Məhkəmə qərarları › İş №2-1(118)-894/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-894/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-894/2022 14.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh “Azəriqaz İB-nin üzərinə iddiaçının Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulması, onunla müqavilə bağlanması və sayğac quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh “Azəriqaz İB-nin üzərinə iddiaçının Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulması, onunla müqavilə bağlanması və sayğac quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması”-na dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 2-1(112)-11284/2021 saylı, 07.12.2021-ci il tarixli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildə Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin qazlaşdırılması üçün cavabdeh “Azəriqaz" İstehsdalat Birliyinə (İB) müraciət etmişdir. 29 Mart 2019-cu ildə ona 822/KQK saylı texniki şərt verilmişdir. Həmin texniki şərt və qaz kəmərinin prinsipial sxemi 01 Aprel 2019-cu il tarixli məktubla ona göndərilmişdir. İşçi layihəsi Cavabdeh İB-də 3184 sayla 02 Oktyabr 2019-cu ildə razılaşdırılmışdır. 2020-ci il sentyabr ayında razılaşdırılmış layihə əsasında qaz xətti çəkilmişdir. Qonşularının texniki şərti olmasa da onların evləri qazlaşdırılmış, lakin qonşulara gedən qaz xətti iddiaçının evinin qarşısından hasarına bitişik keçsə də evi qaz xəttinə qoşulmamış, müvafiq qaz sayğacı quraşdırılmamışdır. İddiaçı 14 oktyabr 2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək texniki şərt əsasında çəkilmiş qaz xəttindən onun evinə də xətt ayrılmasını xahiş etmişdir. Lakin iddiaçı ilə qaz təchizatı ilə bağlı müqavilə bağlanmamış, xətt ayrılmamış, sayğac quraşdırılmamış, ərizəyə cavab verilməmişdir. İddiaçı öz evinin qaz xəttinə qoşulması üçün zəruri vəsaiti də ödəməyə hazırdır. 2020-ci ildə Azərbaycanda qazlaşdırma işlərinin həyata keçirilməsi üçün SOCAR- a 100 milyon manatdan çox vəsait ayrılmışdır. Həmin vəsait hesabına qaz almayan bir çox yaşayış məntəqələrinin (kənd və yeni yaşayış massivlərinin) qazlaşdırılması nəzərdə tutulmuşdur. Lakin cavabdehin qazlaşdırmada ayrı-seçkiyə yolverməsi, qonşularının evlərinin hamısını qaz xəttinə qoşaraq iddiaçının evinin qaz xəttinə qoşulmaması anlaşılan deyil. X2 1.3-cü bəndi: Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Cavabdehin üzərinə iddiaçının Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulması, onunla müqavilə bağlanması və sayğac quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi 2(01)-2289/2021 saylı iş üzrə 28.01.2021-ci ıl tarixlı qərardadı ilə iddiaçının iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmiş və göstərilmişdir ki, həmin məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edilsin. İddiaçı həmin qərardaddan Bakı Apelyasiya Məhkəməsinə şikayət vermişdir. Bakı Apelyasiya Məhkəməsi 2(103)-3965/2021 saylı 06.04.2021-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(01)-2289/2021 saylı 28.01.2021ci il tarixli qərardadını ləğv edib, iddianın mümkünlüyü məsələsinə yenidən baxılması üçun işi həmin məhkəməyə qaytarmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi 2(01)-2289/2021 saylı 25.05. 2021-ci il tarixli qərardadı ilə yenə də iddiaçının iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina etmiş və ona həmin məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi ikinci dəfə qərardaddan şikayətə baxılarkən hesab etmişdir ki, qərardad qanuni və əsaslıdır, işə inzibati məhkəmədə baxılmalıdır və 2(1030- 7725/2021 saylı 28 İyul 2021-ci il tarixli qərardadla şikayət təmin edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı mıhkəməyə davət olunsada məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulması, müqavilənin bağlanması və qaz sayağcının quraşdırılması vəzifəsini “Azəriqaz “İB-nin üzərinə qoyulması tələbi barədə Sumqayıt İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir. ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulması, müqavilənin bağlanması və qaz sayağcının quraşdırılması barədə ərizəsi “Azəriqaz “İB-nin X8 İstismarı İdarəsi tərəfindən araşdırılmışdır. Fərdi yaşayış evinin qazlaşdırılması üçün vətəndaş “ASAN xidmət” və ya "ASAN kommunal" mərkəzlərinə müraciət etməli, ərizə formasını doldurmalı və razılaşma protokolu ilə tanış olmalıdır. Fərdi yaşayış evinin ümumi saatlıq qaz tələbatı 10m3-dən yuxarı olduqda eyni zamanda layihənin hazırlanması məqsədilə texniki şərtin verilməsi üçün də (ödənişsizdir) vətəndaş “ASAN xidmət” və ya "ASAN kommunal" mərkəzlərinə müraciət etməlidir. İcraçı tərəfindən qazlaşdırılma mümkünlüyü yerində araşdırılır, işin həcmi müəyyən edilir və vətəndaşla İcraçı (podratçı təşkilat) arasında müqavilə bağlanılır. Müqavilə əsasında vətəndaşın vəsaiti hesabına qazlaşdırılma işləri həyata keçirilir. Qazlaşdırılma işləri tamamlandıqdan, məişət qaz sayğacı quraşdırıldıqdan və istismara qəbul edildikdən sonra qazın alqı-satqısı barədə müqavilə bağlanılır və müvafiq qaydada təbii qazın verilməsi təmin olunur. Paylayıcı küçə qaz xətti olmayan və ya qaz təchizatı mənbəyindən aralı olan yaşayış sahələrindəki fərdi evlərin vətəndaşların öz vəsaiti hesabına qazlaşdırılması üçün vətəndaş ilk növbədə texniki şərti almaq üçün (ödənişsizdir) “Asan Xidmət" mərkəzinə müraciət etməlidir. Texniki şərt əsasında vətəndaşın öz vəsaiti hesabına layihə hazırlanmalı, müvafiq razılaşdırmalardan keçirilməli və icraçı (əlaqə rekvizitləri “ASAN xidmət” və "ASAN kommunal" mərkəzlərindən əldə edilməlidir) tərəfindən küçə qaz xətti çəkilməli, Cavabdeh İB-nin struktur bölməsinin iştirakı ilə istismara qəbul edilməlidir. Küçə qaz xətti istismara qəbul edildikdən sonra fərdi evlərin qazlaşdırılması yuxarıda qeyd olunan qaydada həyata keçirilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, Azəriqaz İstehsalat birliyinin cavabdeh orqan olmadığını, fərdi yaşayış evinin qazlaşdırılması üçün vətəndaşın “ASAN xidmət” və ya "ASAN kommunal" mərkəzlərinə müraciət etməli olduğunu, habelə iddia ərizəsinin geri götürülmüş hesab edilməklə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia geri götürülmüş hesab edilməlidir. Belə ki, iddiaçı 14 mart 2022-ci il və 14 aprel 2022-ci il tarixlərdə məhkəməyə dəvət olunmuşdur. Lakin xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı məhkəmə sərəncamını icra etməmiş, zəruri sənədləri məhkəməyə təqdim etməmiş, məhkəmə iclaslarına gəlməmiş və məhkəmə ilə heç bir əlaqə saxlamamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə iddiaçının müvafiq xəbərdarlıq edilsə də, məhkəmə iclaslarına gəlməməsini və hər hansı vasitələrlə məhkəmə ilə əlaqə saxlamamasını məhkəmə icraatından yayınma kimi qiymətləndirir və iddianın geri götürüldüyü qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X5 şikayətinə dair 08 iyul 2013-cü il tarixli Qərardadı ilə İnzibati-iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericilikdə nəzərdə tutulmamasının, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə müraciət etmək hüququnu istisna etməməsi qərara alınmışdır. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. Həmçinin iddiaçıya izah olunsun ki, iddiaçı fərdi yaşayış evinin qazlaşdırılması üçün “ASAN xidmət” və ya "ASAN kommunal" mərkəzlərinə müraciət edə bilər. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququnun təmin olunması qərara alınmışdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh “Azəriqaz İB-nin üzərinə iddiaçının Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulması, onunla müqavilə bağlanması və sayğac quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması”-na dair iddiası geri götürülmüş hesab edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar