Məhkəmə qərarları › İş №2-1(118)-895/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-895/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-895/2025 14.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mənzilə dair hüquqların qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mənzilə dair hüquqların qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 yanvar 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş sənədlər:

1. Azərbaycan SSR Quraşdırma və Xüsusi İnşaat İşləri Nazirliyi Qırmızı Əmək Bayrağı orderi “Azərneftkimyaquraşdırma” Tresti Bakı Mexanikləşdirmə İdarəsinin 3 fevral 1987-ci il tarixli, 222 nömrəli köçmə haqqında qeydi («Вселительная записка») ilə yataqxananın 215 nömrəli mənzilə İddiaçı və onun 3 nəfər ailə üzvlərinin köçürülməsinə icazə verilmişdir.

2. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 4 avqust 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən əmlak X3 xüsusi mülkiyyətindədir.

3. 16 sentyabr 2023-cü il tarixli, **********863 və **********864 nömrəli ərizələrdən görünür ki, X5 və X1 rayonu, Xırdalan qəsəbəsi, yataqxana nömrə 1, məhəllə 26, ev 9 ünvanında yerləşən 215 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişdirlər.

4. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti başçısının 13 oktyabr 2023-cü il tarixli, 281 nömrəli sərəncamından görünür ki, Xırdalan şəhəri, 26-cı məhəllə, 9 nömrəli evin 3 otaqlı, ümumi sahəsi 37,62 kv.m olan, 4 (215) nömrəli mənzilin İddiaçı daimi istifadəsinə verilməsi və onun həmin mənzilin kirayəçisi hesab edilməsi, adına maliyyə-şəxsi hesabının açılmasının və müddətsiz (daimi) mənzil kirayə müqaviləsinin bağlanmasının 3 saylı MTİİTS-ə tapşırılması qərara alınmışdır.

5. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin 1 noyabr 2023-cü il tarixli, 21 nömrəli arayışından görünür ki, İddiaçı və onun ailə üzvləri X6, X5 və X2 şəhəri, 26-cı məhəllə, 9 nömrəli evin 4 (215) nömrəli mənzildə yaşayırlar.

6. 3 saylı MİS tərəfindən təsdiq edilmiş Xırdalan şəhəri, 26-cı məhəllə, bina 9, ev 4 ünvanın layihəsi.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 6 fevral 2024-cü il tarixli, 32/332/2-M-0544-8 nömrəli məktubundan görünür ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 9 ünvanında yerləşən 4 (215) saylı mənzilə dair verilmiş Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 281 nomrəli sərəncamının 13 oktyabr 2023-cü il tarixdə verildiyi aşkar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bildirilmişdir ki, müraciət üzrə əlavə olunmuş sənədlərdə göstərilən mənzil ilə faktiki vəziyyət arasında sözügedən mənzilin ümumi sahəsinə münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

8. Abşeron Rayon İcra Hakimiyyətinin 27 mart 2024-cü il tarixli, 5-29/1- 811/2024 nömrəli məktubu ilə aşağıdakı sənədlər göndərilmişdir: - Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti başçısının 13 oktyabr 2023-cü il tarixli, 281 nömrəli sərəncamı (§4); - İddiaçı tərəfindən verilmiş 18 sentyabr 2023-cü il tarixli ərizə; - Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin 18 sentyabr 2023-cü il tarixli, 15 nömrəli arayışından görünür ki, İddiaçı və onun ailə üzvləri X6, X5 və X2 şəhəri, 26-cı məhəllə, 9 nömrəli evin 4 (215) nömrəli mənzildə yaşayırlar; - 3 saylı MİS tərəfindən təsdiq edilmiş Xırdalan şəhəri, 26-cı məhəllə, bina 9, ev 4 ünvanın layihəsi; - Azərbaycan SSR Quraşdırma və Xüsusi İnşaat İşləri Nazirliyi Qırmızı Əmək Bayrağı orderi “Azərneftkimyaquraşdırma” Tresti Bakı Mexanikləşdirmə İdarəsinin 3 fevral 1987-ci il tarixli, 222 nömrəli arayışı (§1); - 16 sentyabr 2023-cü il tarixli, **********863 və **********864 nömrəli ərizələr (§3).

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 5 aprel 2024-cü il tarixli, 32/332/2-4205/24 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 9 ünvanında yerləşən 4 (215) saylı mənzil dövlət reyestrində qeydiyyata alınmadığından hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərin verilməsi mümkün olmamışdır. Qoşma şəklində aşağıdakı sənəd göndərilmişdir: - “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, mənzil 5 mərtəbəli yataqxana tipli binanın 2-ci mərtəbəsində yerləşir. Təqdim edilmiş eskizdə göstərilmiş konfiqurasiyada, 3 otaqlı mənzildir, lakin sahələrində fərq var. Ümumi sahə - 70,9 kv.m, yaşayış sahə - 43,6 kv.m təşkil edir. Təqdim edilmiş eskizdə 3 - otaq sahə 37,62 kv.m göslərilmiş, faktiki 3 – otaq, sahə - 43,6 kv.m təşkil edir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

10. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 9 ünvanında yerləşən iddiaçıya məxsus 4 (215) saylı mənzil mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq, reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi işin hallarına (§1-7) istinad edilərək onunla əsaslandırılmışdır ki, imtina dəqiq əsaslandırılmamışdır, yəni hansı uyğunsuzluq halı dəqiq vurğulanmamışdır. Bundan əlavə bildirilir ki, hal-hazırda ailə tərkibi kimi həmin ünvanda yaşayan digər şəxslər də iddiaçının mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmasına etiraz etməmələri barədə notarial qaydada ərizələr də vermişlər. Həmin ünvanda oxşar mənzillərin sakinlərinin hüquqları daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. Ona görə də, cavabdehin imtinası süründürməçilik xarakteri daşıyır.

12. İddia tələbinin maddi hüquqi əsası kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1, 13.2, 13.3, 13.4, 13.5-ci maddələrinə, “X.Mustafayevanın şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarına, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.2, 33.1, 33.2, 34.1, 73.1-ci maddələrinə istinad olunmuşdur.

13. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

14. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

15. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, imtina məktubunda qeyd edilənlərə əsaslanaraq, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

16. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı - ünvan 6 ünvanında yerləşən 04 (215) saylı mənzilə dair Abşeron Rayon İcra Hakimiyyəti başçısının 281 nömrəli sərəncamının 13 oktyabr 2023-cü il tarixdə verildiyi; - müraciət ərizəsinə əlavə edilmiş sənədlərdə göstərilən mənzil ilə faktiki vəziyyət arasında sözügedən mənzilin ümumi sahəsinə münasibətdə uyğunsuzluq olduğu müəyyən olunmuşdur.

17. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 139-1, 146, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 9, 11.1, 15, 23-cü maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

18. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

21. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

22. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

23. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

24. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

25. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

26. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul

27. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...

29. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: M a d d ə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

M a d d ə 3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət.

M a d d ə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. ... Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir.

M a d d ə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. M a d d ə 10. Mənzil (mənzil-tikinti) kooperativinin mənzilinin kooperativ üzvünün mülkiyyətinə keçməsi üçün pay hüququnun tam ödənilməsi barədə həmin mənzil kooperativinin idarə heyətinin arayışı əsasında texniki inventarlaşdırma orqanı bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş qaydada müvafiq sənəd verir.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; (-) Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (-)

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-)

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”

“Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.”

“Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.”

“Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ...”

“Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ...”

Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)

34. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”

“Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”

c) Məhkəmənin mövqeyi

35. Məhkəmə tərəflərin mövqelərini araşdıraraq və sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.

36. Belə ki, yuxarıda sadalanan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.

37. Hazırkı mübahisə ilə bağlı iddiaçı tərəfin mövqeyinə görə, bna məxsus olan mübahisələndirilən mənzildə öz ailə üzvləri ilə birlikdə yaşayır və onlar mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmasına etiraz etmirlər. Həmçinin, həmin ünvanda digər mənzillərin sakinlərinin hüquqları daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır.

38. Cavabdehin etirazın dəlili ondan ibarətdir ki, mübahisələndirilən mənzilə dair Abşeron Rayon İcra Hakimiyyəti başçısının 281 nömrəli sərəncamı 13 oktyabr 2023-cü il tarixdə verilmişdir və müraciət ərizəsinə əlavə edilmiş sənədlərdə göstərilən mənzil ilə faktiki vəziyyət arasında sözügedən mənzilin ümumi sahəsinə münasibətdə uyğunsuzluq olduğu müəyyən olunmuşdur.

39. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçının və onun ailə üzvlərinin Azərbaycan SSR Quraşdırma və Xüsusi İnşaat İşləri Nazirliyi Qırmızı Əmək Bayrağı orderi “Azərneftkimyaquraşdırma” Tresti Bakı Mexanikləşdirmə İdarəsinin 3 fevral 1987-ci il tarixli, 222 nömrəli sənədi ilə yataqxananın 215 nömrəli mənzilə köçürülməsinə icazə verilmişdir. Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti başçısının 13 oktyabr 2023-cü il tarixli, 281 nömrəli sərəncamı ilə Xırdalan şəhəri, 26-cı məhəllə, 9 nömrəli evin 4 (215) nömrəli mənzil iddiaçının daimi istifadəsinə verilmiş, onun həmin mənzilin kirayəçisi hesab edilərək, adına maliyyə-şəxsi hesabının açılmasının və müddətsiz (daimi) mənzil kirayə müqaviləsinin bağlanması tapşırılmışdır.

40. Qeyd edilmiş sənədlərinin həqiqiliyi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən göndərilmiş sənədlər ilə təsdiq edilmişdir.

41. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də, cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazında bildirdiyi dəlilləri məhkəmə yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.

42. Belə ki, cavabdehin əsas dəlili ondan ibarətdir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 13 oktyabr 2023-cü il tarixdə verilmişdir, yəni qanunvericilikdə nəzərdə tutulmuş 2009-cu il oktyabrın 1-dən sonra qəbul edilmişdir. Bu səbəbdən də daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilmir.

43. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən mənzildə iddiaçı Azərbaycan SSR Quraşdırma və Xüsusi İnşaat İşləri Nazirliyi Qırmızı Əmək Bayrağı orderi “Azərneftkimyaquraşdırma” Tresti Bakı Mexanikləşdirmə İdarəsinin sənədi («Вселительная записка») əsasında ailə üzvləri ilə uzun müddət faktiki yaşayır, mənzil onun sahibliyində və istifadəsindədir. Odur ki, iddiaçı həmin mənzilə dair hüququ Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən deyil, 1987-ci ildə qeyd edilmiş idarənin verilmiş icazəsi ilə yaranmışdır .

44. Eyni zamanda qeyd edilməlidir ki, həmin binada digər mənzilə üzərində başqa şəxsə münasibətdə mülkiyyət hüququnun qeydiyyata alınaraq, müvafiq çıxarış verilmişdir.

45. Hüquqmüəyyənedici sənədlərdə göstərilən mənzil ilə faktiki vəziyyət arasında sözügedən mənzilin ümumi sahəsinə münasibətdə uyğunsuzluğun mövcud olması ilə bağlı məhkəmə aşağıdakıları bildirir.

46. Belə ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi iddia ərizəsi və məhkəmə prosesindəki izahatından da görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 13 oktyabr 2023-cü il tarixli, 281 saylı Sərəncamına istinad edir. Qeyd olunan Sərəncam “Xırdalan şəhəri, 26-cı məhəllə, 9 №li evin 3 otaqlı, ümumi sahəsi 37,62 kv.m olan 4(215) №li mənzil”ə münasibətdə verilmişdir.

47. Bu səbəbdən məhkəmə, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 13 oktyabr 2023-cü il tarixli, 281 saylı Sərəncamını hüquqmüəyyənedici sənəd kimi qəbul etməklə, sənədə müvafiq işi araşdırmışdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş müayinə aktında qeyd olunmuşdur ki, Süm-70,9 kv.m, Syaş=43,6 kv.m, təqdim edilmiş eskizlə 3 otaq S=37,62 kv.m, faktiki 3-otaq S=43,6 kv.m təşkil edir. Göründüyü kimi faktiki yaşayış sahəsi 43,6 kv.m təşkil etmişdir. Müayinə aktında mənzilə dair hər hansı bir mübahisənin olması halı isə qeyd edilməmişdir.

48. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.”

49. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

50. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə “sosial kirayə müqaviləsi” bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının “mülkiyyət”i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir.

51. 1 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsiə əsasən yaşayış sahəsinin icarədarı onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa icarədar və ya mənzil-tikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan icarədar və ya mənziltikinti kooperativinin üzvü, ilə dəyişdirmək ixtiyarına malikdir.

52. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.12-ci bəndinə görə qanuna uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir.

53. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

54. Məhkəmə hesab edir ki, iddiaçının qanuni istifadəsində və sahibliyində olan mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən cavabdeh orqanın imtina etməsi nəticədə iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir.

55. Odur ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 9, mənzil 4 (215) iddiaçının adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

56. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Xırdalan şəhəri, 26-cı məhəllə, ev 9, mənzil 4 (215) üzərində faktiki yaşayış sahəsinə uyğun olaraq İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar