Məhkəmə qərarları › İş №2-1(118)-899/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-899/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-899/2022 05.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə 21.10.2021-ci il tarixdə göndərdiyi Teleqrama qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin cavabdehin qanun pozuntusu kimi tanınması, həmin teleqrama cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişinə görə ödənilmiş 5,10 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə 21.10.2021-ci il tarixdə göndərdiyi Teleqrama qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin cavabdehin qanun pozuntusu kimi tanınması, həmin teleqrama cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişinə görə ödənilmiş 5,10 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması”nı məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli cənab Sahil Babayevə 21.10.2021-ci il tarixdə Teleqram göndərmişdir və ********** №-li göndərişə görə Azərpoçt MMC-nin ********* Məxaric qəbzinə əsasən 5,10 manat pul ödəmişdir. Lakin, bu günə kimi cavab verilməmişdir. Həmin teleqramda yazılmışdır: “Yenidən dövlət xəstəxanasında müayinə və müalicə almışam və göndəriş rəsmiləşdirilmişdir. 63 yaşın içindəyəm. 30 ildir infeksion-allerqik astmadan əziyyət çəkirəm və son 18 ildir əlillik qərarlarla təsdiq edilmişdir. X2 araşdırma nəticələrinə görə astmadan sağaltmaq mümkün deyildir. Xahiş edirəm əlilliyimin qiymətləndirilməsinə dair qərarın alınmasında köməklik edəsiniz.” İddiaçı vəsatətlə müraciət etmişdir ki, cavabdeh təşkilatdan X3 Qeydiyyatı Kitabı məhkəmə baxışına tələb edilsin, müraciətinin kitabda qeydə alınması vərəqinin möhürlə təsdiqlənmiş surəti (işə tikilməsi üçün) məhkəməyə təqdim edilsin. Əgər elektron qaydada qeydiyyat aparılırsa, belə olan halda müraciətin qeydə alınmasını göstərən kağız daşıyıcısında çapa verilmiş vərəqinin əsas möhürlə təsdiqlənmiş vəziyyətdə 2 nüsxəsi məhkəmə baxışına təqdim edilsin, bunlardan biri məhkəmə işinə tikilməsi üçün və bir nüsxəsi məlumat üçün ona təqdim edilsin. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 05 may 2022-ci il tarixli məhkəmə iclasında tərəflər iştirak etməmiş, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının tələbi ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə 21.10.2021-ci il tarixdə göndərdiyi Teleqrama qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsi cavabdehin qanun pozuntusu kimi tanınsın, həmin teleqrama cavab verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun və poçt göndərişinə görə ödənilmiş 5,10 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulsun. Məhkəmə qeyd edir ki, iddiaçının qaldırdığı iddia Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia növləri arasında mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Göründüyü kimi , inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsində iddiaçının qaldırdığı iddia növü müəyyən edilməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, cavabdeh inzibati orqana müraciət nəzərə alınaraq hazırkı iddia öhdəliyin icrası kimi qəbul edilsə bilə, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün hesab edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi inzibati icraat çərçivəsində etdikləri müraciətlərə aid edildiyi üçün ayrıca iddia predmeti olmamalı və mümkün hesab edilməməlidir. “Vətəndaşların müraciətləri” haqqında Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildiki İddiaçı əlilliyin müəyyən olunması ilə bağlı əsas tələbi olmuş və bu tələblə bağlı inzibati orqana çoxsaylı müraciətləri olmuş və bu müraciətlərlə bağlı məhkəmədə çoxsaylı iddialar qaldırmışdır. Araşdırma zamanı müəyyən edildiki, məhkəmənin icraatında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik təyinatından imtina barədə cavabdehin 19.10.2021-ci il tarixli qərarının ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması”na dair iş olmuş, Məhkəmənin 2-1(118)-463/2022 saylı, 07.02.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilmiş, iş hazırda Sumqayıt Apelyasiya Məhkəməsinin icraatındadır. Göründüyü kimi iddiaçının əsas tələbi olan əlillik dərəcəsinin təyin olunması ilə bağlı iddia tələbi məhkəmə tərəfindən təmin olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar