Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-894/2021 27.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ona məxsus Abşeron rayonu Fatmayi kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona məxsus Abşeron rayonu Fatmayi kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciətlər etmiş, cavabdehin 31 mart 2017-ci il və 16 noyabr 2020-ci il tarixli məktubları ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Abşeron rayonu Fatmayi kəndində yerləşən, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, "Torpaq islahatı haqqında" və "Torpaq bazarı haqqında" qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli "Torpaqların alqı-satqı qaydaları" na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1993-cü il tarixli 158 saylı qərarına və digər əlaqədar normativ hüquqi aktlarında müəyyən edilmiş bütün qaydalara müvafiq Fatmayi Bələdiyyəsinin 29 oktyabr 2004-ci il tarixli 15 saylı qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququn dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə plan və ölçüsünün verilməsi 7(yeddi) il müddətində dəfələrlə edilmiş müraciətinə bütün sənədlərin tam şəkildə və qanunvericilikdə müəyyən edilən qaydasında olmasına baxmayaraq, cavabdeh DƏDRX 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən əsassız və qanunsuz olaraq imtina edilmişdir. Belə ki, cavabdeh DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 2014-cü il tarixdə şifahi olaraq 31.03.2017-ci il tarixli məktubunda Fatmayı Bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli 15 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0,10 ha torpaq, planlaşdırılan və qeyri-müəyyən müddətə çəkilməsi dayandırılan, çəkilməsi şüphə doğuran və bəlkədə heç vaxt çəkilməyəcək Bakı dairəvi avtomobil yolunun qorunma zolağına düşdüyü və göndərilən sorğuya Azəravtoyol ASC tərəfindən qeydiyata alınması və çıxarış verilməsi üçün müsbət rəy verilmədiyindən dövlət qeydiyyatı hazırki, halda məqsədə uyğun hesab edilməmiş və 16.11.2020-ci il tarixli təkrar müraciətinə isə yenə də çəkilməsi qeyri müəyyən müddətə dayandırılan avtomobil yolunun mühafizə zolağına düşdüyü məqsədəuyğun hesab olmadığına və hazırki ərizəyə müvafiq icra hakimiyyəti orqanın memarlıq və tikinti şöbəsinin rəyinin əlavə edilmədiyindən torpaq sahəsini satışının qanuna müvafiq qaydada həyata keçirilmədiyini müəyyən etdiklərinə istinad edilmişdir. Tərəfindən təqdim edilən 0,10 ha torpaq sahəsinə dair müvafiq sənədlərin və sübutların, arxiv materiallarin mövcudluğu təsdiq edir ki, 7(yeddi) il müddətində 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində dövlət qeydiyatının aparılmasından imtina edilməsi qanunsuz və əsassızdır. Qeyd olunan maddələrin məzmununa əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının əldə edilməsinin ümumi qaydası kimi, onların açıq torpaq hərracları və ya müsabiqələri yolu ilə əldə edilməsi nəzərdə tutulmuş, bu qaydadan bir sıra istisnalar da müəyyən edilmişdir. Başqa sözlə bələdiyyə torpaqları hərrac və ya müsabiqə keçirilmədən də mülkiyyətə verilə bilər. Bu istisna bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının yaşayış şəraitinin yaxşılaşdırılması üçün onların mənzilə ehtiyaclarının təmin edilməsi və s. məqsədlərə yönəlmişdir. Bu zaman onlara hərrac və ya müsabiqədən kənar, daha uyğun şərtlərlə torpaq sahəsinin satışı təmin olunur. İşdə olan 26 oktyabr 2004-cü il tarixli rəyin arxiv surətindən göründüyü kimi, Fatmayi Bələdiyyəsi tərəfindən Qanunvericilikdə nəzərdə tutulan bütün Qaydaların tələbləri gözlənilmiş, qərarı qəbul edərkən daha öncə müvafiq icra hakimiyyəti orqanı olan DT və XK -nin rəyi alınmışdır. (Respublika üzrə Bələdiyyələrin özləri tərəfindən bələdiyyə torpaqlarının sərbəst satış hüququ 2007-ci il dekabrın 1-dən dayandırılmışdır.) Digər hal, işin içində olan 26 oktyabr 2004-cu il tarixli səlahiyyətli orqan olan Abşeron DT və XK şöbəsi tərəfindən Fatmayi Bələdiyyəsinə verilmiş Fatmayi Bələdiyyəsi ərazisində daimi yaşayan 44 nəfər vətəndaşın mənzilə olan ehtiyaclarının təmin etmək məqsədilə Baş Planına uyğun, alqı-satqı predmeti olan torpaq sahəsindən 0,10 ha olmaqla ayrılmasına dair müvafiq müsbət rəyi nəzərə alınmaqla, Fatmayi Bələdiyyə iclasının qərarına uyğun olaraq Fatmayayi Bələdiyyəsi tərəfindən 29 oktyabr 2004-cü il tarixli 15 saylı sərəncamı ilə 44 şəxsə 0,10 ha olmaqla müvafiq ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüquqları mütləq əksəriyyəti, dövlət reyestrdə cavabdeh DƏDRX 4 saylı ərazi idarəsi tərəfindən qeydiyyatı aparılmış, müvafiq çıxarış və plan -ölçüsü ilə təmin edilərək, rəsmiləşdirilmişdir. Sözügedən torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmaması isə «İnzibati icraat haqqında» Qanunu ilə təsbit edilmiş —bərabərlik prinsipinə ziddir. (Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır) Hüquqi əsasları Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş "Torpaqların alqı-satqısı" qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa qərar verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Akt müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Azərbaycan Respublikasının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanununun 7.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin qanunun 10.2.maddəsinə görə Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur:10.2.1 .maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü; Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2007-ci il tarixli 536 saylı Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən «Torpaq sahəsinin planı və ölçüsü» qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə verilir. Sadalanan normalardan görünür ki, torpaq sahəsinin plan-ölçüsü torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirməklə yanaşı mülkiyyət hüququnun qeydə alınması üçün zəruri sənəd hesab olunur. Hüquqların dövlət qeydiyyatının dayandırılması ilə bağlı hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 14-cü maddəsində qeyd olunan normaların məzmunundan yalnız təqdim olunmuş sənədlərin həqiqiliyini, habelə dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmasını və həps, qadağa qoyulması qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılmasını nəzərdə tutur. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar isə Qanunun 15.1-ci maddəsində sadalanmışdır və qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin həmin halların heç biri hazırki iş üzrə müəyyən edilməmişdir. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 20 aprel 2010-cu il tarixli 987 saylı Azərbaycan Respublikası "Torpaqların dövlət ehtiyacları üçün alınması" haqqqında qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. Həmin qanunun 3.2.maddəsinə əsasən: Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Həmin qanunun 4-cü maddəsin : 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin qanunun 4.2.- ci maddəsinə əsasən : Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Azərbaycan Respublikası «İnzibati icraat haqqında» Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin qanunun 24.1. İnzibati orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 6.5. maddəsinə əsasən Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evini tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.(Bu Əsasnamə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsini uyqun olaraq mülkiyyətə, istifadəyə və icarəyə vermək üçün bələdiyyə torpaqlarının ayrılmasına dan sənədlərin hazırlanması və razılaşdırılması qaydalarını müəyyən edir)... Müvafiq icra hakimiyyəti orqanlarını rəyinin alınmasının hüquqi əsasları Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 6 may 2002-ci il tarixli 696 №- li Fərmanının 2-ci bəndində əsasnamənin 7-ci və 24-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimyyəti orqanı”nın səlahiyyətlərini şəhər, rayon icra hakimiyyəti orqanlarının memarlıq və tikinti şöbələri, həmin əsasnamənin 17,18,19,21,22,25,26 -cı maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı" səlahiyyətlərini DT və XK həyata keçirir. Həmin Əsasnamənin 4 -cu maddəsinə görə Bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatlarınistifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda AzərbaycanRespublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarınınidarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10 -cu maddələrinə/'Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8 -ci və 15-ci maddələrinə vəbu Əsasnaməyə uyqun olaraq verilir. Əsasnamənin 10-cu maddəsinə əsasən Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə"Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Sadalanan normalardan göründüyü kimi, bilavasitə Bələdiyyələr tərəfindən vətəndaşlara fərdi evlərin tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması barədə qərarlarına əsasnamnin müvafiq 7-ci maddəsində nəzərdə tutulmuş icra hakimiyyəti orqanın memarlıq və tikinti şöbəsinin rəyinin alınmasına dair tələbi şamil olunmur. ( Respublika üzrə bələdiyyələrin özləri tərəfindən bələdiyyə torpaqlarının sərbəst satış hüququ 2007-ci il dekabrın 1-dən dayandırılıb, bu tarixdən etibarən bələdiyyə torpaqları satışı yalnız hərrac qaydasında həyata keçirilir.) 2004-cü il tarixindən, Bələdiyyənin hesabına torpaq vergisi mütamadi olaraq tərəfimizdən ödənilir, qeyd edilən torpaq sahəsinin yolun çəkim əsi ehtiyacları üçün alınması və ya məhdudlaşdırılmasına dair hər-hansı mübahisə və ya razılaşma mövcud deyil, nədə ki, məhkəmə qərarı var. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir, 0,10 ha torpaq sahəsi üzərində mülkiyət hüquqnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə plan və ölçüsü verilməsini cavabdeh DƏDR 4 saylı ərazi İdarəsinin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qədul edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia məhkəmə iclasında iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı X1 23 oktyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Fatmayı Bələdiyyəsi tərəfindən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin 29 oktyabr 2004-cü il tarixdə ayrıldığı halda, alğı-satqı aktının 19 mart 2014-cü il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa ərizənin icrası zamanı yaranmış uyğunsuzluqlara bağlı "xxxx" ASCyə sorğu göndərilərək, ərizənizin icrası 1 (bir) ay müddətinə dayandırılmış, bununla bağlı olaraq iddiaçıya 01 mart 2017-ci il tarixli, **********92 saylı bildiriş məktubu ünvanlanmışdır. "xxxx" ASC-nin 17 mart 2017-ci il tarixli, 3/16- 1709 saylı cavab məktubunda layihə çərçivəsində dəymiş ziyana görə kompensasiyanın hesablanması və ödənilməsi baxımından torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılmasının hazırki vaxtda məqsədə uyğun olmadığı bildirilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlanır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərd tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və yə icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Cavabdeh qeyd edir ki, o zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixi 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtil olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydaları”na Əlavədən - “Torpaqların alqı-satqısına dair Akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 08.07.2014-cü il tarixli, 20 nömrəli Fərmanı ilə alqı-satqı aktı “Torpaqların alqı-satqı Qaydaları"na əlavədən çıxarılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunü qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsinğə təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından İmtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı omadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi iddiaya münasibətində bildirmişdir ki, İddiaçı cavabdeh AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ona məxsus Abşeron rayonu Fatmayi kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına" barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun adına Abşeron rayonu Fatmayi bələdiyyəsinin 29 oktyabr 2004-ci il tarixli 15 saylı qərarı ilə 0.10 ha torpaq sahəsi ayrılmışdır, lakin AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi 7 ilin müddətində həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi dəfələrlə edilmiş müraciətlərə qanunsuz imtina edilir. Ona verilən cavablarda mülkiyyət hüququna qeydiyyatın imtinası onunla əsaslandırılmışdır ki, iddiaçı X4 Abşeron rayonu Fatmayi kəndində yerləşən 0.10 ha torpaq sahəsi Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi tərəfindən inşa edilən Bakı dairəvi avtomobil yolunun qorunma zolağına düşmüşdür. 25 may 2021-ci il tarixli 2-1(118)-894/2021 saylı qərardada əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edimiş və bu iş üzrə münasibəti bildirmək tələb olunmuşdur. İlk növbədə üçüncü şəxs qeyd edir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planının müvafiq bəndinə əsasən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Fatmayı kəndindən keçən avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq həmin ərəfədə tikinti planına düşən icarə müqaviləsi ilə vətəndaşlara verilmiş sahələr, o cümlədən iddiaçının da icarəsində olan torpaq sahəsi tikinti altına düşmüşdür. Belə ki, X5 aid torpaq və tikili sahəsinin kadastr planından çıxarışa əsasən sənədlə 1000 kv.m., faktiki isə 386.10 kv.m. olan torpaq sahəsinin 188.81 kv.m. hissəsi, o cümlədən həmin torpaq sahəsində mövcud olan tikili (248.74 kv.m.) avtomobil yolunun tikintisi layihəsinin altına düşür (kadastrdan çıxarış əlavə olunur). Lakin, dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə qeyd olunan avtomobil yolunun tikilməsinin davamı və həmin laiyhə çərçivəsində dövlət ehtiyacları üçün alnması nəzərdə tutulan əmlaklara görə kompensasiya ödənilməsi üçün maliyyə nəzərdə tutulmadığından, hazırda iddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsinə Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi tərəfindən müdaxilə olunmamışdır. Bu səbəbdən, tikinti altına düşən torpaq sahəsinə və tikiliyə görə kompensasiya ödənilməsi məsələsinə gələcəkdə vəsait ayrıldığı təqdirdə baxılacaqdır. Beləliklə iddiaçının ərizəsində göstərdiyi hüquqların pozuntusuna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol verilməyib. Üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyəti iddiaya mübasibətində bildirmişdir ki, Sorğunun icrası zamanı torpaq sahəsində yaşayış evi və ümumiyətlə hər hansı tikintinin olmadığı müəyyən edilmişdir. Sorğuda qeyd olunan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dölət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsi qarşı ona məxsus Abşeron rayonu Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair inzibati iş üzrə torpaq sahəsi ilə bağlı hissəsini məhkəmənin mülahizəsinə buraxmışdırlar. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxsin iştirakı omadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı ona məxsus Abşeron rayonu Fatmayi kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı Fatmayı Bələdiyyəsi tərəfindən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin 29 oktyabr 2004-cü il tarixdə ayrıldığı halda, alğı-satqı aktının 19 mart 2014-cü il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Qeyd edilən səbəbdən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən əsalı hesab edilməlidir. Belə ki, cavabdeh inzibati orqan imtinasının səbəbi kimi iki əsas göstərir, Fatmayı Bələdiyyəsi tərəfindən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin 29 oktyabr 2004-cü il tarixdə ayrıldığı halda, alğı-satqı aktının 19 mart 2014-cü il tarixdə verilməsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin müraciətə əlavə edilməməsini. İlkin olaraq məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçıya torpaq sahəsi 29 oktyabr 2004-cü ildə ayrılmış və vətəndaşa fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. (Abşeron rayon X3 29 oktyabr 2004-cü il tarixli 15 №li Sərəncamından Çıxarış) 19 oktyabr 2004-cü il tarixli ödəniş qəbzinə əsasən İddiaçı həmin torpaq sahəsinə görə 840000 manat məbləğində Bələdiyyənin hesabına pul ödəmişdir. Sözügedən torpaq sahəsinə dair torpaq sahəsinin plan və ölçüsü sənədi də mövcuddur. Habelə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 19.03.2019-cu il tarixli rəyə əsasən İddiaçı fərdi yaşayış evi tikmək məqsədilə ayrılmış torpaq sahəsi qanunamüvafiq hesab edilmiş, həmin torpaq sahəsinə dair mülkiyyət sənədinin verilməsinə etiraz edilməmişdir. Məhkəmə hesab edir ki, 19 oktyabr 2004-cü il tarixli ödəniş qəbzinə əsasən İddiaçı həmin torpaq sahəsinə görə 840000 manat məbləğində Bələdiyyənin hesabına pul ödədiyi üçün torpaq sahəsinin ayrılması ilə alqı-satqı müqaviləsinin ayrı-ayrı vaxtlara təsadüf etməsi səbəbilə cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı hesab edilə bilməz. İmtinanın ikinci əsası üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış və müəyyən edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyətinin sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına etirazı yoxdur. (Məhkəmənin 10.09.2021-ci il tarixli sorğusuna Abşeron rayon İcra Hakimiyyətinin 26.10.2021-ci il tarixli, 5/X/1690 saylı cavab məktubu) Göründüyü kimi torpaq sahəsində hüquqların dövlət qeydiyyatına alınmasını mümkünsüz edən bir əsas yoxdur. Məhkəmə onuda qeyd edir ki, məhkəmə araşdırmasının zamanı sözügədən torpaq sahəsinin avtomobil yolunun mühafizə zolağına düşməsi halı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi münasibətində bildirmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planının müvafiq bəndinə əsasən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Fatmayı kəndindən keçən avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq həmin ərəfədə tikinti planına düşən icarə müqaviləsi ilə vətəndaşlara verilmiş sahələr, o cümlədən iddiaçının da icarəsində olan torpaq sahəsi tikinti altına düşmüşdür. Belə ki, İddiaçı aid torpaq və tikili sahəsinin kadastr planından çıxarışa əsasən sənədlə 1000 kv.m., faktiki isə 386.10 kv.m. olan torpaq sahəsinin 188.81 kv.m. hissəsi, o cümlədən həmin torpaq sahəsində mövcud olan tikili (248.74 kv.m.) avtomobil yolunun tikintisi layihəsinin altına düşür (kadastrdan çıxarış əlavə olunur). Lakin, dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə qeyd olunan avtomobil yolunun tikilməsinin davamı və həmin laiyhə çərçivəsində dövlət ehtiyacları üçün alnması nəzərdə tutulan əmlaklara görə kompensasiya ödənilməsi üçün maliyyə nəzərdə tutulmadığından, hazırda iddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsinə Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi tərəfindən müdaxilə olunmamışdır. Bu səbəbdən, tikinti altına düşən torpaq sahəsinə və tikiliyə görə kompensasiya ödənilməsi məsələsinə gələcəkdə vəsait ayrıldığı təqdirdə baxılacaqdır. Göründüyü kimi torpaq sahəsinin avtomobil yolunun tikintisi layihəsinin altına düşməsi gələcəkdə həmin torpaq sahəsinin dövlət ehtyacları üçün geri alınmasına səbəb ola bilər. Lakin məhkəmə hesab edir ki, daşınmaz əmlakların dövlət ehtiyacları üçün geri alınması halında müvafiq kompensasiyanın verilməsi təminatı olduğu üçün, bu hal iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Məcəllənin 67.3-cü maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları müəyyən edilmiş və bunlardan: a) maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. b) maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir; c) maddə 6.8. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair torpaqayırma sənədlərinin hazırlanması torpaq almaq istəyən şəxsin vəsaiti hesabına həyata keçirilir; d) maddə 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır; e) maddə 7.3., 7.3.1. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına verilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar da, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd edilən normaları, iddiaçının mövcud sənədlərini və üçüncü şəxslərin mövqeyini nəzərə alanda iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüuqunun dövlət qeydiyyatına alınmaması üçün hər hansı bir əsas qalmır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin ediməli, İddiaçı məxsus Abşeron rayonu Fatmayi kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu Fatmayi kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ünvan 1 ünvanında yerləşən) apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-894/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-894/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver