Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-885/2025 12.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: qeyri-döyüş şəraitində həlak olan hərbi qulluqçuya “Şəhid” statusunun verilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “N mart 2014-cü il tarixdə həlak olmuş oğlu X6 Şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 12 fevral 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan iddiaçı tərəfindən, həmçinin məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
1. 22 aprel 2014-cü il tarixli, AZ-İ seriyalı, 677303 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, şəhadətnamədə X4 ölüm səbəbi “kəskin qan itirmə - ürəyin deşilməsi odlu silahla”; ölüm tarixi - N mart 2014-cü il; yer - Qazax rayonunun İİ Şıxlı kəndi qeyd edilmişdir.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş ******* saylı “Ölüm haqqında tibbi şəhadətnamə”nin surətindən görünür ki, ölümün baş vermə yeri “hərbi hissədə” qeyd edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli, 1-1(102)- 133/2015 saylı qərarının surətindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı nümayəndəsi Salehova Könül Dəmirçi qızının kassasiya şikayəti qismən (şikayətə ikinci əlavədə cəzanın mübahisələndirilməsi hissəsində) təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 23 fevral 2015-ci il tarixli X11 barəsində olan qərarı həmin hissədə (cəza hissəsində) ləğv edilmiş, cinayət işi yeni apellyasiya baxışına təyin olunmuşdur.
4. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 26 fevral 2016-cı il tarixli, 1- 1(104)-34/2016 saylı qərarından görünür ki, zərərçəkmişin hüquqi varisi İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Hərbi Məhkəməsinin 3 oktyabr 2014-cü il tarixli hökmü məhkum V.Bağırova təyin edilmiş cəza hissəsində dəyişdirilməsi, X13 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 125-ci maddəsi və 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 29, 178.2.2, 29,178.2.3-cü maddələri ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 331.3-cü maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 341.2.3-cü maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilməsi, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən bu qərarla təyin edilmiş həmin cəzalar və hökmlə CM-in 331.2-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 200 manat cərimə cəzası cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla X13 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 200 manat cərimə cəzasının təyin edilməsi, CM-in 71.5-ci maddəsinə əsasən Gəncə Hərbi Məhkəməsinin 21 avqust 2013-cü il hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilərək CM-nin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı qərarla təyin edilmiş cəzaya qismən birləşdirilməklə V.Q.Вağırovun üzərində qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 200 (iki yüz) manat cərimə cəzasının saxlanılması, CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi qərara alınmışdır.
5. Gəncə Hərbi Məhkəməsinin 3 oktyabr 2014-cü il tarixli, 1(095)-266/2014 nömrəli hökmündən görünür ki, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 29, 178.2.2, 29, 178.2.3, 331.2, 331.3 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 125-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 29, 178.2.2, 29, 178.2.3-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 331.2-ci maddəsi ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat miqdarında cərimə cəzasına, CM-in 331.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 341.2.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə X15 qəti olaraq 5 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 200 (iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən V.Bağırova təyin olunmuş cəzalar müstəqil icra olunması, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinin tələbinə əsasən Gəncə Hərbi Məhkəməsinin 21 avqust 2013-cü il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsi, həmin Məcəlləsinin 67-ci maddəsinə əsasən Gəncə Hərbi Məhkəməsinin 21 avqust 2013-cü il tarixli hökmü ilə ona təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzasına qismən birləşdirilməklə, hökmlərin məcmusu üzrə X15 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
6. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin 24 yanvar 2024-cü il tarixli məktubunun məzmunundan görünür ki, mərhumun ölümünə səbəb olan şəraitin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın (bundan sonra - “Qaydalar”) müddəalarında nəzərdə tutulmadığından, ona Xidmətin Xaçmaz rayon şöbəsi tərəfindən “Şəhid” statusunun verilməsi mümkün olmamışdır.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
7. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə N mart 2014-cü il tarixdə həlak olmuş oğlu X6 Şəhid statusunun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X9 döyüş növbəsində olarkən həlak olması, onun ölümünə səbəb olmuş halları nəzərə alınmaqla ona şəhid statusu verilməlidir. Belə ki, oğlu 19 iyun 1995-ci il təvəllüdlü X9 5 iyun 2013-cü il tarixdə S və UXÇDX-nin Xaçmaz rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və hərbi xidmətini MN-nin N saylı hərbi hissəsində keçirmişdir. N mart 2014-cü il tarixdə oğlu X9 döyüş növbəsində olarkən avtomat silahından açılmış atəş nəticəsində həlak olmuşdur. Hadisə ilə bağlı araşdırma aparmış hərbi prokurorluğu belə nəticəyə gəlmişdir ki, N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi qulluqçusu, manqa komandiri X12 amansız rəftarı, ləyaqətinin mütəmadi olaraq alçaldılması və hədə-qorxu gəlməsi nəticəsində oğlu X9 N mart 2014-cü il tarixdə döyüş növbəsində olarkən, xidməti AK-74 markalı avtomat silahından atəş açaraq özünü öldürmüşdür. Qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təsdiq olunur ki, həqiqi hərbi xidmət qulluqçusu olmuş X9 manqa komandiri X15 tərəfindən mütəmadi olaraq amansız rəftara, təhqirlərə və hədə-qorxuya məruz qaldığı üçün N mart 2014-cü il tarixdə döyüş növbəsində olarkən xidməti silah olan AK-74 markalı avtomatdan atəş açaraq özünü öldürmüşdür. X2 dəfni zamanı hərbi hissəsinin 10-15 nəfərə yaxın hərbi qulluqçusu dəfn mərasimində iştirak etmiş, oğlunun cəsədi dövlət bayrağı ilə örtülmüş və dəfn vaxtı avtomat silahlarından atəş açılmışdır. Yəni oğlunun dəfn mərasimi şəhid dəfni kimi həyata keçirilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızıdr. Oğlu SHXÇDX Xaçmaz rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xidmət ediyi MN-in N saylı hərbi hissədə döyüş növbəsində xidmət edərkən həlak olmuşdur. Qanuni qüvvəsini almış məhkmə hökmü ilə təsdiq olunur ki, manqa komandiri tərəfindən o, amansız rəftara, mütəmadi olaraq təhqirlərə və hədə-qorxuya məruz qaldığı üçün döyüş növbəsində olduğu zaman xidməti silahdan atəş açaraq özünü öldürmüşdür. Yəni oğlu hərbi xidmətdən yayınmaq və s. səbəblərdən deyil, mütəmadi olaraq manqa komandiri tərəfindən döyülməsinə, şəxsiyyətinin alçaldılmasına və hədə-qorxulara dözə bilməyib özünü öldürmüşdür.
9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı yarımbəndinə, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2, 33.1-ci maddələrinə istinad olunmuşdur.
10. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
11. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iş üzrə etirazı
12. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdeh qismində göstərilməsi hissəsini qəbul etmir. İddia ərizəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə münasibətdə mümkün hesab edilməməlidir. X7 hərbi qeydiyyatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsində olduğu üçün bu iş üzrə cavabdeh Xidmətin Xaçmaz rayon şöbəsi olmalıdır. Əlavə olaraq bildirilmişdir ki, Qaydaların 4.1-ci bəndinin 2-ci abzasına əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin 16 saylı əlavəsinin 1.4.2-ci yarımbəndində göstərilən məlumatlar əks edilir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin 16 saylı əlavəsinin 1.4.2-ci yarımbəndinə əsasən, həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Lakin mövcud olan sənədlərə əsasən, mərhum X6 “şəhid” statusunun verlməsinə əsas vermir.
13. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsi ilə əvəz edilməsini xahiş etmişdir.
14. Məhkəmənin 15 iyul 2024-cü il tarixli, 2-1(118)-3303/2024 saylı qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdeh qismində prossesual iştirakına xitam verilmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi (bundan sonra - “cavabdeh”) iş üzrə cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
İddia tələbinə dair cavabdehin münasibəti:
15. Cavabdeh tərəfindən etiraz daxil olmamışdır.
c) Tərəflərin iştirakı və izahatları:
16. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etmiş, iddia ərizəsində qeyd olunan hallara istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsi ilə təmsil olunmamışdır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
19. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
20. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
21. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
23. Nəzərə alınmalıdır ki, İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
24. Məhkəmə qeyd edir ki, iddiaçının Şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı etdiyi müraciətini məhkəmə Şəhid statusu ilə bağlı arayışın verilməsi öhdəliyinin qoyulması kimi qəbul edir. Çünki, şəhid statusu ilə bağlı arayışın verilməsi cavabdeh orqanın səlahiyyətlərinə aiddir. İddiaçı tərəfindən isə iddia tələbinə dəqiqləşmə ərizəsi təqdim edilmiş, cavabdehin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsi ilə əvəz edilməsi xahiş etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, onun əsas məqsədi cavabdeh tərəfindən Şəhid statusu ilə bağlı arayışın əldə edilməsi olmuşdur.
25. Həmçinin, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
26. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
27. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
28. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq
29. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: (-)
3. Heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. (-)
M a d d ə 2. Hərbi qulluqçu statusuna malik şəxslər
1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.
M a d d ə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
M a d d ə 4. Hərbi qulluqçular tərəfindən hərbi xidmət vəzifələrinin icrası
1. Hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır.
2. Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır.
3. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vətəndaşlar barəsində hakimiyyət səlahiyyəti alaraq hərbi xidmət vəzifələrini icra edərkən hakimiyyət nümayəndələri sayılırlar. Bu şəraitdə onlara tabe olmamaq və qəsd etmək Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.
30. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
M a d d ə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. (-)
M a d d ə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
1.1. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: (-) 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X5 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; (-)
4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X3 Xidmətinin, X5 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X3 Xidməti, X5 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X5 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. Bu bənddə göstərilən sənədlərin və ya məlumatların X10 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X10 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 4.2. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir.
32. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
33. Məhkəmə iddiaçının izahatını və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
34. Belə ki, şəhid Azərbaycan Respublikasının: - azadlığı; - suverenliyi; - ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
35. İş materialında olan Gəncə Hərbi Məhkəməsinin 3 oktyabr 2014-cü il tarixli, 1(095)- 266/2014 nömrəli hökmündən görünür ki, “... Belə qənaətə gəlinir ki, mərhum əsgər Əzizov Heybətqulu xidməti silahdan atəş açaraq özünü öldürərkən əsəbi-gərginlik vəziyyətində olmuşdur. X1 emosional halın yaranma səbəbləri - post başçısı MAHHXE əsgər V.Bağırovun əsgər H.Əzizova "mən nə vaxta kimi sənə görə söz götürməliyəm, hər yoxlamada sənə görə mənə irad tutulur, niyə bu qədər səhv edirsən, xidmətdə yatırsan, silahla davranış qaydalarına düzgün riayət etmirsən, sən artıq məni bezdirmisən" deyərək əsgərlər qarşısında onun sifət nahiyyəsinə bir neçə dəfə sillə, bədəninin müxtəlif nahiyələrinə təpiklə bir neçə zərbə vurub itələyib yerə yıxması, yerdə olan zaman əsgər H.Əzizovun bədən nahiyələrinə təpiklə bir neçə dəfə zərbə endirməsi, mərhum əsgər H.Əzizovun ayıq növbədə yatdığına görə pul tələb etməsi, pul verərsə raportu yuxarı komandanlığa göndərməyəcəyini bildirməsi və s. Mərhum əsgər X9 post başçısı MAHHXE əsgər V.Bağırovun hərəkətləri ilə əlaqədar çıxılmaz vəziyyətə düşmüş, psixi-emosional durumunda bezikmə, əsəbilik, gərginlik, stress vəziyyəti yaranmışdır. Belə qənaətə gəlinir ki, Əzizov Heybətqulu əsəbi-gərginlik halında intihar hadisəsini törətmişdir. Belə qənaətə gəlinir ki, post başçısı MAHHXE əsgər V.Bağırovun hərəkətləri əsgər X4 psixi-emosional durumunda bezikmə, əsəbilik, gərginlik, stress vəziyyəti yaratmışdır. Şahid ifadələrində göstərilmişdir ki, mərhum əsgər Əzizov Heybətqulu raportların əlindən artıq bezdiyini, özünü öldürəcəyini bildirmişdi (əsgər Natiq Qurbanovun ifadəsindən). Həmin ifadəyə əsasən ehtimal etmək olar ki, post başçısı MAHHXE əsgər V.Bağırovun hərəkətləri əsgər X4 özünü öldürmə həddinə çatdırmasına səbəb ola bilərdi. ...”
36. İPM-in 1.2-ci maddəsinə əsasən, həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və həmin Məcəllədə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müddəaları tətbiq oluna bilər.
37. MPM-in 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarının 16.2-ci bəndindən görünür ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. ... Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir.Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. ...”
40. Eyni zamanda, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2-1(102)-488/2025 saylı qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır. ... Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir. ...Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1096/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-548/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-680/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarlar) "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanunda şəhidə anlayış verilmişdir. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nda şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları dəqiq müəyyən edilmişdir. Qaydaların 1.2-ci bəndində şəhid hesab edilən şəxslər göstərilmişir. Şəxsin şəhid hesab edilməsi üçün vəfat etmiş şəxs həmin kateqoriya şəxslərin dairəsinə uyğun olmalıdır. Qeyd edilən qaydalarda nəzərdə tutulmamış hallarda şəxsə şəhid stasutunun verilməsi qanuni sayıla bilməz. Qeyd edilən işlərdə işin faktiki halları ilə müəyyən edilmişdir ki, hərbi qulluqçu hərbi xidmət zamanı qeyri-döyüş şəraitində həlak olmuşdur. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. ...”
41. Yuxarıda qeyd olunanları məhkəmə əlaqəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, şəhid statusu ilə bağlı arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına dair tələb təmin olunmamalıdır.
NƏTİCƏVİ HİSSƏ
42. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı mərhum X6 şəhid statusu ilə bağlı arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin üzərinə vəzifə olaraq qoyulmasına dair tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova