Məhkəmə qərarları › İş №2-1(118)-900/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-900/2021

14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-900/2021 14.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Quba rayonu Barlı Bələdiyyəsinə qarşı “onun Quba rayonu Barlı Bələdiyyəsinin sədri vəzifəsindən azad olunması və Quba rayon Barlı Bələdiyyəsinin sədri vəzifəsinin bələdiyyə üzvü X4 həvalə edilməsi haqqında Quba rayonu Barlı bələdiyyəsinin 15 fevral 2021-ci il tarixli qərarlarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ildə Quba rayonu Barlı Bələdiyyəsinə sədr seçilmiş və ardıcıl olaraq keçirilən seçkilərdə iştirak edərək 22 dekabr 2020-ci il tarixədək bələdiyyə sədri olmuşdur. Bələdiyyə sədri olduğu müddətdə bələdiyənin gücü, imkanı, səlahiyyətləri çatdığı qədər daim bələdiyə ərazisinin abadlaşdırılmasma, kənd əhalisinin qayğılarının, problemlərinin həll edilməsinə çalışmış, Quba rayonunda bir çox bələdiyələrin gəlirləri yığdığı vergilər və ərazisində olan təbii sərvətlərin satışından əldə edilmiş vergilərdir. Quba rayonu Barlı bələdiyyəsinin də gəlirlərinin əhəmiyyətli hissəsi Barlı kəndinin kənarında yerləşən Qudyalçayın yatağından çıxarılan tikinti materiallarına görə əldə edilmiş mədən vergisidir. Qudyalçayın Barlı bələdiyyəsinin ərazisinə düşən hissəsində "xxxx" Şirkəti tərəfindən qum-çınqıl daş çıxarılmasını həyata keçirir. Lakin "xxxx" şirkəti bir neçə müddət mədən vergisinə görə borcunu bələdiyyəyə ödəməmiş, bələdiyyə ərazisində hazırkı vəziyyətlə bağlı əhalinin də gəlirləri aşağı olduğu üçün vergiləri yığa bilməmişdir. Bu səbəbdən də artıq neçə müddət, idi ki, bələdiyyədə işləyən işçilərin əmək haqları verilməmiş, bələdiyyənin vergiyə və digər orqanlara borcu yaranmışdır. Yaranmış bu çətinliklərə baxmayaraq bələdiyə sədri kimi o yenə də bələdiyyəyə daxil olmuş kəndlərin əhalisi arasında hazırkı vətən müharibəsində iştirak edən qazilərə, şəhid ailələrinə kömək etmiş, onların qayğılarını çətinliklərinin həll edilməsi üçün imkan daxilində çalışmışlar. Təxminən 2020-ci ilin noyabr ayında Quba rayon İcra Hakimiyyətindən ona zəng edilərək 50.056 (əlli min əlli altı) manat məbləğində mədən vergisi borclarının bələdiyyənin hesabına köçürüldüyünü və İcra Başçısı Ziyəddin Əliyevin məni çağırdığını bildirdilər. İddiaçı İcra Başçısı Ziyəddin Əliyevin qəbulunda olarkən o bələdiyyənin hesabına köçürülmüş 50.056 manat məbləğində pulun hər hansı bir formada nağdlaşdıraraq ona verilməsini bildirdikdə cavabında ona bələdiyyənin kifayət qədər vergi və sosial sığorta borclarının olduğunu, işçilərə əmək haqqlarının ödənilmədiyini bələdiyyə ərazisində olan qazi və şəhid ailələrinə kömək etməli olduğunu və bundan başqa ərazidə təxirəsalınmaz görülməli işlər olduğunu demişdir. O bundan imtina etdiyinə görə iddiaçıya qarşı təzyiq və hədələr başlanmışdır. İddiaçı təcili olaraq hesaba köçürülən pulun bir hissəsini bələdiyyənin işçilərinin əmək haqqlarına və digər borclarına köçürmüş, bundan sonra hər gun ona İcra Hakimiyyətindən hədə və təhdid dolu zənglər gəlməyə başladı və onu sıxışdırmışlar. İddiaçı köçürülən 50.056 manat pulu nağdlaşdırıb İcra Başçısına verməkdən imtina etdiyindən onun təzyiq və hədələrinin nəticəsində keçirdiyi əsəb və stres sağlamlığıma təsir etdiyinə görə 21 dekabr 2020-ci il tarixdə bir müddətlik müayinə və müalicə üçün məzuniyyətə çıxmışdır. Ertəsi günü yəni 22 dekabr 2020-ci il tarixdə ona bildirdilər ki, İcra Başçısının göstərişi ilə Quba rayon İcra Hakimiyyətinin Zərdabi inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini, Quba rayonu Zərdabi bələdiyyəsinin sədri Quba rayonu Barlı bələdiyyəsinin üzvlərini bələdiyyə binasına çağırmış, bələdiyyə üzvlərinin etirazlarına baxmayaraq onlara məcburi qaydada bələdiyyənin iclas protokoluna imza etdirmişdilər. O karantin qaydalarının pozulması ilə keçirilmiş iclasın görüntülərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edərək Quba rayonu Barlı bələdiyyəsinin sədri vəzifəsindən qanunsuz kənarlaşdırılmağı barədə müraciət etmiş, onun müraciəti Xaçmaz Regional Ədliyyə İdarəsində araşdırılaraq ona 02 fevral 2021-ci il tarixli 04/M-36.1col- 60 saylı məktubla cavab verildi ki, araşdırma zamanı “Bələdiyyələrin statusu haqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən bələdiyə iclasları bələdiyə sədri tərəfindən çağırılmalı olduğu halda, göstərilən qanunvericiliyin tələblərinə zidd olaraq Sizin Barlı bələdiyyəsinin sədrliyindən azad olunmanız barədə 22.12.2020-ci il tarixdə bələdiyyə üzvlərinin iştirakı ilə keçirilən iclasın Quba rayon İƏD üzrə nümayəndəsi V.Dəmirov tərəfindən çağırıldığı, iclas qərarının bələdiyənin inzibati binasında Zərdabi İƏD üzrə nümayəndəliyinin işçisi Fatma Feyzullayeva tərəfindən yazıldığı, həmin iclas qərarının imza edilməsi üçün icra nümayəndəsi V.Dəmirov, onun müavini Tərlan Hüseynov və icra nümayəndiliyinin işçisi Fatma Feyzullayeva tərəfindən bələdiyə üzvlərinə təqdim edildiyi və iclas qərarının V.Dəmirov tərəfindən özü ilə aparıldığı müəyyən olunduğundan, toplanmış sənədlər aidiyyatı üzrə Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinə göndərilmişdir. Bundan sonra 15 fevral 2021-ci il tarixdə Quba rayonu Barlı bələdiyyəsində iclas keçirilərək Xaçmaz regional idarəsinin 04 fevral 2021-ci il tarixli, 05/-Q-02-in saylı təklif məktubunun təmin edilməsi, Barlı Bələdiyyəsinin 22 dekabr 2020-ci il tarixli 10 nömrəli iclasının 1-ci, 2-ci və 3cü qərarları ləğv edilməsi mənim bələdiyə sədri vəzifəsindən azad edilməyim və X2 Barlı bələdiyyəsinin sədri seçilməsi qərara alınmışdır. 15.02.2021-ci il tarixdə keçirilən iclas barədə ona məlumat verilməmişdir. Keçirilən iclasın qərarları qanunsuzdur və ləğv edilməlidir. O qərarın təqdim edilməsi üçün rəsmi olaraq müraciət etsə də bu günə kimi ona cavab verilməmişdir. İddiaçı həmin qərarı Bələdiyyənin elektron səhifəsindən götürmüşdür. Onun bələdiyyənin sədri vəzifəsindən azad edilməyi və bələdiyyənin sədri vəzifəsinin bələdiyyə üzvü X4 həvalə edilməsi haqqında 15 fevral 2021-ci il tarixli qərarları, elə həmin tarixdə keçirilən bələdiyyənin növbədənkənar iclasında qəbul edilmişdir. Həmin iclasın keçirilməsi barədə o xəbərdar edilməmişdir. Bələdiyyə tərəfindən protokol təsdiqlənənədək onun protokolun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ da məhdudlaşdırılmışdır. Bələdiyyə sədrinin vaxtından əvvəl vəzifədən azad edilə biləcəyi hallar “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 19cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuşdur. Lakin onun bələdiyyə sədri vəzifəsindən azad olunmağı barədə Quba rayonu Barlı Bələdiyyəsinin 15 fevral 2021- ci il tarixli qərarı qəbul edilərkən Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanununu 19-cu maddəsinin 3-cü bəndində göstərilən hallar mövcud olmamışdır. Göründüyü kimi Quba rayonu Barlı Bələdiyyəsi onu bələdiyyə sədri vəzifəsindən kənarlaşdırarkən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də onun bələdiyyənin sədri vəzifəsindən azad edilməyi və bələdiyyənin sədri vəzifəsinin bələdiyyə üzvü X4 həvalə edilməsi haqqında qərarlar qanunsuz olduğundan ləğv edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndə və vəkili məhkəmə prosesində eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqanın nümayəndəsi və vəkili X3 məhkəmənin ötən iclaslarında iddia tələbinə etiraz edərək bildirmişdir ki, Quba rayonu Barlı Bələdiyyəsinin 15.02.2021-ci il tarixli 01 saylı qərarı qanunvericiliyin tələblərinə uyğun qəbul edilib. Belə ki, hazırkı iş üzrə idiaçı olan İddiaçı Barlı Bələdiyyəsinin sədri işlədiyi vaxtı bir neçə qanun pozuntusu aşkar edilərək, Quba rayon İcra Hakimiyyəti tərəfindən həmin əməllərə hüquqi qiymət verilməsi məqsədi ilə toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya qarşı Mübarizə İdarəsinə göndərilmiş və hal hazırda İddiaçı qarşı mənimsəmə və israfetmə, rüşvətalma halları ilə bağlı cinayət işi davam edir. Odur ki, həmin cinayət işinin yekunu bəlli olmayana qədər hazır ki, iddia tələbinə baxılması mümkün deyil. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 08.10.2021-ci ildə keçirilən iclasında cavabdehin nümayəndəsi və vəkili çıxışını yazılı formada məhkəməyə təqdim edilməsi üçün qısa məhkəmə iclasını müddətə təxirə salınmasını xahiş etmiş və cavabdehin vəkilinin xahişi nəzərə alınaraq məhkəmə iclası 14.10.2021-ci ilə təxirə salınmışdır. Lakin göstərilən tarixdə cavabdehin nümayəndəsi və vəkili məhkəmədə iştrak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclası cavabdehin nümayəndəsi və vəkilin iştrakı olmadn keçirilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 15.02.2021-ci il tarixli, 01 nömrəli qərarın surəti, cavabdehin etirazı, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş 10.08.2021-ci il tarixli, ********* nömrəli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia - bələdiyyə qərarının ləğv edilməsinə yönələn tələb mümkündür və iddia, mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasinin Qanununun 15.1-ci maddəsinə əsasən bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir. Bələdiyyənin iclaslarında bələdiyyə üzvünün müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək hüququ vardır. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər. Bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir. Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır. Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələlər əks olunur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən bələdiyyənin iclasları bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıla bilər. Bələdiyyə ərazisində yaşayan səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyini onun çağırılması təşəbbüsünü irəli sürənlər müəyyənləşdirir. Bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyinin layihəsi onun çağırılması təşəbbüsünü irəli sürənlər tərəfindən təsdiq edilmək üçün bələdiyyə iclasının müzakirəsinə çıxarılır. Bələdiyyə sədri və ya sədr olmadıqda onun səlahiyyətlərini həyata keçirən müavini iclası çağırmadıqda və ya onun keçirilməsinə bilavasitə və ya digər şəxslərin köməyi ilə hər hansı formada mane olduqda, iclasın çağırılması təşəbbüsünü irəli sürən bələdiyyə üzvləri bu maddənin 1-ci hissəsinə uyğun olaraq iclasda bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdiyi halda özləri iclas keçirə bilərlər. Bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə iclas keçirilmədikdə, həmin təşəbbüskarlar kollektiv şəkildə inzibati nəzarəti həyata keçirən orqana və (və ya) məhkəməyə müraciət edə bilərlər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir.Həmin Qanunun 19.1-ci maddəsinə əsasən bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur. Həmin Qanunun 19.3-cü maddəsinə əsasən Bələdiyyənin sədri və onun müavinləri aşağıdakı hallarda bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən qaydada vaxtından əvvəl vəzifədən azad edilə bilərlər: 1) öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciət etdikdə; 2) bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə; 3) bələdiyyə qərarlarının icrasını təmin etmədikdə (qanunvericiliyə zidd olan və həlli imkan səlahiyyətlərindən kənar qərarlar istisna olmaqla); 4) əmək qabiliyyətinin fasiləsiz olaraq, 6 aydan çox müddətdə tam itirməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə; 5) qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə; 6) “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən qaydada yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmədikdə; 7) qanunvericilikdə və bələdiyyənin nizamnaməsində nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 20-ci maddəsinə əsasən bələdiyyə üzvlərinin öz səlahiyyətlərini maneəsiz və səmərəli həyata keçirilməsinə, hüquqlarının, şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminat verir. Bələdiyyə üzvünün səlahiyyət müddəti beş ildir. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir. Bələdiyyə üzvləri bələdiyyənin nizamnaməsinə uyğun olaraq öz səlahiyyətlərini daimi əsasda icra edə bilərlər. “Bələdiyyə üzvünün statusu haqqında”Azərbaycan Respublikasinin Qanununun 4cü maddəsinə əsasən bələdiyyə üzvünün bələdiyyənin və onun orqanlarının iclaslarında müzakirə üçün məsələlər təklif etmək, müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrlə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək hüquq var.Həmin Qanunun 7-ci maddəsinə əsasən bələdiyyə üzvləri bələdiyyənin iclaslarında iştirak etməyə borcludurlar.Bələdiyyə üzvlərinin bələdiyyə orqanlarının iclaslarında bələdiyyənin səlahiyyətlərinə aid məsələlərin müzakirəsində iştirak etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba rayonu Barlı Bələdiyyəsinin 10 saylı 22 dekabr 2020-ci il tarixli iclas protokolu ilə İddiaçı Barlı bələdiyyəsinin sədri vəzifəsindən azad edilmişdir. Qeyd olunan protokol “Bələdiyələrin statusu” haqqında Qanunun 16-cı maddəsinə uyğun olmadığına görə sonradan həmin qərar bələdiyənin 01 saylı 15 fevral 2021-ci ildə keçirilən iclasında ləğv edilmiş və həmin gün yenidən bələdiyyənin sədri X1. 15 fevral 2021-ci ildə keçirilən iclasda bələdiyyə üzvü olan İddiaçı iştirakı təmin edilməmişdir. Halbuki, İddiaçı bələdiyyə sədri vəzifəsindən azad olunmasına baxmayaraq bələdiyyənin üzvüdür və onun bələdiyyə tərəfindən keçirilən iclaslarda iştirak etmək “Bələdiyyə üzvünü statusu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən vəzifə borcudur. Qeyd olunan Qanunun 4-cü maddəsinə əsasən İddiaçı bələdiyyə üzvü kimi bələdiyyə sədri vəzifəsinə namizədliyi irəli sürülmüş Vüsalə Xadimiyə sual vermək, arayış vermək və səsvermədə iştirak etmək kimi hüquqları var. Lakin işin faktiki halları araşdırılarkən Barlı Bələdyyəsi tərəfindən qeyd olunan prosedur qaydalarına riayət edilmədiyi müəyyən edilmişdir. Bu isə bələdiyyə üzvü kimi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan başqa o da nəzərə alınmalıdır ki, “Bələdiyələrin status haqqında” Qanunun 19-cu maddəsinin 3-cü bəndində bələdiyyə sədrinin vəzifədən azad edilməsi haqqında əsasların heç biri olmadan 15 fevral 2021-ci ildə keçirilən iclas protokolu ilə İddiaçı bələdiyyə sədri vəzifəsindən azad edilmişdir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinin 22 dekabr 2020-ci il tarixli qərarın ləğv edilməsi üçün Barlı Bələdiyyəsinə göndərdiyi təklif məktubu 22 dekabr 2020-ci il tarixli iclasın “Bələdiyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin tələblərinə uyğun olmadan keçirilməsi barədə olmasına baxmayaraq, Barlı bələdiyyəsi 04 fevral 2021-ci il tarixində keçirdiyiu iclasını yenidən Qanunun 16-cı maddəsinin tələblərinin pozulması ilə keçirilmişdir. Bu isə bir daha Barlı Bələdiyyəsinin qəbul etdiyi 15 fevral 2021-ci il tarixli iclasının qanunun tələblərinə uyğun olmadan qəbul edilməsinə dəlalət edir. Ona görədə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Barlı Bələdiyyəsinin 01 saylı 15 fevral 2021-ci ildə keçirilən iclas protokolu (qərarı) ləğv edilməlidir. Məhkəmə araşdıması zamanı cavabdeh təşkilatın vəkili tərəfindən gətirilən arqumentləri araşdıraraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində İddiaçı və Quba rayon İcra hakimiyyətinin vəzifəli şəxslər barəsində fakta görə cinayət işinin açılması İddiaçı hər hansı bir əməldə təqsirli bilinməsinə dəlalət edə bilməz. Belə ki, Azərbaycan Rspublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasinin Qanununun 21-ci maddəsinə əsasən barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda bələdiyyə üzvlərinin səlahiyyətləri itirilmiş hesab edilir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsində fakta görə qaldırımış cinayət işi üzrə İddiaçı barəsində ittiham hökmü çıxarılmayana qədər onun bələdiyyə üzvü səlahiyyətinə xitam verilməsi mümkün deyil. İnzibati İcraat haqqında Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Quba rayon Barlı Bələdiyyəsinin sədri vəzifəsindən azad olunması və Quba rayon Barlı Bələdiyyəsinin sədri vəzifəsinin bələdiyyə üzvü X4 həvalə edilməsi haqqında Quba rayonu Barlı bələdiyyəsinin 15 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar