Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-892/2020 22.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, Bakı küçəsi, yataqxana -4, ev 3/6-da yaşayan), Cavabdehin nümayəndəsi X2 (Sumqayıt bələdiyyəsinin İcra aparatında böyük hüquq məsləhətçisi işləyən, Sumqayıt şəhəri, 9-cu mikr-n, ev 61, mənzil 12-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı dönər köşkünün tikilməsi üçün torpaq sahəsinin icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıtİnzibati Məhkəməsinə müraciət edərək, torpağın icarə hüququnda istifadəyə verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, dönər köşkünün tikilməsi üçün torpaq sahəsinin icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, xəstədir, sağ ciyəri bütövlüklə yoxdur. O, dövlətin yaradığı şəraitdən yararlanmaq üçün torpaq sahəsinin icarəyə verilməsi üçün Sumqayıt bələdiyyəsinə müraciət etmişdir. Belə ki, o, həmin torpaq sahəsində dönər köşkü quraşdıraraq işlətmək istəyir. Lakin ona imtina cavabı verilmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və bildirdi ki, iddiaçının Sumqayıt Bələdiyyəsinə etdiyi müraciətdən görünür ki, o,dönər satışının həyata keçirilməsi məqsədi ilə dönər evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Həmin müraciətə xx xxxx 2020-ci il tarixli,715 saylı məktubla cavab verilərək Sumqayıt şəhəri ərazisində şəhərin yeni Baş planına uyğun olaraq aparılan şəhərsalma və planlaşdırma işləri çərçivəsində, eləcə də memarlıq norma və qaydalarına müvafiq olaraq bu cür kommersiya obyektlərinin yerləşdirilməsinin hal-hazırda nəzərdə tutulmadığı bildirilmişdir. Həmçinin adıçəkilən cavab məktubunda İddiaçı nəzərinə çatdırılmışdır ki, gələcəkdə bu cür sahələrinin yaradılmasına tələbat meydana gələcəyi təqdirdə, həmin məqsədlə ayrılmaq üçün torpaq sahələri qanunvericiliyə uyğun şəkildə torpaq hərracına, yaxud müsabiqəsinə çıxarılacaqdır ki, o da digər şəxslər kimi bu tədbirlərdə iştirak etmək hüququna malikdir. Qanunvericilikdə bələdiyyə torpaqları üzərində bələdiyyənin mülkiyyət hüququ təsbit olunmuşdur ki,bu hüquq bələdiyyənin öz əmlakı üzərində sahib olmaq,əmlakdan istifadə etmək və həmin əmlak barəsində öz mülahizəsinə əsasən sərəncam vermək hüquqlarından ibarətdir. Bələdiyyənin mülkiyyət hüququ bütün mülkiyyət hüquqları kimi,dövlətin qoruması və təminatı altındadır və heç kim bələdiyyəni öz mülkiyyətində olan əmlak barəsində sərəncam verməyə məcbur edə bilməz. Bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarına edilmiş əlavə və dəyişikliklərə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində hüquqlar 2007-ci ilin dekabrın 1-dən etibarən yalnız torpaq hərracları, yaxud müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu səbəbdən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş torpaq sahəsinin bələdiyyənin bilavasitə qərarı ilə ona ayrılmasını və həmin torpaq sahəsinin istifadəsinə verilməsini tələb etməkdə iddiaçı haqlı deyildir. Bununla bağlı cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan : -Əmək və X3 Nazirliyi TSEK tərəfindən verilmiş məlumatrdan görünür ki, X1 ll qrup əillik dərəcəsi verilmişdir. -xx.xx.2020-ci il tarixli aktdan görünür ki, özünüməşulluğa kömək göstərilməsi üçün Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər Məşğulluq Mərkəzi tərəfindən İddiaçı dönər köşkünün işlədilməsi üçün avadanlıqlar təhvil verilmişdir. - Sumqayıt bələdiyyəsinin xx xxxx 2020c-i il tarixli 715 nömrəli məktubundan görünür ki, İddiaçı torpaq sahəsininn icarəyə verilməsi ilə bağlı ərizəsinə cavab olaraq bildirilmişdir ki, Sumqayıt şəhəri ərazisində memarlıq və şəhərsalma prinsiplərinə, inşaat normalarına uyğun olaraq abadlıq və quruculuq işləri, sosial obyektlərin, küçələrin, yolların, parkların və meydanların əsaslı təmiri və yenidən qurulması aparılır. Şəhərdə aparılan yeni şəhərsalma işləri çərçivəsində baş plana, eləcə də memarlıq norma və qaydalarına müvafiq kommersiya obyektlərinin yerləşdirilməsi hal-hazırda nəzərdə tutulmayıb. Gələcəkdə baş plana uyğun torpaq sahələrinin ayrılmasına tələbat yaranarsa torpaq sahələri qanunamüvafıq qaydada hərrac və ya müsabiqəyə çıxarılacaqdır. Bu zaman iddiaçı da müsabiqədə iştirak etmək hüququna malikdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyənin müstəsna hüququdur. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Göstərilən Məcəllənin 56-cı maddəsinin 2-ci və 6-cı bəndlərinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Yuxarıda sadalanan qanunvericilik normalarından aydın olur ki, bələdiyyə tərəfindən torpaqların icarəyə verilməsi müqavilə (bələdiyyənin qərarı) əsasında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə qeyd edir ki, bələdiyyə torpaqları cavabdehin mülkiyyətində olmaqla cavabdeh həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istfiadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq dövlət tərəfindən qorunur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə bələdiyyə sözügedən torpaq sahəsinin iddiaçıya icarəyə verməsi öhdəliyi daşımır, çünki cavabdeh onun mülkiyyətində olan əmlak üzərində sərəncam verilməsinə məcbur edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı dönər köşkünün tikilməsi üçün torpaq sahəsinin icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi iləSumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-892/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-892/2020
22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver