Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-883/2022 03.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən 14 manat ödəmə mənbəyinə vergi, 5 manat faiz borcu, 390 manat sosial sığorta, 94 manat penya, 4 manat işsizlikdən sığorta borclarının silinməsi” tələbinə dair inzibati işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70), açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən 14 manat ödəmə mənbəyinə vergi, 5 manat faiz borcu, 390 manat sosial sığorta, 94 manat penya, 4 manat işsizlikdən sığorta borclarının silinməsi”ni məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 19.06.2015-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi uçota alınmışdır. Həmin vaxtdan sahibkar kimi bütün rüsumları, o cümlədən, məcburi dövlət sosial sığorta haqlarını vaxtı vaxtında ödəmişdir. 20.10.2015-ci il tarixdə fəaliyyətini dayandırmış və həmin tarixə heç bir vergi, sosial sığorta və digər borcları olmamışdır. Sonradan şəxsi hesab vərəqəsini əldə etdikdən sonra onun 14 manat ödəmə mənbəyinə vergi, 5 manat faiz borcu, 390 manat sosial sığorta, 94 manat penya, 4 manat işsizlikdən sığorta borcu hesablanmışdır. Cavabdeh tərəfindən bu borcun haradan hesablanması və nəyə əsasən hesablanması məlum deyildir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı (VÖEN: **********) 2018-ci il 1-ci rüb sadələşdirilmiş vergi bəyannamə hesablanmışdır. Vergi ödəyicisi tərəfindən 2018-ci ilin 1-ci rübü ərzində muzdlu işlə əlaqədar ödədiyi xərclərin məbləğinin 486.00 manat, sosial sığorta haqqı üzrə xərclərin məbləğinin 109.35 manat cəmi xərclərin 595.35 manat məbləğində müəyyən edilməsinə baxmayaraq təqdim edilmiş bəyannaməyə əsasən vergi tutulan dövriyyənin (0.00 manat) çəkilən xərclər arasında 595.35 manat uyğunsuzluq yaranmışdır. Qeyd olunan kənarlaşmaya əsasən 23.81 manat sadələşdirilmiş vergi hesablanmışdır. Vergi ödəyicisinə yaranmış kənarlaşma ilə əlaqədar 17.04.2018-ci il tarixli **********109100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün tərəfimizdən kameral vergi yoxlaması aparılaraq 2018-ci ilin 1-ci rübü üzrə sadələşdirilmiş vergi hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" 15.05.2018-ci il tarixli **********195800 nömrəli Qərarı göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 06.07.2018-ci il tarixində izahat və təsdiqedici sənədlər təqdim edilmədən vergi məbləğini azaldaraq dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmişdir. Kameral vergi yoxlaması zamanı hesablanmış vergi məbləği bərpa olunmuşdur və vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" 25.07.2018-ci il tarixli **********551500 nömrəli Qərarı göndərilmişdir. Vergi ödəyicisinin şəxsi-hesab vərəqəsində məcburi dövlət sosial sığorta haqqı üzrə borc məbləği kameral vergi yoxlaması ilə deyil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş 01.10.2018-ci il tarixə saldo məlumatları əsasında keçmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Qeyd olunanlara əsasən nümayəndə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X1 9-cu bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olmuşdur ki, həmin növ iddiaların xüsusi mümkünlük şərti iddiaçının eyni əsasla cavabdeh orqana müraciət etməsi və sonuncunun bununla bağlı imtinasının mövcud olmasıdır. Hazırkı halda iddiaçı xüsusi mümkünlük şərtinə riayət etməməklə cavabdeh orqana müraciət etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-883/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-883/2022
03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver