikinti işləri yekunlaşdıqdan sonra istismara icazə sənədini verməklə istixananın inşasına edilməsinə razılığının olmasına dəlalət edir. Ona görədə məhkənə hesab edir ki, cavabdeh təşkilat tərəfindən iddia tələbinin təmin edilməməsi ilə bağlı gətirdiyi 2-ci və 3-cü arqumentlərinin əsassızdır. Əvvəla nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Nəzərə alınmalıdır ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Belə ki, hazır ki, iddia tələbi üzrə iddiaçı olan X1 tərəfindən mülkiyyətində olan torpaq sahəsində təyinatı kənd təsərrüfatlı məhsullarının əkilməsi üçün nəzərdə tutulan tikilini müvafiq icra hakimiyyəti orqanlarının verdiyi razılıq əsasıda həyata keçirilib. Nəzərə alınmalıdır ki, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 04 dekabr 2020-ci il tarixli 047/1 saylı icazə sənnədində formal xəta olan “hazırlıq aktının tarixi və qeydiyyatının, kod nömrəsinin göstərilməməsi” tikilmiş qeyri yaşayış sahəsinin istismarına qadağa hesab edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 43.1-ci bəndinə əsasən dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklər, yəni maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan dəyişikliklər (dövlət reyestrində göstərilmiş şəxsin adının və ya daşınmaz əmlak obyektinin ünvanının dəyişməsi, rekonstruksiya işləri nəticəsində daşınmaz əmlak obyektində baş verən xırda dəyişikliklər və s.) və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində nəzərdə tutulmuş düzəlişlər müvafiq fəslin ayrıca vərəqində - "Dəyişikliklərin (düzəlişlərin) məzmunu" qrafasına daxil edilir. Müvafiq fəslin "Sənədlər - əsaslar" qrafasında isə belə dəyişikliklərin və ya düzəlişlərin edilməsi üçün əsas olmuş sənədlərin rekvizitləri göstərilir. Göründüyü kimi qeyd olunan dəyişiklər cavabdeh təşkilatın özü tərəfindən edilə bildiyi tədqirdə inzibati orqan tərəfindən edilmiş formal xətalar cavabdeh təşkilat tərəfindən imtina üçün bəhanə gətirilir. Halbu ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. İddia tələbinin təmin edilməməsi ilə bağlı cavabdeh təşkilatın gətirdiyi 4-cü arqumentə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istixananın tərkinidə yerləşən obyektlərin qeydiyyata alınması iddia tələbinin predmeti deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 22.01.2020-ci tarixli, ********** nömrəli çıxarışa əsasən 3.3216 hektar torpaq sahəsi üzərində inşa edilmiş 29.492 kv.m ümumi sahəsi olan istixananın İddiaçı adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-875/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-875/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver