Məhkəmə qərarları › İş №2-1(118)-903/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-903/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-903/2021 06.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X4 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş “tələbin icraya yönəldilməsi haqqında” 01.03.2021-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair inzibati işə Sumqayıt şəhərində, Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70), açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X4 LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş “tələbin icraya yönəldilməsi haqqında” 01.03.2021-ci il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X4 LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti 26.04.2004-cü ildə “X2 LTD” adı ilə dövlət qeydiyyatına alınmışdır. 01.05.2006-cı il tarixində müəssisənin adı dəyişdirilmiş və “X4 LTD” MMC kimi fəaliyyət göstərmişdir. Müəssisənin əsas fəaliyyəti qənnadı məhsullarının istehsalıdır. Müəssisə dövlət büdcəsinə olan vergiləri və digər ödənişləri vaxtlı-vaxtında ödəmiş, öz qanuni fəaliyyəti ilə digər müəssisələrə hər zaman nümunə olmuş, öz fəaliyyətində hər zaman qanunun tələblərini rəhbər tutmuş, heç bir qanuna zidd hərəkətlərə yol verməmişdir. “Tələbin icraya yönəldilməsi haqqında” 01.03.2021-ci il tarixli qərara əsasən iddiaçı tərəfindən əsas vergi borcu üzrə 419.939,23 manat, faiz borcu üzrə 230.755,46 manat, maliyyə sanksiyası üzrə 435.866,56 manat olmaqla, cəmi 1.086.561,25 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar 2 saylı Ərazi Vergilər Baş İdarəsinin müvafiq qərarlarının 01.03.2021-ci il tarixdən icraya yönəldilməsi qərara alınmışdır. Həmin qərar əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, sözügedən vergi borcunun yaranmasına əsas olmuş 01.08.2017-ci il tarixli, **********104790 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar hazırda məhkəmə qaydasında mübahisələndirilir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 01.08.2017-ci il tarixli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 150/2018 saylı, 26.01.2018-ci il tarixli ilə qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-231/2018 saylı, 29.05.2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.01.2019-cu il tarixli, 2-1(102)-22/2019 saylı qərarı ilə qismən təmin olunmuş və iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin 2-1(105)- 11/2020 saylı, 17.08.2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-150/2018 saylı qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş və hazırda həmin iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Göründüyü kimi, sözügedən vergi borcunun yaranmasına əsas olmuş qərar məhkəmə qaydasında mübahisələndirilərkən, işə məhkəmədə baxılarkən və iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmadan “tələbin icraya yönəldilməsi haqqında” qərarın qəbul edilməsi tamamilə əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində tələbin icraya yönəldilməsi barədə 01.03.2021-ci il tarixli **********095400 saylı qərarın ləğv edilməsini tələb etmişdir. Həmin qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından inzibati akt hesab edilə və həmin aktın ləğvi məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Yəni, sözügedən qərar birbaşa vergi ödəyicisinə ünvanlamamış, onun üçün özüözlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Vergi ödəyicisi üçün hüquqi nəticələr isə məhz “vergi məsuliyyətinə cəlbetmə”, yaxud “vergi məsuliyyətinə cəlb etməkdən imtina” barədə qərarın qəbulu ilə yaradılır. Təsadüfi deyil ki, səlahiyyətli vergi orqanı adı çəkilən qərarlardan birini qəbul edərkən sübut kimi həmin akta və digər sənədlərə istinad edir və həmin qərar qəbul edilməyənədək, vergi ödəyicisi üçün müəyyən (konkret) hüquqi nəticə yaranmır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri baxımından icra edilməyən, yaxud icrası mümkün olmayan aktlar inzibati akt hesab edilə bilməz. Vergi orqanının səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar tərtib etdiyi akt icra edilən akt deyil və sübut kimi qiymətləndirilən və qərar qəbul edilməsinə əsas olan akt olduğuna görə inzibati akt sayıla bilməz. Qeyd olunanlara əsasən nümayəndə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 14.2-ci bəndində göstərilmişdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Göründüyü kimi, iddiaçı iddia tələbində cavabdeh tərəfindən qəbul edilən “tələbin icraya yönəldilməsi haqqında” qərarın ləğvini tələb edir. Lakin qeyd etmək lazımdır ki, həmin qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən inzibati akt hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Qərarda inzibati aktın anlayışını şərh edərək bildirmişdir ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. İnzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: 1. inzibati orqan tərəfindən qəbul edilməli; 2. ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; 3. ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; 4. hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Göründüyü kimi inzibati aktın xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, akt idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olunması üçün qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı, habelə hakimiyyət tədbiri olmalıdır. İddiaçının mübahisələndirdiyi qərar isə yuxarıda qeyd olunan əlamətlərin hamısına malik olmamaqla ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmır, habelə ümumi (publik) hüquq sahəsinə aid olan hər hansı məsələni həll etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar