Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-877/2021 30.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamədə düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 0,17 ha deyil, 0,25 ha qeyd edilməsi və ona yeni çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq cavabdeh tərəfindən fərdi yaşayış evi üçün verilmiş inventar nömrəsi 1043 olan 05.01.2017-ci il tarixli texniki pasportda, həm də hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, 11.01.2017-ci il tarixdə verilmiş çıxarışda həyətyanı torpaq sahəsinin 0.17 ha əvəzində 0,25 ha olması faktının müəyyən edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamədə düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 0,17 ha deyil, 0,25 ha qeyd edilməsi və ona yeni çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1952-ci ildə Xaçmaz rayonu, Ustacəlilli kəndində anadan olmuşdur. Hal-hazıra kimi həmin kənddə, həmin evdə yaşayır. Evlərinin 0,25 ha torpaq sahəsi vardır. X1 həmin evi və bütün əmlakını Dövlət notariusu vasitəsilə ona vəsiyyət etmişdir. 2010-cu ildə X1 vəfat etmişdir. Həmin vaxtdan o faktiki olaraq mirası qəbul edərək həmin evdə yaşamışdır. Əmlak və 0,25 ha torpaq sahəsinin vergisini öz adından ödəmişdir. 2016-cı ildə o mülkiyyətində olan evə və həyətyanı torpaq sahəsin sənəd almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Çoxsaylı bəhanələrdən və uzun süründürməçiliklərdən sonra 1917-ci ilin yanvar ayında ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon 5 saylı Ərazi İdarəsindən fərdi yaşayış evi üçün texniki pasport və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həm ona verilmiş fərdi yaşayış üçün texniki pasportda, həm də hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda həyətyanı torpaq sahəsi 70 ildən çox istifadələrində olan 0,25 ha torpaq sahəsi əvəzinə 0,17 ha göstərilmişdir. O dəfələrlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həyətyanı torpaq sahələrinin 70 ildən çox istifadələrində olan 0,25 ha olduğunu, hətta Xaçmaz rayon dövlət arxivindən həyətyanı torpaq sahələrinin 0,25 ha olmasını təsdiq edən arxiv arayışını təqdim etsə də onlar fərdi yaşayış evinin texniki pasportunda və hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda dəyişiklik etməkdən imtina etmişlər və bildirmişlər ki, bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etsin. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı inventar nömrəsi 1043 olan 05.01.2017-ci il tarixli texniki pasportda və ********** qeydiyyat nömrəli, 11.01.2017 qeydiyyat tarixli dövlət reyestrindən çıxarışda həyətyanı torpaq sahəsinin 0.17 ha əvəzində 0.25 ha ölçüdə dəyişklik edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətə 02.03.2020-ci il tarixli **********64 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən islahat zamanı vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin kadastr məlumat bazasında olan xəritəyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsindən təhvil alınmış arxiv məlumatlarına əsasən müəyyən olunmuşdur ki, ərizənizdə qeyd etdiyiniz kimi sizin mərhum ananız X2 adına müvafiq Aqrar islahat Komissiyasının qərarı ilə Xaçmaz rayonu, Ustacəlilli kəndində yerləşən 0.17 ha torpaq sahəsinə JN-006F “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" işlənilmişdir. Həmin şəhadətnaməyə əsasən 11.07.2017-ci il tarixdə vərəsəlik hüququ əsasında vahid daşınmaz əmlak kimi fərdi yaşayış evi üzərində sizin mülkiyyət hüquqlarınız dövlət reyestrində qeydiyyata alınaraq çıxarış hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Ərizəyə əlavə olunmuş torpaq sahəsinin qeydə alınması barədə qaytanlanmış kitabdan çıxarış Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli Fərmanına əsasən hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Göründüyü kimi həmin çıxarış və texniki pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ile müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquq müəyyənedici sənədlər əsasında hazırlanmışdır və torpaq sahəsinin ölçüsündə dəyişiklik edilməsi üçün əsas yoxdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Qeyd olunanları nəzərə alaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edirlər. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştrakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq hazır ki, mübahisəyə cavabdehin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, İddiaçı Xaçmaz rayonu, Ustacəlilli kəndində yerləşən 0,17 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25.02.1998-ci il tarixli 02 saylı protokolunun təsdiqlənmiş surətindən görünür ki, Q.Musabəyov adına sovxoz üzrə cəmi torpaq fondu 3481 ha olmaqla, dövlət mülkiyyətində olan torpaqlar 412,7 ha, bələdiyyə mülkiyyətinə verilən torpaqlar 1219,9 ha və xüsusi mülkiyyətə verilən torpaqlar 1848.4 ha təsərrüfat üzrə torpaq payı almaq hüququ olan hər bir subyektə 0,40 ha orta torpaq payının müəyyən edilməsi barədə Q.Musabəyov adına sovxozun AİK-nin 10.02.1998-ci il tarixli (protokol nömrə 1) qərarının təsdiq edilməsi, Q.Musabəyov adına sovxozun əhatə etdiyi kəndlər üzrə torpaq payı almaq hüququ olan subyektlərin siyahılarının təsdiq edilməsi barədə Q.Musabəyov adına sovxozun AİK-nın 10.02.1998-ci il tarixli qərarının təsdiq edilməsi qərara alınmışdır. Həmin qərara əlavə edilmiş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən 25 fevral 1998-ci il tarixdə təsdiq edilmiş Xaçmaz rayonu, Q.Musabəyov adına sovxozun ərazisindəki Ustacəlilli kəndi üzrə torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında X2 adının qarşısında 0,25 ha torpaq sahəsi qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, İddiaçı Xaçmaz rayonu, Ustacəlilli kəndində yerləşən 0,17 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı həmin çıxarışın JN-006F “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında verildiyini və şəhadətnamədə və çıxarışda torpaq sahəsinin ölçüsünün 0,25 ha əvəzinə 0,17 ha qeyd olunduğunu bildirmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən 25 fevral 1998-ci il tarixdə təsdiq edilmiş Xaçmaz rayonu, Q.Musabəyov adına sovxozun ərazisindəki Ustacəlilli kəndi üzrə torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında iddiaçının X1nın adının qarşısında 0,25 ha torpaq sahəsi qeyd edilmişdir. İddiaçı ona məxsus sənədlərə müvafiq düzəliş edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, cavabdehin iddiaya qarşı yazılı münasibətindən göründüyü kimi iddiaçıya “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış JN-006F “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında verilmişdir. Həmin şəhadətnamədə iddiaçının X1na Xaçmaz rayon aqrar islahat komissiyasının qərarı əsasında verilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Ustacəlilli kəndi üzrə torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısından iddiaçının X1nın adının qarşısında 0,25 ha torpaq sahəsi qeyd edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının anasına Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 0,25 ha torpaq sahəsi ayrıldığı halda, onun 0,17 ha torpaq sahəsi üzərində hüququ qeydə alınmış və buna müvafiq olaraq JN-006F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" verilmişdir. Beləliklə sözügedən şəhadətnamə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında verilsə də, həmin şəhadətnamədə torpaq sahəsinin ölçüsü düzgün qeyd edilməmişdir. Bundan başqa szöügedən 0,25 ha torpaq sahəsi ilə bağlı iddiaçı ilə başqa şəxslər arasında mübahisənin olduğu da müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, JN-006F “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə düzəliş edilərək, torpaq sahəsinin ölçüsü 0,25 ha qeyd edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamədə düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 0,25 ha qeyd edilməsi və İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarış verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamədə düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 0,25 ha qeyd edilməsi və İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarış verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-877/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-877/2021
30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver