Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-903/2023 23.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 №-li qərarına əsasən ona Qobu qəsəbəsinin ərazisində fərdi ev tikmək məqsədi ilə satılmış 0,08 ha torpaq sahəsinin üzərində hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 №-li qərarına əsasən ona Qobu qəsəbəsinin ərazisində fərdi ev tikmək məqsədi ilə satılmış 0,08 ha torpaq sahəsinin üzərində hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 21 sentyabr 2022-ci il tarixli, **********15 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Abşeron rayonu Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 №-li qərarına əsasən iddiaçıya Qobu qəsəbəsinin ərazisində fərdi ev tikmək məqsədi ilə 0,08 ha torpaq sahəsi satılmış, torpağın alqı-satqı qiymətini təşkil edən 500 manat vəsait tərəfindən 2007-ci il dekabrın 05-də Bələdiyyənin xüsusi hesabına köçürülmüş, torpaq sahəsi 2011-ci il aprelin 19-da mərzlənərək ayrılmış, bu barədə onun, Abşeron rayonu Qobu Bələdiyyəsinin şöbə müdirinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayonu şöbə müdirinin iştitakı ilə həmin tarixdə 723 №-li torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. Bundan sonra bələdiyyənin ərazisində ona ayrılmış 0,08 ha torpaq sahəsində abadlıq işləri aparılmış, ərazi kol-kosdan təmizlənməklə hamarlanmış, orada müxtəlif növ ağaclar əkilmiş, ərazi tərəfindən hasara alınmaqla yaşayış evi tikilmiş, ailə üzvləri ilə birlikdə ora köçüb yaşamağa başlamış, hazırda da orada yaşayır. Keçmiş müddət ərzində sözügedən torpaq sahəsi barədə ona kimsə tərəfindən etiraz və maneçiliklər törədilməmişdir. Adı çəkilən torpaq sahəsinin adına hüquqi qeydiyyata alınması və çıxarışın verilməsi üçün cavabdehə yazılı müraciət etmiş, lakin sonuncu 2022-ci il 21 sentyabr tarixli məktubu ilə bundan imtina etmiş, imtinanın səbəbi torpağın alqı-satqı aktının 2011-ci aprelin 19-da tərtib olunması, sözügedən qərarın arxiv arayışının müraciətə əlavə edilməməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin 2009-cu ildə mövcud olduğu halda, Qobu Bələdiyyəsinin ona torpaq sahəsinin ayrılmasına dair xx.xx.2007-ci il tarixli qərarda Abşeron Ərazi İdarəsinə istinad olunduğu aşkar edildiyi, həmçinin Abşeron rayonu Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanuna müvafiq qaydada təsdiqlənmədiyi və döngə nöqtələrinin kordinatlarının göstərilmədiyi, habelə ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaqlara aid olması göstərilmişdir. Əvvəla, yuxarıda qeyd etdiyi kimi, iddiaçıya fərdi evin tikilməsi üçün torpaq sahəsi bələdiyyənin xx.xx.2007-ci il tarixli 21 saylı qərarına əsasən satılmış, həmin ilin dekabr ayında tərəfindən Bələdiyyənin xüsusi hesabına 500 manat vəsait köçürülmüşdür. İkincisi, adı çəkilən torpaq sahəsinin ona Bələdiyyənin xx.xx.2007-ci il tarixli qərarına əsasən satılması qərara alınmış, həmin ildə tərəfindən vəsait ödənilmiş, sonra torpaq sahəsinin ayrılması barədə istinad olunan torpaqların alqı-satqısına dair akt tərtib olunmuş və həmin akt 2011-ci il aprelin 19-da Abşeron rayon Ərazi İdarəsində qeydə alınmış, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsi bunu qanunamüvafıq hesab etmiş, xx.xx.2011- ci il tarixli 1853 №-li məktubla torpaq sahəsinin mülkiyyət hüququna dair sənədin verilməsinə etiraz etməmişdir. Üçüncüsü, cavabdehin qənaətinə görə Abşeron Rayon Ərazi idarəsi 2007-ci ildə deyil, 2009-cu ildə mövcud olduğundan iddiaçının hər hansı bir məlumatı yoxdur, amma onu bilir ki, Abşeron Rayon Ərazi İdarəsi dövlət təşkilatı kimi uzun illər mövcud olmuşdur. Cavabdehin imtinasının dördüncü səbəbini də əsassız hesab edir, çünki cavabdehə müraciət edən vaxt, sənədlərin siyahısına Abşeron rayonu, Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarış və həmin çıxarışa torpaq sahəsinin koordinatlarını göstərən sənəd də əlavə edilmişdir. Nəhayət, ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı örüş torpaqlarının olmasına gəldikdə isə onu qeyd etmək istəyir ki, ona ayrılmış torpaq sahəsinin ətrafı fərdi yaşayış evləri ilə əhatə olunmuşdur. siyahıda adının olmaması, bağ sahəsinə dair digər şəxslərin müraciətinin olması, həmçinin əraziyə baxış keçirilməsinə şəraitin yaradılmaması olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə uyğun olaraq, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçil iyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci və 4-cü bəndlərinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üvərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil xx.xx.2022-ci il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: Qobu Bələdiyyəsi tərəfindən 0.08 ha torpaq sahəsinin xx.xx.2007-ci il tarixli, 21 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 19 aprel 2011-ci il tarixdə verildiyi; Təqdim edilmiş qərarın arxiv arayışının müraciətə əlavə olunmadığı; Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi 2009-cu ildən mövcud olsada, müraciət üzrə əlavə edilmiş Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 21 nömrəli qərarında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə istinad edildiyi; Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi; Torpaq sahəsinin təyinatına və hügugi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması aşkar edilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinin 4- cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Qeyd edək ki, o zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydalarf’na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydaları"na Əlavədən - “Torpaqların alqı-satqısına dair Akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Məcəllənin 13-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istsfadə edilir; kənd təsərrüfatı torpaqlarında kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Məcəllənin 13-cü maddəsinin 3-cü bəndinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi onların müvafiq icra hakimiyyəti orqanının (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) qərarı ilə Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada bir kateqoriyadan digər kateqoriyaya keçirildikdən sonra mümkündür Torpaq Məcəlləsinin 16-ci maddəsinə uyğun olaraq yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər, örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etməyə borcludurlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub- olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1- ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddia öhdəliyin icrası haqqında iddiadır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməyə səlahiyyətli orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilə bilməz. Belə ki, Abşeron rayon X6 02 noyabr 2007-ci il tarixli Qərarı ilə Abşeron rayonu perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında 0.08 ha torpaq sahəsi fərdi mənzil tikintisi məqsədilə İddiaçı satılmışdır. Alqısatqı aktı xx.xx.2011-ci il tarixdə tərtib edilmişdir. torpaq sahəsinin yerquruluşu xəritəsindən çıxarış iş materiallarına əlavə edilmişdir. Məhkəmə araşdırması zamanı Abşeron rayon Qobu bələdiyyəsinin 21 saylı xx.xx.2007-ci il tarixli Qərarından çıxarış və ona aid sənədlərin təsdiq edilmiş surətləri Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilmişdir. İddiaçı hazırda Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 №-li qərarına əsasən ona Qobu qəsəbəsinin ərazisində fərdi ev tikmək məqsədi ilə satılmış 0,08 ha torpaq sahəsinin üzərində hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı: Qobu Bələdiyyəsi tərəfindən 0.08 ha torpaq sahəsinin xx.xx.2007-ci il tarixli, 21 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 19 aprel 2011-ci il tarixdə verildiyi; Təqdim edilmiş qərarın arxiv arayışının müraciətə əlavə olunmadığı; Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi 2009-cu ildən mövcud olsa da, müraciət üzrə əlavə edilmiş Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 21 nömrəli qərarında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə istinad edildiyi; Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi; Torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması aşkar edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinasın əsaslı olmuşdur. Belə ki, ilkin olaraq məhkəmə qeyd edir ki, cavabdehin də qeyd etdiyi kimi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi 2009-cu ildən mövcud olsa da, müraciət üzrə əlavə edilmiş Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 21 nömrəli qərarında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə istinad edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 2005-ci il tarixli, 1008 saylı Sərəncamı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi və özəlləşdirilməsi departamentinin əsasında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 may 2009-cu il tarixli, 283 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yaradılmışdır. Göründüyü kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi məhkəməyə təqdim edilmiş bələdiyyə qərarının göstərildiyi tarixdə mövcud olmamışdır. Bu halda həmin tarixli qərarda Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsinin adının qeyd edilməsi qeyri-mümkündür. Məhkəmə hesab edir ki, qeyd edilən bələdiyyə qərarında gələcəkdə yaradılacaq quruma istinad edilməsi həmin qərarın qərarda göstrilən tarixdə yox, qərarda istinad edilə qurumun yaradıldığı tarixdən sonrakı vaxtlarda tərtib edildiyini göstərir. Bu isə həmin qərarın xx.xx.2007-ci il tarixdə qüvvədə olan qanunvericiliyə uyğun hüquqi nəticə yaratdığını istsna etdiyi kimi, iddiaçı tərəfin qərarın xx.xx.2007-ci il tarixdə verilməsini bildirməsindədə səmimi olmadığını göstərir. Bundan əlavə Məhkəmənin 2-1(118)-3449/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınmış, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları nədir? (sxematik xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları Abşeron rayon X6 02 noyabr 2007-ci il tarixli, 21 saylı qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsinə uyğundurmu? (Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu xəritəsindən çıxarışa) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin təyinatı, kateqoriyası, uqodiyası nədən ibarətdir? Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 02 mart 2023-cü il tarixli, 3-21-3-32/2-2355/2023 saylı məktubu ilə iş üzrə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Rəydə tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, 1. İddiaçının faktiki istifadəsində olan 0,0797 ha torpaq sahəsinin koordinatları sxemdə göstərilmişdir. 2. İddiaçının faktiki istifadəsində olan 0,0797 ha torpaq sahəsi məhkəmə tərəfindən təqdim olunmuş iş materialında Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən 0,08 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşir. 3. Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən torpaq sahəsinin təyinatı və kateqoriyası uqodiyasının nədən ibarətdir olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin məhkəmə tərəfindən təqdim olunmuş iş materialında Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən 0,08 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və iddiaçının faktiki istifadəsində olan 0,0797 ha torpaq sahəsi elektron baza məlumatına əsasən təyinatına və hüquqi rejiminə görə kateqoriyası kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aiddir. Lakin 07 iyun 2023-cü il tarixli məhkəmə iclasında mütəxəssis rəyinin verilməsində iştirak etmiş cavabdehin nümayəndəsi X2 izahatında bildirmişdir ki, ərazi kənd təsərrüfatı təyinatlı örüş sahəsi olsa da, sonradan bələdiyyə tərəfindən kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahəsi kimi ayrılmışdır. Bu baxımdan mütəxəssis rəyi ilə X1 izahatı arasında olan uyğunsuzluğa aydınlıq gətirilməsi və bununla bağlı məlumatın rəsmi qaydada təqdim olunması üçün məhkəmənin 07 iyun 2023-cü il tarixli sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi 07 iyul 2023-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, məhkəmə tərəfindən təqdim olunmuş iş materialında Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən 0,08 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və iddiaçının faktiki istifadəsində olan 0,0797 ha torpaq sahəsi elektron baza məlumatına əsasən kənd təsərrüfatı təyinatlı örüş sahəsindən kəndin perspektiv inkişafı (KPİ) üçün nəzərdə tutulan torpaqlara aiddir. Məhkəmə hesab edir ki, qeyd edilənlər 0.08 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınmasından cavabdeh orqanın imtinasının əsaslı olduğunu göstərir. Belə ki, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olduğu müəyyən edilmişdir, torpaq sahəsi kəndin perspektiv inkişafı (KPİ) üçün nəzərdə tutulan torpaqlara aid olsa da örüş torpağıdır və torpaq sahəsinin təyinatı dəyişdirilməli idi. Belə ki, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Hazırkı mübahisənin yaranmasının əsasını iddiaçın istifadəsində olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş sahəsinin olması təşkil edir. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Məcəllənin 12-ci maddəsinin 2-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Azərbaycan Respublikası Topraq Məcəlləsinin 16-cı maddəsinə əsasən:
1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.
2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.
3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.
4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır.
5. Qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq, hər hektara 1—4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. Ümumi istifadədə olan örüş sahələrinə, habelə hüquqi və fiziki şəxslərin icarəsinə verilən örüş və biçənək sahələrinə tələbat hesablanarkən mal-qaranın sayı, sahələrin həcmi, tutumu və yerləşməsi, suvarma imkanları, torpaqların keyfiyyəti və digər normativtexniki tələblər nəzərə alınır.
6. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər.
7. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
8. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş "Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları"-nın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi örüş torpaqlarının şəxslərin mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edilənlər cavabdeh inzibati orqanın hərəkətləri və imtinasının əsaslı olduğunu göstərir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mülkiyyət hüququna dair reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqanın hərəkətləri və imtinası qanunvericiliyə uyğun olmuşdur və ona görə də iddia rədd edilməlidir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev