Məhkəmə qərarları › İş №2-1(118)-882/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-882/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-882/2023 16.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Sumqayıt bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən, sahəsi 400 kvadrat metr olan torpaq sahəsinə dair Sumqayıt bələdiyyəsinin adına memarlıq-planlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən, sahəsi 400 kvadrat metr olan torpaq sahəsinə dair Sumqayıt bələdiyyəsinin adına memarlıq-planlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X1 10-cu mikrorayon ərazisində, Babək küçəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün 400 kv.m torpaq sahəsinin adına rəsmiləşdirilməsi barədə ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət etmiş, onun müraciətinə bələdiyyədə baxılmış, torpaq sahəsinə baxış keçirilmiş, yerində ilkin ölçmə işləri aparılmış və sənədlər hazırlanaraq müvafiq rəyin alınması üçün Memarlıq və Şəhərsalma idarəsinə göndərilmişdir. Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 24 avqust 2015-ci il tarixdə 191 saylı rəy verilərək qeyd olunan torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Həmin torpaq sahəsinin icarəyə verilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə Sumqayıt Bələdiyyəsinin iclası 12 yanvar 2018-ci il tarixdə qərar qəbul etmiş və Əmlak Məsələləri Dövlət Komitəsinin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC Bakı Layihə-Tədqiqat İdarəsindən 1:500 miqyasında torpaq sahəsinin plan və coğrafi kordinatları, sonra isə həmin təşkilatdan torpaq sahəsinin yerquruluşu planı Sumqayıt Bələdiyyəsinə daxil olmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətindən müvafiq rəyin alınması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də rəy tələb edildiyi səbəbindən 400 kvadrat metr torpaq sahəsinin memarlıq-planlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin alınması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubla müraciət olunmuş, lakin cavabdeh təşkilat tərəfindən rəyin verilməsindən imtina edilmişdir. İmtina məktubunda bildirilmişdir ki, 400 kvadrat metr torpaq sahəsi çoxmərtəbəli və çoxmənzillı yaşayış binaları sakinlərinin ümumi istifadəsində olan ərazidə yerləşdiyindən həmin sahədə həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi mümkün deyildir. Halbu ki, cavabdeh təşkilat qeyd olunan torpaq sahəsinin çoxmərtəbəli binanın arxa tərəfində və binadan 20 metr aralıda yerləşməsinə, ümumiyyətlə həmin torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olmadığına əhəmiyyət verməmişdir. Bundan əlavə onu da qeyd etmək istəyirlər ki, qeyd olunan torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi olsa belə yenə də cavabdeh təşkilatın rəy verilməsindən imtina etməsi əsassızdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən ticarət, ictimai-iaşə, məişət və digər obyektlər istisna olunmaqla, başqa məqsədlər daşıyan obyektlərin tikintisinə yol verilmir. Qeyd olunan qanunun normasından da göründüyü kimi ümumi istifadədə olan torpaq sahələrində vətəndaşların ictimai tələbatlarının ödənilməsi məqsədi ilə və bu kimi məqsədlərə xidmət edən obyektlərin tikintisinə icazə verilir.Bu səbəbdən hesab edirik ki,cavabdehin mübahisələndirilən torpaq sahəsinə dair müvafiq hüquqmüəyyənedici sənədləri verməkdən imtinası üçün göstərdiyi dəlillərin hüquqi əsası mövcud deyildir.Sözügedən torpaq sahəsi "Torpaq islahatı haqqında' Azərbaycan Respublikası Qanununun müddəalarına görə Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş,müvafiq qaydada xəritələşdirilmiş və hal-hazırda da bələdiyyə mülkiyyətindədir.Bu səbəbdən cavabdehin Sumqayıt Bələdiyyəsinin tələb etdiyi sənədləri verməkdən imtina etməsini əsassız sayırlar. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə əsasən bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı lazımı şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, habelə onlardan istifadə və onlara dair sərəncam verilməsi sahəsində idarəetmə mülki və torpaq qanunvericiliyinin .habelə "Şəhərsalmanın əsasları haqqında" və "Memarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərinə və bələdiyyənin nizamnaməsinə uyğun həyata keçirilir. “Dövlət torpaq kadastrı,torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı- torpaq istifadəçiliyinin dövlət qeydiyyatı,torpaqların kəmiyyət və keyfiyyətcə uçotu bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar daxildir.Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında.zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmlərin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi,bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunvericliklə müəyyən edilmiş qaydada mülkiyyətə,istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Həmin Məcəllənin 47-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti "Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümldən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ,o cümlədən mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. insan hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Sporring və Lonnort İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almışdır.Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1-ci Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Beləliklə, qeyd olunanlardan görünür ki,cavabdehin hərəkətləri qanunazidd və əsassızdır.Yuxarıda göstərilmiş maddi hüquq normalarından aydın olur ki,torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Bələdiyyənin müraciəti əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatının yaşayış məntəqəsinin baş planına,ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğunluğunu, həmçinin bələdiyyə mülkiyyətində olduğunu təsdiq etmişdir. Bu halın özü bir daha mübahisəli torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi olduğunu sübuta yetirir və cavabdeh təşkilatın qeyd olunan torpaq sahəsinin vətəndaşların ümumi istifadəsində olan sahədə yerləşməsinin əsassız olduğunu özündə əks etdirir. Buna baxmayaraq cavabdeh bələdiyyə mülkiyyətində olduğu torpaq sahəsinə dair müvafiq hüquqmüəyyənedici sənədi verməkdən imtina etməklə həm qanunvericilik normalarının pozuntusuna.həm də torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin yuxarıda göstərilən mülkiyyət hüququnun pozulmasına yol vermişdir.Bu səbəbdən hesab edirik ki,cavabdehin torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnu təsdiq edən sənədlərini verməkdən imtina etməsi qanunsuz və hüquqazidd hesab edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquqi sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirirmə haqqında iddia), inzibatı məhkəmə icraatı qaydasında baxılır. İddiaçı Sumqayıt şəhəri Sumqayıt bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanladığı Sumqayıt şəhəri. 10-cu mikrorayon ərazisində yerləşən, sahəsi 400 kvadrat metr olan torpaq sahəsinə dair Sumqayıt bələdiyyəsinin adına memarlıq-planlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsinə dair məktubu Komitə tərəfindən araşdırılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında’’ Azərbaycan Respublikasının Qanununun 13.4-cü maddəsinə (yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən ticarət, ictimai-iaşə, məişət və digər obyektlər istisna olmaqla, başqa məqsədlər daşıyan obyektlərin tikintisinə yol verilmir) istinad edərək 400 kvadrat metr torpaq sahəsində ticarət obyektinin tikintisini əsaslandırması aşağıdakı hallara görə əsassızdır: Komitənin xx.xx.2019-cu il tarixli məktubunda 400 kvadrat metr torpaq sahəsinin çoxmərtəbəli və çoxmənzilli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan ərazidə yerləşdiyindən tikinti niyyətinin ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsini məqsədəuyğun hesab etməmişdir. Halbuki Qanunun 13.4-cü maddəsində isə qeyd edilir ki. yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən ticarət obyekti tikilə bilər. Yəni Komitə çoxmərtəbəli və çoxmənzilli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində ticarət obyektinin tikintisini məqsədəuyğun hesab etmir. Bunlar isə bir-birindən fərqli anlayışlardır. Belə ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində yaşayış məntəqəsi dedikdə - əhalinin yığcam məskunlaşdığı və yaşayış yeri üzrə qeydiyyatda olduğu (bundan sonra - daimi yaşadığı), onların həyat fəaliyyətinin təmin edilməsi üçün zəruri olan yaşayış və digər bina və qurğulara, xüsusi ada və qanunvericiliklə müəyyən olunmuş ərazi hüduduna malik olan Azərbaycan Respublikası ərazisinin hissəsi (şəhər, qəsəbə, kənd) başa düşülür. Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarına meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri aiddir. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Hesab edirik ki, İddiaçı tərəfindən qanunun bu maddəsinin tələbi pozulmuşdur. Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən ümumi istifadədə olan bələdiyyə mülkiyyətindəki torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Torpaq Məcəlləsinin 47-ci maddəsindən də bir daha aydın olur ki, çoxmərtəbəli və çoxmənzilli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan torpaq, ümumi istifadədə olan bələdiyyə mülkiyyətindəki yaşayış məntəqələrinin torpaqlarına aid deyildir. Torpaq Məcəlləsinin 20-ci maddəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Torpaq Məcəlləsinin 86-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Yəni müvafiq bələdiyyələr torpaqların alqı-satqısını şəhərsalma sənədləri əsasında planlaşdırmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən, sahəsi 400 kvadrat metr olan torpaq sahəsinə dair Sumqayıt bələdiyyəsinin adına memarlıqplanlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsini istəyir. İlkin olaraq məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə əsasən İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na uyğun olaraq, Sumqayıt bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi inzibati orqan kimi müəyyən olunurlar. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddiası onun inzibati fəaliyyəti ilə əlqədardır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisə inzibati orqanlar arasında olduğundan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmasını istisna edir. Bundan əlavə iddiaçı torpaq sahəsinə dair Sumqayıt bələdiyyəsinin adına memarlıq-planlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsini istəyir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə görə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Eyni zamanda müvafiq rəy inzibati akt kimidə qəbul edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz və iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, digər hüquq müdafiə vasitələrindən istifadə etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar