Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-876/2023 06.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlununun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Xaçmaz şəhəri, Q.B.Zakir küçəsində yerləşən dövlət fonduna aid torpaqlardan 70 kv.m torpaq sahəsinə dair daimi istifadə və abadlıq məqsədi ilə iddiaçıyla icarə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz şəhəri, Q.B.Zakir küçəsində yerləşən dövlət fonduna aid torpaqlardan 70 kv.m torpaq sahəsinin daimi istifadə və abadlıq məqsədi ilə iddiaçıyla icarə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz şəhəri, Q.B.Zakir küçəsində yerləşən dövlət fonduna aid torpaqlardan daimi istifadə və abadlıq məqsədilə 100 kvadrat metr torpaq sahəsinin istifadəyə verilməsi və bununla əlaqədar icarə müqaviləsinin bağlanılması üçün iddiaçı Cavabdehnə müraciət etmişdir. Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 1490 nömrəli məktubu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə müraciət edilərək yuxarıda göstərilən ünvandan 100 kvadrat metr torpaq sahəsinin ayrılması üçün baxılmasına və müvafiq rəy verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Həmin Agentliyin xx.xx.2019-cu il tarixli **********76 saylı məktubunda göstərilmişdir ki, icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsi naturada dəqiqləşdirilərkən 70 kvadrat metr olduğu müəyyən edilmiş və müvafiq yerquruluşu planı tərtib edilmişdir. Agentliyin xx.xx.2019-cu il tarixli **********5 nömrəli cavab məktubu ilə əlavə olaraq bildirilmişdir ki, Xaçmaz şəhəri, Q.B.Zakir küçəsində yerləşən dövlət mülkiyyətinə aid 70 kvadrat metr torpaq sahəsinin sahibkarlığın inkişafı məqsədilə iddiaçıya verilməsinə etiraz edilmir, tərəflər arasında bağlanacaq icarə müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zəruridir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakı Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluş Layihə- Tədqiqat Mərkəzi tərəfindən torpaq sahısinin yerquruluşu planı tərtib edilmiş və Cavabdeh başçısının imzası və möhürü ilə, habelə ƏMDK-nın Xaçmaz Ərazi şöbəsinin müdirinin imzası və möhürü ilə təsdiqlənmişdir. İcarə müqaviləsinin bağlanılması üçün Cavabdeh başçısının sərəncamı tələb olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Əİ-nin xx.xx.2019-cu il tarixli **********39 saylı məktubunda Agentliyin məktubu ilə bərabər Xaçmaz Rayon İH-nin sərəncamının sənədlərə əlavə olunması bildirilmişdir. xx.xx.2022-ci il tarixli rəsmi ərizə ilə iddiaçı Xaçmaz Rayon İH-yə müraciət edərək 70 kvadrat metr torpaq sahəsinin onun icarəyə verilməsinə dair sərəncam verilməsini xahiş etsə də, müraciətinə heç bir cavab verilməmişdir. Həmin torpaq sahəsi ərazinin abadlaşdırılması məqsədilə istifadəni nəzərdə tutur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 05 sentyabr 2023-cü il tarixə təyin edilmiş, iddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh iddiaya yazılı təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli, **********76 nömrəli məktubu ilə vətəndaş İddiaçı 70 m2 torpaq sahəsinin sahibkarlığın inkişafı məqsədilə icarəyə verilməsinə etiraz edilməmişdir. Vətəndaş C.A.Xaliqin bununla əlaqədar Xaçmaz RİH-nə müraciətinə cavab olaraq bildirilmişdir ki, sahibkarlıq fəaliyyəti məqsədilə icarəyə torpaq sahəsinin ayrılmasına dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq rəyi olduqdan sonra torpaq sahəsinin icarəyə verilməsi məsələsinə baxıla bilər. Bu barədə vətəndaşa xx.xx.2022-ci il tarixli, 1705 nömrəli məktub göndərilmişdir. Belə ki, '‘Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli, 274 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən tikinti məqsədləri üçün torpaq sahələri ayrılarkən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi alınmalıdır. Qeyd olunanlarla əlaqədar iddianın rədd edilməsi xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Xaçmaz şəhəri, Q.B.Zakir küçəsində yerləşən dövlət mülkiyyətinə aid edilən 70 kvadrat metr torpaq sahəsinin iddiaçıya ayrılmasına etiraz edilməmişdir. • İş materiallarına 70 kvadrat metr torpaq sahəsinə dair yerquruluşu planı da əlavə edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilkin olaraq iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hazırkı iddia mümkün iddiadır. Belə ki, iddianı mümkünsüz edən hər hansı bir hala rast gəlinməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (700.1.). İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. ...”( 700.2. ). Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər (706.1.). “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Xüsusi şəhərsalma əhəmiyyətinə malik dövlət və bələdiyyə torpaqları ayrılıqda, yaxud layihələrlə birlikdə yalnız torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Dövlət torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. İşdən göründüyü kimi iddiaçı Xaçmaz şəhəri, Q.B.Zakir küçəsində yerləşən dövlət fonduna aid torpaqlardan daimi istifadə və abadlıq məqsədilə 100 kvadrat metr torpaq sahəsinin istifadəyə verilməsi və bununla əlaqədar icarə müqaviləsinin bağlanılması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2019-cu il tarixli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə müraciət olunaraq həmin torpaq sahəsinin iddiaçının istifadəsinə ayrılmasına dair rəy verilməsini xahiş etmişdir. Müvafiq Agentlik tərəfindən torpağın naturada 70 kvadrat metr olması müəyyən edilərək yer quruluşu planı tərtib edilmiş və sahibkarlığın inkişafı məqsədilə iddiaçının icarəsinə verilməsinə etiraz edilməmişdir. İddiaçı daha sonra cavabdeh orqana müraciət edərək müvafiq torpaq sahəsinin onun icarəyə verilməsini xahiş etsə də müraciəti cavablandırılmamışdır. Cavabdehin məhkəməyə ünvanlanmış etirazında isə “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli, 274 nömrəli Fərmanının 1.2-ci bəndinə istinad olunaraq tikinti məqsədləri üçün torpaq sahələri ayrılarkən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin alınmalı olduğu qeyd edilmişdir. “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli, 274 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir. Lakin göründüyü kimi iddiaçı Xaçmaz şəhəri, Q.B.Zakir küçəsində yerləşən dövlət fonduna aid 70 kvadrat metr torpaq sahəsində tikinti aparmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etməmiş və müvafiq rəyi əldə etməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (maddə 12.4.). İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur (14.1.). Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2.). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. (14.3.) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır (maddə 74). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin üzərinə müqavilə bağlamaq vəzifəsinin qoyulması ilə bağlı nə müqavilədə, nə də qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmadığından, habelə iddiaçı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən, eləcə də cavabdehin qanunauyğun qərarlardan birini seçmək hüququnun olduğunu nəzərə alaraq iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddiaçı Cavabdehnə qarşı “Xaçmaz şəhəri, Q.B.Zakir küçəsində yerləşən dövlət fonduna aid torpaqlardan 70 kv.m torpaq sahəsinə dair daimi istifadə və abadlıq məqsədi ilə iddiaçıyla icarə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev