Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-878/2021 29.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı (FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi S.Ə.Dadaşov adına E.T.L.K.İ.M institutunda elmi işçi işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, Üçüncü şəxs X6 (işləməyən, Sumqayıt şəhəri, Yaşıldərə massivində yaşayan) iştirakı ilə, Üçüncü şəxs X2 (işləməyən, Sumqayıt şəhəri, Yaşıldərə massivində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı X6 və X2 ona məxsus Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 46/3-də yerləşən 21 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 və X2 ona məxsus Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 46/3-də yerləşən 21 saylı mənzildən yaşayış istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək X6 və X2 ona məxsus Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 46/3-də yerləşən 21 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16.03.2021-ci il tarixli qərardadı ilə X11 və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, 02 fevral 2011-ci il tarixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X3 Sumqayıt şəhəri, 17-ci məhəllədə yerləşən 46/3 saylı evin 21 nömrəli mənzili 42082 manata almışdır. Mülkiyyətində olan sözügedən mənzildə qeydiyyatda olan X11 onun dostu, X7 isə dostunun anasıdır. Onlar 2017-ci il tarixdə Azərbaycan Respublikasına gəldikdə sənəd almaq üçün qeydiyyata alınmalarına zərurət yarandığını, evinin sənədləşmə işləri bitdikdən sonra özləri qeydiyyatdan çıxacaqlarını bildirirək ondan köməklik etməyi xahiş etmişlər. Bu səbəbdən o, 2017-ci ildə X11 və X2 ona məxsus Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 46/3 ünvanında yerləşən 21 saylı mənzilə müvəqqəti qeydiyyata alınmalarına razılıq vermişdir. Onlar həmin mənzildə heç vaxt yaşamamışlar, onlara məxsus heç bir əmlak sözü gedən mənzildə yoxdur. Lakin formal olaraq mənzilin pasport qeydiyyatında qalırlar. Qeydiyyatdan çıxmalarını tələb etdikdə, onlar da qeydiyyatdan çıxmaq istədiklərini, lakin evin sənədləşmə işlərini həll edə bilmədiklərini bildirmişlər. X11 və X2 mübahisəli mənzilə istifadə hüquqları olmamalarına və həmin mənzildə yaşamamalarına baxmayaraq, mübahisəli mənzildə hələ də formal olaraq qeydiyyatda qalmışlar. Bu isə iddiaçının mülkiyyətçi olaraq hüquqlarını pozur. Şifahi məhkəmə baxışında üçüncü şəxslər X11 və X1 Elnur Felman oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci məhəllədə yerləşən 46/3 saylı evin 21 nömrəli mənzildən qeydiyyatdan çıxmağa razı olduqlarını, lakin başqa yerə qeydiyyata düşməyə yerlərinin olmadığını bildirdilər. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - 02 fevral 2011-ci il tarixli, AN - İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı X3 Sumqayıt şəhəri, 17-ci məhəllədə yerləşən 46/3 saylı evin 21 nömrəli mənzili 42082 manata almışdır. - ƏMDK yannda DƏDRX-nin 23.02.2011-ci il tarixli, seriya MA ******* saylı çıxarışdan görünür ki, ümumi sahəsi 54,90 kv m , yaşayış sahəsi 36,00 kv m olan 2 otaqlı olan ünvan 1 yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. - Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 09.03.2021-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olan digər şəxslər X11 və X4r. - Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş 26.02.2021-ci il tarixli, 123-75361- 3221 saylı imtina məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında ” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq X10 və X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədə uyğundur, iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və üçüncü şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olan şəxslərin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət (hazırki vəziyyətdə iki ildən çox) qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. İş materiallarından göründüyü kimi qeyd olunan mənzil iddiaçının mülkiyyətindədir. Lakin üçüncü şəxslərin qeydiyyatı üzündən iddiaçı mülkiyyətində olan mənzil üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildə pasport qeydiyyatında olması iddiaçının konstitusiyon hüququ olan xüsusi mülkiyyət hüququnu pozur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X6 və X2 İddiaçı məxsus Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 46/3, 21 saylı mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X6 və X2 İddiaçı məxsus Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 46/3, 21 saylı mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-878/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-878/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver