Məhkəmə qərarları › İş №2-1(118)-878/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-878/2025

06.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-878/2025 06.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin koordinatlarında düzəliş edilməsi, torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz oğlunun sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinin koordinatlarında düzəliş edilməsi, torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 6 yanvar 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Qusar bələdiyyəsinin 20 may 2005-ci il tarixli, 7/4-17 nömrəli qərarından görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşqul olmaqdan ötrü Qusar şəhərinin baş planına uyğun olaraq Qusar-Xudat şosse yolunun sağ tərəfində, sənaye zonası üçün nəzərdə tutulmuş ərazidən 0,27 ha torpaq sahəsi satılmışdır.

2. Qusar şəhərinin baş planından İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq üçün ayrılması nəzərdə tutulan 0,27 ha torpaq sahəsinə dair çıxarış (miqyas 1:2000).

3. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, ******* nömrəli, 22 noyabr 2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Qusar şəhəri, Qusar-Xudat şosse yolunun sağ tərəfi ünvanında yerləşən **********77 reyestr nömrəli 0,27 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 26 yanvar 2024-cü il tarixli, 3-21-3-34/2-X-00xx-xx/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Qusar-Xudat şosse yolunun sağ tərəfində yerləşən 0,27 ha torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi ilə əlaqədar Qusar rayon şöbəsinə müraciət edilməsi tövsiyə edilmişdir.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 11 avqust 2021-ci il tarixli, **********17 nömrəli və 5 aprel 2024cü il tarixli, 3-21-3-34/2-3663/2024 nömrəli məktublarından görünür ki, elektron baza məlumatlarına əsasən 0,27 ha torpaq sahəsinin digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmiş və bu səbəbdən həmin torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən imtina edilmişdir.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

6. 27 fevral 2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, **********77 reyestr nömrəli torpaq sahəsinin ölçüsü hüquq müəyyənedici sənəd üzrə və faktiki 0,27 ha olaraq göstərilmiş, həmçinin **********33 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşməsi qeyd edilmişdir.

7. X18 Filialının 31 may 2024-cü il tarixli, 3-48-DA-6F/2-xx-xx/2024 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - Qusar bələdiyyəsinin 20 may 2005-ci il tarixli, 7/4-17 nömrəli qərarı (§1); - Qusar şəhərinin baş planından çıxarış (§2).

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 21 iyun 2024-cü il tarixli, 3-21-3-34/2-6636/2024 nömrəli məktubu ilə qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 11 iyul 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Qusar şəhərində yerləşən **********33 reyestr nömrəli 1,68 ha torpaq sahəsi X6 xüsusi mülkiyyətindədir; - 28 yanvar 2020-ci il tarixli, A seriyalı, 473343 nömrəli X6 adına **********33 reyestr nömrəli 1,68 ha torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 28 dekabr 2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Qusar şəhərində yerləşən **********33 reyestr nömrəli 1,68 ha torpaq sahəsi X10 xüsusi mülkiyyətindədir; - 12 iyun 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı X5 şəhərində yerləşən 1,68 ha torpaq sahəsini alıcı X6 mülkiyyətinə vermişdir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 9 iyul 2024-cü il tarixli, 3-21-3-34/2-7318/2024 nömrəli məktubu ilə göndərilmiş müayinə aktından (mütəxəssis rəyi) görünür ki, torpaq sahəsinin faktiki yerləşdiyi hissəsi bütövlükdə fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür, torpaq sahəsi bütövlükdə 0,27 ha olmaqla X6 xüsusi mülkiyyətində olan **********33 reyestr nömrəli 1,68 ha torpaq sahəsi ilə üst-üstə düşür, köhnə və yeni xəritədə hər hansı forması mövcud deyildir, kateqoriyası yaşayış məntəqələrinin torpaq sahələrinə, xüsusi mülkiyyət növünə aiddir, üzərindən hal-hazırda yüksək gərginlikli elektrik və digər kommunikasiya xətləri keçmir, DWG və DBF vahid elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsi barədə hər hansı məlumat mövcud deyildir. Qeyd edilmişdir ki, torpaq sahəsinə gələcəkdə giriş yolunun saxlanılması mütləqdir, həmin giriş yolu X7 mülkiyyətində olan **********33 reyestr nömrəli 1,68 ha torpaq sahəsindən çıxılmalıdır. Qoşma şəklində koordinat və ortofoto görüntüsü göndərilmişdir.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 30 aprel 2025-ci il tarixli, 3-21-3-34/2-5663/2025 nömrəli məktubu ilə göndərilmiş məktubundan görünür ki, X11 məxsus olmuş **********33 reyestr nömrəli 1,68 ha torpaq sahəsini Qusar rayon notariat kontorunun 12 iyun 2018-ci il tarixli, 4Ə-1033 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X12 tərəfindən satın alınmışdır və X8 həmin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********33 reyestr nömrəli çıxarış və plan-ölçü sənədi işlənib verilmişdir, torpaq sahəsinə hal-hazırda faktiki hüququ rəsmiləşdirilən şəxs (hal-hazırkı sahibi) X14 oqlu olduğundan mübahisələndirilən torpaq sahəsinin koordinatları X11 məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13 noyabr 2025-ci il tarixli, 3-21-3-34/2-16006/2025 nömrəli məktubu ilə göndərilmiş məktubundan görünür ki, 0,27 ha torpaq sahəsinin (**********77 saylı, 22 noyabr 2006-cı il tarixli çıxarış) koordinatları, hal-hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsində mövcud olan məlumatlara əsasən, X6 mülkiyyətində olan 1,68 ha torpaq sahəsinin (**********33 reyestr nömrəli çıxarış) koordinatları ilə üst-üstə düşür, lakin X11 məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Əlavə olaraq bildirilmişdir ki, X11 məxsus olmuş **********33 reyestr nömrəli 1,68 ha torpaq sahəsi Qusar rayon notariat kontorunun 12 iyun 2018-ci il tarixli, 4Ə-1033 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X1. Həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X8 **********33 reyestr nömrəli çıxarış və plan-ölçü sənədi verilmişdir. Beləliklə, həmin torpaq sahəsinin hal-hazırkı faktiki hüquqi sahibi X9r. Bu səbəbdən mübahisələndirilən torpaq sahəsinin koordinatları X11 məxsus torpaq sahəsi ilə üst-üstə düşmür, lakin X8 məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Eyni zamanda qeyd olunmalıdır ki, mübahisələndirilən 1,68 ha torpaq sahəsi göstərilən reyestr nömrəsindən (**********33) də göründüyü kimi, eyni torpaq sahəsidir: onun koordinatları da, ölçüləri də dəyişməz olaraq eynidir. Sadəcə, həmin torpaq sahəsinin əvvəlki sahibi X13 olmuş, lakin sonradan alqı-satqı müqaviləsi əsasında hüquqi mülkiyyət hüquqları X2. Bu səbəbdən də hazırkı vəziyyətdə mübahisələndirilən torpaq sahəsinin koordinatları yalnız X6 mülkiyyətindəki torpaq sahəsi ilə üst-üstə düşür.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

12. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus 0,27 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən, X8 məxsus 1,68 ha torpaq sahəsinin koordinatlarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi işin hallarına (§1-5) istinad edərək onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus 0,27 ha torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilərək təqdim olunması xahişi ilə cavabdehə müraciət edilmiş, torpaq sahəsinin koordinatlarının həmin idarənin elektron məlumat bazasında olan xəritəyə görə digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün torpaq sahəsinin planın və ölçüsünün tərtib edilməsindən imtina edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, 0,27 ha torpaq sahəsi ilə qonşuluqda yerləşən 1,68 ha torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 2009-cu ildə X3 və o, həmin torpaq sahəsinə 28 dekabr 2016-cı il tarixdə çıxarış verilmişdir. Mübahisələndirilən torpaq sahəsi X13 mülkiyyətində olduğu zaman üst-üstə düşməmişdir. X13 1,68 ha torpaq sahəsini 12 iyun 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4. 0,27 ha torpaq sahəsi heç bir qanuni əsası olmadan, X6 adına keçmiş 11 iyul 2018-ci il tarixli Dövlət Reyestrindən çıxarışda göstərilən 1,68 ha torpaq sahəsinin tərkibinə daxil edilmişdir. Həmçinin həmin çıxarışda torpaq sahəsinin kateqoriyası kimi ehtiyat fondu torpaq sahəsi kimi qeyd edilmişdir. Qeyd olunmuşdur ki, iddiaçı tərəfindən Qusar bələdiyyəsinin bildirişlərinə əsasən hər il ona məxsus torpaq sahəsinə aid torpaq vergisini ödənilir.

14. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

15. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, X8 məxsus 1,68 ha torpaq sahəsinə dair **********33 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” Qusar bələdiyyəsinin 20 may 2005-ci il tarixli, 7/4-17 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0,27 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 25 may 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

16. İddiaçı bir daha iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Qusar şəhəri, Qusar-Xudat şosse yolunun sağ tərəfində yerləşən torpaq sahəsinə dair **********77 reyestr nömrəsi ilə iddiaçının mülkiyyətinə verilmiş 0,27 ha torpaq sahəsinin X8 məxsus 1,68 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə ləğv edilməsi (düzəliş edilməsi) və həmin torpaq sahəsinə dair faktiki yerləşmə vəziyyətinə uyğun olaraq plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 6 yanvar 2026-cı il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

17. Məhkəmənin 17 may 2024-cü il tarixli, 2-1(118)-3293/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “torpaq sahəsinin koordinatlarında düzəliş edilməsi, torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə X12 (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdir.

18. Məhkəmənin 22 dekabr 2025-ci il tarixli, 2-1(118)-878/2025 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (bundan sonra – “cavabdeh”) ilə əvəz edilmişdir.

19. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

20. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, imtina məktubunda göstərilən hallara (§5) istinad edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

21. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3, 2.4, 9.1.2, 11.1, 15, 16.6-cı maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

22. Məhkəmə iclasında iştirak etmiş iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdirlər.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

25. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

26. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

27. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

28. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

29. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

30. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

31. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

32. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

33. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. (-)

3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.

Maddə 66.Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

Maddə 68.Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)

Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)

35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)

Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqlarındövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.

Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; (-)

Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. (-) Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)

Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

38. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)

Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

c) Məhkəmənin mövqeyi

39. Məhkəmə tərəfin vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.

40. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.

41. İddiaçı tərəfin tələbinin əsası ondan ibarətdir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçının mülkiyyətindədir, lakin heç bir qanuni əsası olmadan 11 iyul 2018-ci il tarixli çıxarışda əks olunmuş 1,68 ha torpaq sahəsinin tərkibinə daxil edilmişdir.

42. Cavabdeh orqan iddia tələbinə dair etirazında isə bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsi üçüncü şəxsin mülkiyyətində olan **********33 reyestr nömrəli 1,68 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür.

43. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Qusar bələdiyyəsinin 20 may 2005-ci il tarixli, 7/4-17 nömrəli qərarı ilə iddiaçıya 0,27 ha torpaq sahəsi satılmış, Qusar şəhərinin baş planından çıxarış tərtib edilmiş, torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ qeydiyyata alınaraq 22 noyabr 2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarış verilmişdir.

44. Məhkəmə araşdırması zamanı göndərilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsi xüsusi mülkiyyət növünə aiddir, üzərindən yüksək gərginlikli elektrik və digər kommunikasiya xəttləri keçmir, faktiki yerləşdiyi hissəsi isə üçüncü şəxsə məxsus **********33 reyestr nömrəli 1,68 ha torpaq sahəsi ilə üst-üstə düşür.

45. Məhkəmə tərəfindən qeyd olunan üst-üstə düşmə halının araşdırılması məqsədilə müvafiq sorğular göndərilmiş, nəticədə müəyyən edilmişdir ki, üçüncü şəxsə məxsus torpaq sahəsi əvvəl X11 28 dekabr 2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında məxsus olmuş, 12 iyun 2018-ci il tarixdə isə alqı-satqı müqaviləsi ilə üçüncü şəxsə satılmışdır.

46. Lakin cavabdeh orqanın təqdim etdiyi məlumata əsasən müəyyən edilir ki, mübahisələndirilən torpaq sahəsinin koordinatları əvvəlki sahibi olan X11 məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmə halı müəyyən edilməmiş, üçüncü şəxsin mülkiyyətinə veriləndən sonra aşkar olunmuşdur.

47. Eyni zamanda məhkəmə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ 22 noyabr 2006-cı il tarixdə, üst-üstə düşən 1,68 ha torpaq sahəsi üzərində X10 28 dekabr 2016-cı il tarixdə, üçüncü şəxsin mülkiyyət hüququ isə 11 iyul 2018-ci il tarixdə qeydə alınmışdır. Odur ki, üst-üstə düşmə halı ilə əlaqədar hər hansı nöqsan mövcud olduğu təqdirdə digər şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru iddiaçıya çıxarış verildiyindən sonra aparılaraq müvafiq uyğunsuzluqlar müəyyən olunmalı idi.

48. Qeyd edilənlərə əsasən məhkəmə, mübahisələndirilən torpaq sahəsinin qanuni əsaslarla iddiaçıya ayrılaraq mülkiyyət hüququnun qeydiyyata alınması, üst-üstə düşdüyü 1,68 ha torpaq sahəsi üzərində müvafiq sənədləşmə işlərinin aparılması zamanı hər hansı nöqsanların mövcud olmadığından, hesab edir ki, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazında bildirdiyi dəlilləri məhkəmə yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2023cü il tarixli, 2-1(102)-420/2023 nömrəli qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya planölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur.

63. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir.

64. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir.

65. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir.”

50. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu şəkildə qiymət verərək, qanunvericiliyin normalarını, həmçinin yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

51. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia tələbi təmin edilsin. Qusar şəhəri, Qusar-Xudat şosse yolunun sağ tərəfində yerləşən torpaq sahəsinə dair **********77 reyestr nömrəsi ilə İddiaçı mülkiyyətinə verilmiş 0,27 ha torpaq sahəsinin X8 məxsus 1,68 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə ləğv edilməsi (düzəliş edilməsi) və həmin torpaq sahəsinə dair faktiki yerləşmə vəziyyətinə uyğun olaraq plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar