Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-904/2021 11.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.0 ha torpaq sahəsinin icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.0 ha torpaq sahəsinin icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin cavabdehin 403 saylı 26.02.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, yaxını X5 ilə birlikdə, onlara məxsus olan 3 mənzili “xxxx” ASC-də ipoteka ilə yüklü edərək kənd təsərrüfatı məhsullarının əkibbecərilməsi, istehsalı və emalı ilə məşğul olmaq üçün kreditə pul götürərək Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən Cavabdeh balansında olan 3.0 ha torpaq sahəsini almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 26 noyabr 2019-cu il tarixli Çıxarışı ilə Cavabdehndə hüququ yüklü edilmiş Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.0 ha torpaq sahəsi 14 mart 2007-ci il tarixli 084 nömrəli icarə müqaviləsi, 27 avqust 2014-cü il tarixli 3M/162 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi və Abşeron Rayon Məhkəməsinin 06.02.2018-ci il tarixli, 2(012)-93/2018 saylı icra vərəqəsi ilə İddiaçı adına **********96 reyestr nömrəsi ilə yüklü edilmişdir. İddiaçı banka olan kredit borcunu ödəyə bilmədiyi üçün “xxxx” ASC Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək kredit borcunun tutulması və ipoteka ilə yüklü edilmiş əmlakların satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-936/2018 saylı iş üzrə, 02.05.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı “xxxx” ASC-nin cavabdehlər İddiaçı və X2 qarşı iddia ərizəsi qismən təmin edilərək, 07.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh İddiaçı ümumilikdə 115871.39 manat məbləğində borc, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tutumanın həmin kredit müqaviləsinin təminatı qismində X5 tərəfindən ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayon, 23 A/8 saylı evin 51 saylı mənzilinə, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 23 A/8 saylı evin 42 saylı mənzilinə və Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, 57 saylı evin 34 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunan vəsait hesabına borc məbləğlərinin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan X2 qaytarılması, ipoteka predmetlərinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsinə kifayət etmədikdə borcun qalan hissəsinin cavabdeh İddiaçı tutulması qət edilmişdir. Bundan başqa, icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə ipoteka ilə yüklü edilmiş əmlaklar hərraca çıxarılmış, təkrar hərracda alıcı olmadığından, həmin əmlaklar “xxxx” ASC-yə satılmışdır. Hazırda “xxxx” ASC-yə olan borcu ödəyib bank tərəfindən hərracda satılmış Sumqayıt şəhəri, 9-cu mikrorayon, 23 A/8 saylı evin 51 saylı mənzili, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 23 A/8 saylı evin 42 saylı mənzili və Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, 57 saylı evin 34 saylı mənzili (alıcı "xxxx) geri almaq üçün Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.0 ha torpaq sahəsini icarə hüququnu satmaq zərurəti yaranmışdır. Torpaq sahəsinin icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi üçün Cavabdehnə müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş 26 fevral 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, müraciətiniz araşdırılarkən İddiaçı icarəsində olan əkinə yararlı 3.0 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatına uyğun istifadə olunmadığı və icarə haqlarının ödənilmədiyi aşkar edilmişdir. Qeyd olunan hallar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində göstərildiyi kimi torpaq sahəsi üzərində icarə hüququnun ləğvi üçün əsasdır. İddiaçı həmçinin qeyd etmişdir ki, 2014-2015-ci illərdə icarəyə götürdüyü torpaq sahəsində kənd təsərrüfat işləri ilə məşğul olmaq üçün torpaq sahəsinin bir hissəsində qarğıdalı və sarımsaq əkmişdir. Ərazini suvarmaq üçün nəzərdə tutulmuş kanallarda yetərli miqdarda su olmadığı üçün sahənin əsaslı suvarılması mümkün olmadığı üçün yetərli məhsul əldə edilməmişdir. Göstərilən səbəbdən torpaq sahəsində kənd təsərrüfatı məhsullarının əkilməsi rentabelli olmadığı üçün sahədə iri buynuzlu heyvanların saxlanması üçün ferma tikilmişdir. Nəticədə isə iddiaçı iki il ərzində xeyli ziyana düşmüşdür. Bundan başqa, sonrakı illərdə suvarma məsələsi həll olunmadığı üçün məcbur olaraq məişət suyundan istifadə etmiş, buda çox baha başa gəldiyi üçün faydalı olmamışdır. Qeyd edilən səbəblərdən gəlir əldə edilməmiş və kredit borcunu vaxtında ödəyə bilməmişdir. Buna görə də, ipoteka ilə yüklü edilmiş mənzillər hərraca çıxarılaraq satılmışdır. Həmin mənzillərin bankdan geri alınması üçün yalnız torpaq sahəsinin özgəninkiləşdirilməsinə ehtiyac vardır. 25 may 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iştirak etmiş və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır, lakin məqsədli təyinatına uyğun istifadə olunmamış, torpaq sahəsində qanunsuz tikinti işləri həyata keçirilmişdir. Ayrılmış sahə əkinə yararlı torpaq sahəsi olmasına baxmayaraq torpaq sahəsində əkin işləri aparılmamışdır, ümumiyyətlə təyinatına uyğun istifadə edilməmiş, icarə haqları ödənilməmişdir. Odur ki, torpaq sahəsi üzərində icarə hüququnun digərinə satılması Rayon icra Hakimiyyəti tərəfindən məqsədə müvafiq hesab edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İşə əlavə edilmiş Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 14 mart 2007-ci il tarixli, 084 saylı müqavilədən görünür ki, Cavabdeh tərəfindən 70 ha torpaq sahəsi “xxxx” MMC-nin icarəsinə verilmişdir. Cavabdeh başçısının 14 mart 2007-ci il tarixli, 084 saylı sərəncamı ilə Abşeron rayonunun Dövlət ehtiyat torpaq Fondunda saxlanılmış torpaqlardan “Uğur” KTMİM-nin ərazisindən sahibkarlıq məqsədilə 70 ha torpaq sahəsinin 99 il müddətinə icarə qaydasında “xxxx” MMC-yə ayrılması haqqında icarə müqaviləsinin və digər topaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır. İşdə olan 27 avqust 2014-cü il tarixli torpaq sahəsi üzərində icarə hüququnun alqısatqısı haqqında notarial qaydada təsdiq olunmuş müqavilə ilə “xxxx” MMC tərəfindən 3.0 ha torpaq sahəsi üzərində icarə hüququ İddiaçı satılmışdır. İş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” ********** saylı 26.11.2019-cu il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.0 ha torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində icarə hüququ ilə İddiaçı xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh 26.02.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 14 mart 2007-ci il tarixli, 084 saylı müqavilə şərtlərinə əsasən, Cavabdeh tərəfindən 70 ha torpaq sahəsi “xxxx” MMC-nin icarəsinə verilmişdir. Cavabdeh başçısının 14 mart 2007-ci il tarixli, 084 saylı sərəncamı ilə Abşeron rayonunun Dövlət ehtiyat torpaq Fondunda saxlanılmış torpaqlardan “Uğur” KTMİM-nin ərazisindən sahibkarlıq məqsədilə 70 ha torpaq sahəsinin 99 il müddətinə icarə qaydasında “xxxx” MMC-yə ayrılması haqqında icarə müqaviləsinin və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır. Bundan sonra 27 avqust 2014-cü il tarixdə torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqısı haqqında müqavilə ilə “xxxx” MMC tərəfindən 3.0 ha torpaq sahəsi üzərində icarə hüququ İddiaçı satılmışdır. Həmin torpaq sahəsi üzrəində sonuncunun icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı hal-hazırda icarə hüququnun başqa şəxsin adına özgəninkiləşdirilməsini istəyir. O, həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinə razılıq verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş materialları ilə həmçinin müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsinə dair İddiaçı ilə X4 arasında 03 iyun 2017-ci il tarixdə 3M-232 saylı torpaq sahəsi üzərində icarə hüququnun bağışlama müqaviləsi bağlanmışdır. Həmin müqavilədən narazı olan Cavabdeh bağışlama müqaviləsinin və onun əsasında verilmiş sənədlərin ləğvinə dair iddia ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-93/2018 saylı, 06 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri 18 saylı notariat kontorunda İddiaçı ilə X4 arasında bağlanmış 03 iyun 2017-ci il tarixli, 3M-232 nömrəli torpaq sahəsi üzərində icarə hüququnun bağışlama müqaviləsi etibarsız hesab edilmiş, X1 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarış və **********96 saylı torpaq sahəsinin planı və ölçüsü ləğv edilmiş, tərəflər əvvəlki vəziyyətə qaytarılmış, dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə Abşeron rayon məhkəməsinin sözügedən qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, mübahisəli torpaq sahəsinin icarə hüququnun həmin torpağın mülkiyyətçisi olan iddiaçı Cavabdeh razılığı alınmamış, bununla da əqdin bağlanması zamanı qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmuşdur. Hazırda iddiaçı sözgedən torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsini istəyir, buna görə də məhkəmə də iddia qaldıraraq, icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. O, məhkəməyə müraciət etməzdən əvvəl tələbi ilə balı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının səbəbi kimi İddiaçı icarəsində olan əkinə yararlı 3,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatına uyğun istifadə olunmadığı və icarə haqlarının ödənilmədiyinin aşkar edildiyi, qeyd olunan halların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququnun ləğvi üçün əsas olduğu, göstərilən qanun pozuntuları aradan qaldırılmayacağı təqdirdə müraciətin müsbət həll edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin 4.16.4-cü bəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyəti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 81-ci maddəsinə görə bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini başqasının müvəqqəti istifadəsinə və icarəsinə (subicarəsinə) vermək Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları kimi müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 86.5-ci maddəsinə Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi şəxslərin, yaxud orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə alınıb satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 712.1-ci maddəsinə əsasən icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki, torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin, birgə istifadə üçün torpağı tamamilə və ya qismən hər hansı kənd təsərrüfatı birliyinə versin. Qeyd olunan normaların mənasından göründüyü kimi dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi yerli icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aiddir və bağlanmış icarə müqaviləsi üzrə hüquqların özgəninkiləşdirilməsi üçün də həmin müqaviləni bağlamış yerli icra hakimiyyəti orqanının razılığının alınması tələb olunur. Beləliklə qeyd olunan hallar, yəni icarə hüququnun özgənikiləşdirilməsi ilə bağlı mülkiyyətçinin razılığının alınması qanunvericiliyin imperativ tələbindən irəli gəlir. Məhkəmə qeyd edir ki, dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində hüququn özgəninkiləşdirilməsinə razılıq verilməsi cavabdeh inzibati orqanın diskresion səlahiyyəti kimi müəyyən edilmişdir. Yəni həmin səlahiyyətlə cavabdeh orqana öz seçimi ilə davranış imkanı verilmişdir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırki işdə də Cavabdeh qeyd olunan torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verməsi ilə bağlı diskresion səlahiyyətləri vardır. O, bu səlahiyyətinə uyğun olaraq cavabdehin müraciətinin təmin edilməsindən imtina etmişdir. Buna əsas kimi də yuxarıda da qeyd olunduğu kimi iddiaçı tərəfindən icarə haqqlarının vaxtında ödənilmədiyini göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən icarə müqaviləsi üzrə öhdəliklərin yerinə-yetirilib yetirilməməsi hazırki məhkəmə araşdırmasının predmetinə aid olmasa da, dolayısı ilə, yəni qeyd edilən hallara qiymət verilməsi Abşeron rayon İcra Hakimiyyətinin diskresion səlahiyyətlərinin həddini aşıb-aşmaması hallarının müəyyən edilməsi istiqamətində əhəmiyyət kəsb edir. Cavabdeh iddiaçı tərəfindən icarə haqlarının ödənilməməsini qeyd edir, iddiaçı tərəfindən isə bunun əksini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qanunvericiliklə ona verilmiş diskresion səlahiyyətlərin həddinin aşıldığı müəyyən olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.0 ha torpaq sahəsinin icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən 3.0 ha torpaq sahəsinin icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-904/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-904/2021
11.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver