Məhkəmə qərarları › İş №2-1(118)-8852/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-8852/2025

27.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-8852/2025 27.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Şamaxı rayonu Nağaraxana bələdiyyəsinə qarşı “iddiaçıya, Şamaxı rayonu Nağaraxana bələdiyyəsinin ərazisindən qanunamüvafiq qaydada və ölçüdə pay torpağının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, uzun illərdir ki, Şamaxı Rayon Nağaraxana kəndində qeydiyyatda olmaqla yaşayır. Şamaxı Rayonu, Nağaraxana kəndində ona məxsus qanuni çıxarışı olan fərdi yaşayış evi vardır. Lakin 1995-2000-ci illərdə Şamaxı rayonunda Aqrar islahat Komissiyası rayonda qeydiyyatda olmaqla yaşayan vətəndaşlar arasında pay torpaqlarını müəyyənləşdirib bölərkən kənarda qalmışdır. O vaxtdan bəri dəfələrlə aidiyyəti ünvanlara müraciətlər etsə də nəticəsiz qalmışdır. Halbuki, Şamaxı Rayon Nağaraxana kəndində bələdiyyə fondunda həm kənd təsərrüfatı kateqoriyasına, həm də örüş tipli kateqoriyaya aid hektarlarla torpaq sahələri vardır. Odur ki, pay torpaqları ilə təmin olunmağı üçün Şamaxı Rayon icra Hakimiyyətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə və Şamaxı Rayon Nağaraxana Bələdiyyəsinə müraciətlər etmişdir. Əslini bu ərizəyə daxil etdiyi Şamaxı Rayon icra Hakimiyyətindən göndərilmiş 5-75- 6/2-B-44-038/2025 saylı, 01 avqust 2025-ci il tarixli cavab məktubunda yazılmışdır ki, Şamaxı Rayon Ərazisində aqrar islahatı 2006-cı ildə başa çatmış və rayon aqrar islahat komissiyası ləğv olunmuşdur. Hazırda torpaq sahələri dövlət, bələdiyyə və xüsusi mülkiyyət predmetidir. Buna görə də torpaq payı almaq hüququna malik olmuş və hansısa səbəbdən bu hüququndan istifadə etməmiş şəxslərə torpaq payının verilməsi mümkün deyildir. Əslini bu ərizəyə daxil etdiyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsindən göndərilmiş 3-21-3-41/2-B- 0020-8/2025 saylı, 07 avqust 2025-ci il tarixli imtina qərarında yazılmışdır ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı Rayon Şöbəsindən təhvil götürülmüş arxiv sənədləri araşdırılmış və Torpaq islahatı zamanı pay torpaq sahəsinin verilməsi barədə hər hansı bir hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi idarəsinin hər hansı bir şəxsə torpaq sahəsini vermək səlahiyyətinin olmadığı və odur ki, ərizəmdə qeyd etdiyi məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etməyi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasında torpaq islahatını Aqrar islahat Komissiyası yerinə yetirir və Azərbaycan Prezidentinin 20 aprel 2005-ci il tarixli, 226 nömrəli fərmanı ilə həmin komissiya ləğv edilmiş və onun hüquqi varisi də müəyyən edilməmişdir. Eyni zamanda ona bildirilmişdir ki, Bələdiyyə mülkiyyətindən torpaq sahəsi ayrılması ilə bağlı "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.6-cı maddəsinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edə bilərlər və ərizədə torpaqğın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Həmin qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Odur ki, qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq ərizə ilə müvafiq bələdiyyəyə müraciət etmişdir. Əslini bu ərizəyə daxil etdiyi Şamaxı Rayon Nağaraxana Bələdiyyəsindən göndərilmiş xx.xx.2025-ci il tarixli, 16 saylı imtina qərarında yazılmışdır ki, Şamaxı Rayon Nağaraxana kəndində vətəndaşlara pay torpaqlarının verilməsi Nağaraxana Bələdiyyəsinin səlahiyyətinə aid deyil. Torpaq paylanması torpaq islahatı zamanı baş vermişdir. Bundan ötəri məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Şamaxı Rayon Nağaraxana Bələdiyyəsindən ona göndərilmiş bu xx.xx.2025-ci il tarixli, 16 saylı imtina qərarı gecikdirilərək xx.xx.2025-ci il tarixdə verilmişdir. Bu qərardan ciddi narazı olduğuna görə Sumqayıt inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı Şamaxı rayonu Nağaraxana bələdiyyəsinin ərazisindən qanunamüvafiq qaydada və ölçüdə pay torpağının verilməsini istəyir. Torpaq İslahatı haqqında Qanuna əsasən: Maddə 12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər

1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Maddə 20. İslahatı aparan orqanlar Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənirdi. İddiaçı uzun illər sonra aqrar islahat başa çatdıqdan və aqrar islahat komissiyaları ləğv edildikdən sonra məhkəmədə iddia qaldıraraq cavabdeh qismində bələdiyyədən pay torpağı tələb edir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Hazırki vəziyyətdə iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Belə ki, aqrar islahat başa çatmış və aqrar islahat komissiyaları ləğv edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdeh inzibati orqanın pay torpağı ayrılması kimi səlahiyyəti və ya vəzifəsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar