Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-900/2025 09.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsinə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları
1. Xaçmaz Rayon Dövlət Arxivinin 6 mart 2023-cü il tarixli, 227 nömrəli arxiv arayışından görünür ki, Alekseyevka kənd inzibati ərazi vahidi nümayəndəliyinin 1996- 2000-ci illərə aid 4 saylı Alekseyevka (Çaykənarı) kəndi üzrə təsərrüfatbaşına kitabında X1 təsərrüfat başçısıdır, təsərrüfatın xüsusi mülkiyyətində 2000-ci ildə 0,17 ha torpaq sahəsi qeyd edilmişdir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 2 fevral 2024-cü il tarixli, 3-21-3-34/2-Ş-0012-8/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən 0,17 ha torpaq sahəsi faktiki naturada azalaraq 0,11 ha ölçüdə öz əksini tapmışdır və torpaq sahəsi üzərində mübahisə mövcuddur. Bildirilmişdir ki, tərəfindən torpaq sahəsinin azalması ilə razılaşmadığı bildirilmişdir. Bu səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 4 iyul 2024-cü il tarixli, 3-21-3-34/2-7172/2024 nömrəli məktubu ilə göndərilmiş müayinə aktından görünür ki, İddiaçı 0,17 ha torpaq sahəsində GPS aləti ilə ölçü işləri aparılmışdır. Ölçü zamanı məlum olmuşdur ki, Xaçmaz rayonu, Çaykənarı kəndində yerləşən İddiaçı faktiki naturada istifadəsində olan torpaq sahəsi 0,1136 ha təşkil edir. İddia edilən (göstərdiyi) çatışmayan 0,0564 ha torpaq sahəsi qərb tərəfində olan digər şəxsə məxsus qonşu həyətyanı torpaq sahəsidir, həmin torpaq sahəsi qonşunun istifadəsindədir və dövlət reyestrində qeydiyyata alınaraq xüsusi mülkiyyət kimi çıxarış ilə rəsmiləşdirilmişdir. İddiaçı istifadəsində olan 0,1136 ha torpaq sahəsinin kateqoriyası torpaqların elektron kadastrı uçotu informasiya (TEKUİS) sistemində yaşayış məntəqələrinin torpaqlarına aiddir. Mülkiyyət növü bələdiyyədir. Qonşu torpaq sahələri ilə üst-üstə düşmür.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 12 dekabr 2024-cü il tarixli, 3-21-3-34/2-17812/2024 nömrəli məktubu ilə göndərilmiş müayinə aktından görünür ki, Xaçmaz rayonu, Çaykənarı kəndində yerləşən xüsusi mülkiyyətdə olan İddiaçı iddia etdiyi (göstərdiyi) çatışmayan 0,0564 ha torpaq sahəsi qərb tərəfində olan 30 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********30-10301 reyestr nömrəli X2 adına 0,21 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dövlət reyestrində qeydiyyata alınaraq xüsusi mülkiyyət kimi çıxarış ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi köhnə və təzə xəritələlərdə yaşayış məntəqəli torpaqlara aiddir. Kommunikasiya xətləri keçmir. İddiaçı istifadəsində olan 0,1136 ha torpaq sahəsinin kateqoriyası torpaqların elektron kadastrı uçotu informasiya (TEKUİS) sistemində yaşayış məntəqələrinin torpaqlarına aiddir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
5. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 fevral 2024-cü il tarixli imtinanı qanunsuz hesab edilməsi, Xaçmaz rayonu, Çaykənrı kəndi ərazisində yerləşən xüsusi mülkiyyətində olan 0,17 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
7. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 2 fevral 2024-ci il tarixli imtinanın qanunsuz hesab edilməsi, Xaçmaz rayonu, Çaykənarı kəndi ərazisində yerləşən xüsusi mülkiyyətində olan 0,17 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınması, çıxarışın verilməsi və torpaq sahəsinin plan-ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 18 aprel 2024-cü il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
8. Məhkəmənin 8 fevral 2025-ci il tarixli, 2-1(118)-900/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə X3 (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdir.
9. Məhkəmənin 18 dekabr 2025-ci il tarixli, 2-1(118)-900/2025 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (bundan sonra - “cavabdeh”) ilə əvəz edilmişdir.
10. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
11. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, imtina məktubunda qeyd edilən hallara (§2) istinad edilmiş, iddianın təmin edilməməsi xahiş edilmişdir.
12. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2, 11.1, 15-ci maddələrinə istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdirlər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
15. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
16. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
17. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
18. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən üçüncü şəxs iddia tələbinə qarşı etirazını bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
20. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
21. Nəzərə alınmalıdır ki, məhkəməyə iddia ilə müraciət və iddiaya mahiyyəti üzrə baxılmasını tələb hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən məhdudiyyətlərə tabedir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər mütləq ödənilmiş olmalı, xüsusən də qaldırılmış iddiaya inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmağa imkan verən müvafiq prosessual normalar mövcud olmalıdır.
22. İşin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur və məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
23. Bu baxımdan “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.
24. İddiaçı iddia tələbinin əsası kimi bildirir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətinə verilmiş, buna dair müvafiq sənədlər də mövcuddur. Buna baxmayaraq, cavabdeh tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından əsassız olaraq imtina verilmişdir.
25. Cavabdeh orqanın imtina dəlili isə ondan ibarətdir ki, iddia olunan 0,17 ha torpaq sahəsi faktiki naturada azalaraq 0,11 ha ölçüdə öz əksini tapmışdır və torpaq sahəsi üzərində mübahisə mövcuddur.
26. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
27. Belə ki, iddia tələbinin məzmunundan, həmçinin iddiaçı tərəfin verdiyi izahatından məhkəmə müəyyən etmişdir ki, hazırkı iddia tələbi Xaçmaz rayonu, Çaykənarı kəndi ərazisində yerləşən 0,17 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsindən ibarətdir.
28. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktından müəyyən edilmişdir ki, iddiaçı tərəfin iddia etdiyi 0,17 ha torpaq sahəsinin 0,1136 ha hissəsi naturada istifadəsindədir, lakin qalan 0,0564 ha hissəsi isə 30 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********30-10301 reyestr nömrəli çıxarışa əsasən üçüncü şəxsin mülkiyyətində olan 0,21 ha torpaq sahəsinə aiddir.
29. Eyni zamanda, cavabdeh tərəfindən təqdim edilmiş sənədlər əsasında məhkəmə müəyyən etmişdir ki, qeyd edilən üçüncü şəxsin çıxarışı hazıradək qüvvədədir, iddiaçı və ya digər şəxslər tərəfindən mübahisələndirilməmiş və ləğv olunmamışdır.
30. Nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən qeydiyyat hüquqmüəyyənedici sənədlər əsasında aparılır və qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada ləğv edilmədiyi, yaxud hər hansı digər səbəbə görə qüvvədən düşmədiyi halda, hüquqi cəhətdən etibarlı sayılır. Bu mənada, hüquqmüəyyənedici sənədin qüvvədə qaldığı müddət ərzində onun əsasında əldə edilmiş hüquq və həmin hüququn reyestrdə aparılmış qeydiyyatı da hüquqi cəhətdən mötəbər hesab olunur.
31. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyul 2025-ci il tarixli, 2-1(102)-1506/2025 nömrəli qərarında qeyd edilmişdir ki, “İddiaçı məqsədinə yalnız sözügedən bağ sahəsinə üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədin mübahisələndirilməsinə dair iddianın uğurlu olduğu təqdirdə çata bilər. Lakin bu zaman hüquqmüəyyənedici sənədin mübahisələndirilməsinə dair iddianın qanunvericiliklə müəyyən olunmuş mümkünlük şərtlərinin mövcudluğu yoxlanılmalı və həmin şərtlərin ödənilib-ödənilmədiyi, o cümlədən iddia müddətinin ötürülüb-ötürülmədiyi müəyyən olunmalıdır.”
32. Belə ki, iddiaçı ümumi 0,17 ha torpaq sahəsinin 0,0564 ha hissəsini də iddia etsə də, həmin hissə üzərində üçüncü şəxsin mülkiyyət hüququ hazıradək qüvvədədir və iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi torpaq sahəsinin 0,0564 ha hissəsi münasibətdə mümkün sayılmamalıdır.
33. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək izah olunur ki, yaranmış vəziyyətin aradan qaldırılması məqsədi ilə üçüncü şəxsə məxsus sənədlər iddiaçının mülkiyyət hüquqlarına müdaxilə edilən hissədə məhkəmə icraat qaydasında mübahisələndirilə bilər.
34. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
35. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Xaçmaz rayonu, Çaykənarı kəndi ərazisində yerləşən 0,17 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi” iddia tələbi “torpaq sahəsinin 0,0564 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi” hissəsində mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova