Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-879/2021 27.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “iddiaçının depozit hesabı üzrə əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətin (blokun) götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “iddiaçının depozit hesabı üzrə əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətin (blokun) götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 2 Saylı Ərazi vergilər baş idarəsi arasında elektron sənəd mübadiləsi haqqında xx xxxxxxx 2015-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehin məcburi icra edəcəyi öhdəliklər müəyyən olunmuşdur. Lakin aparılan uzunmüddətli vergi yoxlaması zamanı İddiaçı MMC-nin ƏDV depozit hesabı üzrə əməliyyatların aparılmasına qoyulmuş manelər yaradılmışdır, bu da MMC-nin normal fəaliyyətinə mane yaradır, partnyorlarla problemlərin yaranmasına gətirib çıxarır. Məlumat üçün bildirilir ki, cavabdeh 2 Saylı Ərazi vergilər baş idarəsi xx.xx.2019-cu il tarixli, YN **********185572 saylı qərarla İddiaçı (VÖEN **********) üzrə səyyar vergi yoxlamasını keçirilməsi başlanmışdır. xx.xx.2020-c il tarixli qərarla isə xx.xx.2020-ci il tarixədək müvəqqəti olaraq dayandırılmışdır. Hər hansı bir vergi borcu müəyyən olunmamış, vergi borcunun olması barədə qərar qəbul olunmamış, ona görə də hər hansı məhdudiyyətlərin qoyulması qanunsuz və əsassızdır. İddiaçı MMC tərəfindən bütün vergilər vergi məcəlləsinin tələblərinə əsasən vaxtlı vaxtında dövlət büdcəsinə ödənilmişdir. İddiaçı MMC-nin ƏDV depozit hesabı üzrə əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətin (blokun) ləğv edilməsi vəzifəsinin 2 saylı Ərazi vergilər Baş idarəsi in üzərinə qoyulması barədə qərar qəbul olunmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində səyyar vergi yoxlaması zamanı hər hansi vergi borcunun aşkar olunmadığını, buna görə də depozit hesabları üzərində əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətin qanunsuz və əsassız olduğunu bildirmişdir. Bununla əlaqədar olaraq bildirilir ki, ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları (bundan sonra - Qaydalar) ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyiçisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot hesabları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə Qaydalarla tənzimlənir. İstər Vergi Məcəlləsində, istərsə də Qaydalarda ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2001-ci il tarixli, 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında” Əsasnaməyə müvafiq olaraq Nazirlik Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Qeyd olunan Əsasnamədə ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər-hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır.Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclasında iştirak edən cavabdeh təşkilatı təmsil edən X6 eyniməzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarından və iddiaçının vəkilinin ifadələrindən müəyyən olunur ki, cavabdeh tərəfindən İddiaçı MMC-nin ƏDV sub-uçot hesabında əməliyyatların aparılmasına (ƏDV məbləğinin sərbəst hərəkətinə və digər şəxslərin sub-uçot hesablarına ƏDV məbləğinin köçürülməsinə) məhdudiyyətlər qoyulmuşdur. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir: Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.8-ci maddəsinə əsasən ƏDV ödəyiciləri, (…) tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron vergi hesab-fakturaları üzrə, (…) ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDVnin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 219 saylı qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron vergi hesabfakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi» Qaydalarının 1.2-ci bəndinə əsasən 1.2-ci bəndinə əsasən əlavə dəyər vergisinin depozit hesabı-ƏDVnin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır; ƏDV-nin depozit hesabı X1 (bundan sonra-DXA ) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir; ƏDV sub-uçot hesabı- ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə lə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Göründüyü kimi, vergi ödəyicisinin ƏDV üzrə iki hesabı-depozit və sub-uçot hesabı mövcüddür. ƏDV sub hesabına münasibətdə qeyd olunan Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuşdur ki, vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər bu Qaydaların 2.1-ci bəndində göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər; 4.2-ci bəndinə əsasən ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır: 1) dövlət büdcəsinə; 2) dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına; 3) ƏDV sub-uçot hesablarına; Qaydaların 4.3-cü bəndinə əsasən elektron vergi hesab-fakturasına əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2007-ci il tarixli 120 saylı qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları”na əsasən vergi orqanından alınmış istifadəçi kodu, parol və şifrə, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli, 27 saylı qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış “Köçürmə əməliyyatlarının aparılması” menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. Sadalanan normalardan göründüyü kimi, ƏDV üzrə vergi ödəyicisi elektron vergi hesabfakturası üzrə ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsini həyata keçirmək məqsədilə vergi orqanında yaradılmış elektron xidmətdən istifadə etməli və özünə məxsus ƏDV sub-uçot hesabı üzrə hərəkətin edilməsində yalnız özü səlahiyyətlidir. Bu halda, cavabdeh inzibati orqanın vergi ödəyicisinin ƏDV sub-uçot hesabına hər hansı bir qaydada məhdudiyyətin qoyulmasının hüquqi və ya texniki əsasları qanunvericlikdə təsbit olunmamışdır, çünki ƏDV-nin sub-uçot hesabı üzrə hər hansı bir əməliyyatların aparılması yalnız vergi ödəyicisinin hüququna aiddir və ona verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə o, həmin hesab üzrə proqram təminatı vasitəsilə əməliyyatlarını həyata keçirə bilər. ƏDV depoziti hesabı ilə bağlı zamana görə qüvvədə olmuş Vergi Məcəlləsinin 65.2.3-cü maddəsində müəyyən olunmuşdur ki, vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısının 7 və 7.3-cü bəndlərinə uyğun olaraq “Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin siyahısında göstərilmişdir. Həmin reqlamentin 3.3.2 bəndinə uyğun olaraq imtina üçün əsas olmadıqda elektron xidmət göstərilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli, **********004800 saylı qərarı ilə təsdiq edilmiş “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin 3.3.1-ci bəndinə əsasən elektron xidmətin göstərilməsindən aşağıdakı hallarda imtina edilir və sistem tərəfindən bu barədə istifadəçinin ekranına müvafiq mesajlar verilir: 1) Əlavə dəyər vergisi odəyicisi olmayan vergi ödəyiciləri; 2) İstifadəçi kodu, parol və ya şifrəsi səhv olarsa; 3) Dövlət büdcəsinə borcu olduğü halda digər subuçot hesaba ödəniş aparılmasından imtina edilir; 4) Vergi ödəyicisi gücləndirilmiş elektron imzaya malik olmadıqda. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli, **********004800 saylı qərarı ilə təsdiq edilmiş “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin 3.4.2-ci bəndinə əsasən idxala görə ƏDV köçürmə əməliyyatı ilə ƏDV sub-uçot hesabından idxala görə ƏDV köçürməsi ödənişi gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir. Bunun üçün əməliyyat növündən “İdxala görə ƏDV köçürməsi” bəndi qeyd edilir. Sonra alanın VÖEN-i siyahısından müvafiq Gömrük idarəsi seçilir, ödənişin məbləği və ödənişin təyinatı daxil edilir. Sonda gücləndirilmiş elektron imzadan istifadə etməklə "İmzala və Göndər" düyməsi basılır. Bu əməliyyatdan sonra daxil edilmiş məbləğ vergi ödəyicisinin subuçot hesabından təyin edilmiş Gömrük idarəsinə köçürülür. İşin materialları ilə müəyyən edilmişdir, İddiaçı MMC sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst və maneəsiz hərəkəti, habelə köçürülməsi vergi orqanları tərəfindən tam təmin edilməmişdir. “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə edilmiş əməliyyatların çıxarışlarından ƏDV köçürmə əməliyyatının uğurla icra edilə bilmədiyi və sistem tərəfindən monitorda reqlamentdə müəyyən edilməyən “Səhv!!! Zəhmət olmasa VÖEN-i düzgün göstərin” yazısı göstərildiyi müəyyən edilmişdir. Məhkəmədə işə baxılarkən məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi tərəfindən iddia etdiyi məhdudiyyət əyani olaraq göstərilmişdir. Nümayəndə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytında “iddiaçının şəxsi kabinetinə daxil olaraq “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidmətindən əyani istifadə zamanı “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin tələblərinə uyğun olaraq “idxala görə ƏDV köçürmə əməliyyatını” icra etmək üçün bütün zəruri düzgün hərəkətləri etməsinə baxmayaraq, ondan asılı olmayan səbəblərdən əməliyyatı uğurla icra edə bilməmişdir və sistem tərəfindən monitorda reqlamentdə müəyyən edilməyən “Səhv!!! Zəhmət olmasa VÖEN-i düzgün göstərin” yazısı göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli, **********004800 saylı qərarı ilə təsdiq edilmiş “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin 3.3.1-ci bəndinə əsasən elektron xidmətin göstərilməsindən imtina halları müəyyən edilmiş və bu zaman sistem tərəfindən istifadəçinin ekranına verilən mesajların qəti siyahısı müəyyən edilmişdir. Lakin, iddiaçının nümayəndəsi tərəfindən əməliyyatın nümayişi zamanı sistem tərəfindən kompüter ekranına verilən “Səhv!!! Məbləğin formatı düzgün deyil.” yazısı həmin imtina hallarının və kompüter ekranına verilən mesajların siyahısında göstərilməmişdir. Beləliklə, iddiaçı “idxala görə ƏDV köçürmə əməliyyatım” sistemdə mövcud olan məhdudiyyətlərə görə icra edə bilməmişdir. Bundan başqa, məhkəmədə işə baxılarkən, məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən də əməliyyatın icra edilməsi üçün bütün zəruri hərəkətlərin düzgün edildiyi təsdiq edilmiş, lakin onlar iddiaçının ƏDV sub-uçot hesabının işlək vəziyyətdə olmasını da nümayiş etdirə bilməmişlər. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” xx xxx 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Buna görə də ƏDV sub-uçot hesabı ilə bağlı olan proqram təminatının daima işlək vəziyyətdə olmasına məsuliyyəti Azərbaycan Respublikasının Vergilər Nazirliyi daşıyır. Buna baxmayaraq, cavabdeh tərəfindən proqram təminatının daima işlək vəziyyətdə saxlanılması, vergi ödəyicilərinin elektron xidmətlərdən maneəsiz və sərbəst istifadəsi təmin edilmədiyi üçün maraqlı şəxsin sub-uçot hesabında məhdudiyyət yaranmışdır. Bu məhdudiyyət onun normal fəaliyyət göstərməsinə, habelə üçüncü şəxslər qarşısında öhdəliklərinin yerinə yetirilməsinə maneəçilik törədir və gəlir əldə etməsinin qarşısını alır. Həmçinin, sub-uçot hesabında məhdudiyyət mövcud vəziyyətin dəyişməsinə səbəb olduğu üçün sonradan ərizəçinin hüquqlarının qorunması, yəni təmin və ya bərpa edilməsi mümkün olmayacaq yaxud xeyli dərəcədə çətinləşəcək. Beləliklə, qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdeh tərəfindən İddiaçı MMC-nin ƏDV depozit hesabı üzrə əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətlər aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasnın 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqları, gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübütlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 14.1 maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabında əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı MMC-nin ƏDV hesabında əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-879/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-879/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver