Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-881/2024 05.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 59 yaş 7 aydan, yəni hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən qüvvədə olan qanunvericiliyə uyğun əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuş, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək Bakı 2 nömrəli Tibb Məktəbində tam əyani formada/ təhsil almış, xx.xx.1999-cu ildən xx.xx.2011-ci ilədək Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin SPİD laboratoriyasında feldşer-laborant peşəsində işləmiş və xx.xx.2011-ci ildən hal-hazıradək Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayıt regional laboratoriyasında feldşer-laborant peşəsində işləyir. İddiaçının xx.xx.2022-ci ilədək ümumi stajı 25 il, güzəştli stajı 23 il 01 ay 24 gün təşkil edir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdehdən xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Hesab edir ki, imtina qanunsuzdur və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir.Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 ii sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.Bildirilir ki, Mərkəzi Filialın xx.xx.2022 tarixli **********7 nömrəli məktubunda iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən onun ümumi iş stajınm 25 ildən az (22 il 1 ay 1 gün (xx.xx.1999-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər və 2006- 2022ci illər üzrə cəmi 15 il 10 ay)) təşkil etdiyi qeyd olunmuşdur. Bundan başqa həmin məktubda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi də qeyd olunmuşdur. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 34560,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23290,23 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 3-17-1/2-H-129390/2023 nömrəli xx.xx.2023-cü il tarixli imtina məktubu, etiraz ərizəsi, Əmək kitabçasının təsdiqlənmiş surəti, DT-İ seriyalı, 763571 nömrəli diplomun diplomun təsdiqlənmiş surəti, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 08-167 nömrəli, xx.xx.2023-cü il tarixli arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ güzəştli şərtlərlə əmək pensiyası yaşının tamam olması və müvafiq iş stajının tamam vaxtından yaranmış olur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xidmət göstərdiyi ərazinin sakinidir və güzəştli şərtlərlə əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət dəfələrlə etmiş və onun sonuncu müraciətinə cavabdehin 3-17-1/2-H-129390/2023 nömrəli xx.xx.2023-cü il tarixli imtina cavabını almışdır. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.1956-cı ildə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1ci maddəsinin “V” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyan dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 1044 saylı, 04 avqust 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 109-cu bəndinə təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək Bakı 2 nömrəli Tibb Məktəbində əyani təhsil aldığına görə iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahına uyğun olaraq ümumilikdə 10 ildən çox güzəştli iş stajına malikdir (Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 08-167 nömrəli, xx.xx.2023-cü il tarixli arayış). Eyni zamanda onun əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi müddət 25 ildən çoxdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 530 nömrəli, 13 may 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya münasibətdə 26 noyabr 2022-ci il tarixində tələb olunan ən azı 10 il güzəştli staj tamamlanmışdır. Belə olan halda qanunvericilik normasının təhlilindən göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində hər hansı bir maneə mövcüd deyildir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır.Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Cavabdeh təşkilatın mövqeyi ondan ibarətdir ki, iddiaçıya tələb edilən 25 illik ümumi staj mövcud deyil. Hərçənd ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2022-ci ilə qədər iddiaçının ümumi stajı 25 ildən yuxarıdır. Lakin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixli redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən ümumi staja zərurət yoxdur. Qeyd olunanları məhkəmə aşağıdakı kimi əsaslandırır: Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixli redaksiyasına qədər əvvəlki redaksiyada deyilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan maddənin xx.xx.2022-ci ilə qədər olan redaksiyasına əsasən şəxsin xüsusi şərtlərlə əmək pensiyasının əldə edilməsi üçün 4 (dörd) mühüm şərtə zərurət var idi: Birinci şərt Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xüsusi sahələrdə şəxsin işləməsi, ikinci şərt kişilər üçün 60 yaş, qadınlar üçün 55 yaş, üçüncü şərt kişilər üçün 25 il sığorta stajı və həmin müddətin azı 12 il 6 ayını, qadınlar üçün isə 20 il ümumi staj və həmin müddətin azı 10 ilini adı siyahıda göstərilən işlərdə işləməsi, dördüncü şərt isə tələb edilən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının mövcud olmasından ibarət olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixli redaksiyasına əsasən xüsusi şərtlərlə əmək pensiyasının əmələ gəlməsi üçün tələblər köhnə redaksiyada göstərilən tələblərə münasibətdə yüngülləşdirilərək tələb edilən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı Qanunun 9.1-ci maddəsindən çıxarılmışdır. Belə ki, Qanunun 9.1-ci maddəsinə verilən yeni redaksiyaya əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanlardan məlum olur ki, xx.xx.2022-ci ildən sonra xüsusi şərtlərlə əmək pensiyasının əldə edilməsi üçün 3 (üç) mühüm şərtə riayət olunması tələb olunur: Birinci şərt Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xüsusi sahələrdə şəxsin işləməsi, ikinci şərt kişilər üçün azı 12 il 6 ay, qadınlar üçün isə azı 10 il adı siyahıda göstərilən işlərdə işləməsi, üçüncü şərt isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddinin 5 il azaldılmasından ibarətdir. Qeyd olunan Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Yəni şəxsin ümumi əsaslarla əmək pensiyasının əldə edilməsi üçün 2 (iki) mühüm şərtə 63 yaş kişilər, 60 yaş qadınlar üçün olan yaş həddi (6 ay artırılmaq şərti ilə) və azı 25 il sığorta stajı (sığorta stajı olmadıqda pensiya kapitalı) zərurət var. Zənnimcə xx.xx.2022-ci ildən sonra xüsusi şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün 25 il ümumi stajının olub-olmamasından asılı olmayaraq xüsusi sahələrdə işləmiş kişilər üçün azı 12 il 6 ay, qadınlar üçün isə azı 10 il sığorta satajının olması kifayətdir. Qanunun 9.1-ci maddəsində qeyd olunan şərtlər daxilində ifadəsi isə yalnız yaş həddi ilə bağlı (7-ci maddənin qeyd hissəsində göstərilmiş 6 ay yaş həddinin artırılması ilə əlaqədar) olan hala aiddir. Belə ki, Qanunun 9.1-ci maddəsində qeyd olunan şərtlər daxilində ifadəsi 7-ci maddənin bütün bəndlərinə şamil edilməsi xüsusi şərtlər daxilində pensiyanın təyin edilməsi zamanı qadınlar üçün pensiyanın təyin edilməsi şərtlərini ağırlaşdırılır. Nəzərə alınmalıdır ki, xx.xx.2022-ci ilə qədər olan redaksiyaya qədər qadınlar üçün tələb edilən ümumi staj 20 il, həmin müddətin 10 ili xüsusi işlərə aid idisə, yeni redaksiyaya əsasən şərtlər daxilində ifadəsi 7-ci maddənin bütün bəndlərinə şamil edilməsi qadınlara tələb edilən ümumi staj 25 il təşkil etməli olmasına anlamına gəlir. Qanunun 9.1-ci bəndində şərtlər daxilində ifadəsinə misal olaraq həmin maddənin 2-ci və 3-cü hissələrində Hipovizqanizm xəstəliyinə tutulan şəxslərə və Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanlara əmək pensiyasının təyin edilməsi üçün Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddinin 20 və 15 il azaldılması bəndini gətirmək olar. Göründüyü kimi Qanunun 9.1-ci bəndində yaş həddi şərtlər daxilində və 9.2-ci, 9.3-cü bəndlərində isə yalnız yaş həddinin azaldılması qeyd olunmuşdur. Qanunun 7-ci maddəsindən də bəlli olur ki, yaş həddinin şərtləri maddənin özündə deyil maddəyə verilmiş qeyddə öz əksini tapıb. Yəni Qanunun 7-ci maddəsi yaşa görə əmək pensiyasının təyin edilməsinin şərtlərini, həmin maddənin qeyd hissəsi isə maddənin özündə göstərilən 60 və 63 yaşın şərtləri müəyyən edir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu 35.1-ci maddəsinə əsasən normativ hüquqi aktların (onların struktur elementlərinin) ayrıca struktur elementləri kimi onlara dair sətiraltı qeydlər ola bilər. Sətiraltı qeydlərdən, izahlardan və ya ixtisar edilmiş adlardan onlar normativ hüquqi aktın (onun struktur elementlərinin) mətninə yerləşdirilə bilmədikdə istifadə edilir. Maddənin tələblərindən bəlli olur ki, sətiraltı qeydlərin istifadəsi o halda baş tuta bilər ki, həmin şərtin maddənin mətninə yerləşdirilməsi mümkün olmasın. Lakin, Qanunun 7-ci maddəsinə nəzər saldıqda məlum olur ki, qeyd hissəsində göstərilən şərtin maddənin özündə yerləşdirilməsi mümkündür.(Məsələn maddənin bu qaydada qeyd olunması yolveriləndir: Kişilər üçün ümumi yaş həddi 63, qadınlar üçün 60 yaş nəzərdə tutulur. Kişilər üçün nəzərdə tutulmuş 63 yaş 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027ci il iyulun 1-dək hər il 6 ay artırmaqla, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.) Göründüyü kimi yaş həddinin şərtlərinin Qanunun 7-ci maddəsinin qeyd hissəsində əks olunması həmin qeydə göstərilən şərtlərin bütün hallarda şamil olunmaması anlamına gəlir. Ona görə də məhkəmə hesab edir ki, Qanunun 9.2 və 9.3-cü bəndlərində göstərilmiş Hipovizqanizm xəstəliyinə tutulan şəxslərə və Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanlara yaşa görə əmək pensiyası təyin edilərkən yaş həddi 20 və 15 il Qanunun 7-ci maddəsində qeyd olunmuş 63 və 60 yaşdan azaldılır, Qanunun 9.1-ci maddəsində qeyd olunmuş şəxslərə isə yaş həddi Qanunun 7-ci hissəsinin qeyd hissəsində göstərilmiş şərtlərə uyğun hesablanmış yaş həddindən azaldılır. Yuxarıda qeyd olunanlar yaş həddinin şərtlər daxilində azaldılması ilə yaş həddinin azaldılması fərqinin nədən ibarət olması ilə bağlı verilib. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının bərabərlik prinsipinə əsasən qadın və kişilərin hüquq və azadlıqlarının eyni dərəcədə olmasının qeyd edilməsinə baxmayaraq Qanunların bəzi maddələrində qadınların kişilərə münasibədə xüsusi güzəştlərə malik olması müəyyən olunur. Buna misal olaraq Əmək Məcəlləsində qadınlar üçün nəzərdə tutulmuş iş rejimini və “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsində əks olunmuş yaş həddini qeyd eləmək olar. Ona görə də məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində edilmiş dəyişikliyin bir hissəsinin (pensiya kapitalının götürülməsi) pensiyaya çıxmaq şərtlərinin yüngülləşdirməsinə, digər hissəsinin (qadınlar üçün ümumi sığorta stajının 20 ildən 25 ilə qaldırıması) ağırlaşmasına yönəldilməsi konstitusion prinsiplərə ziddir. Çünki xüsusi şərtlərlə pensiyanın təyin edilməsində əsas məqsəd şəxsin zərərli sahədə işləməsi ilə bağlıdır. Başqa sözlə desək zərərli sahədə səhhətinə mənfi təsir göstərmiş şəxsin əlavə olaraq ümumi sığorta stajına zərurət yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Qanuna edilmiş yeni dəyişikliyə əsasən xüsusi şərtlərlə əmək pensiyasının təyinatı zamanı ümumi staja zərurət yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 59 yaş 7 aydan, yəni hüququnun yarandığı 26 noyabr 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən qüvvədə olan qanunvericiliyə uyğun əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-881/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-881/2024
05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver