Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-905/2020 23.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ xx xxxxxx 2020-ci il Sumqayıt şəhəri Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Hakim köməkçisi Ağasiyeva Ülviyyə Şəmşir qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 12-ci mikr-n, ev 35b, mənzil 42-də yaşayan), iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə müharibə veteranları üçün nəzərdə tutulmuş güzəştlərin tətbiqinin dayandırıldığı vaxtdan qanunvericilikdə nəzərdə tutulmuş güzəştlər nəzərə alınmaqla ödənişlərin hesablanması və verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə müharibə veteranları üçün nəzərdə tutulmuş güzəştlərin tətbiqinin dayandırıldığı vaxtdan qanunvericilikdə nəzərdə tutulmuş güzəştlər nəzərə alınmaqla ödənişlərin hesablanması və verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, o, xx.xx.1990-cı il tarixdə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə orqanında xidmətə başlamış və xidmətdə olarkən könüllü olaraq 1994-cü ilin fevral ayında qaynar döyüş bölgələrində olan Füzuli rayonuna ezam olunmuş, vətən uğrunda gedən döyüşlərdə iştirak etmiş və xx.xx.1994-xx.xx.1994-cü illər ərzində, yəni 11 gün müddətində döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BYM və DXİİ-nin 36 saylı xx.xx.1994-cü il tarixli əmri ilə müəyyən edilmişdir. Bununla da iddiaçının adı cavabdeh təşkilatda “veteranlar” siyahısına daxil edilmiş və o, 1997-ci ildə DİN YMİ-nin vermiş olduğu arayış əsasında Veteranlar birliyindən “müharibə veteranı” vəsiqəsi almış, bu kateqoriyadan olan şəxslərə şamil edilən bütün hüquq və imtiyazlardan, güzəştlərdən istifadə etmişdir. 1999-cu ildə cavabdeh təşkilat veteran vəsiqələrinin dəyişdirilməsi və yenisi ilə əvəz edilməsi adı ilə bütün veteranlardan, o cümlədən iddiaçıdan da vəsiqəni almış, sənədlər tələb etmiş və bildirilmişdir ki, yaxın vaxtlarda yeni vəsiqə veriləcəkdir. Lakin cavabdeh təşkilat vəsiqənin verilməsini uzun müddət uzatmış və xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli sərəncamına əsasən o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin sərəncamına qəbul olmuş, xx.xx.2008-ci il tarixdə isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYMXdən Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında Xidmətkeçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 1-ci bəndinə əsasən xaric edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə onun Azərbaycan Respublikası Daxili iŞlər Nazirliyinə qarşı müharibə veteranı vəsiqəsinin verilməsinə dair iddiası təmin edilmiş və həmin vaxtdan ona sosial müavinətin ödənilməsinə başlanmışdır. 1999-cu ildə cavabdeh tərəfindən vəsiqə alınandan sonra iddiaçı müharibə veteranlarına şamil edilən bütün imtiyazlardan məhrum edilmiş, güzəştlər tətbiq olunmamış və bu da iddiaçıya maddi ziyan vurulması, ondan əlavə gəlirlərin tutulması və bir sıra güzəştlərdən məhrum olmağına səbəb olmuş, nəticədə ona maddi ziyan dəymişdir. İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx xxxxxxx 2017ci il tarixli 632092 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır və müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixli 1642B-3918 №-li arxiv məktubundan görünür ki, “Müharibə veteranı” vəsiqəsinin iddiaçıya, xidmətdən tərxis olduqdan sonra 2017-ci ildə verilməsi baxımından, müharibə veteranları üçün qanunvericilikdə nəzərdə tutulmuş güzəştlər nəzərə alınmaqla əvvəlki illər üçün hər hansı ödənişin hesablanması və verilməsi mümkün deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəçtlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı statusunu 2017-ci ildə aldığından onun həmin status əsasında əldə edəcəyi güzəşt və imtiyazlar da həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanı ilə xx.xx.2019-cu ilədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmiş, beləliklə, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Qanunvericilikdə həmin güzəştlərin veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edildiyindən, vəsiqənin verildiyi tarix hüququn yaranma anı kimi hesab edilməlidir. Odur ki, müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki dövrə görə güzəşt və imtiyazlardan istifadə edilməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-905/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-905/2020
23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver