Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-894/2020 21.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Abşeron rayonu, Goradil kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qarşı Abşeron rayonu Goradil kəndində yerləşən 0,02 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çxarışın və plan və ölçü verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qarşı Abşeron rayonu Goradil kəndində yerləşən 0,02 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çxarışın və plan və ölçü verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Abşeron rayon Goradil bələdiyəsinin xx xxxxxxxx 2007-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün ona 0,02 ha torpaq sahəsi ayrılmışdır. Torpağın nəzərdə tutulmuş satış qiymətinə görə dəyəri bələdiyəsinin bank hesabına ödənilmişdir. DTXK-nin Abşeron rayon şöbəsinin torpaq sahəsinin ayrılmasına etirazının olmaması barədə rəy alınmış və torpaq sahəsi naturada iddiaçıya təhvil verilmişdir. Onun tərəfindən həmin shədə 60-70 ağac əkilmiş, hasar çəkilmişdir. Sənədlər toplandıqdan sonra DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə müraciət edərək torpaq sahəsinin daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan bundan imtina etmişdir. Bununla bağlı iddiaçı iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəçmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - Abşeron rayonu Goradil bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli 16 nömrəli qərarından görünür ki, İddiaçı fərdi yaşayış evinin tikilməsi üçün 0.02 ha torpaq sahəsi ayrılmışdır. - DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 202 saylı, sentyabr 2007-ciil tarixli rəydən görünür ki, bir sıra vətəndaşlara, o cümlədən İddiaçı Həsəbala oğluna 0.02 ha torpaq sahəsinin ayrılmasına etiraz etmir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı müraciətinə cavab olaraq DƏDRX-nin 4 saylı Ərazi İdarəsi iddiaçı ilə bələdiyyə arasında alqı-satqı aktının bağlanmasına və rayon memarlıq xidmətinin rəyinin alınmadığına istinad edərək torpaq sahəsinə mülkiyyət hüququnu qeydə almaqdan imtina etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında» Əsasnamənin 7, 10, 14-21, 23-25, 27-ci bəndlərində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə (DT və XK və İH memarlıq planlaşdırma bölməsinin rəyləri, torpaq sahəsinin plan və ölçüsü) baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü ərizəçiyə verir. Məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsi satılması barədə bələdiyyə qərarı qəbul edilən vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə görə torpaqların alqı-satqısı zamanı müvafiq aktın tərtib olunması və torpağın dəyərinin əvəlcədən ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı qaydaları»na Əlavədə torpaqların alqısatqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsinin müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. İşdən görünür ki, torpağın alqı-satqısına dair akt və rayon memarlıq xidmətinin rəyi ümmiyyətlə, mövcud deyildir. İddiaçı sözügedən Qanunun 8.0.1 və 10.2.1-ci maddələrində nəzərdə tutulan əsas kimi Abşeron rayon Pirəkeşkül-Qobustan bələdiyyəsinin 178 saylı xx.xx.2008-ci il tarixli qərarına istinad edir. Halbuki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə əsasən yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi nəzərdə tutur (bənd 3); Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrlə yaranır. - 65-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (bənd 2); Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (bənd 5); Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir (bənd 6); Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır (bənd 7); Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (bənd 8). Beləliklə, göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, qanunverici daşınmaz əmlak kimi torpaqların məqsədli təyinatını və hüquqi rejimini, yerquruluşu işlərinin aparılması qaydalarını, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi şərtlərini, o cümlədən istifadə hüququnu, torpaq sahəsi üzərində hüquqların yaranmasının ümumi əsaslarını və digər məsələləri dəqiq müəyyənləşdirmişdir İddiaçının torpaq sahəsi üzərində hüququnun müəyyən edilməsi üçün əsaslardan biri, yəni torpağın ayrılmasına dair qərar mövcud olsa da, torpağın satılmasına dair rayon memarlıq xidmətinin rəyi alınmamışdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh inzibati orqanın daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsindən imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-894/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-894/2020
21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver