Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-884/2022 11.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 16b, 48 saylı mənzilin babası mərhum X3 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 16b, 48 saylı mənzilin babası mərhum X3 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 07.10.2021-ci il tarixli, **********33 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmamış, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. O, 2003-cü ildə həmin evdə anadan olmuşdur. X1 17 oktyabr 1979-cu il tarixdə Kirov Rayon İcraiyyə Komityəsinin qərarı ilə Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 163, blok 16 B, mənzil 48 verilmişdir. Ev verilərkən babasının ailə üzvləri aşağıdakılar olmuşdur.
1. X13,
2. X14
3. X14
4. X18
5. X5
6. X10
7. X11
8. X19
9. X21 Babasına mənzilin verilməsinə dair 18386 nömrəli order də verilmişdir. Həmin şəxslərin adları orderdə qeyd edilmişdir. X2 22 may 2021-ci il tarixdə rəhmətə getmişdir. O rəhmətə gedənə qədər iddiaçı, atası Səid, anası Rəna, bacısı Səidə ilə birlikdə yaşamışdır. X2 30 dekabr 2017-ci il tarixdə Bakı şəhərinin 16 saylı notariat kontorunda bütün əmlakını iddiaçıya vəsiyyət etməsi barədə vəsaiyyətnamə vermişdir. O, rəhmətə getdikdən 20-25 gün sonra iddiaçı rəsmi qaydada Abşeron rayonu, 2 saylı Notariat ofisinə vərəsəlik işinin açılması barədə müraciət etmiş, Notariat ofisində vərəsəlik işi açılmışdır. Göründüyü kimi babasının ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnu bütün sənədlər tam təsdiq edir. İddiaçı hesab edir ki, inzibati orqanın imtinası əsassız olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyetsri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:
1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;
2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;
3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;
4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;
5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;
6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilərkən Qanunun 15-ci maddəsinə formal olaraq istinad edilmiş, həmin maddədə göstərilən əsaslardan hansına əsasən imtina edildiyi göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazisinə aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, mənzilə qeydiyyatda olan bibiləri razılıq ərizəsinin verilməsi üçün notariusa gəlməmişdir. O, hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır, qeydiyyatda olan digər şəxslər həmin mənzildə yaşamırlar. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 16b ünvanında yerləşən 48 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 21 sentyabr 2021-ci il tarixli, ********** daxilolma nömrəli müraciəti olmuşdur. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 16b ünvanında yerləşən 48 saylı mənzildə qeydiyyatda olan şəxslərin notarial qaydada təsdiq olunmuş razılıq ərizələrinin müraciətə əlavə olunmadığı müəyyən edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş sənədlərdə X3 ad və ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Mülki Məcəllənin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddənin 3-cü bəndinə uyğun olaraq daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, mənzil üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmadan vəsiyyətnamə əsasında vərəsələrdən birinin adına verilməsi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eləcə də, Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 16b, 48 saylı mənzilin babası mərhum X3 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədinin verilməsini istəyir. Cavabdeh inzibati orqan isə mənzilə qeydiyyatda olan şəxslərin notarial qaydada təsdiq olunmuş razılıq ərizələrinin müraciətə əlavə olunmaması, müraciət üzrə əlavə edilmiş sənədlərdə X3 ad və ata adına münasibətdə uyğunsuzluq olması səbəbilə iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna əsasən: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Qanunvericiliyin tələbindən göründüyü kimi mənzillərin (evlər) özəlləşdirilməsi üçün müvafiq razılıq ərizələri tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Kirov Rayon İcraiyyə Komityəsinin 17 oktyabr 1979-cu il tarixdə qərarı ilə Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 163, blok 16 B, mənzil 48 X3 və ailə üzvlərinin istifadəsinə verilmişdir. Ev verilərkən X3 ailə üzvləri aşağıdakılar olmuşdur. X13, X14, X14, X18, X5, X10, X11, X19, X21 (Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 15 aprel 2016-cı il tarixli, 1193 saylı arxiv çıxarışı) Həmçinin 183086 nömrəli orderdə də həmin şəxslərin adları qeyd edilmişdir. Abşeron rayon İcra Hakimiyyətinin 14 iyul 2021-ci il tarixli, 620 saylı forma 2 arayışından görünür ki, “Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 16b, 48 saylı mənzilə daimi qeydiyyatda olan şəxslər: X22, X12, İddiaçı, X20, X6, X16, X7, X17, X8r. İddiaçı məhkəmə iclasında bildirmişdir ki bibiləri razılıq ərizəsinin verilməsi üçün notariusa gəlməmişdir. O, hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır. Məhkəmə hesab edir ki, bu halda inzibati orqanın imtinası əsaslı olmuşdur. Bu halda mənzilə hüququ olan şəxslər arasında münasibətlər və mənzil üzərində hüquqlar mülki məhkəmə icraatı qaydasında müəyyən oluna bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlər cavabdeh inzibati orqanın imtinasının əsassız olduğunu göstərir. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə etməsi istina edilmir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev