Məhkəmə qərarları › İş №2-1(118)-897/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-897/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-897/2022 19.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən. Şamaxı şəhəri,M.Qəniyev küçəsi ev 18-də yaşayan), İddiaçının nümayəndəsi Vəkil (fərdi fəaliyyət göstərən vəkil, Şamaxı rayonu Məlikçobanı kəndində yaşayan), Cavabdehin nümayəndəsi X2 (Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 47, mənzil 5 üvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı cavabdehin 27 sentyabr 2021-ci il tarixli **********8 saylı imtinasının əsassız hesab edilməsi və iddiaçının 1971-1975-ci illərdə Şamaxı rayon Kürdəmiç kənd “Moskva” kolxozunda və 1975-1977-ci illərdə Astraxanovka kənd “Kommunizm” kolxozunda işlədiyi müddətin sığorta stajına hesablanması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək imtinanın əsassız hesab edilməsi, 1971-1977-ci illərdə Şamaxı rayon Kürdəmic kənd “Moskva” adına kolxozda işlədiyi müddətin sığorta stajına hesablanması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 06.12.2021-ci il tarixli 2-1(112)-11888/2021 saylı qərardadı ilə inzibati işin baxılması üçün ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək DSMF-nin Sosial Ödənşlərin Təyinatı üzrə Mərkəzi filialının 27 sentyabr 2021-ci il tarixli **********8 saylı imtinasının əsassız hesab edilməsi və iddiaçının 1971-1975-ci illərdə Şamaxı rayon Kürdəmiç kənd “Moskva” kolxozunda və 1975-1977-ci illərdə Astraxanovka kənd “Kommunizm” kolxozunda işlədiyi müddətin sığorta stajına hesablanması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1956-cı ildə Şamaxı rayonu Ərçiman kəndində anadan olmuşdur. 8-ci sinifi bitirəndən sonra 1971-ci ilin oktyabr ayında Şamaxı rayonu Kürdəmic kənd “Moskva” kolxozuna kolxozçu qəbul olunmuş və 1977-ci ilin aprel ayına kimi orada işləmiş, sonra hərbi xidmətə getmişdir. Bu illərdə ona əmək kitabçası açılmamışdır. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün sənədlərini DSMFnin 11 saylı Reqional Ərazi İdarəsinə təqdim etmişdir. Ərazi İdarəsi ərizəni baxılmaq üçün DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filiala göndərmişdir. Mərkəzi Filial 27 sentyabr 2021-ci il tarixdə **********8 saylı imtina məktubu ilə ona bildirmişdir ki, təqdim olunmuş X4 rayon Filialının arxiv arayışlarında qeyd olunan dövrlərdə 1971-1977-ci illərdə Şamaxı rayon Kürdəmic kənd “Moskva” adına kolxozda işləməsinə dair qeydlər əmək kitabçasında öz əksini tapmadığından bu illər sığorta stajıma hesablanmamış və bu səbəbdən onun sığorta stajı cəmi 24 il 6 ay, yəni 25 ildən az təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izah etdi ki, təqdim olunan əmək kitabçası və hərbi biletin surətinə əsasən iddiaçının ümumi sığorta stajı 24 il, 6 ay olmaqla tələb olunan 25 il sosial sığorta stajından azdır. Eyni zamanda 01.01.2006-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə 18670,71 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kaapitalından azdır və bu məbləğ əmək pensiyasının minumum məbləğindən (200 manat) az olmayan pensiya təminatı imkan vermir. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. İddiaçı onun pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halını mübahisələndirmir. Yəni, iddiaçı birinci deyil, ikinci halın təsir dairəsinə düşdüyünü iddia edir. İkinci halın təsir dairəsinə düşmək üçün isə iddiaçı ən azı 25 illik sığorta stajına malik olduğunu təsdiqləyən sübutları cavabdehə və məhkəməyə təqdim etməli idi. İddiaçının 1970-1974-cü və 1977-1996-cı illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyqun tədqiq olunmalıdır. Kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə X4 fililanın verdiyi 24.02.2021-ci il tarixli 70 saylı arayışın məlumatları nəzərə alındıqda müəyyən edilir ki, qeyd olunan 4 il üzrə minimum əmək iştirakı norması qeyd edilməmişdir. Tələb olunan illər üzrə əmək iştirakı normasının hər il üçün nə qədər olması arayışda dəqiq olaraq göstərilməmiş və bu hal arayışın mötəbər sübut olması faktını istisna etmişdir. Həmçinin iddiaçının arxiv sənədlərinin təqdim edilməsi məqsədilə X4 fililana **********9 nömrəli 11.11.2021 -ci il tarixli sorğu ilə müraciət olunmuşdur. Təqdim olunan 12.01.2022-ci il tarixli 358/07 nömrəli arxiv arayışında isə minumum adam günü norması qeyd edilmiş, amma 4 il üzrə yerinə yetirilən adam günü qeyd edilməmişdir. Eyni arxiv idarəsi tərəfindən 2 fərqli arxiv arayışı təqdim edilmişdir. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajınının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məblğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. İş materiallarında olan : - İddiaçı məxsus AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1956-ci il təvəllüdlüdür. - X4 filialının 24.02.2021-ci il tarixli 70 saylı arxiv arayışından görünür ki, İddiaçı 1975- 1977-ci illərdə Astraxanovka kənd “Kommunizm” kolxozunda işləmişdir. - X4 filialının 23.02.2021-ci il tarixli 70 saylı arxiv arayışından görünür ki, Şamaxı rayon X5 Aqrar İslahat Komissiyasının 1996-cı ilin dekabr ayından 2002-ci illərin əmək haqqı cədvəlləri və şəxsi hesab kitabları filiala təhvil verilməmişdir. - Dövlət Arxivinin Şamaxı filialının 18.06.2021-ci il tarixli 224 saylı arxiv arayışından görünür ki, İddiaçı 1992-1996-cı illərdə Yeni Astraxanovka sovxozunda işləmiş və əmək haqqı almışdır. - Astraxanovka kolxozu tərəfindən verilmiş 28.12.2002-ci il tarixli arayışdan görünür ki, İddiaçı 1996-2002-ci illlərdə həmin kolxozda işləmiş və əmək haqqı almışdır. - НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. - İddiaçının adına açılmış 25.07.1985-ci il tarixli ИТ № ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 28.12.1979-cu ildə əmək fəaliyyətinə başlamış 20.12.2002-ci il tarixədək müxtəlif işlərdə və vəzifələrdə işləmişdir. - X4 filialı tərəfindən DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialına ünvanlanmış 12.01.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı 1971-1975-ci illərdə “Moskva” və 1975-1977-ci illərdə Kommunizm” kolxozlarında şlədiyi əmək haqlarının arxiv arayışları təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən X4 filialı tərəfindən verilmiş 31.03.2022-ci il tarixli 98/40 saylı cavab məktubundan görünür ki,İddiaçı 1971-1975-ci illərdə Şamaxı rayon Kürdəmiç kənd Moskva kolxozunda və 1975-1977-ci illərdə Astraxanovka kənd “Kommunizm” kolxozunda işləyib aldığı əmək günü və adam günləri məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun (01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya 25 il sosial sığorta stajı tələb olunur. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarına 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi); ümumi iş stajını təsdiq edən sənədləri; əlilliyə görə pensiya növü üzrə isə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər, Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyi (sağlamlıq imkanlarının məhdudluğu) təsdiq edən müayinə aktından çıxarış və s. sənədlər təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-cı il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 -ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən ış stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 3-cü bəndinə uyğun olaraq iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən is vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının 24 il 6 ay sosial sığorta stajına malik olması mübahisəsiz qəbul edilir. Tərəflər arasında mübahisə 1971-1975 və 1976-1977-ci illərdə işlədiyi dövrlə bağlıdır. Bununla bağlı məhkəmə sorğusuna X4 filialından alınmış arxiv arayışlarından görünür ki, İddiaçı 1971-1975-ci illərdə Şamaxı rayonu Kürdəmic kənd “Moskva” kolxozuunda və 1976-1977-ci illərdə Astraxanovka kənd “Kommunizm” kolxozunda şləmiş və əmək haqqı almışdır. Arxiv arayışında il ərzində minimum əmək günü normasının 180 gün olması, iddiaçının 1971-ci il üçün 62, 1972-ci il üçün 381, 1973-cü il üçün 456, 1974-cü ildə 357, 1975-ci ildə 278, 1976-cı ildə 312 olmuş, 1977-ci il üçün adam günü norması qeyd edilməsə də əmək haqqı alması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olduğundan onun 15 yaşı 03.06.1971-ci il tarixdə tamam olmuşdur. Bununla bağlı və əmək günü tələb olunan 180 günlük normadan az olduğundan məhkəmə hesab edir ki, onun 1971-ci ildə işlədiyi dövr sosial sığorta stajına daxil edilmməlidir. Bundan sonra işlədiyi və əmək haqqı aldığı 1972- 1977-ci illər onun minimum əmək iştirakı normasına görə faktiki müddət nəzərə alınmaqla hesablanaraq sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı İddiaçı 25 ildən yuxarı sosil sığorta stajına malik olması və bununla da yaşa görə əmək pensiyası almaq hüququnun yaranması sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 27 sentyabr 2021-ci il tarixli **********8 saylı imtina məktubu əsassız hesab edilsin. İddiaçı 1972-1975-ci illərdə Şamaxı rayon Kürdəmiç kənd “Moskva” kolxozunda və 1975-1977-ci illərdə Astraxanovka kənd “Kommunizm” kolxozunda işlədiyi müddətin kolxoz tərəfindən müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki işlənmiş müddət nəzərə alınmaqla sosial sığorta stajına hesablanması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar