Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-9039/2025 22.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Məhərrəmova Türkan Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı “ötürülmüş məbləğin tutularaq ödənilməsi və əmək müqaviləsinin bərpası” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürən tərəfindən 2024-cü ilin may ayında ödənilmiş son aylıq maaşı olmuş 1435 manat (çıxılmalar daxil) məbləğini nəzərə almaqla, əmək müqaviləsinin ləğvindən başlayaraq ötürülmüş 15 ay müddəti üçün toplam 21525 (iyirmi bir min beş yüz iyirmi beş) AZN məbləğinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” publik hüquqi şəxsdən tutularaq ona ödənilməsi və ləğv edilmiş əmək müqaviləmin bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” publik hüquqi şəxsin keçmiş rəhbərliyi 2024-cü ilin iyun ayının əvvəllində bütün işçilərə bildiriş təqdim edərək hər bir işçinin ixtisara düşdüyüni bildirdi və çoxsaylı işçilərə bildirdilər ki, bildirişi qəbul edib ixtisara düşdüklərini təsdiq etsinlər, lakin bir müddət sonra çoxsaylı keçmiş işçilər yerinə qaytarılacaq və sadəcə gözləmək lazımdır. İddiaçı da 2024-cü il 14 iyun tarixində işəgötürən tərəfindən aldadılaraq ixtisara salınmışdır. İdarənin TOOM (Tikilməkdən olan Obyektlərin Müdiriyyəti) daxilində xarici layihələrin idarəedilməsi üzrə yazışmalar və tərcümələr bölməsində işləmiş və işəgötürənin reytinqinin yüksəldilməyi üçün əlimdən gələni etmişdir. 2011-2024 cü illər arasında dəfələrlə imtahanlarda ən yüksık nəticəni qazanmış işçi olmağına baxmayaraq, faktiki olaraq bu idarə taleyi ixtiyarına buraxdı və 64 yaşının 22 aprel 2024-cü ildə tamam olmasına baxmayaraq, ailənin yeganə qazanc yerindən məhrum edilmişdir. İşin faktiki hallarını göstərərək izah edir ki, kütləvi ixtisar xəbərdarlığı paylayan idarə bir müddət sonra özünə yaxın bildiyi keçmiş işçilərin böyük hissəsini yenidən müqavilə üzrə işə qaytarsa da, iddiaçının hüquqlarını tapdalamış və bir ildən artıq gözləməyimə baxmayaraq, yenidən işə dəvət edilməmişdir. Pensia yaşına qədər ən azı on aylıq maaşından məhrum edilmiş və bu ərizənin tarixinə qədər hələ də işsizdir və xeyirxah insanlardan borc alaraq yaşamaq üçün xilas olmağa çalışır. İxtisardan on ay sonra 22 aprel 2025-ci il tarixdə yaşa görə pensiyaya çıxmış və ona məlum olmuşdur ki, işəgötürənin on milyonlarla Məcburi Dövlət Sosial Sığorta (MDSS) borcu var və iddiaçının də MDSS haqları tam ödənməyib və tezliklə ödəyəcəyi barədə heç bir zəmanət də yoxdur. Odur ki, normal pensiya da ala bilmir. Əmək pensiya yaşına cəmi on ay qaldığı bir zamanda heç bir hüquqi və ya digər əsasverici səbəb olmadan ixtisara salınmağı konstitusiya hüquqlarının və Əmək Məcəlləsinin müvafiq maddələrinin kobud formada pozulmasıdır və məhkəmə qaydasında araşdırılmalıdır. Bundan əlavə, məcburi köçkün statusunun olması ilə əlaqədar işəgötürən onu ixtisara salmamalı idi, çünki 64 yaşına yenicə çatmış bir işçinin uzun illər işlədiyi idarədən heç bir səbəb olmadan ixtisara salınması, onu əmək hüququndan məhrum etməsi bütün hallarda faktiki qanun pozuntusudur, işəgötürənin idarəsində 2011-cü ildən xidmət müqaviləsi ilə 2015-ci ildən faktiki əmək müqaviləsi ilə çalışmış və ixtisara salındığı tarixə qədər işi ilə bağlı heç bir yazılı və ya şifahi xəbərdarlıq və ya irad bildirilməyib. İşəgötürən heç bir halda nəzərə almamışdır ki, pensiya yaşına az müddət qalmış və ya pensiya yaşına çatmış işçinin ixtisara salındıqdan sonra digər işəgğtürən tərəfindən yeni işə qəbul edilməsi zamanla qeyri-mümkündür. X1 iddiaçıya iş axtarmasına baxmayaraq, bu məsələ hazırda qeyrimümkündür. İşəgötürənin onun məcburi köçkün kimi statusunu nəzərə almayıb və qanunsuz olaraq ixtisara salıb. Əmək Məcəlləsində bildirilir ki, ixtisar prosesində məcburi köçkün və ona bərabər tutulan şəxslərin imtiyazları var. İddiaçı hesab edir ki, mütərəqqi dünya praktikasına və normalara uyğun olaraq hər hansı bir idarə və ya dövlət qurumu işçiləri yenidən sertifikasiya etməli və bacarıqlı və təcrübəli işçiləri yenidən işə qəbul edə bilərdi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərindən İşəgötürənin şəffaf istifadə etməməsi avtomatik olaraq iddiaçının ayrı-seçkiliyə məruz qalmağı və insan hüquqlarının pozulması ilə nəticələnmişdir.
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İİ İddianın mümkünlüyü
6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.), məruz qoyula bilər, amma ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
8. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanunqüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015ci il tarixli № 05 qərarı: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir.
10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015ci il tarixli 4 nömrəli Qərarının müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
İİ Məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
12. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət və iddiaya mahiyyəti üzrə baxılmasını tələb hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən məhdudiyyətlərə tabedir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər mütləq ödənilmiş olmalı, xüsusən də qaldırılmış iddiaya inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmağa imkan verən müvafiq prosessual normalar mövcud olmalıdır.
13. İşin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur və məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
15. Bu baxımdan “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarına əsasən, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. Həmin Qərarda qeyd olunmuş cədvəldən müəyyən olunur ki, əmək münasibətlərindən irəli gələn tələblərə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq, ümumi məhkəmələr baxır.
17. Beləliklə, yuxarıda qeyd olunmuş qanunvericiliyin müddəalarını əsas götürərək məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
X3-Abbaszadə