Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-8925/2025 24.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “yaşayış evi ilə təmin olunma” tələbi barədə iddia ərizəsi üzrə işə yazılı məhkəmə icraatı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2767/2025 saylı qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Qeyd edilən qərardadda İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə istinad edilərək iddiaçının Şuşa şəhərində yaşayış evi ilə təmin olunması tələbinə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxıldığından tələbə Sumqayıt İnzibati Məhkəməsində baxılmalı olması qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hazırkı işə baxmağa özünü səlahiyyətli saymır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd olunan normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Normanın mənasına görə mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara baxılmasının ərazi aidiyyəti ilk növbədə cavabdeh inzibati orqanın yerləşdiyi yerlə, inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi halda isə iddiaçının yaşayış yeri və ya olduğu yer ilə müəyyənləşdirilir. Hazırkı işin hallarından görünür ki, iddiaçı cavabdehə qarşı öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İş materiallarından görünür ki, iddiaçı Ağdam rayonu üzrə qeydiyyatdadır. Ağdam rayonu Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Məhkəmə hesab edir ki, hazırki tələb Şuşa şəhərində yaşayış evi ilə təmin olunma ilə bağlı olsa da, faktiki vəziyyətdə daşınmaz əmlak mövcud olmadığından hazırkı iddiaya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsində nəzərdə tutulmuş aidiyyət qaydası tətbiq edilməli, işə iddiaçının qeydiyyatda olduğu və iddia tələbi ilə müraciət etdiyi Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3 maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. İddiaçının məhkəmə təminatı hüququnun həyata keçirilməsinin səmərəliliyi baxımından əhəmiyyətli olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə məhkəmələr arasında işin ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı yarandığından inzibati iş aidiyyətin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci, 9-cu və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “Şuşa şəhərində yaşayış evi ilə təmin olunma” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)-8925/2025 saylı iş məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduğundan səlahiyyətli məhkəmənin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-8925/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-8925/2025
24.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver