Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-905/2022 24.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi, İddiaçı X3, Cavabdehin nümayəndəsi X10 və üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı X3 cavabdeh Xaçmaz rayon Xaçmaz bələdiyyəsinə qarşı Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli 12 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Xaçmaz rayon Xaçmaz bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli 12 saylı qərarının ləğv edilməsinə dair qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1987-ci ildən ailəsi ilə bilrikdə ünvan 2 ünvanda yaşayır. Həmin torpaq sahəsinə bitişik olna ərazidə yerləşən 0.04 ha torpaq sahəsi də uzun illərdir iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsi ilə bağlı dəfələrlə, o cümlədən sonuncu dəfə 2016-cı ildə bələdiyyəyə müraciət edərək ona satılmasını xahiş etsə də, lakin bələdiyyə torpağı onlara satmaqdan imtina etmişdir. Təxminən 2020-ci ildə o, torpaq sahəsində tanımadığı şəxsləri görmüş, həmin şəxslər torpağın onlara satıldığını bildirmişdir. Belə ki, əvvəlki bələdiyyə sədri Mahir Fətəliyev 2017-2018-ci illərdə həmin torpaq sahəsi ilə bağlı 2006-cı ildə bələdiyyə sədri işləmiş Vəlirza Hacımirzəyevi aldadaraq saxta qərara imza atdırmış, lakin möhür yerinə bələdiyyənin yeni möhürünü vurmuşdur. Beləliklə, bələdiyyə sədri sənədləri saxtalaşdıraraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmiş və torpaq sahəsini X4 adına sənədləşdirmişdir. Daha sonra İ.Babayev torpağı X2. İddiaçı bunlardan xəbər tutduqda prokurorluq orqanlarına müraciət etmişdir. Aparılmış istintaq zamanı sənədlərdə saxtakarlığa yol verilməsi öz təsdiqini tapmışdır. Bununla bağlı iddiaçı uzun illərdir sitifadəsində olan torpaq sahəsinə dair saxta bələdiyyə qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Y.Binyatov iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X13 iddianı qəbul etməyərək izah etdi ki, mübahisəli torpaq sahəsi heç vaxt iddiaçının istifadəsində olmamışdır, onun evinə yaxın ərazidə yerləşsə də, bitişik yerləşmir, hətta iddiaçının evi ilə əmin torpaq sahəsi arasında yol vardır. Torpaq sahəsi cavabdeh bələdiyyənin mülkiyyətində olduğundan alqı-satqı müqaviləsi qaydasında X1. Üçüncü şəxs X7 iddianı qəbul etməyərək izah etdi ki, mübahisələndirilən torpaq sahəsi onun tərəfindən bələdiyyədən alınmşdır. Həmin sahə satılarkən boş sahə olmuş və heç kimin istifadəsində və yaxud hasarın daxilində olmamışdır. Torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş, 2017-ci ildə alqı-satqı qaydasında bələdiyyə tərəfindən ona satılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı ilə 0.04 ha torpaq sahəsi X1 və sonuncu torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, torpaq sahəsi iddiaçının evinin yaxınlığında yerləşsə də, həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi olmamışdır. Bundan başqa onun mübahisəli torpaq sahəsinin ona satılması ilə bağlı bələdiyyəyə müraciət etməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki mübahisəni qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni iddiaçının hüquqlarının və qanunla qorunan maraqların bələdiyyə tərəfindən pozulması halının baş verdiyi sübuta yetirilmir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından görünür ki, İddiaçı hüquq-mühafizə orqanlarına müraciət edərək bələdiyyə qərarının saxta olması barədə məlumat vermişdir. Həmin araşdırmaı zamanı iddiaçının hazırda mübahisələndirdiyi qərardan məlumatı olmasına baxmayaraq müvafiq iddianı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş müddət çərçivəsində qaldırmamışdır. Belə ki, iddiaçının özünün müraciəti əsasında başlanmış araşdırmanın nəticəsi olan Xaçmaz rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarında hazırda mübahisələndirilən bələdiyyə qərarna istinad edilmişdir. İddiaçı ən geci 2020-ci ildə mübahiəsləndirilən qərardan xəbərdar olsa da, müvafuq iddia ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X3 cavabdeh Xaçmaz rayon Xaçmaz bələdiyyəsinə qarşı Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli 12 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X3 cavabdeh Xaçmaz rayon Xaçmaz bələdiyyəsinə qarşı Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli 12 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-905/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-905/2022
24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver