Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-883/2023 28.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən sahəsi 300 kvadrat metr olan torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsinin adına memarlıq-planlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Sumqayıt Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən sahəsi 300 kvadrat metr olan torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsinin adına memarlıq-planlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş X2 10-cu mikrorayon ərazisində, Babək küçəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün 300 kv.m torpaq sahəsinin adına rəsmiləşdirilməsi barədə ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət etmiş, onun müraciətinə bələdiyyədə baxılmış, torpaq sahəsinə baxış keçirilmiş, yerində ilkin ölçmə işləri aparılmış və sənədlər hazırlanaraq müvafiq rəyin alınması üçün Memarlıq və Şəhərsalma idarəsinə göndərilmişdir. Memarlıq və Şəhərsalma idarəsi tərəfindən 24 avqust 2015-ci il tarixdə 192 saylı rəy verilərək qeyd olunan torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Həmin torpaq sahəsinin icarəyə verilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə Sumqayıt Bələdiyyəsinin iclası 12 yanvar 2018-ci il tarixdə qərar qəbul etmiş və Əmlak Məsələləri Dövlət Komitəsinin "xxxx" MMC Bakı Layihə-Tədqiqat İdarəsindən 1:1000 miqyasında torpaq sahəsinin plan və coğrafi kordinatları, sonra isə həmin təşkilatdan torpaq sahəsinin yerquruluşu planı Sumqayıt Bələdiyyəsinə daxil olmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətindən müvafiq rəyin alınması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də rəy tələb edildiyi səbəbindən 300 kvadrat metr torpaq sahəsinin memarlıq-planlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin alınması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubla müraciət olunmuş, lakin cavabdeh təşkilat tərəfindən rəyin verilməsindən imtina edilmişdir. İmtina məktubunda bildirilmişdir ki, 300 kvadrat metr torpaq sahəsi çoxmərtəbəli və çoxmənzilli yaşayış binaları sakinlərinin ümumi istifadəsində olan ərazidə yerləşdiyindən həmin sahədə həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi mümkün deyildir.Halbuki, cavabdeh təşkilat qeyd olunan torpaq sahəsinin çoxmərtəbəli binanın arxa tərəfində və binadan 20 metr aralıda yerləşməsinə, ümumiyyətlə həmin torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olmadığına əhəmiyyət verməmişdir. Bundan əlavə qeyd olunan torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi olsa belə yenə də cavabdeh təşkilatın rəy verilməsindən imtina etməsi əsassızdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən ticarət, ictimai-iaşə, məişət və digər obyektlər istisna olunmaqla, başqa məqsədlər daşıyan obyektlərin tikintisinə yol verilmir.Qeyd olunan qanunun normasından da göründüyü kimi ümumi istifadədə olan torpaq sahələrində vətəndaşların ictimai tələbatlarının ödənilməsi məqsədi ilə və bu kimi məqsədlərə xidmət edən obyektlərin tikintisinə icazə verilir.Bu səbəbdən hesab edilir ki, cavabdehin mübahisələndirilən torpaq sahəsinə dair müvafiq hüquqmüəyyənedici sənədləri verməkdən imtinası üçün göstərdiyi dəlillərin hüquqi əsası mövcud deyildir. Sözügedən torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş, müvafiq qaydada xəritələşdirilmiş və hal-hazırda da bələdiyyə mülkiyyətindədir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, məhkəmə araşdırılması zamanı iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərə və şifahi izahatına əsasən müəyyən edilmişdir ki, 300 m2 torpaq sahəsində tikili mövcuddur və həmin ayrılmış torpaq sahəsində obyektin tikintisinə icazə verilməsi barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 31 yanvar 2006-cı il tarixli 37 nömrəli Sərəncamı vardır. Ayrılmış və tikili mövcud olan torpaq sahəsinin tikinti məqsədləri üçün ayrılması ilə bağlı bələdiyyə tərəfindən prosedurlara başlanılması və həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin verilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etməsi absurd və qanunvericiliyin tələblərinin pozulması deməkdir. Belə ki, qanunvericilikdə tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin verilməsi prosedurları müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli 274 nömrəli Fərmanına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy verdikdə həmin rəy qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğun olmalıdır. Cavabdeh 300 m2 torpaq sahəsinin çoxmərtəbəli və çoxmənzilli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan ərazidə yerləşdiyindən tikinti niyyətinin ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsini məqsədəuyğun hesab etməmişdir. Halbuki Qanunun 13.4-cü maddəsində isə qeyd edilir ki, yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən ticarət obyekti tikilə bilər. Yəni cavabdeh yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında yox, çoxmərtəbəli və çoxmənzilli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində ticarət obyektinin tikintisini məqsədəuyğun hesab etmir. Bunlar isə bir-birindən fərqli anlayışlardır. Belə ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində yaşayış məntəqəsi dedikdə - əhalinin yığcam məskunlaşdığı və yaşayış yeri üzrə qeydiyyatda olduğu (bundan sonra - daimi yaşadığı), onların həyat fəaliyyətinin təmin edilməsi üçün zəruri olan yaşayış və digər bina və qurğulara, xüsusi ada və qanunvericiliklə müəyyən olunmuş ərazi hüduduna malik olan Azərbaycan Respublikası ərazisinin hissəsi (şəhər, qəsəbə, kənd) başa düşülür. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Hesab edilir ki, torpaq ayrılması prosedurlarına başlamaqla iddiaçı tərəfindən qanunun bu maddəsinin tələbi pozulmuşdur. Belə ki, Sumqayıt şəhərinin təsdiq edilmiş baş planına əsasən həmin torpaq sahəsi çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının məhəllə ərazilərinə aiddir və həmin ərazi yaşayış məntəqəsinin ümumi istifadədə olan torpaq sahəsi kimi yox, çoxmərtəbəli və çoxmənzilli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsi kimi təsdiq edilmişdir. Az DTN 2.6-1 Dövlət Şəhərsalma Norma və Qaydalarının 4.6-cı bəndinə əsasən yaşayış tikililəri layihələndirilərkən, bir qayda olaraq, məskunlaşma ərazisinin struktur təşkilinin iki səviyyəsi: mikrorayon (məhəllə) və yaşayış rayonu əsas götürülür. Mikrorayon (məhəllə) məskunlaşma sahəsi, bir qayda olaraq, 10 - 30 ha olan, magistral küçə və yollarla tərkib hissələrə bölünməyən, daxilində xidmət radiusu 500m-dən çox olmayan gündəlik istifadə olunan müəssisə və təşkilatların yerləşdiyi (xidmət radiusu bu normaların 5-ci cədvəli ilə müəyyənləşdirilən ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrindən başqa), sərhədləri magistral və yaşayış küçələrindən, keçidlərdən və piyada yollarından, təbii hüdudlardan ibarət olan yaşayış zonasının struktur elementidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli Qərarına əsasən məhəllələrin sərhədləri qırmızı xətlə tənzimlənir. Şəhərsalma və tikinti Məcəlləsinin 3-cü maddəsinə əsasən qırmızı xətlər şəhərsalma sənədləri ilə müəyyənləşdirilmiş və mikrorayonların, məhəllələrin, habelə digər planlaşdırma strukturlarının ərazilərini küçə və meydanlardan ayıran sərhədlərdir. Yəni qanunvericiliyin mahiyyətindən tam aydın olur ki, məhəllə əraziləri layihələndirilərkən müəyyən edilmiş məqsədlər üçün istifadə olunmalıdır. Qeyd olunanalara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi 300 m2 torpaq sahəsində tikili mövcuddur və həmin ayrılmış torpaq sahəsində obyektin tikintisinə icazə verilməsi barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 31 yanvar 2006-cı il tarixli 37 nömrəli Sərəncamı da vardır. İddiaçı ayrılmış və tikili mövcud olan torpaq sahəsinin tikinti məqsədləri üçün ayrılması ilə bağlı bələdiyyə tərəfindən prosedurlara başlanılması və həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin verilməsini cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanuni olmuşdur. Belə ki, qanunvericilikdə tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin verilməsi prosedurları müəyyən olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli 274 nömrəli Fərmanına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy verdikdə həmin rəy qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğun olmalıdır. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən sahəsi 300 kvadrat metr olan torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsinin adına memarlıq-planlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-883/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-883/2023
28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver