Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-9049/2025 16.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı “vahid aylıq müavinət alınması üçün kənd əhalisinin adlı siyahısına əlavə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Qaçınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçının və üç uşağının məcburi köçkün kimi vahid aylıq müavinət alınması üçün Füzuli rayonu, Kürdlər kəndi kənd əhalisinin adlı siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Füzuli rayonundan məcburi köçkün kimi vahid aylıq müavinətin alınması xahişi ilə Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət etmiş, müraciətinə əsasən ərizəsi baxılmış, tədbir görülməsi üçün Füzuli Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Füzuli Rayon İcra Hakimiyyəti iddiaçıya aylıq müavinət verilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi adına əvvəllər kupçalı mənzil olması göstərilmişdir. İddiaçı imtinanı əsassız hesab edir. O, Füzuli rayonundan məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmışdır. 2017-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuş, bu nikahdan 3 övladı var. Sonradan məhkəmə qaydasında rəsmi nikahı pozulmuş və iki uşağın iddiaçının yanında qalması qət edilmiş, iddiaçı ailə həyatı qurmamışdan əvvəl öz qohumu ilə nişanlı olmuş, dəqiq evlənəcəyini zənn edərək adına qohumları ev almışdır. Lakin ailə həyatı qurmağı baş tutmadığı üçün qohumları evi adından çıxartmışdır. İddiaçı ərizə ilə Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət etmiş, müraciəti baxılması üçün Füzuli Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Füzuli Rayon İcra Hakimiyyəti 31 oktyabr 2024-cü il tarixli məktubla tələbini təmin etməmişdir. İmtinaya səbəb kimi bildirmişlər ki, övladlarının adı Kürdlər kənd əhalisinin adlı siyahısına əlavə etmək üçün 1 sentyabr 2024-cü il tarixdə hesabata əlavə olunaraq Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin müvafiq komissiyasına göndərilmiş, lakin araşdırma zamanı adında mənzil olması aşkarlanmışdır. Buna görə də verilən aylıq müavinət dayandırılmışdır. Lakin mənzilin alınmasına iddiaçı heç bir vəsait sərf etməmiş, qısa müddətdə onun adına olmuş və sonradan qohumlar tərəfindən çıxardılmışdır. Həmçinin, sözügedən mənzil iddiaçının adına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarından 2 il əvvəl alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 11 dekabr 2025-ci il tarixli, 2-1(118)-9049/2025 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi əsl cavabdeh Füzuli Rayon İcra Hakimiyyəti (bundan sonra – “cavabdeh”) ilə əvəz edilmiş, Qaçqınların və X1 üzrə Dövlət Komitəsi hazırkı iddia tələbi üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək, hazırkı inzibati işin aidiyyəti üzrə baxılması üçün səlahiyyətli məhkəməyə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı iş üzrə müəyyən edilir ki, cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinin yerləşdiyi yeri Azərbaycan Respublikasının Füzuli rayonundadır. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Füzuli şəhəri Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (18.7-ci bənd). Məhkəmə nəzərə alır ki, zəruri konstitusiya hüquq qaydasının yaradılması məhkəmə hakimiyyətinin səmərəli fəaliyyət mexanizmindən asılıdır. Eyni zamanda, 2023-cü il 6 noyabr tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” Qərardadında qeyd olunmuşdur: “...
33. Məhkəmələrə müraciət etmək hüququ mütləq deyil, məhdudiyyətlərə məruz qala bilər; belə məhdudiyyətlərə dolayı formada yol verilir, çünki məhkəməyə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), xx.xx.2018, No.40160/12, §77-78). ...” İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 8.1.1 və 34.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının və üç uşağının məcburi köçkün kimi vahid aylıq müavinət alınması üçün Füzuli rayonu, Kürdlər kəndi kənd əhalisinin adlı siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova