Məhkəmə qərarları › İş №2-1(118)-881/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-881/2020

25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-881/2020 25.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 17-ci mikr-n, ev 51 mənzil 39-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı X2, X6, X4, X5 və X1 Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51 saylı evdə yerləşən 39 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıtİnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X2, X6, X4, X5 və X1 Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51 saylı evdə yerləşən 39 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddianı müdafiə etdi və izah etdi ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51 saylı evdə yerləşən 39 saylı mənzil Sumqayıt çəhər İcra Hakimiyyəti tərəfindən ona ayrılmış və elə həmin ildə də onun tərəfindən özəlləşdirilmişdir. 1998-ci ildən onun xüsusi mülkiyyətindədir.Üçüncü şəxs qismində cəlb edilmiş X3 onun qardaşı, digər üçüncü şəxslər isə sonuncunun ailə üzvləridir. 2003-cü ildə qardaşı Ədalət yaranmış müəyyən problemlərlə əlaqədar iddiaçının mənzilinə qeydiyyata düşmüşdür. Onların qeydiyyatı tamamilə formal xarakter daşıyır.Belə ki, onlar faktiki olaraq başqa ünvanda yaşayırlar. Üçüncü şəxslər onun mınzilindən qeydiyyatdan çıxmaqdam imtina etmirlər, lakin başqa yerə qeydiyyata düşə bilmədikləri üçün hazırda qeydiyyatdan çıxa bilmirlər. Bununla bağlı iddiaçı onların qeydiyyatdan çıxarılması öhdəliynin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdeh və üçüncü şəxslər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51 saylı evdə yerləşən 39 saylı mənzil 1997-ci ildən iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər X2, X6, X4, X5 və X3 həmin mənzildə pasport qeydiyyatındadırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin ona xx.xx.2010-cu il tarixli məktubla bildirilmişdir ki, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud olmadığından onun qeydiyyatdan çıxarılması mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, cavabdeh Sumqayıt şəhər Polis İdarəsi tərəfindən İddiaçı tələbinin təmin olunmasından imtina edilməsi qanunauyğun olmuş və iddiaçının hər hansı hüquqlarının pozulması təsdiqini tapmamışdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxsyaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında və qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə qeyd edir ki, mənzildən istifadə hüququnun itirilməsi və ya xitam verilməsinə dair iddialar mülki hüquq münasibətlərindən yarandığından inzibati məhkəmə icraatı qaydasında baxılan iddialara aid deyildir. Hazırda iddiaçı üçüncü şəxslərin onun mülkiyyətçisi olduğu mənzildən qeydiyyatdan çıxarılmasını tələb etsə də, bunun üçün əsas ola biləcək yuxarıda sadalanan hallardan heç biri mövcud deyildir. Belə ki, həmin şəxslərin mənzildən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmə qətnaməsinin olmaması müəyyən edilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia ilə ümumi məhkəməyə müraciət etməli, daha sonra inzibati orqan – Sumqayıt şəhər Polis İdarəsi həmin şəxsləri qeydiyyatdan çıxarmaqdan imtina etdiyi təqdirdə onun hərəkətləri ilə bağlı inzibati məhkəməyə müraciət etməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları və cavabdehin hərəkətinin qanunsuzluğunu əsaslandıra bilməmişdir. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar