Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-8806/2025 13.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Şamaxı rayonu Nağaraxana bələdiyyəsinə qarşı “pay torpaq sahəsinin ayrılması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının aparatının 1 avqust 2025-ci il tarixli, 5- 75-6/2-M-79-038/2025 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Şamaxı rayonu ərazisində aqrar islahatı 2006-cı ildə başa çatmış və rayon aqrar islahat komissiyası ləğv olunmuşdur. Hazırda torpaq sahələri dövlət, bələdiyyə və xüsusi mülkiyyət predmetidir. Buna görə də torpaq payı almaq hüququna malik olmuş və hansısa səbəbdən bu hüququndan istifadə etməmiş şəxslərə torpaq payının verilməsi mümkün deyildir.
2. Şamaxı rayonu Nağaraxana bələdiyyəsinin 4 sentyabr 2025-ci il tarixli, 27 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, islahat zamanı ailəsinə pay torpaqlarının verilməməsini və bələdiyyənin ehtiyat fondundan və yaxud örüş torpaqlarından pay torpağının verilməsinin təmin edilməsinə dair müraciətinə cavab olaraq bildirilmişdir ki, Şamaxı rayonu, Qızmeydan kəndində vətəndaşlara pay torpaqlarının verilməsi Aqrar İslahat Komissiyası tərəfindən həyata keçirilmişdir. Qeyd edilir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.3-cü maddəsində əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Bu qanuna əsasən ərizənin icrası mümkün deyildir.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
3. Şamaxı rayonu Nağaraxana bələdiyyəsinin 3 fevral 2026-cı il tarixli, 20 nömrəli məktubundan görünür ki, İddiaçı məxsus Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən reyestr nömrəsi **********79-10301, qeydiyyat nömrəsi ********** olan, 15 may 2024-cü il tarixli çıxarışına əsasən, mülkiyyətində olan 43,3 kv.m fərdi yaşayış evi və 0,31 ha həyətyanı sahəsi 12 sentyabr 2022-ci il tarixdə BAMS proqramında yerli vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, pensiyaçı olduğuna görə əmlak vergisindən azad edilmiş, lakin həyətyanı sahəsinə görə olan vergini ödəməmişdir. Vergi borcunun ödənilməsinə görə vətəndaşa tədiyyə bildirişi göndərilmişdir. İddiaçı Şamaxı rayon Nağaraxana bələdiyyəsinə ünvanladığı ərizəsində, ona və övladlarına əvəzsiz olaraq, bələdiyyənin Qızmeydan kəndində yerləşən ehtiyat fondundan kənd təsərrüfatı təyinatli pay torpaqlarının verilməsini istəmişdir. Bələdiyyə mülkiyyətindən torpaq sahəsinin ayrılması “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.3-cü maddəsində əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatlı torpaqları yalnız məqsədli təyinatı üzrə, qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Buna görə də, ərizənin icrası mümkün olmamışdır. Həmçinin, qeyd edilmişdir ki, həmin vaxt qeydiyyatda olan vətəndaşların siyahıya alınması ilə, vətəndaşlara pay torpaqlarının verilməsi Dövlət İslahat Komissiyası tərəfindən həyata keçirilmişdir. İslahat keçirilən zaman vətəndaşların həqiqətən orada qeydiyyatda olmaları, əgər qeydiyyatda olublarsa, islahat siyahısına salınmamaları barədə aidiyyəti məsələlər, Dövlət İslahat Komissiyası və yerli icra nümayəndəliyinin səlahiyyətində olan məsələlər olmuşdur. Buna görə də, vətəndaşa məxsus kənd təsərrüfatı təyinatlı pay torpağının olub-olmaması və yaxud verilməməsi barədə, bələdiyyədə heç bir məlumat aşkar edilməmişdir.
MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:
İddia ərizəsinin dəlilləri
4. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Şamaxı rayonu Nağaraxana bələdiyyəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya dörd nəfər oğlu ilə birgə cəmi beş nəfər üçün Şamaxı rayon Nağaraxana bələdiyyəsinin fonduna daxil olan Qızmeydan kəndi ərazisindən qanunamüvafiq qaydada və ölçüdə pay torpaqlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
6. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
7. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
8. Etiraz daxil olunmamışdır.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “...42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
12. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
13. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
14. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
15. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.
16. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
17. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
18. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
19. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
20. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
22. Belə ki, iddia ərizəsinin məzmunundan, həmçinin tərəfin verdiyi izahatından müəyyən edilir ki, iddiaçının hazırkı iddia tələbi vaxtilə Aqrar İslahat Komissiyası tərəfindən vətəndaşlara pay torpaq sahələri ayrılan zaman iddiaçının ailə üzvləri nəzərə alınmadığından, həmin torpaq sahəsinin hazırkı vaxtda cavabdeh orqan tərəfindən ayrılmasından ibarətdir.
23. İlk öncə qeyd edilməlidir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.
24. Həmin qanunun 6.1-ci maddəsinə əsasən, Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.
25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
26. İPM-in 74-cü maddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
27. Belə ki, qanunvericiliyə əsasən, diskresion səlahiyyət qanunla müxtəlif cür nəzərdə tutula bilər. Qanun müəyyən hərəkəti etməyi inzibati orqan üçün vəzifə kimi müəyyən edə, lakin hərəkətin formaları arasında seçim qoya bilər. Həmçinin, qanun inzibati orqan üçün müəyyən hüquqi nəticəni əldə etməyi vəzifə kimi müəyyənləşdirə və bu nəticənin əldə edilməsi üçün istifadə edilən vasitələr arasında seçim etməyi nəzərdə tuta bilər. Hər bir şəxsin inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqan diskresion səlahiyyətdən qanunla müəyyən olunmuş qaydada istifadə etməlidir. İnzibati orqanın diskresion səlahiyyətləri həyata keçirməsi zamanı iki cür qüsurun ola bilməsi ehtimalını göstərir; inzibati orqanın diskresion səlahiyyətlərin həddini aşması və inzibati orqanın diskresion səlahiyyətdən onun qanunla müəyyən olunmuş məqsədinə uyğun istifadə etməməsi.
28. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə müəyyən edir ki, torpaq sahəsinin alqı-satqısının həyata keçirilməsi üçün hərracın və ya müsabiqənin elan edilməsi inzibati orqanın diskresion səlahiyyətlərinə aid edilmişdir.
29. Qeyd edilməlidir ki, qanunverici bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirməyi bələdiyyələrin müstəsna hüququ kimi müəyyən etsə də, bu hüququn həyata keçirilməsinin konkret mexanizmlərini müəyyən etmişdir. Qanunvericilikdən göründüyü kimi bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
30. Hazırkı iş üzrə iddiaçı tərəf Aqrar İslahat Komissiyası tərəfindən ona pay torpaq sahəsinin verilmədiyini bildirsə də, aqrar islahatının 2006-cı ildə başa çatdığı, rayon aqrar islahat komissiyasının ləğv olunduğu, torpaq payı almaq hüququna malik olmuş və hansısa səbəbdən bu hüququndan istifadə etməmiş şəxslərə torpaq payının hal-hazırda ayrılması mümkün olmadığı, ümumiyyətlə bu qaydada torpaq sahəsinin ayrılması səlahiyyəti cavabdeh orqana məxsus olmaması müəyyən edilir.
31. Bundan əlavə, cavabdeh orqanın təqdim etdiyi məlumata əsasən iddiaçı tərəfin iddia etdiyi bələdiyyənin ehtiyat fondundan və yaxud örüş torpaqlarından pay torpaqların qanunvericiliyə əsasən mülkiyyətə verilməsi nəzərdə tutulmamış, yalnız icarəyə verilməsi mümkündür.
32. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının hazırkı iddia tələbinin təmin edilməsi cavabdeh orqanın səlahiyyətlərinə aid olmadığından, ümumiyyətlə torpaq sahəsinin iddia etdiyi qaydada ayrılması hazırkı vaxtda qanunvericiliklə nəzərdə tutulmadığından iddia tələbi mümkün hesab edilə bilməz.
33. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
34. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova