Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-884/2024 09.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin 3-17-1/3-3-7796/2023 №-li, xx.xx.2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, iddiaçıdan ümumilikdə 30324.58 manat artıq ödənilmiş pensiyanın tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin borc məbləğinin silinməsi, eləcə də iddiaçıdan həmin borc üzrə tutulmuş məbləğlərin ona geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 55 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dəyişdirilərək 57 yaşdan təyin edilməsi barədə qəbul edilmiş qərarın ləğv edilməsi, iddiaçıdan ümumilikdə 30324.58 manat artıq ödənilmiş pensiyanın tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin borc məbləğinin silinməsi, eləcə də iddiaçıdan həmin borc üzrə tutulmuş məbləğlərin ona geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması”na diar qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək “cavabdehin 3-17-1/3-3-7796/2023 №-li, xx.xx.2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, iddiaçıdan ümumilikdə 30324.58 manat artıq ödənilmiş pensiyanın tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin borc məbləğinin silinməsi, eləcə də iddiaçıdan həmin borc üzrə tutulmuş məbləğlərin ona geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra iddiaçı) xx.xx.1954-cü ildə doğulmuşdur. İddiaçı xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilə qədər orta ixtisas təhsili almış, xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilə qədər Bakı Metropoliten İdarəsində elektrik maşinistinin köməkçisi vəzifəsində işləmişdir. May 1974-cü ildən İyun 1976-cı ilə qədər hərbi xidmətdə olmuşdur. xx.xx.1976-cı ildən xx.xx.2020-ci ilə qədər "xxxx" QSC də maşinist vəzifəsində işləmişdir. İddiaçının xx.xx.1997-ci ilə qədər 25 ildən çox ümumi, 12 il 6 aydan çox isə zərərli iş stajı mövcud olmuşdur. İddiaçıya 55 yaşının tamam olduğu tarixdən yəni xx.xx.2009-cu il tarixdən DMF orqanı tərəfindən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edimişdir. Daha sonra cavabdeh inzibati orqan tərəfindən aparılmış araşdıma zamanı iddiaçıya 55 yaşdan deyil, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmalı olduğu müəyyən edilmişdir. Bu əsasdan cavabdeh inzibati orqan iddiaçıya 55 yaşdan təyin edilmiş əmək pensiyasını dayandırmış və onun təyinat tarixini 57 yaşa dəyişdirməklə pensiya ödənişini həyata keçirməyə başlamışdır. Bundan başqa cavabdeh orqan hesab etmişdir ki, iddiaçıya düzgün təyin olunmayan pensiya nəticəsində ümumilikdə 30 324.58 manat artıq pensiya məbləği hesablanmışdır. Həmin artıq ödənilmiş məbləğ hal-hazırda iddiaçının əmək pensiyasında hissə-hissə hər ay 131.74 manat olmaqla tutulmaqdadır. Hesab edirik ki, cavabdeh orqanın iddiaçının pensiya təyin olunma yaşının 55-dən 57-ə və eləcə də pensiyanın hesablanması qaydasını dəyişdirməkdə ifadə olunan hərəkətləri əsassız və qanunsuzdur. Belə ki, ilk növbədə cavabdeh orqan iddiaçıya məxsus pensiya işində hər hansı bir nöqsana yol verildiyini iddia edirsə bu zaman “İnzibati icraat haqqında” AR Qanununun müvafiq maddələrinə uyğun olaraq inzibati icraatın başlanması barədə qərar qəbul etməli maraqlı şəxs kimi iddiaçını həmin icraata cəlb etməli və iddiaçıdan müvafiq izahatın alınmasını təşkil etməli və yekunda inzibati icraaatın sonlandırılması ilə əlaqədar inzibati akt formasında qərar qəbul etməli idi. Həmçinin qəbul edilmiş qərar barəsində iddiaçı məlumatlandırılmalı idi. Lakin bütün sadaladığımız bu prosedur qaydaların heç birinə cavabdeh orqan tərəfindən riayət edilməmişdir. “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8, “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “B” bəndinə əsasən hər bir şəxs xx.xx.1997ci ilə qədər 25 il ümumi 12 il 6 ay zərərli iş stajını topladıqda onun 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ mövcuddur. Bu zaman vətəndaşın 55 yaşının hansı tarixdən tamam olmasının bir önəmi yoxdur. Qeyd edilən qanunun məzmununa əsasən əsas iki vacib şərt mövcud olmalıdır. 1. Ümumi iş stajı, 2. Zərərli iş stajı. Hər iki şərtə hazırkı mübahisə üzrə əməl edilmişdir. Bu mövqe ilə bağlı mövcud məhkəmə praktikasında minlərlə məhkəmə aktları mövcuddur. Cavabdeh orqan isə heç bir hüquqi əsasa söykənməyən yeni inzibati praktika yaratmağa cəhd edir. Bu hal isə iddiaçının qanunla qorunan hüquq və maraqlarının əhəmiyyətli şəkildə pozulmasına gətirb çıxarır. Eyni zamanda iddiaçının pensiyasından artıq ödənilmiş məbləğlərin tutulması da qanunsuzdur. Belə ki, qeyd olunan Qanunun 39.1-ci maddəsində artıq ödənilmiş məbləğin tutulmasının iki variantı qeyd edilmişdir. 1 pensiyaçının razılığı, 2 məhkəmə qərarı. Göründüyü kimi hazırkı mübahisə üzrə hər iki hal mövcud deyildir. Bu əsasdan cavabdehin hərəkətləri qanunsuz olmuşdur. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “b” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qəran ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 55 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 57 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-cİ il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını toplamamış, dəyişiklikdən sonra kişilər 57 yaş həddinə çatmadıqda onlara həmin yaşdan güzəştlə şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (57 yaş) uyğun təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi apanlmaqla) əsasən hesablanılmasına başlanılıb. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. "Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyası Mərkəzi Filial tərəfindən aşağıdakı qaydada hesablanıb. Belə ki, pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 34 il 2 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək onun İş stajına uyğun olaraq, "Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 40,15 manat (34,01 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-cİ il tarixinə indeksləşdirilib 65,76 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı İşlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9695,52 manat sığorta kapitalına uyğun 67,33 (9695,52:144) manat və 75 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2011-ci İl tarixinə 218,08 (65,76+67,33+85,00) manat (indeksləşdirilərək və sonrakı yenidən hesablamalar nəzərə alınmaqla xx.xx.2023-cü İl tarixinədək 1317, 49 manat) məbləğində əmək pensiyası müəyyən edilib. "Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 30324,58 manat artıq pul vəsaiti ödənilib Həmin artıq ödənilmiş 30324,58 manat pul vəsaitinin 264,28 manat hissəsi cari ilin aprel və may aylarında tutularaq büdcəyə bərpa edilmiş, qalan 30060,30 manat hissəsinin isə cari aydan etibarən hissə-hissə hər ay (131,74 manat) əmək pensiyasından tutulur. İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və İcraat aparmağa, icraat çərçivəsində İnzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Belə ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq" kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada -“qanunsuzluğu bilməmə" və “dürüst davranma" formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma" isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-cİ maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini İcra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda İsə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmçinin şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan suiistifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, birinci instansiya məhkəməsi hazırkı iş üzrə “etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına İstinad edərkən həm də qeyd edilənləri nəzərə almamışdır. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilib-ödənilmədiyini yoxlasınlar. Başqa sözlə qanunsuz əlverişli İnzibati akt “İnzibati icraat haqqında" Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşıdırılmaqla qərar qəbul edilməlidir.Bu nöqteyi-nəzərdən yanaşdıqda görürük ki, 67.5-cİ maddədə etimad hüququna istinad edilə bilməyən hallan müəyyən edən şərtlər də nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarlar qəbul edərkən həmin istisna hallan da hər bir halda nəzərə almalıdırlar. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməli idi. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə etmiş iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilmir. İddianın mahiyyəti ilə bağlı isə, məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki iddia əsaslıdır. İddiaçı cavabdehin 3-17-1/3-3-7796/2023 №-li, xx.xx.2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, iddiaçıdan ümumilikdə 30324.58 manat artıq ödənilmiş pensiyanın tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin borc məbləğinin silinməsi, eləcə də iddiaçıdan həmin borc üzrə tutulmuş məbləğlərin ona geri qaytarılmasını istəyir. Cavabdeh isə qeyd edir ki, araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. İddiaçıya 30324,58 manat artıq pul vəsaiti ödənilmiş, həmin artıq ödənilmiş 30324,58 manat pul vəsaitinin 264,28 manat hissəsi cari ilin aprel və may aylarında tutularaq büdcəyə bərpa edilmiş, qalan 30060,30 manat hissəsinin isə cari aydan etibarən hissə-hissə hər ay (131,74 manat) əmək pensiyasından tutulur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. “İnzibati icraat haqqında” Qanuna əsasən: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Lakin cavabdeh tərəfindən pensiyaçının razılığı və məhkəmə qərarı olmadan aparılmış inzibati icraat “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur. Qanunun 67-ci maddəsinə əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu halda məhkəmə hesab edir ki, 3-17-1/3-3-7796/2023 №-li, xx.xx.2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qanunsuz və əlverişsiz inzibati akt olmaqla ləğv edilməlidir. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunvericiliyin tələbindən görünür ki, artıq ödənilmiş pensiya məbləğinin qaytarılması üçün pensiyaçının razılığı olmalıdır, əks halda məhkəmə qaydasında tutulur. Lakin iddiaçı tərəfindən belə bir razılığın verilməsinə dair sübut müəyyən olunmur. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın əsaslı olduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/3-3- 7796/2023 №-li, xx.xx.2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ləğv edilməli, iddiaçıdan ümumilikdə 30324.58 manat artıq ödənilmiş pensiyanın tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin borc məbləğinin silinməsi, eləcə də iddiaçıdan həmin borc üzrə tutulmuş məbləğlərin ona geri qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3- 17-1/3-3-7796/2023 №-li, xx.xx.2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ləğv edilsin, iddiaçıdan ümumilikdə 30324.58 manat artıq ödənilmiş pensiyanın tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin borc məbləğinin silinməsi, eləcə də iddiaçıdan həmin borc üzrə tutulmuş məbləğlərin ona geri qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-884/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-884/2024
09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver