Məhkəmə qərarları › İş №2-1(118)-898/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-898/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-898/2021 25.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis şöbəsinə qarşı “xüsusi mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 12-də yerləşən 75 saylı mənzildən 3-cü şəxs X2 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis şöbəsinə qarşı “xüsusi mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 12-də yerləşən 75 saylı mənzildən 3-cü şəxs X2 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia qaldıraraq Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı X1 məxsus mənzildən pasport qeydiyyatından çıxarılması üçün Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Həmin İdarənin 17 fevral 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 12-də yerləşən 75 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə 13 may 2017-ci il tarixdən ona məxsusdur. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən ona Hüquqların dövlət qeydiyyatı haqqında Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Həmin mənzildə o, ailə üzvləri ilə birlikdə rəsmi pasport qeydiyyatında olmaqla, yaşayır. Lakin ailə üzvlərindən başqa ona məxsus mənzildə X3 da rəsmi pasport qeydiyyatındadır. Vinoqradova Alla 1988-ci ildən hal-hazıradək həmin ünvanda yaşamır, onun daimi və faktiki yaşayış yeri Bakı şəhəri, Nizami rayonu, Naxçıvani küçəsi, ev 21, mənzil 23-dür. O, həyat yoldaşı və iki oğlu ilə birlikdə qeyd olunan mənzildə yaşayır. İddiaçı Vinoqradova Allaya könüllü qaydada qeydiyyatdan çıxmağı təklif etsə də, nəticəsi olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə məhkəmədən kənar şəkildə, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 12-də yerləşən 75 saylı mənzildə qeydiyyatda qalmış X2 qeydiyyatdan çıxarılması barədə rəsmi müraciət etsə də, cavabdeh ərizəsinə imtina cavabı vermiş və bildirmişdir ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən, vətəndaş yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında çıxarıla bilər. Tələbi üzrə cavabdehin imtinası əsassız hesab edilməli, 1988-ci ildən hal-hazıradək ona məxsus mənzildə yaşamayan və heç bir əmlak hüququ olmayan, pasport qeydiyyatında qalmış 3-cü şəxs X3 pasport qeydiyyatından çıxarılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxarıla bilər. Cavabdehin nümayəndəsi işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına dəvət olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan keçirilmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı, 13 may 2017-ci il tarixli Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3, 75 saylı mənzil İddiaçı məxsusdur. İşdə olan 1 saylı Mənzil Təsərrüfatı İstehsalat Təmir sahəsinin 03 mart 2021-ci il tarixli, 06 saylı arayışından (forma 2) görünür ki, ünvan 3, 75 saylı mənzil İddiaçı mülkiyyətindədir. Qeyd edilən mənzildə İddiaçı və onun övladları ilə yanaşı X3 da həmin mənzildə qeydiyyatdadır. İş materiallarında olan 1 saylı Mənzil Təsərrüfatı İstehsalat Təmir sahəsi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli arayışdan görünür ki, X3 Xırdalan şəhəri, 28-ci məhəllə ev 12, mənzil 75-də qeydiyyatdadır, lakin orada yaşamır. İş materiallarına əlavə edilmiş Abşeron rayon Polis İdarəsinin İddiaçı ünvanladığı 17.02.2021-ci il tarixli, 128-9799M saylı məktubu ilə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının X1 məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı müraciəti təmin edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 3, mənzil 75 RX seriyalı ******* saylı, 13 may 2017-ci il tarixli Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı məxsusdur. 1 saylı Mənzil Təsərrüfatı İstehsalat Təmir sahəsinin 03 mart 2021-ci il tarixli, 06 saylı arayışında həmin mənzildə iddiaçı və onun övladları ilə yanaşı X2 da qeydiyyatda olduğu qeyd olunmuşdur. İddiaçı ona məxsus mənzildən X2 qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 17.02.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş materialları ilə müəyyən olunur ki, sözügedən mənzilə dair bundan əvvəldə məhkəmə mübahisələri olmuşdur. Belə ki, hazırki iş üzrə üçüncü şəxs X3 İddiaçı qarşı mirasın qəbul edilməsinə dair müddətin bərpa edilməsi, qanun üzrə vərəsəlik hüququnun tanınması və payların müəyyən edilməsi” nə dair Abşeron rayon Məhkəməsində iddia qaldırmışdır. Eyni zamanda qeyd olunan iş üzrə İddiaçı da ona qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli, 2(012)-20/2015 saylı qətnaməsi ilə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək ünvan 3 ünvanında yerləşən 75 saylı mənzilin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilmə faktının müəyyən edilməsi və həmin əmlak üzərində İddiaçı mülkiyyət hüququ tanınmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qərara alınmışdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda adı qeyd olunan məhkəmə qətnaməsi ilə sözügedən mənzil üzərində iddiaçının mülkiyyət hüququ tanınsa da lakin üçüncü şəxsin həmin əmlak üzərində vərəsəlik hüququ tanınmamış və onun həmin əmlak üzərində payı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prsoessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prsoessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə üçüncü şəxsin sözügedən əmlaka hər hansı hüququnun olmadığı müəyyən edilmiş, həmçinin o faktiki olaraq həmin mənzildə yaşamır. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan və həmin mənzildə yaşamayan şəxsin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müracitəinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxs iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2 Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 12-də yerləşən 75 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. X2 Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 12-də yerləşən 75 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar