Məhkəmə qərarları › İş №2-1(118)-899/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-899/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-899/2025 20.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh YYYna qarşı iş üzrə (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh YYYna qarşı “52 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələblərinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. İddiaçı məxsus НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”.

2. БТ seriyalı, 602051 nömrəli diplomnan görünür ki, İddiaçı 1975-ci ildə Sumqyaıt Politexnik texnikumuna daxil olmuş və 1979-cu ildə Sumqyaıt Politexnik texnikumunun “metalların kəsmə ilə emalı” ixtisası üzrə tam kursu bitirmişdir.

3. İddiaçı məxsus 6 mart 1978-ci il tarixli, AT-l seriyalı, ******* nömrəli “Əmək kitabçası”.

4. Azərbaycan Respublikası AZE seriyalı, ******** nömrəli “Vətəndaşın şəxsiyyət vəsiqəsi”ndən görünür ki, İddiaçı xx xxxx 1960-cı il tarixdə doğulmuşdur.

5. Azərbaycan Respublikası “Sumqayıt-Tikinti-Serbis” ATSC-nin 20 aprel 2012-ci il tarixli, 21 nömrəli arayışından görünür ki, X1 “Azərəlvanmetaltəmirtikinti” tresti Sumqayıt İxtisaslaşdırılmış Təmir-Tİkinti İdarəsində 18 iyul 1985-ci il tarixdən (Əmr №88-k, 17 iyul 1985-ci il) 28 iyun 1996-cı il tarixə qədər (Əmr №51-k, 27 iyun 1996-cı il) SAZ-nun (Sumqayıt Alüminium zavodunun) elektroliz vannalarının təmiri üzrə quraşdırıcı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə qeyd edilən peşə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısına aiddir. Bölmə Vll. Metallurgiya istehsalatı (əlvan metallar). Yarımbölmə 10. Peşənin şifri 1071200a-14568. İş cəbhəsinin olmaması ilə əlaqədar olaraq İddiaçı 27 iyun 1996-ci il tarixli, 51-k saylı əmrə əsasən 28 iyun 1996-cı il traixdən 4 aprel 2001-ci il tarixə qədər ödənişsiz məzuniyyətdə olmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 29 iyul 1998-ci il tarixli, 987 saylı sərəncamı ilə Sumqayıt İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsi “Sumqayıt-Tikinti-Servis” ATSC-nə çevrilmişdir.

6. "xxxx" ASC-nin 6 dekabr 2023-cü il tarixli, 33 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Əsgər oğlu (xx xxxx 1960-cı il doğum tarixli) Sumqayıt Superfosfat zavodunda 14 aprel 1983-cü il tarixdən (295-k nömrəli, 12 aprel 1983-cü il tarixli işə qəbul Əmri ) 1 iyul 1985-ci il tarixə kimi Mexaniki Təmir Sexində (Sadə Superfosfat sexi (SSS), Dənəvər Superlosfat sexi (DSS) Ftor Aluminium sexi (FAS) və 01,02 saylı Sulfat Turşusu sexlərində, STS) aparatların və avadanlıqların texnoloji proseslərin normal işləməsi üzrə təmiryi çilingər vəzifəsində (1 iyul 1985-ci il tarixli, 568-k nömrəli işdən çıxma Əmri - Azərbaycan SSR ƏMnin 37-ci maddəsi) işləmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 241 nömrəli, 27 noyabr 2001-ci il tarixli Sərəncamına əsasən Sumqayıt Superfosfat zavodu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.

7. "xxxx" ASC-nin 6 dekabr 2023-cü il tarixli, 34 nömrəli arayışından görünür ki, X3 14 aprel 1983-cü il tarixdən 30 noyabr 1984-cü il tarixədək Kimya Sənayesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 №li Siyahının Vİİİ bölməsinin 1 №li bəndində göstərilmiş istehsalatlara uyğun olaraq, kod 3110A010 Mexaniki təmir sexində texnoloji sexlər üzrə təmirçi çilingər vəzifəsində işləmişdir.

8. Azərbaycan Respublikası “Sumqayıt-Tikinti-Serbis” ATSC-nin 23 yanvar 2024-cü il tarixli, 01 nömrəli arayışından görünür ki, İddiaçı Əsgər oğlu keçmiş “Azərəlvanmetaltəmirtikinti” trestinin Sumqayıt İxtisaslaşdırılmış Təmir-Tikinti idarəsində 18 iyul 1985-ci il tarixdən (Əmr №88-k, 17 iyul 1985-ci il) 28 iyun 1996-cı il tarixə qədər (Əmr №51-k 27 iyun 1996-cı il) SAZ-nun (Sumqayıt Alüminium zavodunun) elektroliz vannalarının təmiri üzrə quraşdırıcı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə qeyd edilən peşə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısına aiddir. Bölmə Vİİ. Metallurgiya istehsalatı (əlvan metallar). Yarımbölmə 10. Peşənin şifri 1071200a- 14568. İş cəbhəsinin olmaması ilə əlaqədar olaraq, İddiaçı 27 iyun 1996-cı il tarixli, 51-k №li əmrə əsasən 28 iyun 1996-cı il tarixdən 4 aprel 2001-ci il tarixə qədər ödənişsiz məzuniyyətdə olmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 29 iyul 1998-ci il tarixli, 987 saylı sərəncamı ilə Sumqayıt İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsi “Sumqayıt Tikinti Servis” ATSC-nə çevrilmişdir.

9. YYY tərəfindən İddiaçı göndərilmiş 12 yanvar 2024-cü il tarixli, 3-17-1/2-N- 5876/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən “Sumqayıt Tikinti-Servis” ATSC-nin 20 aprel 2012-ci il tarixli, 21 nömrəli arayışında 18 iyul 1985-ci il – 28 iyun 1996-cı il tarixləri arasındakı dövr ərzində Sumqayıt ixtisaslaşdırılmış Təmir Tikinti idarəsində elektroliz vannaların təmiri üzrə quraşdırıcı peşəsində işlədiyi qeyd olunmuşdur, işlədiyi Sumqayıt ixtisaslaşdırılmış Təmir Tikinti İdarəsinin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən qanunvericiliklə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan metallurgiya istehsalatı (əlvan metallar) sahəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (1 il 7 ay 16 gün (14 aprel 1983-cü il – 30 noyabr 1984-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

Cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

10. БТ seriyalı, 602051 nömrəli diplom (§2).

11. İddiaçı məxsus НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”.

12. "xxxx" ASC-nin 6 dekabr 2023-cü il tarixli, 33, 34 nömrəli arxiv arayışları (§6-7).

13. Azərbaycan Respublikası “Sumqayıt-Tikinti-Serbis” ATSC-nin 20 aprel 2012-ci il tarixli, 21 nömrəli arayışı (§5).

14. İddiaçı məxsus 6 mart 1978-ci il tarixli, AT-l seriyalı, ******* nömrəli “Əmək kitabçası”.

15. YYY tərəfindən İddiaçı göndərilmiş 12 yanvar 2024-cü il tarixli, 3-17-1/2-N- 5876/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubu (§9).

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

16. “Sumqayıt-Tikinti-Serbis” ATSC-nin 14 avqust 2024-cü il tarixli, 08 nömrəli arayışından görünür ki, İddiaçı 18 iyul 1985-ci il tarixdən 28 iyun 1996-cı ilə qədər Sumqayıt Alüminium zavodunun vannalarının təmiri üzrə quraşdırıcı peşəsində işləmişdir. Sumqayıt Alüminium zavodunun (SAZ) ərazisində bütün təmir işlərini Sumqayıt İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi (Sumqayıt İTTİ-si) yerinə yetirmişdir, o cümlədən elektroliz vannalarının təmiri. Sumqayıt İTTİ-si SAZ-nun elektroliz vannalarının təmir işlərini apardığına görə həmin sahədə işləyən fəhlələrin, quraşdırıcıların işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə tənzimlənir. Həmin dövrdən SAZ-nun ərazisində iş fəaliyyəti dayanana qədər Sumqayıt İTTİ-nin SAZ-nun ərazisində işləmiş fəhlələrin, quraşdırıcılarən da əmək pensiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə tənzimlənir. Zərərli əmək şəraitində işlədiklərinə görə SAZ-nun işçilərinə tətbiq edilən bütün güzəştlər Sumqayıt İTTİ-nin işçilərinə də şamil edilirdi. Belə ki, zərərli əmək şəraitində 6 saatlıq iş günü rejimində işləyirdilər, xüsusi qida vasitəsi olan südlə, xüsusi geyim vasitələrindən qoruyucu eynəklər, kaska, qoruyucu nəfəsliklərlə və s. təmin edilirdilər. Bundan əlavə, İddiaçı Sumqayıt İxtisaslaşdırılmış Təmi Tikinti İdarəsində 18 iyul 1985-ci il tarixdən 28 iyun 1996-cı il tarixə qədər işlədiyi dövr üçün əmək haqqı cədvəlləri təqdim edilmişdir.

17. YYYnın 14 avqust 2024-cü il tarixli, 3-17-1/2-193657/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi “Sumqayıt Tikinti-Servis” ATSC-nin ona dair 20 aprel 2012-ci il tarixli, 21 nömrəli arayışında 18 iyul 1985-ci il – 28 iyun 1996-cı il tarixləri arasındakı dövr ərzində Sumqayıt İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində elektroliz vannaların təmiri üzrə quraşdırıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulmamışdır. Adıçəkilən şəxsin işlədiyi Sumqayıt ixtisaslaşdırılmış Təmir Tikinti idarəsinin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan metallurgiya istehsalatı (əlvan metallar) sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (1 il 7 ay 16 gün (14 aprel 1983-cü il – 30 noyabr 1984-cü il tarixləri arasındakı dövr)) təşkil edir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

18. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh YYYna (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 iyun 2012-ci il tarixdən (52 yaşdan) yaşa görə güzətli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

19. İddia tələbinin dəlilləri işin hallarına (§1-9) istinad edilməklə onunla əsaslandırılmışdır ki, təqdim edilmiş arayışlara əsasən iddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə hüquq verən peşələrdə çalışmışdır. Buna baxmayaraq, cavabdeh güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən əsassız olaraq imtina etmişdir.

20. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 60, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2, 21.1, 31.1, 31.2, 37.7-ci maddələrinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3, 3.1, 3.2-ci bəndlərinə, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.2, 12.1, 33.1. 33.2, 36.1, 58.7, 68.2, 73.1-ci maddələrinə istinad olunmuşdur.

21. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

22. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

23. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

24. Etirazın əsasları: Mərkəzi Filiala təqdim edilmiş “Sumqayıt Tikinti-Servis” ATSC-nin iddiaçıya dair 20 aprel 2012-ci il tarixli, 21 nömrəli arayışında iddiaçının 18 iyul 1985-ci il – 28 iyun 1996-cı il tarixləri arasındakı dövr ərzində Sumqayıt İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində elektroliz vannaların təmiri üzrə quraşdırıcı peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi Sumqayıt İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan metallurgiya istehsalatı (əlvan metallar) sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (1 il 7 ay 16 gün (14 aprel 1983-cü il – 30 noyabr 1984-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Həmçinin iddia tələbinin birdəfəlik ödəmə hissəsi ilə bağlı bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” qanunda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır.

25. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7, 9.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”na, Azərbaycan Respublikası Ali Məhkəməsinin icmal məktubuna, prosessual hüquqi əsası kimi İPM-in 47.2-ci maddəsinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.

27. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə (§24) əsaslanaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

29. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

30. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

31. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

32. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, etirazın dəlilləri ilə razılaşmadığını, iddianın təmin edilməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

33. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

34. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

35. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

36. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

37. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

38. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

M a d d ə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

M a d d ə 1. Əsas anlayışlar (-) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. (-)

M a d d ə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. (-)

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydaları

“4. Sosial sığorta stajının hesablanması

4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: ...

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; …”

41. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. ...

“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri

Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası

İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

42. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarı

1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

43. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ...

44. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

45. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

46. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.

47. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 1 yanvar 2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının1 yanvar 2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (1 nömrəli siyahı üzrə) mövcud olması.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.

49. İş materialına iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir.

50. Hazırkı inzibati iş üzrə iddiaçı təqdim edilmiş arayışlara əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə hüquq verən peşələrdə çalışdığını bildirmiş, 22 iyun 2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

51. Cavabdehin etirazı isə ondan ibarətdir ki, “Sumqayıt Tikinti-Servis” ATSC-nin 20 aprel 2012-ci il tarixli, 21 nömrəli arayışında iddiaçının 18 iyul 1985-ci il – 28 iyun 1996-cı il tarixləri arasındakı dövr ərzində Sumqayıt İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində işlədiyi elektroliz vannaların təmiri üzrə quraşdırıcı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə aid deyil.

52. Beləliklə, hazırkı işdə cavabdeh tərəfindən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki şərtlərdən iddiaçının 1 yanvar 2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (1 nömrəli siyahı üzrə) mövcud olması mübahisələndirilir, iddiaçının ümumi 25 il iş stajının olması işin mübahisəsiz halıdır.

53. İPM-in: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir.

54. Nəzərə alınmalıdır ki, çəkişməli məhkəmə hüququ prinsip etibarilə mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Məhkəmənin özü çəkişmə prinsipinə riayət etməlidir (Clinique des Acacias və digərləri Fransaya qarşı, § 38; Andret və digərləri Fransaya qarşı (qərardad).

55. Məhkəmə etirazın dəlili çərçivəsində araşdırma apararaq iddiaçının 18 iyul 1985-ci il tarixdən 28 iyun 1996-cı il tarixədək olan dövr ilə bağlı məhkəmə bildirir ki, məhkəmənin sorğusuna cavab olaraq “Sumqayıt-Tikinti-Serbis” ATSC tərəfindən təqdim edilmiş arayışından müəyyən edilir ki, iddiaçı həqiqətən qeyd edilən dövrdə Sumqayıt İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsində Sumqayıt Alüminium zavodunun elektroliz vannalarının təmiri üzrə quraşdırıcı peşəsində işləmişdir və iddiaçıya verilmiş arayışların həqiqiliyi təsdiq edilmişdir.

56. Həmin arayışda qeyd edildiyi kimi və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə qeyd edilən “peşə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda mövcuddur (kod: 1071200a—14568).

57. Göründüyü kimi, etirazda qeyd ediln dəlil məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

58. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazını yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.

59. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

60. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

61. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddia əsaslı olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında qərar qəbul edilməsi öhdəliyi cavabdehlərə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

62. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 22 iyun 2012-ci il tarixdən (52 yaşdan) yaşa görə güzətli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (26 dekabr 2023-cü il) əvvəlki üç il üçün, yəni 26 dekabr 2020-ci il tarixdən hesablayaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar