Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-9/2023 13.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İdidaçı İddiaçı (Bakı şəhəri, Nobel prospekti, 139 C ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X1 (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında hüquq məsləhətçisi işləyən, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 253, mənzil 42-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı xx.xx.2015-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh küçəsi, 70 ünvanda yerləşən məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilərək “xəstəlikdir hərbi xidmət dövründə alınmışdır” kimi yazılması vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(085)-992/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-707/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(085)- 992/2019 saylı qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü il təvəllüdlüdür. 2003cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Şabran rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Həmin vaxt bütün müayinələrdən keçərək və hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə göndərilmişdir. 2003-cü ilin iyun ayınadək Ağcabədi rayonu N saylı hərbi hissənin tərkibində xidmət etmişdir. 2003-cü ilin iyun ayından 2004-cü ilin mart ayınadək N saylı hərbi hissədə gizir kursu keçmiş, həmin kursa göndərilərkən də bütün müayinələrdən keçmiş və səhhətində heç bir problem aşkar edilməmişdir. 2004-cü ilin mart ayından 2015-ci ilədək gizir kimi xidmət etmişdir. 2015-ci ildə səhhətində yaranmış problemlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinkasına müraciət etmiş, orada müayinə və müalicə olunduqdan sonra Mərkəzi Hərbi Həkim Komissiyasının 15 dekabr 2015-ci il tarixli xəstəlik haqqında şəhadətnaməsi ilə şəhadətlənərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməin 156-cı maddəsinin “b” bəndinə (xəstləiyə görə) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin şəhadətnamədə onun xəstəliyinin səbəbli əlaqəsi kimi “anadangəlmə ümumi xəstəlik” qeyd edilmişdir. Halbuki, o anadangəlmə xəstə olmamış və həmin xəstəlikdən əziyyət çəkməmişdir. Həmin xəstəlik anadangəlmə olsaydı, o, hansı əsasla hərbi xidmətə yararlı hesab edilmiş və 2015-ci ilədək qulluq etmişdir?! İddiaçı həmin şəhadətnamə ilə razılaşmayaraq xəstəliyin səbəbli əlaqəsinin düzgün qeyd olunmasını xahiş etmiş, lakin ona imtina cavabı verilmişdir Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, N saylı hərbi hissənin giziri İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına müayinə və müalicə olunmuş, xx.xx.2015-ci il tarixdə şəhadətəndirilmiş və onda təyin edilmiş “Anadangəlmə inkişaf qüsuru, sol böyrəyin çanaq distrofiyası, böyrəyin ifrazat funksiyasının pozulmaması ilə” diaqnozuna əsasən “ümumi xəstəlik” kimi qiymətləndirilmişdir. Eyni zamanda İddiaçı xidmət etdiyi dövrdə böyrəklərindən şikayət etmədiyindən böyrəklərin USM müayinəsi aparılmamış və bu səbəbdən də onun böyrəyində anadangəlmə patalogoya aşkar edilməmişdir. Bu səbəbdən vətəndaş İddiaçı travmanın hərbi xidmətlə səbəb əlaqəsinin ”Hərbi travmadır,hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi mümkün deyildir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda göstrilənləri müdafiə edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: -İddiaçı aid AO № ******* seriyalı hərbi biletin surətindən görünür ki, 0, xx.xx.2003-cü ildə hərbi xidmətə çağırılmışdır. 2004-cü ilin mart ayından 2015-ci ilədək gizir kimi xidmət etmişdir. - Mərkəzi Hərbi Həkim Komissiyasının 15 dekabr 2015-ci il tarixli 473 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı həmin tarixdə şəhadətəndirilmiş və onda təyin edilmiş “Anadangəlmə inkişaf qüsuru, sol böyrəyin çanaq distrofiyası, böyrəyin ifrazat funksiyasının pozulmaması ilə” diaqnozu “ümumi xəstəlik” kimi qiymətləndirilmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Şabran rayon Ağbaş kənd sakini 1984-cü il təvəllüdlü İddiaçı keçmiş Dəvəçi rayon hərbi komissarlığı tərəfindən xx.xx.2003-cü ildə müddətli hərbi xidmətə çağırılmış və 1Ө1 nömrəli hərbi hissədə xx.xx.2004-cü ilədək xidmət keçmişdir. xx.xx.2004-cü ildən xx.xx.2004-cü ilədək kurs keçmiş və “gizir” rütbəsində xx.xx.2016-cı il tarixədək hərbi xidmət keçmişdir. X4 SQ Baş Qərargah rəisinin 20 yanvar 2016-cı il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 maddəsinin ‘V’ bəndinə əsasən xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. -Şabran rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 139 nömrəli məktubdan görünür ki, İddiaçı Şabran rayon Mərkəzi Xəstəxanası PHŞ-ya və Ağbaş kənd məntəqəsinə nə ambulator, nə də stasionar olaraq hər hansı bir xəstəliklə bağlı müraciəti olmamışdır. -MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş cavab mətubundan görünür ki,hərbi qulluqçuların tibbi kitabçası və xəstəlik tarixi idarəsinin arxivində saxlanılmır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şabran rayon Ağbaş kənd sakini xx.xx.1984-cü il təvəllüdlü ehtiyatda olan gizir İddiaçı keçmiş Dəvəçi rayon Hərbi Komissarlığı tərəfindən “hərbi xidmətə yararlı” sayılaraq xx.xx.2003-cü il tarixdə müddətli hərbi xidmətə çağırılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin: - 1.5-ci bəndinə görə tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbiuçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür; - 1.8-ci bəndinə görə hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbihəkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür; - 1.9-cu bəndinə görə vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir; - 5.1-ci bəndinə görə hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. - 7.1-ci bəndinə görə hərbi qulluqçuların, orqanlarda xidmət keşən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbihəkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir; - 7.2-ci bəndinə görə hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: “a” yarımbəndi – “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “b” yarımbəndi – “Hərbi travmadır. SSRİ-nin müdafiəsi zamanı alınmışdır”, “c” yarımbəndi – “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, “ç” yarımbəndi – “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”, “d” yarımbəndi – “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”, “e” yarımbəndi – “Ümumi xəstəlikdir”. Həmin bənddə nəzərdə tutulmuşdur ki, «Ümumi xəstəlikdir» qərarı aşağıdakı hallarda çıxarılır: -əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; -əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; -əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdursa. Yuxarıda qeyd olunan Əsasnamənin 7.2-ci bəndində həmçinin nəzərdə tutulmuşdur ki, «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: -əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; -əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; -əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; -əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. Qərarın 7.3-cü bəndinə görə hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Göstərilən normaların məzmunundan aydın olur ki, hərbi həkim komissiyalarının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini düzgün təyin etməkdir. Travma haqqında arayış vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilir. Göstərilən normaların məzmunundan aydın olur ki, hərbi həkim komissiyalarının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini düzgün təyin etməkdir. Məhkəmə qeyd edir ki, İddiaçı 12 ildən artıq müddət ərzində hərbi xidmətdə olmuş, bu müddət ərzində onun səhhətində hər hansı nasazlıq və problem olmamışdır. Dəfələrlə qarşıya qoyulmuş tapşırıqları, normativləri yerinə yetirmişdir. Xidmət dövrü ərzində iddiaçı şəhadətləndirmələrdən keçdikcə onun barəsində “hərbi xidmətə yararlıdır” rəyi verilmişdir. Yuxarıda göstərilən Əsasnamənin 7.2-ci bəndinə görə «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarının verilməsi üçün əsaslardan biri kimi xəstəliyin şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid edilməsinin mümkünlüyü göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 12 il xidmətdən sonra iddiaçının barəsində verilmiş “Xəstəlik haqqında şəhadətnamə”də onun “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” olması qeyd edilmişdir. Bu isə xəstəliyin onun hərbi xidmətə yararlı olması dərəcəsinin dəyişdirilməsinə səbəb olmasını təsdiq edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qeyd olunan Qanunun 24.2-cü və 24.3-cü maddələrinə görə isə, inzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . Eyni Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində 473 saylı xx.xx.2015-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamə”də “anadangəlmə inkişaf qüsuru, sol böyrəyin çanaq distopiyası, böyrəyin ifrazat funksiyasının pozulması ilə” xəstəliyinin səbəbli əlaqəsi dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi göstərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikaı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə (Sumqayıt Məhkəmə Kompleksi) verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-9/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-9/2023
13.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver