Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-876/2021 08.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndə və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin 18.06.2020-ci il tarixli, **********835500 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 fevral 2021 2021 -ci il tarixdə iddiaçının ünvanına Sumqayıt Kommersiya Məhkəməsinin 25.01.2021- ci il tarixli, e-2-2(119)- 287/2021 nömrəli qətnaməsini göndərilmişdir. Qətnamə ilə tanış olanda məlum olmuş ki, 2 saylı Ərazi Vergilər Baş idarəsi İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş və ərizə təmin edilərək onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Buna səbəb kimi onun 25.12.2020-ci il tarixədək dövlət büdcəsinə ödənilməli olan 5.862.91 manat vergi borcunun olmasıdır. Qətnamədə qeyd edilir ki, guya 2 saylı Ərazi Vergilər Baş idarəsi vergi borcunun ödənilməsinə dair 19.06.2020-ci il tarixli, **********4 nömrəli bildiriş göndərmiş və xəbərdarlıq da edilmişdir. Onun ünvanına məhkəmə qətnaməsindən başqa 2 saylı Ərazi Vergilər Baş idarəsinin heç bir bildirişi və ya məktubu (qərarı) göndərilməyib. Qətnamədə, həmçinin onun vergi ödəyicisi (VÖEN: **********) olmağı barədə məlumat qeyd edilib. Halbuki , heç vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış və vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınmamışdır və ya uçota alınması barədə ərizə təqdim etməmişdir. Vergi ödəyicisi kimi uçota alınmış olsa idi Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinin tələblərinə əsasən vergi orqanına ərizə ilə müraciət etmiş olardı. Məsələnin aydınlaşdırılması və araşdırılması üçün 12.02.2021 -ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində olmuşdur. İdarədən onun xarici valyutanın konvertasiyası nəticəsində qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi 33.936,73 manat gəlirdən 14 faiz dərəcə ilə (4751,14 manat) vergidən yayınma riskinin olmasını bildirmişlər. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 04.06.2020-ci il tarixli məktubun və 18.06.2020-ci il tarixli, **********835500 nömrəli qərarın surətlərini ona təqdim etmişlər. Guya ki, qeyd edilən məktub və qərar ünvanına göndərilib. Heç biri ünvanına göndərilməyib və məlumatı olmayıb. Göndərilməsini təsdiq edən sənəd təqdim olunmamışdır. Qeyd etdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı və vergi orqanında vergi ödəyicisi kimi uçotda olmadığı halda vergi orqanında adına ********** nömrəli VÖEN açmışlar. Əgər VÖEN varsa bu barədə müarciət ərizəsi və şəxsi elektron kabineti, elektron kabinetə giriş üçün parol və pin kodu da olmalı idi. Ona ********** nömrəli bildiriş təqdim etmişlər ki, 15 fevral 2021-ci il tarixdə ona elektron kabinetə giriş üçün parol və pin kod veriləcək. Vergi orqanın əməkdaşları bildirdilər ki, xarici valyutanın konvertasiyası nəticəsində qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirə görə vergi orqanı birbaşa olaraq fiziki şəxsi vergi orqanında uçota alır (fiziki şəxsin ərizəsi olmadan) və adına VÖEN açılır. Bankda konvertasiya əməliyyatı zamanı ona bankdan xarici valyutanın nağd mübadiləsi əməliyyatı üzrə vəsaitin mənbəyinin bəyan edilməsi anketinin doldurulması tələb edildi. Həmin anketdə vəsaitin mənbəyini əmək haqqı göstərmişdir. Buna baxmayaraq əsassız olaraq ona vergi hesablanmışdır. Əmək haqqı nəyə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlir kimi qiymətləndirilir. Vergi Məcəlləsinin 99.3-cü maddəsində qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid olan fəaliyyət növləri sadalanır. Heç bir sübut və təsdiqedici hal olmamasına baxmayaraq vergi orqanı əmək haqqını qeyri-sahibkarlıq fəaliyyətindən əldə eidilmiş gəlir kimi qələmə verib. Adına nə vaxt VÖEN açılıb, nə vaxt vergi ödəyicisi kimi uçota alınmışdır. Bunların heç birindən xəbəri yoxdur. Barəsində tərtib edilmiş bütün sənədlərin (vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mbadiləsinə dair müqavilə forması, elektron məlumat mübadiləsi haqqında ərizə, qərarın və məktubun ünvanımıa göndərilməsini təsdiq edən sənədin surəti, adıma VÖEN açılması barədə ərizə və s) surətlərini göndərilməsi və 18.06.2020-ci il tarixli, **********835500 nömrəli qərarı ləğv edilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş idarəsinə 17.02.2021-ci il tarixli şikayət ərizəsi ilə müraciət etmiş, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ünvanına 23.02.2021-ci il tarixli, **********47480 nömrəli sənədlərin təqdim edilməsi barədə məktub göndərilmişdir. Həmin məktubda guya 17.02.2021-ci il tarixli müraciətində (şikayət ərizəsində) 2019-cu il üzrə kameral vergi yoxlaması ilə hesablanmış gəlir vergisi məbləğinin azaldılmasını xahiş etmiş, 2 saylı Ərazi Vergilər Baş idarəsinə ünvanladığı 17.02.2021-ci il tarixli şikayət ərizəsində yuxarıda qeyd etdiyi kimi sənədlərin surətlərini və 18.06.2020-ci il tarixli, **********835500 nömrəli qərarın ləğv edilməsini tələb etmiş, kameral vergi yoxlaması ilə hesablanmış gəlir vergisi məbləğinin azadılmasım xahiş və ya tələb etməmiş, 2 saylı Ərazi Vergilər Baş idarəsi ünvanladığı şikayət ərizəsinin məzmununu təhrif etmiş və şikayət ərizəsində tələb edilən sənədləri göndərməkdən yayınmışdır, 2 saylı Ərazi Vergilər Baş idarəsi **********47480 nömrəli sənədlərin təqdim edilməsi barədə məktubunda məsələnin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə iş üçün əhəmiyyət kəsb edən məlumat və sənədlərin (sübutların), bank hesablarından çıxarışların (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), bank ödəniş tapşırıqlarının (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), müqavilələrin, üzləşmə aktının, bank hesabları vasitəsilə aparılmış əməliyyatlara dair sənəd və məlumatların, müvafiq olaraq valyuta mübadiləsi aparılmış müxbir üzləşmə aktlarının, müvafiq olaraq valyuta mübadiləsi aparılmış müxbir bankla üzləşmə aktlarının, o cümlədən satışdankənar gəlirlər-bu halda konvertasiya olunmuş nağd pul vəsaitin əldə olunma mənbəyini təsdiq edən kassa-mədaxil orderi, kassa kitabından çıxarış, kassa məxaric orderi, mübadilə (konvertasiya) olunmuş vəsaitin mənbəyi barədə məlumat və təsdiqedici sənədlərin Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyiniz gəlirlər daxil olmaqla, araşdırma üçün zəruri hesab etdiyiniz digər sənədləri göndərilməsi qeyd edilmişdir. Sadalanan sənədlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olan sənədlərdir, o isə sahibkarlıq fəaliyyəti ilə məşğul deyil. Adına xəbəri olmadan VÖEN açmışlar və onu vergi ödəyicisi kimi uçota almışlar. Şikayət ərizəsində tələb etdiyi sənədlər ona göndərilməmiş və ondan əsası olmayan sənədlər istənilir. Bu qədər hüquqazidd hərəkət olmaz və bu yolverilməzdir. Barəsində əsassız tərtib edilmiş sənədlər ilə tanış olamaq istəyir. Barəsində tərtib edilmiş qərarın heç bir əsası yoxdur. 18.06.2020-ci il tarixli, **********835500 nömrəli qərar ləğv edilməlidir, 2 saylı Ərazi Vergilər Baş idarəsinin 18.06.2020-ci il tarixli, **********835500 nömrəli qərarını, kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 04.06.2020-ci il tarixli məktubu və ********** nömrəli sənəd qəbulu bildirişi 12.02.2021 -ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş idarəsində olarkən əldə etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndə və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən 11.03.2020-ci il tarixdə 33.936,73 məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 19.933,50 dollar məbləğində xarici valyuta əldə etmişdir. Bununla əlaqədar olaraq iddiaçıya konvertasiya olunmuş vəsaitin hansı dövrün gəlirinə aid olması və vergiyə cəlb edilib-edilməməsi məsələsinin ətraflı araşdırılması məqsədi ilə iddiaçıya 01.04.2020-ci il tarixli **********897500nömrəli məktub göndərilərək vergi orqanına dəvət edilmişdir. İddiaçı heç bir açıqlama vermədən vergi orqanına gəlməmiş və məktuba münasibət bildirməmişdir. Eyni zamanda yaranmış kənarlaşma ilə bağlı 04.06.2020-ci il tarixli **********791500nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. İddiaçı tərəfindən konvertasiya əməliyyatı ilə bağlı heç bir məlumat təqdim etmədiyinə görə kameral vergi yoxlaması aparılaraq 2019-cu il üzrə gəlir vergisi bəyannaməsinə 4751,14 manat kameral vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" 18.06.2020-ci il tarixli **********835500 nömrəli Qərarı göndərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasınının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisi hesab olunur (Vergi Məcəlləsinin 13.2.4-cü maddəsi). Qanunla müəyyən edilmiş vergiləri ödəmək, gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, büdcəyə çatacaq vergiləri və digər icbari ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir (Vergi Məcəlləsinin 16-cı maddəsi). Fiziki şəxslər tərəfindən gəlirlər əldə edilənədək vergi orqanında uçota durmadıqda,vergi orqanı tərəfindən vergi ödəyicisi məcburi qaydada uçota alınır (Vergi Məcəlləsinin 33.3-cü və 33.5-ci maddələri). Vergi orqanları ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, o cümlədən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır (Vergi Məcəlləsinin 67.1ci maddəsi). Qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir (Vergi Məcəlləsinin 66-cı maddəsi) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur: Cavabdeh tərəfindən qəbul edilmiş, “Vergilərin hesablanması haqqında” 18.06.2020-ci il tarixli **********835500 nömrəli qərarın surəti və digər sənədlər. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fiziki şəxs İddiaçı barəsində konvertasiya olunmuş vəsaitin hansı dövrlərin gəlirinə aid olması məqsədilə vergi orqanı tərəfindən yoxlama təyin edilmiş və yoxlamanın nəticəsi olaraq 18.06.2020-ci il tarixli **********835500 nömrəli “Vergilərin hesablanması haqqında” aktı tərtib edilməklə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (67.2.1) - eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (67.2.2) - fəaliyyət göstərilən ərazi. (67.2.3) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Həmin Məcəllənin 13.2.12-ci maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Nəzərə alınmaldır ki, iddiaçı tərəfindən valyuta mübadiləsi əməliyyatı 11.03.2020-ci ildə aparılıb və 2016-ci ilin sonlarından hal hazıradək Azərbaycan manatın ABŞ dollarına münasibətdə məzənnə üzrə kəskin fərqi müəyyən edilməyib. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məlumatına əsasən 2015-ci il fevralın 21-nə qədər 1 manat 0,78 dollar təşkil etsə də, həmin gün Mərkəzi Bankın qərarı ilə manat devalvasiya edildi və 34% ucuzlaşdırıldıqdan sonra 1 dollar 1,05 manata bərabər oldu. X4 Heyəti 21 dekabr 2015-ci il tarixində manatın “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul etdi. 21 dekabr 2015-ci il tarixindən sonra 1 ABŞ dolları 1,55 manata bərabər oldu. 2016-cı ilin dekabr ayından bu günün rəsmi məzənnəsi ilə 1 ABŞ dollar 1.700 manat təşkil edir. Göründüyü kimi 2020-ci ildə Azərbaycan manatının ABŞ dolları qarşısında dayanaqlığı təmin edilmişdir. Yəni Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnə nisbətində kəskin fərq olmadığına görə həmin vəsaitdən konvertasiyası nəticəsində 4.751,14 manat gəlirin əldə edilməsindən söhbət gedə bilməz. Bundan başqa oda nəzərə alınmalıdır ki, hazır ki, iddia tələbi mübahisələndirmə haqqında iddia tələbinə aiddir və İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi hazır ki, iddia tələbi üzrə cavabdeh olan Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi İddiaçı tərəfindən 11.03.2020-ci ildə aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində gəlir əldə etməsi ilə bağlı məhkəməyə əsaslı dəlil təqdim etməmişdir. Halbu ki, iddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçasının surətindən və “xxxx” MMC-nin 08.06.2021-ci il tarixli 253 saylı arayışından məlum olmuşdur ki, İddiaçı 29.07.2008-ci ildən əmək fəaliyyətinə başlamış və 2010-cu ildən bu günədək “xxxx” MMC-də işləyir. Bi isə bir daha ona dəlalət edir ki, İddiaçı tərəfindən Vergi Məcəlləsinin 13.2.12-ci maddəsində qeyd olunan satışdan kənar gəlirin müyyən edilməsi istiqamətində cavabdeh təşkilatın gətirdiyi arqument əsassızdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 18.06.2020-ci il tarixli **********835500 nömrəli “Vergilərin hesablanması haqqında” qərarı qanunsuz olduğundan ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı barəsində qəbul edilmiş vergilərin hesablanması haqqında 18.06.2020-ci il tarixli, **********835500 nömrəli qərarı ləğv olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-876/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-876/2021
08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver