Məhkəmə qərarları › İş №2-1(118)-9/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-9/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-9/2024 18.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Abşeron rayonu Mehdiabad Bələdiyyəsinə qarşı torpaq sahəsinin boşaldılması və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdeh Abşeron rayonu Mehdiabad Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Mehdiabad bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 10 saylı qərarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının qanuni təmsilçisi iddia tələbinin dəqidləşdirilməsi barədə ərizə verərək torpaq sahəsinin boşaldılması və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə hazırlıq hərəkətlərinin edilməsi üçün məhkəmə iclası dəfələrlə təyin edilməsinə və iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Halbuki, iddiaçıya məhkəmə bildirişi göndərilərkən məhkəmə iclasına üzürlü səbəb olmadan gəlməməyin nəticələri və Azərbaycan Repsublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin mahiyyəti ayrıca izah edilmişdir. Məhkəmə iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayındığını nəzərə alaraq hesab edir ki, o, inzibati məhkəmə icraatında maraqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə görə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. «X2 şikayətinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında göstərilir ki, İnzibati-İqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericiliklə nəzərdə tutulmaması, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Bundan başqa “Məhəmməd Məmmədovun şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 55.5, 80-ci və 81.1ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin cavabdeh Abşeron rayonu Mehdiabad Bələdiyyəsinə qarşı torpaq sahəsinin boşaldılması və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar