Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-888/2021 25.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, X1 Şaban qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir, cavabdehin 17 fevral 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə Ermənistanın Qafan şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır və hal-hazırda da həmin ünvanda yaşayır. O, N2-ci ildə Sumqayıt şəhər HK tərəfindən hərbi xidmətə çağırılmışdır. 07.07.N2-ci il tarixindən N nömrəli hərbi hissənin kəşfiyyat batalyonunun tərkibində polkovnik Eldar Ağayevin rəhbərliyi altında tank komandiri vəzifəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu ətrafında gedən qızğın döyüşlərdə ön cəbhədə vuruşmuşdur. N2-ci ilin oktyabr ayında kəşfiyyat batalyonu ləğv edildiyinə görə onları 08.10.N2-ci il tarixində ordudan geri çağırmışlar. Onun döyüş əməliyyatlarında iştirak etməsi sənədlərdə öz əksini tapır. Ona görə də hesab edir ki, ona “müharibə veteranı” adı və vəsiqəsi verilməlidir. Bunun üçün o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Oradan ona ünvanlanan cavab məktubu ilə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyindən ona ünvanlanan məktubda qeyd olunanlarla qəti şəkildə razı deyil. Hesab edir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunması qanunsuz və əsassızdır. Onun xidməti iş materiallarında olan sənədlərlə öz təsdiqini tapıb. Belə olan halda ona imtina verilməsi onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Nəticədə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Onun döyüş əməliyyatlarında iştirak etməsi sənədlərdə öz əksini tapır. Hesab edir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlar araşdırımış və aşağıda qeyd edilənlərə əsasən iddiaçının iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxşi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanların təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Müdafiə nazirinin 06.01.N8-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Araşdırmanın nəticəsində müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 07 noyabr 2012-ci il tarixli 10/2-2591 nömrəli arayışına əsasən İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 18 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmişdir, lakin mart N3-cü il tarixədək olan əmrlərində hərbi xidməti barədə məlumat aşkar edilməmişdir. İddiaçının döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əşəsən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Hərbi qulluqçuların ehtiyyata buraxılması prosesi Azərbaycan Respublikası Pfrezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçularının qismən ehtiyata buraxılması haqqında" 23 yanvar N6-cı il tarixli 433 nömrəli Fərmanından sonra başlamışdır. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusu almaq üçün onun döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Müharibə veteranı adının verilə bilməsi üçün şəxsin döyüş əməlliyatları aparan hərbi hissənin tərkibində xidmət etməsi sübuta yetirilməlidir. Bununla yanaşı, həm də şəxsin döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla tərxis olunması barədə da tam sübuta yetirilməlidir. İddiaçının döyüş əməliyyatları aparan zaman hərbi xidməti və qanuni əsaslarla tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Beləliklə, Müdafiə Nazirliyi hesab edir ki, iddiaçının iddia ərizəsi təmin edilməməlidir. Həmçinin, Formalaşmış məhkəmə təcrübəsinə istinad edərək qeyd edirlər ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 30 mart 2021-ci il tarixli 2-1(102)-604/2021 nömrəli qərarı ilə də iddiaçıların qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması aidiyyəti dövlət orqanının arayışı və əmri ilə birgə təsdiq olunmaması səbəbi ilə onların kassasiya şikayətləri təmin edilməmişdir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda qeyd edilən normaların məzmunundan aydın olur ki, veteran adı və müvafiq veteran vəsiqəsi əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə verilir. Lakin, hazırkı iş üzrə iddiaçının ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Yuxarıda qeyd olunan normaların tələbindən də göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri də onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunmasıdır. Lakin iddiaçı yuxarıda qeyd edilən halları təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş əmrlər arasında da iddiaçının hərbi xidmətdən tərxisi ilə bağlı əmrin olduğu müəyyən edilməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-888/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-888/2021
25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver