Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-904/2025 16.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi və özəlləşdirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 08 fevral 2024cü il tarixli 3-21-3-31/2-P-0001-8/2024 №-li imtina məktubunun məzmunu aşağı məzmundadır: ünvan 2 ünvanında yerləşən 9 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi barədə xx.xx.2024-cü il tarixli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri’’ publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsində baxılmışdır. Müraciətinizlə bağlı olaraq bildiririk ki, təqdim etdiyiniz sənədlər sözügedən daşınmaz əmlak üzərində hüququn qeydiyyatı üçün əsas deyildir. Belə ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilməmiş, xx.xx.2023-cü il tarixli 08 nömrəli order müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilməmişdir. Bildiririk ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı "Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlər əsasında aparılır. Əlavə olaraq idarənin mütəxəssisi tərəfindən sözügedən daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman mənzildə yenidənqurma işlərinin aparıldığı, ümumi sahəsi 3.2 kv.m olan əlavə tikilinin inşa edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 24-cü maddəsinin müddəaları alınmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir.” İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. 27 dekabr 2023-cü il tarixdə onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki adları: "xxxx" Açıq Səhmdar Cəmiyyət, "Xəzər” Qapalı Səhmdar Cəmiyyət) Nizamnamə əsasında fəaliyyət göstərən X1 arasında 69 № - li alqı -- satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki adları: "xxxx" Açıq Səhmdar Cəmiyyət, "xxxx" Qapalı Səhmdar Cəmiyyət) Nizamnamə əsasında fəaliyyət göstərən X1 iddiaçının yazılı müraciətini və "xxxx" SC-in Şüşə zavodunun keçmiş işçisi mərhum atası X4 zavoddakı xidmətlərini, həmçinin zavodun ictimai təşkilatının rəyini nəzərə alaraq ona müvəqqəti yaşamağa istifadə hüququ ilə verdikləri ünvan 1-u iddiaçıya 5000 (beş min) manat məbləğində satmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin 27 dekabr 2023-cü i! tarixli iclas protokolundan çıxarışa əsasən Kərimov mənim müraciətimi və "xxxx" SC-in Şüşə zavodunun keçmiş işçisi mərhum atası X4 həmin binanın tikintisində iştirak etməklə yaratmış olduğu mücərrəd dəyəri və müəyyən xırda məsrəfləri qarşılamaq üçün ödədiyi vəsaiti nəzərə alaraq və Sumqayıt şəhər İcra Hakimiyyətinin 18 sentyabr 1992-ci il tarixli 952 saylı sərəncamı ilə qeydiyyatdan keçmiş "xxxx" SC-nin işçilərinə əlavə güzəştlər haqqında Əsasnamənin müddəalarını əsas götürərək ona yaşadığı məzilin - Qızıl - Qum məhəlləsi, ev 6, mənzil 9 -u mülkiyyətinə verilməsi qərara alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 27 dekabr 2023-cü il tarixli, 119 №-li məktubunun məzmunu aşağıdakı şəkildədir: “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəisinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki adları: "xxxx" Açıq Səhmdar Cəmiyyət. "Xəzər” Qapalı Səhmdar Cəmiyyət) X13 nəzərinizə çatdırır ki, Sumqayıt şəhəri “Qızıl - Qum” məhəlləsində yerləşən 3 mərtəbəli. 3 girişli 18 mənzilli 6 saylı yaşayış binası Cəmiyyətin xüsusi mülkiyyətindədir. 6 saylı binanın 2-ci mərtəbəsində yerləşən 9 saylı mənzilində 2000-ci ildən yaşayan İddiaçı yaşadığı mənzilin onun adına özəlləşdirilməsinə "Xəzər” MMC etiraz etmir.” Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, təqdim edilən sənədlər sözügedən daşınmaz əmlak üzərində hüququn qeydiyyatı üçün əsas deyildir. Belə ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilməmiş, xx.xx.2023-cü il tarixli 08 nömrəli order müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilməmişdir. Əlavə olaraq idarənin mütəxəssisi tərəfindən sözügedən daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman mənzildə yenidənqurma işlərinin aparıldığı, ümumi sahəsi 3.2 kv.m olan əlavə tikilinin inşa edildiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. X7 Cəmiyyəti məhkəmə icraaatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: xx.xx.2023-cü il tarixli 69 saylı alqı-satqı müqaviləsi əsasında X7 Cəmiyyəti tərəfindən ünvan 2, 9 №li mənzili alıcı İddiaçı satmışdır. Xəzər MMC-nin İdarə Heyətinin xx.xx.2023-cü il tarixli iclas protokolundan çıxarışa əsasən Qızılqum məhəlləsindəki 6 №li binanın 9 №li mənzilində yaşayan İddiaçı həmin mənzil onun mülkiyyətinə verilmişdir. Xəzər MMC tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 08 saylı orderdən görünür ki, Sumqayıt şəhəri, Qızılqum məhəlləsi, 6 №li evin 9 №li mənzili İddiaçı verilmişdir. X7 Cəmiyyətinin Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli №1/103 saylı ətraflı arayışında qeyd edilmişdir ki, ünvan 1 Xəzər SC-nin Sumqayıt Şüşə zavodunun rəhbərliyi Həmkarlar İttifaqı Komitəsi və MMK-nın birgə iclaısının xx.xx.1999-cu il tarixli 1 saylı protokoluna əsasən İddiaçı zavodun işçisi olmuş atası X8 verilmişdir. Xəzər MMC-nin xx.xx.2023-cü il tarixli 119 saylı məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, Qızıl Qum məhəlləsində yerləşən 3 mərətəbəli, 3 girişli, 18 mənzilli 6 saylı yaşayış binası Cəmiiyyətin xüsusi mülkiyyətindədir. 6 saylı binanın 2-ci mərətəbəsində yerləşən 9 saylı mənzilində 2000-ci ildən yaşayan İddiaçı yaşadığı mənzilin onun adına özəlləşdirilməsinə Xəzər MMC etiraz etməmişdir. MH seriyalı ******* saylı reyestr nömrəsi **********03-06301, qeydiyyat nömrəsi ********* olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 6-cı mkr, Qızıl-Qum məhəlləsində istifadəsində olan 0.3661 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə Xəzər ATSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 187 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 24 iyul 2024-cü il tarixli məktubu ilə Sumqayıt şəhəri, Qızıl-Qum məhəlləsi ünvanında yerləşən 6 nömrəli 18 mənzlli binadan 10 mənil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çoxmənzilli binadan qeydiyyata alınmış 6 və 11 nömrəli mənzillərə dair hüquqmüəyyənedici sənədlərin, **********96-05101-093007 və **********96-05101-093004 reyestr nömrəli çıxarışların təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 18 avqust 2025-ci il tarixli 3-21-3- 31/2-3068/2025 saylı məktubu ilə ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən çoxmənzilli binada qeydiyyata alınmış 3 nömrəli mənzilə dair **********96-05101- 093010 reyestr nömrəli, 18 saylı mənzilə dair **********96-05101-093009 reyestr nömrəli və 13 saylı mənzilə dair **********96-05101-093008 reyestr nömrəli daşınmaz əmlaklara dair hüquqmüəyyənedici sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi və özəlləşdirilməsini istəyir. Cavabdeh imtinasında qeyd edir ki, təqdim edilən sənədlər sözügedən daşınmaz əmlak üzərində hüququn qeydiyyatı üçün əsas deyildir. Belə ki, xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsi notarial qaydada təsdiq edilməmiş, xx.xx.2023-cü il tarixli 08 nömrəli order müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilməmişdir. Əlavə olaraq idarənin mütəxəssisi tərəfindən sözügedən daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman mənzildə yenidənqurma işlərinin aparıldığı, ümumi sahəsi 3.2 kv.m olan əlavə tikilinin inşa edildiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli 69 saylı alqı-satqı müqaviləsi əsasında X7 Cəmiyyəti tərəfindən ünvan 2, 9 №li mənzili alıcı İddiaçı satmışdır. Xəzər MMC-nin İdarə Heyətinin xx.xx.2023-cü il tarixli iclas protokolundan çıxarışa əsasən Qızılqum məhəlləsindəki 6 №li binanın 9 №li mənzilində yaşayan İddiaçı həmin mənzil onun mülkiyyətinə verilmişdir. Xəzər MMC tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 08 saylı orderdən görünür ki, Sumqayıt şəhəri, Qızılqum məhəlləsi, 6 №li evin 9 №li mənzili İddiaçı verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 24 iyul 2024-cü il tarixli məktubu ilə Sumqayıt şəhəri, Qızıl-Qum məhəlləsi ünvanında yerləşən 6 nömrəli 18 mənzlli binadan 10 mənil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çoxmənzilli binadan qeydiyyata alınmış 6 və 11 nömrəli mənzillərə dair hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq **********96-05101-093007, **********96-05101- 093004, **********96-05101-093010, **********96-05101-093009 və **********96-05101- 093008 reyestr nömrəli çıxarışlara əsasən daşınmaz əmlaklara dair hüquqmüəyyənedici sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi həmin dəlilə münasibətdə məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Qeyd edilən çıxarışların verilməsinə əsas olan sənədlərdən görünür ki, çıxarışların bir hissəsi məhkəmə qərarları əsasında verilsə də, digər qismi cavabdeh inzibati orqan tərəfindən təqdim edilmişdir. Belə ki, məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, həmin mənzillər də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş müvafiq orderlər və alqı-satqı müqavilələri əsasında şəxslərə ayrılmış və həmin sənədlər əsasında sözügedən mənzillər üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, həmin binada yerləşən qonşu mənzillərə dair mülkiyyət hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, Qızıl-Qum məhəlləsi, ev 6, 9 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-904/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-904/2025
16.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver