Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-895/2022 12.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Musatafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Abşeron-Xızı regional filialına qarşı “müharibə veteranlığına görə sosial müavinətin 29.01.2016-cı ildən əvvəlki illərin geriyə dövrlərinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Abşeron-Xızı regional filialına qarşı iddia qaldıraraq “müharibə veteranlığına görə sosial müavinətin 29.01.2016-cı ildən əvvəlki illərin geriyə dövrlərinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 29.10.1983-cı il tarixdən 06.11.1985-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı, erməni işğalçılarına qarşı aparılan hərbi əməliyatlarda iştirak etmək üçün könüllü olaraq 05.06.1992-cü il tarixdə Füzuli RHKna müraciət etmiş, onu Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəyə göndərmişlər və 21.09.1995-ci il tarixə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı Müdafiə Nazirliyinin 702№-li hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı aparılan hərbi əməliyatlarda Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 14.09.1995-ci il 0127 nömrəli əmrinə əsasən, 702№-li hərbi hissə komandirinin 21.09.1995-ci il tarixli 264№-li əmri ilə hərbi xidmətdən tərxis edilərək, Füzuli RHK-na qeydiyata düşmək üçün göndərilmişdir. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona, erməni işğalçılarına qarşı Müdafiə Nazirliyinin N №-hərbi hissənin tərkibində döyüşlərdə iştirakına görə, 29.01.2016-cı il tarixdə müharibə veteranı adı və 057650 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. O, 29.01.2016-cı il tarixdən Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional ərazi filialından müharibə veteranları üçün verilən müavinatı alır. Müharibə veteranlığına görə sosial müavinətin 29.01.2016-cı ildən əvvəlki illərin geriyə dövrlərinin ödənişinin ona verilməsi üçün 23.06.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin DSMF-nin 1 saylı Regional Ərazi Filialına rəsmi ərizə ilə müraciət etmişdir. Onun ərizəsinə cavab verilmədiyi üçün 05.08.2021-ci il tarixdə yenidən DSMF-nin 1 saylı Regional Ərazi Filialına gedərək ərizəsinin cavabını özü almışdır. 06.07.2021-ci il tarixdə **********9 №-li yazılmış cavab məktubunda ona əvvəlki illərə görə müharibə veteranlığına görə sosial müavinətin geriyə dövürlərinin ödənilməsindən əsasız olaraq imtina edilmişdir. O, 29.01.2016-cı il tarixdən sosial müavinat alır, bundan əvvəlki illərin geriyə dövrlərinin ödənişinin ona verilməsini ərizəsində xahiş etmişdir. Onuda əlavə edir ki, Azərbaycan Respublikasının Prezidentinin 15.04.2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən, müharibə veteranlarına Azərbaycan Respublikası Prezdentinin təqaüdü təsis edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi fililalına qarşı “müharibə veteranlığına görə ödənilən sosial müavinətin əvvəlki dövrlərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İcraatınızda olan 2-1(112)-9282/2021 nömrəli iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Vətəndaşa veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi qanunvericiliyə ziddir. İddiaçı 29 yanvar 2016cı il tarixində veteran vəsiqəsi verilmişdir. Həmin veteran vəsiqəsi əsasında Fondun müvafiq şöbəsi tərəfindən vətəndaşa veteran statusunu aldığı vaxtdan, yəni 29 yanvar 2016-cı il tarixindən sosial müavinət təyin edilmiş, əvvəlki illər üzrə müavinət ödənilməsindən isə imtina edilmişdir. Belə ki, “Sosial müavinətlər haqqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. 28.06.1994-cü il tarixdən qüvvədə olan “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (02 may 1995-ci il tarixli 1029 nömrəli, 20 iyun 1995-ci il tarixli 1067 nömrəli və 15 noyabr 2001- ci il tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir: “İkinci Dünya müharibəsi ştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir”. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana 11.07.2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir.Qanunvericiliyin müxtəlif normalarında veteranların bu güzəştlərdən istifadə edə bilməsi imkanı veteran vəsiqəsinin alınması anı ilə şərtləndirilmişdir. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Müharibə veteranın adının verilməsi Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən həyata keçirilir. Veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. İşə baxan məhkəmələr “Sosial müavinətlər haqqında” Qanunun 9.1 -ci maddəsində nəzərdə tutulan “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına əsaslanmaqla, həmin müavinətlərin şəxsin müharibə veteranı statusunu aldığı vaxtdan, yəni müvafiq müavinəti almaq hüququnun yarandığı gündən əvvəlki üç il üçün də ödənilməli olmasını qət edirlər ki, bu da sözügedən maddi hüquq normasının məhkəmələr tərəfindən səhv təfsir və tətbiq edilməsinin nəticəsidir. Maddənin dispozisiyasından göründüyü kimi, qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüquqununu yarandığı günlə şərtləndirmişdir. Ona görə də, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki illərə görə sosial müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi konstitusion prinsiplərin pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir. - M/V 057650 saylı, 29.01.2016-cı il tarixli vəsiqədən görünür ki, iddiaçıya 29.01.2016-ci il tarixdən müharibə veteranı vəsiqəsi verilmişdir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin 1 saylı regional ərazi filialının İddiaçı ünvanlanmış 06 iyul 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyil. Belə ki, İddiaçı 29 yanvar 2016-cı il tarixdən müharibə veteranı statusu verilmişdir. Ona müharibə veteranı kimi həmin tarixdən müavinət ödənilmişdir. İddiaçı hal-hazırda ona müharibə veteranları üçün əvvəllər verilən müavinətin 2016-cı ildən əvvəlki üç ilə görə verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə hazırki mübahisənin əsasını iddiaçıya 2016-cı ildən əvvəl, yəni onun müharibə veteranı statusu aldığı vaxtdan əvvəlki üç ilə görə sosial müavinətin ödənilməsi təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Belə ki, iddiaçının ona 2016-cı ildən müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki üç ilə görə müavinətin ödənilməsi ilə bağlı müraciət etdiyi tarixdə artıq “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7ci yarımbəndi ləğv edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Sosial müavinətlər haqqında Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Normanın mənasından göründüyü kimi müavinətlər müarciət edilməzdən əvvəlki üç ilə görə ödənilə bilər. İddiaçı iddia ərizəsində 23.06.2021-ci il tarixdə 29.01.2016-cı il tarixdən əvvəlki illərin ödənişi üçün cavabdehə müraciət etdiyini qeyd etmiş, cavabdeh isə 06.07.2021-ci il tarixli məktub ilə ərizənin təmin edilməsindən imtina etmişdir. Eyni zamanda iddiaçı ona müharibə veteranı olduğuna görə sosial müavinət təyin edilərkən, yəni 29 yanvar 2016-cı ildə həmin ödənişin ona üç il əvvəlki dövrə görə ödənilməsi ilə bağlı cavabdehə müraciət ərizəsini məhkəməyə təqdim etməmişdir. Qanunda isə müraciət edilməzdən əvvəlki üç il dövr üçün sosial müavinətin ödənilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Abşeron-Xızı regional filialına qarşı “müharibə veteranlığına görə sosial müavinətin 29.01.2016-cı ildən əvvəlki illərin geriyə dövrlərinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Abşeron-Xızı regional filialına qarşı “müharibə veteranlığına görə sosial müavinətin 29.01.2016-cı ildən əvvəlki illərin geriyə dövrlərinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-895/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-895/2022
12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver