Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-899/2024 28.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona, Abşeron rayon Saray bələdiyyəsinin 26 sentyabr 2007-ci il tarixli 18 saylı Qərarına əsasən fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, Abşeron rayon Saray bələdiyyəsinin 26 sentyabr 2007-ci il tarixli 18 saylı Qərarına əsasən fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 14 iyun 2023-ci il tarixli, 3-21-3-32/2-Ş-0035-8 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən və sahəsi 0,06 ha olan torpaq sahəsi Abşeron rayon Saray Bələdiyyəsinin 26 sentyabr 2007ci il tarixli 18 saylı Qərarına əsasən fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçıya ayrılmış və həmin torpaq sahəsinin dəyəri tərəfindən bələdiyyənin hesabına mədaxil olunaraq torpaq sahəsinin təhkim aktı tərtib olunaraq bu sahə müvafiq koordinatlar çərçivəsində təhvil verilmişdir. Torpaq sahəsinin ayrılması barədə xx.xx.2007-ci il tarixli sənəd Abşeron rayon Baş Memarı, Abşeron rayon DTXK-si və Abşeron rayon Bələdiyyəsi tərəfindən hazırlanmaqla imza və möhürlə təsdiq olunmuşdur. Torpaq sahəsi X1 planına da daxil edilmişdir. 16 ildən artıq istifadəsində olan və qanuni əsaslarla ona ayrılmış bu torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh xx.xx.2023cü il tarixli imtina məktubunda bir sıra səbəblər – iddiaçı ilə bələdiyyə arasında alqı- satqı müqaviləsinin olmaması, bir sıra orqanlardan torpaq sahəsinin ayrılması barədə razılıqların ərizəyə əlavə edilmədiyini və s gətirməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin bu imtinasının heç bir hüquqi əsası yoxdur, belə ki qeyd edilən torpaq sahəsinin fərdi yaşayış evi tikintisi məqsədi ilə ayrılması barədə qərar qüvvədədir, ləğv edilməmişdir. Həmin torpaq sahəsinin koordinatları ərazinin baş planına da salınmış və dəqiq koordinatları müəyyən olunmaqla iddiaçıya bu barədə ayrıc aktı da verilmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına əsas verən yetərincə sənədlərin olmasına baxmayaraq cavabdeh təşkilat əsassız səbəb gəlirməklə bundan imtina etmişdir. Mıhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh etirazında qeyd edir ki, aparılan araşdırma zamanı: Saray Bələdiyyəsi tərəfindən İddiaçı 0.06 ha torpaq sahəsinin 26 sentyabr 2007-ci il tarixində, 18 nömrəli qərarla ayrıldığı halda, alqı- satqı aktı, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəylərinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; Müraciət üzrə əlavə edilmiş Abşeron Rayonu X1 planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi; Torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə bələdiyyənin ehtiyat fondunun torpaqlarına aid edildiyi; Abşeron Rayonu Saray Bələdiyyəsinin sözügedən qərarında hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Belə ki, qərarda hüquq sahibi “X3” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə müvafiq olaraq “X4” kimi qeyd olunduğu aşkar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitamı dövlət qeydiyyatına alınmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub- olmaması müəyyən edilir. Həmin Qanunun 8-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu qanun qüvvəyə minənədək müvafiq İcra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-cİ bəndinin 4- cü cümləsinə əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpaqın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyqun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Əsasnamənin 19-cu bəndinə əsasən, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyqun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500,1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin verdə müəyyən edilməsi, onların planı və ölçüsünün tərtib edilməsi, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayon Saray bələdiyyəsinin 26 sentyabr 2007-ci il tarixli 18 saylı Qərarına əsasən fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı: Saray Bələdiyyəsi tərəfindən İddiaçı 0.06 ha torpaq sahəsinin 26 sentyabr 2007-ci il tarixində, 18 nömrəli qərarla ayrıldığı halda, alqı- satqı aktı, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəylərinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; Müraciət üzrə əlavə edilmiş Abşeron Rayonu X1 planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi; Torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə bələdiyyənin ehtiyat fondunun torpaqlarına aid edildiyi; Abşeron Rayonu Saray Bələdiyyəsinin sözügedən qərarında hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Belə ki, qərarda hüquq sahibi “X3” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə müvafiq olaraq “X4” kimi qeyd olunduğu aşkar edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, Abşeron rayon Saray bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 18 saylı Qərarı ilə iddiaçıya 0.06 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə araşdırması zamanı Abşeron rayon Saray bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 18 saylı Qərarının təsdiq edilmiş surəti Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilmişdir. Abşeron rayon X1 planından çıxarış iş materiallarına əlavə edilmişdir. Məhkəmə araşdırması zamanı torpaq sahəsinin müayinə aktı və ortofoto baza xəritəsindən çıxarış məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdə torpaq sahəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlara uyğun olduğu qeyd edilmişdir. Belə ki, torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Torpaq sahəsinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, iddiaçıya verilən sənədlər mübahisələndirilməmişdir. Cavabdeh həmçinin qeyd edir ki, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyi təqdim olunmuş sənədlər toplusuna əlavə edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Cavabdeh həmçinin qeyd edir ki, Abşeron Rayonu X1 planından çıxarış qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənməmişdir. Cavabdehin bu mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən müayinə aktı və ortofoto baza xəritəsindən çıxarış məhkəməyə təqdim edilmişdir. İddianın təmin edilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilməmişdir. Cavabdeh həmçinin qeyd edir ki, torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə bələdiyyənin ehtiyat fondunun torpaqlarına aid edildiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçıya ayrılmış torpaq sahəsinin ətrafında olan, dövlət qeydiyyatına alınmış bitişik torpaq sahələrinə dair bütün hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, torpaq sahələrinin təyinatı yaşayış məntəqələri torpaqlarına aiddir. Göründüyü kimi iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazi yaşayış yerləri kimi məskunlaşmış, ətrafdakı torpaqlar yaşayış məntəqələri torpağı kimi dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə cavabdeh qeyd edir ki, Abşeron Rayonu Saray Bələdiyyəsinin sözügedən qərarında hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Belə ki, qərarda hüquq sahibi “X3” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə müvafiq olaraq “X4” kimi qeyd olunduğu aşkar edilmişdir. Lakin məhkəmə hesab edir ki, qeyd edilmiş texniki səhv iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Həmin sənədlərin iddiaçıya məxsus olması şübhə dogurmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar mövcud deyil, inzibati orqanın imtinası əsaslı hesab edilə bilməz, inzibati orqanın qeyd etdiyi əsaslar iddiaçının hüquqları məhdudlaşdırmamalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayon Saray bələdiyyəsinin 26 sentyabr 2007-ci il tarixli 18 saylı Qərarına əsasən fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-899/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-899/2024
28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver