Məhkəmə qərarları › İş №2-1(118)-9/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-9/2020

28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-9/2020 28.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının vəkili X2 (Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili) iştirakı ilə, İddiaçı cavabdeh xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx Dövlət Agentliyinə qarşı mülkiyyətində olan 858.57 kv m torpaq sahəsinin zəbt edilməsinə görə 90000 manat kompensasiyanın, meyvə ağaclarının məhv edilməsinə görə 5000 manatın və əldən çıxmış faydaya görə 20000 manat məbləğində pulun, əmlakın bazar dəyərinin 20 % həcmində əlavə vəsaitin cabadehdən tutularaq ödənilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh “xxxxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsinə görə kompensasiyanın və əldən çıxmış faydanın hesablanaraq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mülkiyyətində olan 858.57 kv m torpaq sahəsinin zəbt edilməsinə görə 90000 manat kompensasiyanın, meyvə ağaclarının məhv edilməsinə görə 5000 manatın və əldən çıxmış faydaya görə 20000 manat məbləğində pulun, həmçinin əmlakın bazar dəyərinin 20 % həcmində əlavə vəsaitin cavabdehdən tutularaq ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və cavabdehin adı dəyişdirildiyindən cavabdeh qismində xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx Dövlət Agentliyi cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Abşeron rayon X3 1998-ci il 10 may tarixli 16 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ayrılaraq iddiaçının istifadəsinə verilmiş Saray qəsəbəsində yerləşən 858,57 kv m torpaq sahəsi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən həyata keçirilən «X1 Tikintisi» layihəsi çərçivəsində tikinti altına düşmüşdür. Bununla bağlı iddiaçıya hər hansı kompensasiya ödənilməmişdir. Cavabdeh iddiaçının müraciətinə əsasən bildirmişdir ki, hazırda büdcə tərəfindən həmin layihə üçün vəsait ayrılmadığından onun tələbini təmin etmək mümkün deyildir. Bununla bağlı iddiaçı hazırki iddianı qaldırmışdır. Məhkəmə iclasında içtirak edən iddiaçının vəkili Yeganə Məmmədova iddia yələbini müdafiə edərək iddianın təmin olunmaması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyi şifahiməhkəməbaxışınınvaxtıvəyeribarədəlazımiqaydadaxəbərdaredilməsinəbaxmayaraqs əbəbinibildirmədən nümayəndələrinin məhkəməiclasındaiştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinəəsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddianı qəbul etməmiş və izah etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə “X1 tikintisi”nin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən, sözügedən layihə çərçivəsində tikinti altna düşən torpaq sahəsinə görə komensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır.bundan başqa iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İş materiallarında olan : - torpağa mülkiyyət hüququna dair JN N1065 saylı kod 30800086 saylı dövlət aktından görünür ki, Abşeron rayon X3 1998-ci il 10 may tarixli 16 nömrəli qərarı ilə 0.13 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. -Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanladığı xx.xx.2017-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə “X1 tikintisi”nin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən, sözügedən layihə çərçivəsində tikinti altna düşən torpaq sahəsinə görə komensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. -DƏDRX-nin 4 saylı X7 xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-10xx xxx 30800086 sayll torpağa mülkiyyət hüququna dair dövlət aktı idarənin elektron baza məlumatlarında qeydə alınmış, lakin DƏDRX-nin 4 saylı X8 qeydiyyatdan keçməmişdir. Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərardadına əsasən iddiaçıya məxsus torpaq sahəsinin nə qədər hissəsinə müdaxilə edilməsi və müdaxilə nəticəsində vurulmuş ziyanın həcminin nə qədər təşkil etməsi barədə rəy alınması üçün Azərbaycan Respublikası Maliyyə Naziriyindən mütəxəssis cəlb olunmaqla “X6” İctimai Birliyinə müraciət edilmişdir. Həmin İB tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Abşeron rayinu Saray qəsəbəsində yerləşən 858, 57 kv b torpaq sahəsinə vurulmuş ziyanın həcmi 73.015 manat təşkil edir. Eyni zamanda xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, torpaq sahəsinin nə qədər hissəsinə müdaxilə edilməsi barədə sualın cavablandırılması İB-nin səkahiyyətləri çərçivəsində deyildir. Rəyin qeyd hissəsində həmçinin qeyd olunmuşdur ki, “X6” İB tərəfindən dəfələrlə Maliyyə Nazirliyinə müraciət edilmişdir, mütəxəssisin ayrılması vəd edilsə də, Azərbaycan Respublikası Maliyyə Nazirliyi xx.xx.2019-cu il tarixli növbəti məktubunda mütəxəssislərinin iştirakının mümkünsüz sayıldığını bildirmiş və bu məsələ üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin rəyinin verilməsi bildirilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəməiddiaçının vəkilinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Mülki Məcəllənin 203.3-cü maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikasıü Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Mülki Məcəllənin 210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əməlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 3.1 və 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. Göstərilən Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. Qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir, müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir («Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 4.1, 7 54.1, 20.1.6, 54.2, 19.3 və 23-cü maddələri). «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 55.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1- bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Həmin Qanunun 55.2-ci maddəsinə əsasən bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağında daha yüksək qiymətini verən üsul tətbiq edilir. Göstərilən Qanunun 58-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddiaçının 20% miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsi tələbinə dair iddiaçının tələbini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Göründüyü kimi, daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda mülkiyyətçiyə daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsi nəzərdə tutulmuşdur. 20% miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsi Qanundan irəli gələn imperativ öhdəlikdir, yəni dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Göründüyü kimi Avropa Məhkəməsi mülkiyyət hüququndan istifadə edilməsində məhdudiyyətlər yaranmasını Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 858,57 kv m torpaq sahəsinə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx Dövlət Agentliyi tərəfindən Bakı-Bilgəh dairəvi avtomobil yolunun çəkilməsi layihəsinin həyata keçirilən zamanı müdaxilə edilmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi ona məxsus torpaq sahəsinin real bazar qiymətləri nəzərə alınmaqla hər sotu üçün 10000 manat olmaqla 90.000 manat, meyvə ağaclarının məhv edilməsinə görə 5000 manatın və əldən çıxmış faydaya görə 20000 manat məbləğində pulun ödənilməsini tələb etmişdir. Lakin cavabdeh həmin layihə üçün büdcə tərəfindən vəasaitin ayrılmadığına istinad edərək iddiaçıya kompensasiya ödənilməsi məsələsinə baxmaqdan imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin əvəzinin ədalətli şəkildə kompensasiya edilməsini tələb etməkdə haqlı olmuşdur. Cavabdehin həyata keçirilən layihəyə büdcə tərəfindən vəsaitin ayrılmaması və torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınmaması ilə bağlı iddiaçıya kompensasiyanın ödənilməsinin mümkün olmadığı barədə dəlillərini isə məhkəmə əsassız hesab edir. Bu hal iddiaçıya kompensasiyasının ödənilməsi ilə bağlı tələbin təmin olunmasından imtina üçün əsas ola bilməzdi. Önəryıldız Türkiyəyə qarşı iş üzrə xx xxxxxx 2004-cü il tarili qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil : məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təsdiq edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqlar»ı və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözlənti»yə malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. Belə ki, iş üzrə verilmiş mütəxəssis rəyi ilə vurulmuş ziyanın həcminin 73.015 manat təşkil etdiyi müəyyən edilmiş, lakin iddiaçıya məxsus torpaq sahəsinin konkret olaraq nə qədər hissəsinə müdaxilə edilməsi barədə rəy verilməmişdir. Bununla bağlı məhkəmə torpaq sahəsinin ölçülərini və hazırki bazar qiymətlərini nəzərə alaraq hesab edir ki, iddiaçıya vurulan ziyanın həcmi kimi 40.000 manat məbləğində kompensasiya və daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında 8.000 manat əlavə vəsaitin ödənilməsi dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Dövlət Agentliyinin üzərinə qoyulmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının həmin torpaq sahəsində meyvə ağaclarının olması və əldən çıxmış fayda kimi 20.000 manat ödənilməsi tələbi ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən məhkəmə həmin tələbi əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 858,57 kv m torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 40000 manat, daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında 8000 manat əlavə haqq, cəmi 48000 manat pul kompensasiyasının İddiaçı dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Dövlət Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar