Məhkəmə qərarları › İş №2-1(118)-8818/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-8818/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-8818/2025 26.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Quba Regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı iş üzrə (Açar sözlər: akt qeydinə düzəlişin edilməsi) GİRİŞ HİSSƏ X1-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Məhərrəmova Türkan Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Quba Regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 fevral 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu Tüləkəran İnzibati Ərazi Dairəsi tərəfindən tərtib edilmiş 18 may 1960-cı il tarixli 62 saylı doğum haqqında akt qeydində dəyişiklik edərək doğum tarixinin xx.xx.1960-cı il tarixi kimi dəyişiklik edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 18 avqust 1960-cı il tarixində Quba rayonu, Gültəpə (hal-hazırda Tepey-şıxı) kəndində anadan olmuş, lakin doğum aktı qeydində mexaniki səhv olaraq doğum tarixi xx.xx.1959-cu il kimi qeyd edilmişdir. İddiaçı bir müddət Rusiya Federasiyasında yaşayıb, Rusiya vətəndaşlığını qəbul etmiş və Rusiya Federasiyasında verilmiş şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.1960-cı il kimi qeyd edilmişdir. İddiaçı hal-hazırda pensiya məsələsini həll etmək istəyirəm, bunun üçün Azərbaycan vətəndaşı olmağım barədə şəxsiyyət vəsiqəsi almaq istəyir, bununla əlaqədar doğum aktı qeydində doğum tarixinin xx.xx.1959-cu ildən xx.xx.1960-cı ilə dəyişiklik etməyi cavabdeh təşkilatdan xahiş etmişdir. Cavabdeh təşkilat xx.xx.2025-ci il tarixli məktubu ilə doğum aktı qeydində düzəliş edilməsi üçün müvafiq əsaslar olmadığını bildirərək iddiaçının doğum qeydimdə düzəliş etməkdən imtina etmiş və bununla bağlı məhkəməyə müraciət etməyi məsləhət görüblər. Ona görə də, iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur.

3. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-178/25 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Sizin doğum haqqında akt qeydində doğum tarixinizin “xx.xx.1959-cu il”dən xx.xx.1960-cı il”ə dəyişiklik olunması ilə bağlı müraciətinizə baxılmışdır. Sənədlərə baxış keçirilərkən barənizdə Quba rayon Tüləkəran İƏD tərəfindən tərtib edilmiş xx.xx.1960-cı il tarixli, 62 saylı doğum haqqında akt qeydində doğum tarixiniz “xx.xx.1959-cu il”, lakin Rusiya Federasiyası tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 51 № ******* seriya nömrəli pasportda isə “xx.xx.1960-cı il” yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təstiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 1-ci bəndinə əsasən, Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin müddəların 2-ci bəndinə əsasən, aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Akt qeydinə dəyişiklik olunması üçün əsas olacaq sənədlərdə kifayət qədər ziddiyyətlər olduğundan doğum tarixinizə dəyişiklik olunması tərəfimizdən mümkün olmamışdır. Bununla bağlı məhkəməyə müraciət edə bilərsiniz.”.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh məkməyə məktub ilə müraciət edərək, məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

6. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

7. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə Nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

11. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

12. AZ-T № 147821 saylı təkrar doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Quba rayonunun Təkiyşixi kəndində anadan olmuşdur.

13. 16.05.2006-cı il tarixli, 302-010 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Quba rayonunun Təkiyşixi kəndində anadan olmuşdur.

14. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Xaçmaz Regional Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45-ci maddəsində göstərilən hallardan hər hansı biri olduğu təqdirdə həmin Məcəllənin 46-cı maddəsində göstərilən sənədlərlə Dövlət Miqrasiya Xidmətinə müraciət etməyi tövsiyə olunur.

15. Quba Rayon İcra Hakimiyyəti Başçsının Tüləkəran inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 229 nömrəli arayışdan görünür ki, ərazi dairəsinin Gültəpə kənd sakini İddiaçı təvəllüdü doğum şəhadətnaməsində xx.xx.1959-cu il, şəxsiyyəti təsdiq edən sənəddə isə xx.xx.1960-cı il tarixi ilə qeydə alınmışdır. Qeyd olunan hər iki doğum tarixi ilə sənədlərdə adı gedən şəxs - İddiaçıdır.

16. Quba Rayon İcra Hakimiyyəti Başçsının Tüləkəran inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, həqiqətən İddiaçı xx.xx.1960-cı il tarixdə ərazi dairəsinin Gültəpə (Təkiyşixi) kəndində anadan olmuşdur və şəkil onun özünə məxsusdur.

17. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 18/2- 5342/2026 nömrəli məktubdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə sənədləşdirilməsi barədə məlumat aşkar edilməmişdir.

18. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Quba Regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 3-16-5/8-13-168/2026 nömrəli məktubdan görünür ki, 18 sentyabr 1959-cu il təvəllüdlü İddiaçı barədə Quba rayon Tüləkəran icra nümayəndliyi tərəfindən tərtib edilmiş 18 may 1960-cı il tarixli, 0062 saylı doğum haqqında akt qeydinin təstiq olunmuş surəti göndərilmişdir.

IV. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən, qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

21. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”:1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.

IV. Məhkəmənin mövqeyi

23. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

24. İş materiallarında olan sənədlərə əsasən, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ona məxsus xx.xx.1960-cı il tarixində Quba rayonu Tüləkəran İnzibati Ərazi Dairəsi tərəfindən tərtib edilmiş 62 saylı doğum haqqında akt qeydində doğum tarixidinin “xx.xx.1959-cu il”dən “xx.xx.1960-cı il” kimi düzəliş edilməsini xahiş edir.

25. 16.05.2006-cı il tarixli, 302-010 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Quba rayonunun Təkiyşixi kəndində anadan olmuşdur.

26. Quba Rayon İcra Hakimiyyəti Başçsının Tüləkəran inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 229 nömrəli arayışdan görünür ki, ərazi dairəsinin Gültəpə kənd sakini İddiaçı təvəllüdü doğum şəhadətnaməsində xx.xx.1959-cu il, şəxsiyyəti təsdiq edən sənəddə isə xx.xx.1960-cı il tarixi ilə qeydə alınmışdır. Qeyd olunan hər iki doğum tarixi ilə sənədlərdə adı gedən şəxs - İddiaçıdır.

27. Quba Rayon İcra Hakimiyyəti Başçsının Tüləkəran inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, həqiqətən İddiaçı xx.xx.1960-cı il tarixdə ərazi dairəsinin Gültəpə (Təkiyşixi) kəndində anadan olmuşdur və şəkil onun özünə məxsusdur.

28. Məhkəmə hesab edir ki, doğum akt qeydində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına, o cümlədən həmin hüquqların həyata keçirməsinə mane olmamalıdır. İddiaçının doğum akt qeydində düzəliş edilməsindən cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur və onun hüquqlarının pozulması ilə nəticələnmişdir.

29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1960cı il tarixində Quba rayonu Tüləkəran İnzibati Ərazi Dairəsi tərəfindən tərtib edilmiş 62 nömrəli doğum haqqında akt qeydində doğum tarixinin “xx.xx.1959-cu il”dən “xx.xx.1960cı il”ə dəyişdirilməsi öhdəliyi cavabdeh Quba Regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

31. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1960-cı il tarixində Quba rayonu Tüləkəran İnzibati Ərazi Dairəsi tərəfindən tərtib edilmiş 62 nömrəli doğum haqqında akt qeydində doğum tarixinin “xx.xx.1959-cu il”dən “xx.xx.1960-cı il”ə dəyişdirilməsi öhdəliyi cavabdeh Quba Regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X1-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar