Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-90/2023 20.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Masazır bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 05 nömrəli qərarı ilə fərdi ev tikmək üçün iddiaçıya ayrılmış 500 kv.metr torpaq sahəsinin 196.6 metr hissəsi çıxmaq ilə, 303.4 kv.metr torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyatda alınması, bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Masazır bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 05 nömrəli qərarı ilə fərdi ev tikmək üçün iddiaçıya ayrılmış 500 kv.metr torpaq sahəsinin 196.6 metr hissəsi çıxmaq ilə, 303.4 kv.metr torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyatda alınması, bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “Abşeron rayon Masazır Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 05 nömrəli qərarı ilə fərdi ev tikmək üçün mənə ayrılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon Masazır Bələdiyyəsinin xx.xx.2008- ci il tarixli, 05 nömrəli Qərarı ilə fərdi ev tikmək üçün iddiaçıya torpaq sahəsi ayrılmışdır. Qanuni əsaslarla əldə etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə adına çıxarışın verilməsi üçün ərizə ilə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və ərizəsinə Abşeron rayon Masazır Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 05 nömrəli qərarını və digər sənədləri əlavə etmişdir. Lakin cavabdehin xx.xx.2021-ci il tarixli **********6801 nömrəli bildirişi ilə ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi həmçinin vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi həmçinin vəkili gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən İddiaçı ayrılmış 0,05 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 01 sentyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı, Abşeron rayonu Masazır Bələdiyyəsinin 14 mart 2008ci il tarixli, 05 saylı qərarı ilə 0.05 ha torpaq sahəsinin İddiaçı bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmiş, torpaq sahəsi hərrac və ya müsabiqə vasitəsi ilə satılmalı olduğu halda bilavasitə satılmışdır. Bundan başqa sözügedən torpaq sahəsi barəsində mübahisə olduğu aşkar edilmişdir. Belə ki, torpaq sahəsinin təqdim edilən sənədlərdə göstərilən torpaq sahəsi ilə uyğunluğunun müəyyən edilməsi məqsədilə 4 saylı Abşeron Ərazi İdarəsinin mühəndisi tərəfindən sözügedən əmlaka baxış zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsində başqa şəxs tərəfindən tikili (qeyri-yaşayış sahəsi) tikilir və tərəflər arasında mübahisə mövcuddur. Həmçinin bildiririk ki, sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi ver ilə faktiki müraciət edilən yer arasında konfiqurasiya fərqi olduğu, bir hissəsinin yüksək gərginlikli (6 kvt) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 4-cü bəndinə əsasən bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə uyğun olaraq, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Ərazi planlaşdırılması əsasında yaşayış məntəqəsinin infrastrukturu sahələrinin yaradılması üçün nəzərdə tutulan, habelə xüsusi şəhərsalma əhəmiyyətinə malik bələdiyyə torpaqlarının satışı, bir qayda olaraq, torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirilir. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsaslan və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər müqavilədə nəzərdə tutulur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın ahnıbsatılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Həmin Məcəllənin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq bazan haqqında" Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsi ilə alınıb satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3cü bəndinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etməyə borcludurlar. Eləcə də, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 İyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalan”na əsasən əsasən 6 kvt elektrik xəttlərinin mühafizə zonası hava elektrik ötürücü xəttləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 10 metr məsafədə müəyyənləşdirilmişdir. Nəzərinizə çatdırırıq ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə, həmçinin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Bildiririk ki, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Abşeron rayonu Masazır bələdiyyəsinin 14 mart 2008-ci il tarixli, 05 saylı protokol qərarı ilə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 500 kv.metr torpaq sahəsinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və “Torpaq Bazarı haqqıda” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 nömrəli qərarına və “Bələdiyyət torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 3-cü bəndinə əsasən vətəndaş İddiaçı mülkiyyətinə ayrılması qərara alınmışdır. - Mübahisəli torpaq sahəsinin koordinatlarına dair Abşeron rayonu Masazır bələdiyyəsi tərəfindən İddiaçı adına yerquruluşu planından çıxarış tərtib edilmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 241 saylı, 13 mart 2008-ci il tarixli və 2115 saylı, 19 mart 2008-ci il tarixli rəylərindən görünür ki, Masazır bələdiyyəsinin ərazisində yerləşən 0.05 ha torpaq sahəsinin İddiaçı ayrılması qanunauyğun hesab edilmişdir. - 01 saylı, 13 mart 2008-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Abşeron rayonu Masazır bələdiyyəsinin 05 saylı, 14 mart 2008-ci il tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsi müqabilində Abşeron rayonu Masazır bələdiyyəsinin hesabına 1000.0 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - “Torpaqların alqı-satqısına dair” 825/08 saylı, 19 mart 2008-ci il tarixli aktdan görünür ki, İddiaçı tərəfindən Abşeron rayonu Masazır bələdiyyəsinin 05 saylı, 14 mart 2008-ci il tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsi müqabilində Abşeron rayonu Masazır bələdiyyəsinin hesabına 1000.0 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - Abşeron rayon Məhkəməsinin 2(012)-623/2010 saylı, 25 iyun 2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X2 Abşeron rayonu, Masazır kəndi, yeni məhəllə adlanan ərazidə, İddiaçı məxsus torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin onun hesabına sökülməsi qət edilmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən tərtib edilmiş A № 169556 saylı, 15 may 2008-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, mübahisəli torpaq sahəsinə dair , İddiaçı adına plan-ölçü sənədi tərtib edilmişdir. - Məhkəməyə sorğu əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Dövlət Reyestri Publik hüquqi şəxsindən daxil olmuş 23 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi tropaqları kateqoriyasına aid edilmişdir. - Məhkəməyə sorğu əsasında Kadstr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-dən daxil olmuş 18 mart 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin kateqoriyası bələdiyyənin 05 saylı, xx.xx.2008-ci il tarixli qərarına uyğun olaraq, yaşayış məntəqəsi tropaqları kateqoriyasına aid edilmişdir. - Məhkəməyə sorğu əsasında cavabdeh orqan tərəfindən təqdim edilmiş 30 mart 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu xəritəsinə əsasən yaşayış məntəqələri torpaqları kateqoriyalı ərazidə yerləşir. - Məhkəməyə sorğu əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş 31 may 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi Səhmdar Cəmiyyətin balanasında olan hər hansı bir yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşmir. - Məhkəməyə sorğu əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş 17 iyun 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin bir hissəsi "xxxx" ASC-yə məxsus 1975-ci ildən istismarda olan 220 kV-luq “1ci Böyükşor” hava xəttinin 64-65 saylı dayaqları arası mühazifə zonasına düşür. - Məhkəməyə sorğu əsasında daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin 10/1544 saylı, 17 aprel 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən İddiaçı Abşeron rayonu Masazır bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 05 saylı qərarı ilə ayrılmış torpaq sahəsinin 196.6 kv.metr hissəsinin 220 kV YGE xəttinin mühafizə zolağına düşdüyü müəyyən olunmuşdur - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Dövlət Reyestri Publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 23 sentyabr 2021-ci il tarixli bildirişdən görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 23 sentyabr 2021ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Abşeron rayonu Masazır bələdiyyəsinin 14 mart 2008-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evi tikintisi məqsədilə Abşeron rayonu, Masazır kəndi ərazisindən 0.05 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Mübahisəli torpaq sahəsi həmin qərar əsasında İddiaçı satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyində olmuşdur. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan torpaq sahəsinin ayrılması barədə qərar, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin müvafiq rəyi, torpaqların alqı-satqısına dair akt, o cümlədən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və ödəniş qəbzi ilə də təsdiq edilir. İddiaçı qeyd olunan sənəd əsasında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 23 sentyabr 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan inzibati orqan imtinasının əsasları kimi:
1. mübahisəli torpaq sahəsinin iddiaçıya üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmadan satılmasını;
2. torpaq sahəsi ilə bağlı mübahisənin olmasını;
3. torpaq sahəsinin yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında konfiqurasiya fərqinin olmasını, bir hissəsinin yüksək gərginlikli (6 kvt) elektrik xəttinin mühafizə zolağında yerləşməsini qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Sözügedən Qanunun 16.3-cü maddəsində qeyd edilmişdir ki, həmin Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Göründüyü kimi bələdiyyə torpaqlarının ayrılmasının xüsusiyyətləri qanunvericiliklə imperativ olaraq müəyyən edilmiş və müəyyən hallar istisna olmaqla bələdiyyə torpaqlarının açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi təsbit olunmuşdur. Torpaqların açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, birbaşa vətəndaşlara satılması ilə bağlı istisna hallara Azərbaycan Respublikası vətəndaşının bələdiyyənin ərazisində daimi yaşaması və ya beş il müddətində qeydiyyatda olması, torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi halları və torpaq sah əsinin geri qaytarılmasının mümkün olmadığı hallar daxildir. Qeyd olunan halların hər biri ayrı-ayrılıqda bələdiyyə tərəfindən torpaq sahəsinin vətəndaşlara birbaşa ayrılması üçün əsasdır. Torpaq sahəsinin geri qaytarılmasının mümkün olmadığı hallara sözügedən qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının və sözügedən qanunun qüvvədə olduğu müddət şərtləşdirilmədən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahələrinin geri alınmasının mümkün olmaması halları daxildir. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə bildirir ki, mübahisəli torpaq sahəsi iddiaçıya Abşeron rayonu Masazır bələdiyyəsinin 14 mart 2008-ci il tarixli, 05 saylı qərarı ilə ayrılmış, torpaqların alqı-satqısına dair akta əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin rəyi ilə etiraz edilməmişdir. Mübaisəli torpaq sahəsi həmin vaxtdan day iddiaçının istifadəsində olmuşdur. Abşeron rayon Məhkəməsinin 2(012)-623/2010 saylı, 25 iyun 2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X2 Abşeron rayonu, Masazır kəndi, yeni məhəllə adlanan ərazidə, İddiaçı məxsus torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin onun hesabına sökülməsi qət edilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi üzərində iddiaçının hüquqlar məhkəmə qətnamə ilə də öz təsdiqini tapmışdır. Mübahisəli torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmadan iddiaçıya satılması iddiaçının məsuliyyətinə səbəb olan və ya onun torpaq sahəsi üzərində hüquqlarından mərhum edilməsinə əsas ola bilməz. Məhkəmə cavabdeh orqanın bir hissəsinin yüksək gərginlikli (6 kvt) elektrik xəttinin mühafizə zolağında yerləşməsini dəlilinin araşdırılması üçün aidiyyatı üzrə sorğular vermiş və iş üztə tikinti-texniki ekspertiza təyin etmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin 10/1544 saylı, 17 aprel 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən İddiaçı Abşeron rayonu Masazır bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 05 saylı qərarı ilə ayrılmış torpaq sahəsinin 196.6 kv.metr hissəsinin 220 kV YGE xəttinin mühafizə zolağına düşdüyü müəyyən olunmuşdur. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının həqiqətən də iddiaçının torpaq sahəsinin 196.6 kv.metr hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşür. Lakin iddiaçı məhkəmədən Abşeron rayonu Masazır bələdiyyəsinin 14 mart 2008-ci il tarixli, 05 saylı qərarı ilə ona ayrılmış torpaq sahəsinin, yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməyən 396.6 kv.metr hissəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması niyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçı sənəd üzrə göstərilmiş ölçüdən artıq torpaq sahəsindən istifadə etmiş olsaydı, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə, həmçinin artıq torpaq sahəsindən qanunsuz istifadə ilə nəticələnmiş olardı. Lakin hazırki halda iddiaçı nəinki artıq torpaq sahəsindən istifadə etmir, əksinə onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü sənəd üzrə qeyd edilmiş torpaq sahəsinin ölçüsündən azdır. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilini əsassız hesab edir. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Beləliklə iddiaçıya torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlı cavabdeh orqanın imtina məktubunda göstərdiyi dəlillər tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu Masazır bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 05 nömrəli qərarı ilə fərdi ev tikmək üçün İddiaçı ayrılmış 500 kv.metr torpaq sahəsinin 303.4 kv.metr hissəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatda alınaraq, çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Abşeron rayonu Masazır bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 05 nömrəli qərarı ilə fərdi ev tikmək üçün İddiaçı ayrılmış 500 kv.metr torpaq sahəsinin 303.4 kv.metr hissəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatda alınaraq, çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat iddiaçı X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ41NABZ**********00********) köçürülsün. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva