Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-904/2020 11.12.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, Kazımova İradə Səlim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı “Yaşma” bağları ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, “Yaşma” bağları ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın, plan və ölçülərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinin xx xxxxxx 1988-ci il tarixli, 16 saylı qərarı əsasında Sumqayıt şəhəri “Yaşma” bağlar ərazisindəki “Nəqliyyatçı” Kollektiv bağçılıq yoldaşlığının üzvlüyünə qəbul olunmuş və ona 6 saylı bağçının üzvlük kitabçası verilmişdir. “Nəqliyyatçı” Kollektiv bağçılıq yoldaşlığının idarə heyətinin xx xxxxxx 2000-ci il tarixli 02 saylı protokoluna əsasən ona həmin ərazidə sahəsi 0,06 ha. olmaqla 6 saylı bağ torpaq sahəsi yerində ayrılaraq istifadəsinə verilmişdir. Buna dair ona xx xxxxxx 2000-ci il tarixli 02 saylı protokoldan çıxarış, bağ sahəsinin yerləşməsinin sxematik planı, Yoldaşlığın adlı siyahısından çıxarışın təsdiq olunmuş surətləri verilmişdir. Həmin müddətdən bağ torpaq sahəsi istifadəsində olmaqla 2003-cü ildə oranı hasara almışdır. Orada müxtəlif növ meyvə ağacları əkib becərmişdir. Ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın, plan və ölçülərin verilməsi ilə əlaqədar olaraq xx xxxxxx 2020-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciət etmişdir. Ərazi İdarəsi müraciətinə verdiyi xx xxxxxx 2020-ci il tarixli **********446 saylı məktubla Daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İmtina məktubunda göstərilir ki, araşdırma aparılarkən torpaq sahəsinin digər şəxsə məxsus, ləğv edilmiş DT və XK tərəfindən digər vətəndaşın adına hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədi ilə üst-üstə düşdüyü, torpaq sahəsinin 0,0240 ha. hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi müəyyən edilmişdir. Ona verilmiş cavab həqiqəti əks etdirmir və həmin cavabla razı deyil. Ona məxsus torpaq sahəsi digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Eyni zamanda 2 saylı X11 verdiyi sorğuya cavab olaraq “Nəqliyyatçı” bağçılıq yoldaşlıq birliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 02 saylı məktubdan görünür ki, “6 saylı bağ torpaq sahəsi İddiaçı, 7 saylı bağ torpaq sahəsi X1 məxsusdur”. Lakin 2 saylı Ərazi İdarəsi bunu nəzərə almamışdır. Məhkəmə iclasında İddiaçı iştirak etmiş və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdirki, torpaq sahəsi ona təhvil verilmiş, o torpaq sahəsini hasara almış, darvaza qoymuşdur və torpaq sahəsi onun istifadəsində olmuşdur. Torpaq sahəsi ilə ilə bağlı heç kim onu narahat etməmişdir. Torpaq sahəsinin az hissəsi mühafizə zolağına düşür. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı Zeynalov X5 şəhəri, Yaşma Bağları ərazisində yerləşən, "Nəqliyyatçı" X13 Heyətinin xx xxxxxx 2000-ci il tarixli 02 saylı protokolundan çıxarış ilə ayrılmış 06 nömrəli 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsi ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixli ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X14 müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar İddiaçı bildirilmişdir ki, müayinə və elektron kadastr baza məlumatları araşdırılarkən torpaq sahəsinin digər şəxsə məxsus, ləğv edilmiş DT və XK-i tərəfindən digər vətəndaşın adına hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bundan başqa, daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən, torpaq sahəsinin 0,0240 ha hissəsinin 110.0 Kvt-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları’nın tələblərinin pozulduğu müəyyən edilmişdir. Həmin Qaydalara əsasən əsasən 110.0 Kvt-luq elektrik xətlərinin mühafizə zonası hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 25.0 metr məsafədə müəyyənləşdirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bu barədə İddiaçı xx xxxxxx 2020-ci il tarixli **********46 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X7rşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş edirlər. Cavabdehin nümayəndəsi Əliyev Qəhrəman Həmdulla oğlu şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş iddiaya etirazı müdafiyə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianı mümükünsüz edən hər hansı bir əsas müəyyən edilmir. İddianın əsaslığı ilə bağlı məhkəmə hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Zeynalov X5 şəhər X8 İcraiyyə Komitəsinin xx xxxxxx 1988-ci il tarixli, 16 saylı qərarı əsasında Sumqayıt şəhəri “Yaşma” bağlar ərazisindəki “Nəqliyyatçı” Kollektiv bağçılıq yoldaşlığının üzvlüyünə qəbul olunmuş və ona 6 saylı bağçının üzvlük kitabçası verilmişdir. “Nəqliyyatçı” X9 Heyətinin 02 saylı Protokolundan xx xxxxxx 2000-ci il tarixli çıxarışla Zeynalov X6 Yoldaşlığın üzvlüyünə qəbul edilmişdir. “Nəqliyyatçı” Bağçılıq Yoldaşlığın üzvlərinin adlı siyahısından Çıxarışda 6 saylı bağ torpaq sahəsinin İddiaçı məxsus olduğu qeyd edilmişdir. 6 saylı Bağçının üzvlük kitabçasında İddiaçı Bağçılıq cəmiyyəti üzvlərinin xx xxxxxx 2000-ci il tarixli 02 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edildiyi, Bağçılıq cəmiyyəti bağından sahəsi 600 kv.m olan 6 nömrəli bağ sahəsinin Sumqayıt şəhər XDS-nin xx.xx.1988-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən daimi istifadə etmək üçün ona verildiyi qeyd edilmişdir. Eyni zamanda həmin torpaq sahəsinin yerləşməsinin sxematik planı da tərtib edilmişdir. Cavabdeh həmin torpaq sahəsi üzərində iddiaçının hüquqlarının qeydə alınmasından iki əsasla imtina etmişdir. Birinci səbəb kimi həmin torpaq sahəsinin başqa şəxsin adına tərtib edilmiş plan və ölçü sənədi ilə üst-üstə düşdüyü, ikinci səbəb kimi isə həmin torpaq sahəsinin 0,0240 ha hissəsinin 110.0 kvt-lıq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi göstərilmişdir. Cavabdeh inzibati orqan torpaq sahəsinin başqa şəxsin adına tərtib edilmiş plan və ölçü sənədi ilə üst-üstə düşdüyünü bildirsədə bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş “Nəqliyyatçı” X3 xx.xx.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, Sumqayıt şəhər XDS-nin xx xxxxxx 1988-ci il tarixli 16 saylı protokol qərarına əsasən “Nəqliyyatçı” bağçılıq yoldaşlığına 23 təşkilat üzv olmaqla 500 bağ sahəsi ayrılmışdır. “Şef təşkilat” olaraq “Avtokombinat təyin edilmişdir. Avtokombinatın işçiləri üçün 106 bağ, Dövlət Avtomobil Müfəttişləri üçün 5 bağ müəyyən edilmişdir. Avtokombinatın nümayəndəsi ilə DAM-in işçisinin yeri üst-üstə düşdüyü üçün X2 bağdan istifadə etməmişdir. Onun yanında olan 6 saylı bağ İddiaçı məxsusdur. Bağ sahəsində tikinti işləri aparılmış və istifadəsindədir. “Nəqliyyatçı” Bağçılıq Yoldaşlığında yer problemi yoxdur. Sumqayıt bələdiyyəsinin 3497 saylı arayışı, xx xxxxxx 2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, həqiqətən “Yaşma” bölgəsində “Nəqliyyatçı” bağçılıq cəmiyyətində yerləşən 6 saylı torpaq sahəsi İddiaçı məxsusdur və o, həmin torpaq sahəsinə görə torpaq vergisini ödəmişdir. Hal-hazırda Sumqayıt bələdiyyəsinə torpaq vergisinə görə borcu yoxdur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının sözügedən torpaq sahəsinin elektrik xəttinin mühafizə zolağına düşməyən hissəsi üzərində hüquqlarının qeydiyyata alınmasından imtinası əsaslı deyildir. Belə ki, cavabdeh imtinasında qeyd etdiyi halları sübut edə bilməmişdir. Lakin məhkəmə qeyd edir ki, inzibati orqanın imtinası torpaq sahəsinin 0,0240 ha hissəsinin 110.0 Kvt-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşən hissəsində əsaslıdır. Cavabdeh inziabti orqan qeyd edir ki, daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən, torpaq sahəsinin 0,0240 ha hissəsinin 110.0 Kvt-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları’nın tələblərinin pozulduğu müəyyən edilmişdir. Həmin Qaydalara əsasən əsasən 110.0 Kvt-luq elektrik xətlərinin mühafizə zonası hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 25.0 metr məsafədə müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilənlər inzibati orqanın imtinasının torpaq sahəsinin elektrik xəttinin mühafizə zolağına düşən hissəsində əsaslı olduğunu göstərir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Torpaq islahatı haqqında» Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadə və icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı “Yaşma” bağları ərazisində yerləşən 0,06 ha torpaq sahəsi elektrik xəttinin mühafizə zolağına düşməyən hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmas öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı “Yaşma” bağları ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin elektrik xəttinin mühafizə zolağına düşməyən hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-904/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-904/2020
11.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver