Məhkəmə qərarları › İş №2-1(118)-889/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-889/2024

13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-889/2024 13.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2, X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və ya sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06 dekabr 2021ci il tarixli **********152242 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli qərara əsasən İddiaçı QSC-də səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi orqanının xx.xx.2021-ci il tarixli qərarı ilə mütəxəssis dəvət edilmiş və xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinə göndərilmişdir. Yoxlama zamanı vergi orqanı guya vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə riayət edilməməsinə, həmçinin daşıma xidmətinə görə alınmış fakturaların ƏDV məbləğinin əvəzləşdirilməsinə görə 32493.81 manat ƏDV kənarlaşması, 49095,47 manat məbləğində maliyyə sanksiyasının hesablanması, bundan başqa səyyar vergi yoxlaması zamanı dəvət olunan mütəxəssisin rəyinə əsasən bəzi tikinti materiallarının (sement, metal kirəmit dam örtüyü, alcipan, kafel, keramoqranit, kərpic, odadavamlı kərpic, metal tor, aqlay, divar kağızı) bir hissəsinin tikinti işlərində istifadə olunmasa da, anbardan silindiyi məlum edildiyinə istinad etmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən artıq silinmiş 744190,77 manat mal-materiala görə 133954,34 manat ƏDV kənarlaşma aşkar edilmişdir. Vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edilmiş və Vergi Məcəlləsinin 67,15-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən sonuncu hesabat ayına hesablanmış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 133954,34 manat vergi məbləğinin azaldılmasına görə 50% məbləğində, 66977,17 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin 2020-ci il mənfəət vergi bəyannaməsi yoxlama ilə əhatə edilmiş və yoxlama zamanı qeyd edilən il üzrə mənfəət vergisində kənarlaşma aşkar edilmişdir. Belə ki, yoxlama zamanı dəvət olunan mütəxəssisin xx.xx.2021-ci il tarixli rəydə müəssisənin yoxlanılan dövrdə görülən işlərə görə mal-material tutumu və əmək tutumu müəyyən olunduğu, həmçinin istifadə edilmiş bəzi tikinti materiallarının çeşid və miqdarları göstərilmişdir. Mütəxəssisin çeşidlər məlumatına əsasən müəyyən olunmuşdur ki, “SAPPHİRE CO" QSC tərəfindən bəzi tikinti materiallarının (sement, metal kirəmit dam örtüyü, alcipan, kafel, keramoqranit, kərpic, odadavamlı kərpic, metal tor, aqlay, divar kağızı) bir hissəsi tikinti işlərində istifadə olunmasa da, anbardan silinmişdir. Yoxlama ilə həmin materialların dəyəri, yəni 744190.77 manat müəssisənin mənfəət bəyannaməsində gəlir və xərcinə əlavə olunmuşdur. Mütəxəssisin rəyində göstərilən mal-material tutumu və əmək tutumuna əsasən mütəxəssisin görtilən işlərdə xərc olaraq göstərə biləcəyi malmaterial dəyəri və əmək tutumu müəyyənləşdirilmişdir. Bundan başqa bank sənədləri və elektron qaimələr əsasında bəzi xərclərində (sosial sığorta haqları, rabitə xərcləri, əmək haqqı xərcləri, amortizasiya ayırmaları, nəqliyyat xərcləri və digər xərcləri) dəqiqləşdirmələr aparılmış və buna əsasən müəyyən kənarlaşmalar aşkarlanmışdır. Səyyar vergi yoxlaması zamanı dəvət olunan mütəxəssisin rəyinə əsasən bəzi mallar üzrə tələb olunan az miqdarda mal-material almışdır ki. bu da xərclərin düzgün rəsmiləşdirilmədiyini göstərdiyindən rəsmiləşdirilməyən xərclərə (armatur, mişar daşı, metal dirəklər, qum, çınqıl, taxta) görə Vergi Məcəlləsinin 58.8.3-ci maddəsinə əsasən 1293304,64 manat dəyərində olan malı 10% miqdarında, yəni 129330.46 manat maliyyə sanksiyası hesablanmışdır. Aparılan yoxlamanın mötəbərlıiyi şübhə doğurduğundan iddiaçı tərəfindən "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinə müraciət etmiş və aralarında bağlanmış müqaviləyə əsasən mütəxəssislər tərəfindən aparılmış işlərdə işçiliyin və mal-material xərcinin bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmənin nəticəsi olaraq müəyyən edilmişdir ki, “SAPPHİRE CO" QSC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində yerinə yetirilmiş 19849201,00 manatlıq tikinti-quraşdırma işlərin tərkibində sərf olunmuş materialların ümumi dəyəri 12368375,62 manat, əmək haqqı isə 5653408,27 manat təşkil edir. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası "X3"nin xx.xx.2021-ci il tarixli 571 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə iddiaçı "xxxx" QSC xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin tərkibində sərf olunmuş materialların həcminin ayrı-ayrılıqda müəyyən edilməsi üçün "X3”nə müraciət etmişdir. Müraciət əsasında İddiaçı QSC tərəfindən inşa edilmiş 2 otaqlı 8 və 9 ballıq, 3 otaqlı 8 və 9 ballıq fərdi yaşayış evləri üzrə tədqiqat aparılmışdır. Tədqiqatın nəticəsi olaraq “Sapphire CO" QSC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin tərkibində sərf olunmuş materialların həcmi ayrı-ayrılıqda müəyyən edilmişdir. İddia ərizəsinə əlavə olunan hər iki rəy eynilik təşkil etdiyindən iddiaçı xx.xx.2021-ci il tarixli **********152242 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və ya sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarını tam əsassız və qanunsuz hesab edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı müəssisədə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr əhatə edilməklə səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən 2020-ci il üzrə əlavə dəyər vergisinin, mənfətt vergisinin, hesabatda göstərilən məbləğin, hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına yol verilmiş və Vergi Məcəlləsinin 175.1, 175.6, 159.1, 58.8.3, 108-ci və 58.6-cı maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən alınmış malların çeşidlərinin, həcminin yerinə yetirilmiş tikinti işlərinin həcmi və sərfiyyatına dair uyğun olub-olmamasını, həmçinin görülmüş işlərdə əmək tutumunun müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən ortaya çıxan sualların araşdırılması zərurəti yaranmışdır ki, bu məqsədlə vergi orqanının xx.xx.2021-ci il tarixli qərarı iləı mütəxəssis dəvət edilmişdir. İddiaçı tərəfindən təqdim edilən bəyannamələrdə əvəzləşdirilən elektron qaimə fakturalar, bank və depozit hesab çıxarışları araşdırılarkən müəyyən edilmişdir ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin normanın tələblərinin pozulması, həmçinin daşıma xidmətinə görə alınmış fakturaların ƏDV məbləğinin əvəzləşdirilməsinə görə 32493.81 manat ƏDV kənarlaşması, 49095.47 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa mütəxəssisin çeşidlər üzrə məlumatına əsasən müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən bəzi tikinti materiallarının (sement, metal kirəmit dam örtüyü, alcipan, kafel, keramoqranit, kərpic, odadavamlı kərpic, metal tor, aqlay, divar kağızı) bir hissəsi tikinti işlərində istifadə olunmadığı halda anbardan silinmişdir. Yoxlama ilə həmin materialların dəyəri, yəni 744190,77 manat müəssisənin mənfəət bəyannaməsində gəlir və xərcinə əlavə olunmuşdur.Mütəxəssisin rəyində göstərilən mal-material tutumu və əmək tutumuna əsasən müəssisənin görülən işlərdə xərc olaraq göstərə biləcəyi malmaterial dəyəri və əmək tutumu müəyyənləşdirilmişdir. Bundan başqa, bank sənədləri və elektron qaimələr əsasında bəzi xərclərində (sosial sığorta haqları, rabitə xərcləri, əmək haqqı xərcləri, amortizasiya ayırmaları, nəqliyyat xərcləri və digər xərcləri) dəqiqləşdirmələr aparılmış və buna əsasən müəyyən kənarlaşmalar aşkarlanmışdır. Belə ki, 2020-ci il üzrə mənfəət bəyannaməsində vergi ödəyicisinin bəyan etdiyi gəlir 19849211,73 manat, xərclər 18720765,85 manat, vergiyə cəlb olunan mənfəət 1128445,88 olmuş, yoxlama ilə gəlirin 20593402,5 manat, xərclərin 15911558,10 manat, vergiyə cəlb olunan mənfəətin isə 4681844,4 manat olduğu aşkarlanmışdır. Nəticədə Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsində 3553398.52 (4681844,4-1128445,88) manat mənfəət az göstərilmiş, 710679,7 manat (3553398,52*20%) mənfəət kənarlaşması aşkarlanmışdır. Yoxlama zamanı 45412,5 manat ƏDV məbləğinin Vergi Məcəlləsinin 58.6-cı maddəsinin tələblərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş 45412,5 manat ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 22706,25 manat maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı dəvət olunan mütəxəssisin rəyinə əsasən bəzi mallar üzrə tələb olunandan az miqdarda mal-material almışdır ki, bu da xərclərin düzgün rəsmiləşdirilmədiyini göstərdiyindən rəsmiləşdirilməyən xərclərə (armatur, mişar daşı, metal dirəklər, qum, çınqıl, taxta) görə Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən 1293304,64 manat dəyərində malın 10 faizi miqdarında, yəni 129330,46 manat maliyyə sanksiyası hesablanmışdır. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən ekspert X5 izahat verərək bildirmişdir ki, məhkəmə tərəfindən daxil olmuş materiallarda sənədlərin tam olmadığı üçün vəsatət verərək **********144699 səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində İddiaçı QSCnin bütün sənədlərini tələb etdiyini, bundan sonra məhkəmə vasitəsilə 17 qovluq materialların Mərkəzə daxil olduğunu və həm tikinti-texniki, həm də məhkəməmühasibatlıq ekspertizasının tam ədalətli aparılaraq rəyin verildiyini qeyd etdi. Bundan əlavə ekspert rəyində həm mənfəətdə, həm də ədv ilə bağlı hissədə dəyişiklik olduğu üçün maliyyə sanksiyalarına aid hissə ümumiyyətlə araşdırılmamış, çünki həmin hissələr məhkəmə qərarı çıxarıldıqdan sonra vergi xidməti tərəfindən yenidən hesablanacaqdır. Qeyd edilənləri nəzərə alınmasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara - “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və ya sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06 dekabr 2021-ci il tarixli **********152242 nömrəli qərarın surəti, cavabdehin etirazı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2536- 9/2856 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyi və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qisməm təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Belə ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən iddiaçı barəsində artıq silinmiş 744190,77 manat mal-materiala görə 133954,34 manat ƏDV kənarlaşma aşkar edilmişdir. Vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edilmiş və Vergi Məcəlləsinin 67,15-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən sonuncu hesabat ayına hesablanmış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 133954,34 manat vergi məbləğinin azaldılmasına görə 50% məbləğində, 66977,17 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin 2020-ci il mənfəət vergi bəyannaməsi yoxlama ilə əhatə edilmiş və yoxlama zamanı qeyd edilən il üzrə mənfəət vergisində kənarlaşma aşkar edilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 dekabr 2021-ci il tarixli **********152242 saylı qərarı qismən ləğv edilməli, ƏDV-dən 32.494,10 manat məbləğində, mənfəət vergisindən isə 110403,45 manat məbləğində vəsait tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia digər hissələrdə təmin edilməlidir. Məhkəmə hesab edir ki, maliyyə sanksiyaları bu qərar çıxarıldıqdan sonra mənfəətə və ƏDV münasibətdə yenidən hesablanmalıdır. Digər hissədə maliyyə sanksiyalarını cavabdeh orqan əsaslandıra bilməmiş, eləcə də qərarında əsaslandırmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. .... 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 38.5. İnventarizasiya səyyar vergi yoxlaması zamanı aşağıda göstərilən hallarda vergi orqanının əsaslandırılmış qərarı ilə aparılır: -38.5.1. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə; -38.5.2. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmadıqda; -38.5.3. vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış, məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış mallar, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları aşkar edildikdə; 38.5.4. vergi ödəyicisində əmlak vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyü yoxlanıldıqda. 38.6. Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. -Maddə 45. Vergi yoxlamasının keçirilməsinə kömək göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. ... -Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən dəvət edilmiş mütəxəssis vergi müfəttişləri tərəfindən təqdim olunan müqavilələr və Forma-2 Aktları əsasında rəy verib, anbarlara, həmçinin tikinti aparılan sahələrə baxış keçirməyib vergi orqanı isə həmin rəyi mötəbər sübut kimi qiymətləndirərək iddiaçıya vergi hesablamışdır. Həmçinin, mütəxəssis rəyin verilməsinə əsas olmuş məlumatlar natamam məlumatlardan istifadə edilməklə verilmişdir. Belə ki, mütəxəssis öz rəyində 2 və 3 otaqlı evlərin tikintisinə istifadə olunan tikinti materialların sırasında yalnız 18 adda tikinti materialını sadalamışdır ki, bu hal əlavə araşdırma aparılmadan ağlabatan hesab edilə bilməz. Bundan başqa rəyi vergi orqanı tərəfindən əsas kimi götürülmüş mütəxəssis tikilən evlərə (binalara) yerində baxış keçirməmiş, hətta şəhər və rayonların adlarını belə sadalamadan “müxtəlif şəhərlərdə və rayonlarda” yazmaqla kifayətlənmişdir. Bundan başqa mütəxəssis rəyində göstərilən işlərin dəyərinin hansı normativlərlə müvafiq hesablanması göstərilməmişdir. Vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. İş üzrə birinci məhkəmə baxışı zamanı (sədrlik edən hakim V.Əzizova) təyin edilmiş məhkəmə-texniki-tikinti və məhkəmə-mühasibatlıq ekspertizasının vəsatətlərinə əsasən vergi ödəyicisindən əlavə sənədlər tələb edilərək 17 qovluq şəklində ekspertizaya təqdim edilmişdir. Nəticədə təqdim olunmuş sənədlər əsasında hərtərəfli araşdırma aparılaraq rəy hazırlanmış və vergi orqanı tərəfindən iddiaçıya hesablanan ƏDV-nin və mənfəət vergisinini düzgün hesablanmadığını müəyyən etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin məcəlləsinin 58-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçındən 75 (yetmiş beş) manat məbləğində, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 75 (yetmiş beş) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməlidir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 dekabr 2021-ci il tarixli **********152242 saylı qərarı qismən ləğv edilməli, iddiaçıdan ƏDV-dən 32.494,10 manat məbləğində, mənfəət vergisindən isə 110403,45 manat məbləğində vəsait tutularaq dövlət büdcəsinə ödənilməli və iddia digər hissələrdə təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və ya sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06 dekabr 2021-ci il tarixli **********152242 nömrəli qərarı qismən ləğv edilsin. İddiaçıdan ƏDV-dən 32.494,10 manat məbləğində, mənfəət vergisindən isə 110403,45 manat məbləğində vəsait tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçındən 75 (yetmiş beş) manat məbləğində, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 75 (yetmiş beş) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar