Məhkəmə qərarları › İş №2-1(118)-880/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-880/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-880/2020 30.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2-zadə oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nin Xaçmaz filialına qarşı kredit borcunun restrukturizasiya edilməsindən imtinasının qanunsuz hesab edilməsi və cavabdehin üzərinə kredit borcunun restrukturizasiya edilməsi öhdəliyinin qoyulması tələbinədair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nin Xaçmaz filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit borcunun restrukturizasiya edilməsindən imtinasının qanunsuz hesab edilməsi və cavabdehin üzərinə kredit borcunun restrukturizasiya edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Əvvəla, iş üzrə Cavabdeh ASC-nin Xaçmaz filialı inzibati orqan deyildir və tərəflər arasında yaranmış münasibətlər təbiətinə görə mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Mübahisənin xarakterindən göründüyü kimi iddiaçının tələbi mülki münasibətlərdən, daha dəqiq ifadə olunsa, kredit müqaviləsindən yaranmışdır və müvafiq mübahisə inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinə aid deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Lakin, hazırki iddia tələbi üzrə mübahisə inzibati deyil, mülki-hüquqi xarakterlidir. Bu səbəbdən də iddia tələbinə inzibati mübahisə kimi inzibati-iqtisadi məhkəməsində baxıla bilməz. Bununıla bağlı məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərindən yarandığından müvafiq iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-nin Xaçmaz filialına qarşı kredit borcunun restrukturizasiya edilməsindən imtinasının qanunsuz hesab edilməsi və cavabdehin üzərinə kredit borcunun restrukturizasiya edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası mümkün sayılmamalı və iddiaçıya müvafiq iddia ilə cavabdeh ASC-nin yerləşdiyi yer üzrə ümumi məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3. 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-nin Xaçmaz filialına qarşı kredit borcunun restrukturizasiya edilməsindən imtinasının qanunsuz hesab edilməsi və cavabdehin üzərinə kredit borcunun restrukturizasiya edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar