Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-902/2024 15.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “təbii fəlakət nəticəsində ona dəymiş maddi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən fərdi yaşayış evimizin 25 mart 2022-ci il tarixdə həmin kənddə güclü qar yağıntısı səbəbindən uçulub dağılmış dam örtüyünün təmir olunması öhdəliyinin cavabdehlər Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı1 iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu, Qızmeydan kəndində ailəyə məxsus fərdi yaşayış evi vardır. 25 mart 2022-ci il tarixdə həmin kənddə güclü qar yağıntısı səbəbindən fərdi yaşayış evinin dam örtüyü tamamilə uçulub dağılmışdır. Bu barədə Şamaxı rayon İcra Hakimiyyəti başçısının Qızmeydan kənd İƏD üzrə nümayəndəsinin və kənd bələdiyyə sədrinin iştirakları ilə xx.xx.2022-ci il tarixdə akt tərtib olunmuş və fərdi yaşayış evinə dəymiş zərər aktda təsdiqini tapmışdır. Bununla əlaqədar fərdi yaşayış evimizə dəymiş maddi ziyanın aradan qaldırılması məqsədilə aidiyyatı dövlət orqanları olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eələcədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumlarına çoxlu sayda müraciətlər etmişlər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidməti tərəfindən müraciətlərımızlə əlaqədar bizə əvvəlcə xx.xx.2022-ci il tarixli, daha sonra isə xx.xx.2022-ci il tarixlərdə iki dəfə rəsmi cavablar verilmiş və hər iki halda verdikləri cavablara rəsmi arayışlar qoşma edilmişdir. Verilən cavablardan açıq şəkildə görünür ki, qeyd olunan tarixlərdə həqiqətən də Şamaxı rayonu, Qızmeydan kəndində yüksək hündürlükdə qar yağması faktı təsdiq olunmuşdur.Fərdi yaşayış evinə dəymiş zərərin aradan qaldırılması üçün bu iki rəsmi cavab kifayət etməmiş, bununla yanaşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin də fərdi yaşayış evinə baxış keçirməsi və dəymiş zərərlə bağlı müvafiq rəyin verilməsi tələb olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologıya Xidməti tərəfindən müraciətlərimizlə əlaqədar bizə əvvəlcə xx.xx.2022-ci il tarixli cavab məktubunu da ərizəmizə əlavə edərək fərdi yaşayış evinə baxışın keçirilməsi və müvafiq rəyin tərtib olunması üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə müraciət etmişik. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən bizə imtina verilmiş və imtinada göstərilmişdir ki, Agentlik tərəfindən iki halda, kütləvi xarakter daşıdığı fövqəladə hal baş verdikdə yuxarı mərkəzi icra həkimiyyəti orqanının tapşırığı əsasında və ya balanssaxlayıcı təşkilatlar, yaxud mülkiyyətçilər tərəfindən müraciət edildiyi təqdirdə müvafiq qaydada bağlanmış müqavilə əsasında (ödənişli qaydada) baxaş keçirilir və müvafiq rəy tərtib olunur. Həmçinin fərdi yaşayış evimizin qanunda nəzərdə tutulduğu qaydada sığortalanması məsləhət görülmüşdür. Hesab edirlər ki, cavabdehin bu imtinası tamamilə əsassız və qanunsuzdur. Çünki, yuxarıda da qeyd etdiyim kimi fərdi yaşayış evimizə hündür qar yağıntısı zamanı maddi zərərin dəydiyi, evin dam örtüyünün tamamilə uçulub dağıldığı təqdim etdiyimiz sənədlər əsasında tam sübuta yetirilmişdir. Bu səbəbdən də hesab edirəm ki, cavabdehin imtinası məhkəmə qaydasında qanunsuz və əsassız hesab edilməklə iddia tələbi təmin olunmalı, fərdi yaşayış evimizə hündür qar yağıntısı zamanı dəymiş maddi zərərin aradan qaldırılması öhdəliliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən İddiaçı1 eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh təşkilat iddia tələbinə etiraz edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixində İddiaçı1 məxsus fərdi yaşayış evinin dam örtüyü qarın ağırlığına tab gətirməyərək çökmüşdür. Şamaxı Rayon icra Hakimiyyəti tərəfindən ona dəymiş ziyanın aradan qaldırılmasına köməklik göstərilməsi məqsədi ilə 2000 (iki min) manat maddi yardım göstərilmişdir. Vətəndaş vəsaiti qəbul etsə də evinin təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdüyünü iddia edərək fərdi yaşayış evinin dövlət vəsaiti hesabına bərpasını tələb etmişdir. Fərdi yaşayış evinə baş vermiş hər hansı təbii fəlakət və ya fövqəladə təbiət hadisəsi nəticəsində ziyan dəyməsinin müəyyənləşdirilməsi və dövlət vəsaiti hesabına bərpası rayon icra hakimiyyətinin səlahiyyətləri daxilində olmadığı üçün məsələyə baxılması məqsədi ilə tərəfimizdən Azərbaycan Respublikası Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinə müraciətlər göndərilmişdir. Nazirliklərindən gələn cavab məktublarında 24-25 mart 2022-ci il tarixlərində müşahidə olunan yağıntının miqdarının təbii fəlakət törədə bilən hidrometeoroloji hadisələrin təhlükəli hədd göstəricilərindən aşağı olduğu bildirilmişdir. Hər hansı təbii fəlakət və ya fövqəladə təbiət hadisəsi nəticəsində vətəndaşlara məxsus fərdi yaşayış evinə ziyan dəyməsinin müəyyənləşdirilməsi və dövlət vəsaiti hesabına təmirinə, bərpasına və ya yenidən inşasına qərar verilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aiddir. Qeyd olunanlara əsasən İddiaçı1 təbii fəlakət nəticəsində ona dəymiş maddi zərərin ödənilməsi vəzifəsinin Şamaxı rayon icra Hakimiyyətinin üzərinə qoyulması tələbini əsassız hesab edir, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk öncə nəzərə alınmalıdır ki, rayon icra hakimiyyətlərinin hüquq və vəzifələri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə qeyd edilib. Həmin Əsasnamədə yerli icra hakimiyyətlərinin müxtəlif sahələrdə görəcəyi işlər öz əksini tapıb. Hazırkı, iddia tələbi üzrə irəli sürülən maddi zərərin ödənilməsi tələbi Əsanamənin heç bir bəndində öz əksini tapmamışdır.Belə ki, Əsasnamənin 3.9.7-ci bəndinə əsasən rayon icra hakimiyyəti qəza vəziyyətində olan yaşayış sahələrinin bərpası üçün tədbirlər görməlidir. Göründüyü kimi yerli icra hakimiyyətinin üzərinə qəza vəziyyətində olan evlərin bərpası deyil bərpa işlərinin aparılması ilə bağlı tədbirlərin görülməsindən ibarət olmuşdur. Hazırkı, iş üzrə aparılan araşdırma, o cümlədən iddiaçının verdiyi ifadədən məlum olmuşdur ki, Şamaxı Rayon İcra Hakimiyyəti qəzalı ev barədə Fövqəladə Hallar Nazirliyinə məlumat vermiş, hətta büdcəsindən müəyyən məbləğdə vəsaiti iddiaçıya ödəmişdir. Hesab olunur ki, yerli icra hakimiyyəti qanunla üzərinə qoyulan təbdir görülmə öhdəliyini yerinə yetirmişdir. Lakin iddia tələbi təbii fəlakət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə bağlı olduğundan Şamaxı Rayon İcra Hakimiyyətinin həmin iddiaya cavab verən qurum hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “təbii fəlakət nəticəsində ona dəymiş maddi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-902/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-902/2024
15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver